Məhkəmə qərarları › İş №1(5-95)-15/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(5-95)-15/2026

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-95)-15/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: X3 xüsusi ittiham qaydadasında şikayətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası təyin edilməsini, ona vurulmuş mənəvi zərər 10 000 (on min) manat məbləğində müəyyən olunaraq X4 tərəfindən ödənilməsini, hadisənin baş verdiyi tarixdə sosial şəbəkə platformalarında həyata keçirilmiş canlı yayımın video görüntülərinin və həmin yayım zamanı səsləndirilmiş ifadələrin məhkəməyə təqdim olunmasının təmin edilməsini, eyni zamanda hadisə zamanı iştirak etmiş şəxslərin şahid qismində məhkəməyə dəvət olunaraq dindirilməsini və digər məsələlər barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında X4 “TikTok” sosial şəbəkəsində özünə məxsus “Küləklər şəhəri” adlı hesab vasitəsilə canlı yayım açmış, həmin yayımda təxminən 200 nəfər izləyici qarşısında onun barəsində təhqiredici və ləyaqəti alçaldan ifadələr işlətmiş, onun ailə üzvləri, kənd camaatı və kənd ağsaqqalları haqqında qeyri-etik və nalayiq sözlər səsləndirmişdir. E.A.Süleymanov qeyd olunan sosial şəbəkə platformasında mütəmadi olaraq hər gecə canlı yayım açaraq onun barəsində təhqiramiz ifadələr işlətmiş, o isə öz hesabı vasitəsilə qonaq qismində həmin canlı yayıma qoşularaq məsələni birbaşa aydınlaşdırmaq istəmiş, lakin E.A.Süleymanov tərəfindən bloklanmış və ona ünvanlanan təhqirlər davam etdirilmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 bildirmişdir ki, X4 onun kəndçisidir, həmkəndli olduqlarına görə uzaqdan bir-birinə qohumdurlar. xx.xx.2025-ci il tarixdə axşam saatlarında E.A.Süleymanov “TikTok” sosial platformasında özünə məxsus “Küləklər şəhəri” adlı hesab vasitəsilə canlı yayım açaraq təxminən 200 nəfər izləyici qarşısında onun soyadı və ata adını qeyd etmədən, yalnız adını çəkməklə, habelə ailə üzvlərinin, kənd ictimaiyyətinin haqqında qeyri-etik fikirlər səsləndirmişdir. Həmin videogörüntülərə onu tanıyan həmkəndliləri baxmışdır. Ə.M.Rzayev E.A.Süleymanovun “TikTok” sosial platformasında ünvanına nalayiq ifadələr işlədən zamanı bu hadisənin şahidi olmuş şəxslər haqqında məhkəmə məlumat verməmişdir. O şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və E.A.Süleymanovun təqsirləndirilən şəxs qismində cəlb olunmasını və ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 izahatında bildirmişdir ki, o, X3 onun həmkəndlisidir, qohumdurlar, sonuncunun ünvanına nalayiq ifadə işlətməmiş, E.A.Süleymanov əlavə olaraq qeyd etdi ki, tərəflər arasında yaranmış anlaşılmazlığın aradan qaldırılması və barışığın əldə olunması məqsədilə təşəbbüs göstərmiş, lakin Ə.M.Rzayev barışığa razılıq vermək üçün ondan 700 (yeddi yüz) manat məbləğində pul tələb etmiş, maddi imkanı olmadığına görə Ə.M.Rzayevin təklifi ilə razılaşmamış, barışıq imkanlarının davam etdirilməsi və mübahisənin məhkəmədənkənar qaydada həlli üçün ona əlavə vaxt verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, X3 ağır dərəcəli debillik emosional iradi dəyişkənliklə davranış pozğunluğu diaqnozu ilə 3-cü dərəcəli əlildir. xx.xx.2026-cı il tarixli ərizəyə əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, X4 tərəfindən hansısa Əhməd adlı şəxsin ünvanına nalayiq ifadələr işlədilir, lakin həmin Əhməd adlı şəxsin konkret olaraq kim olmasını müəyyən etmək mümkün olmur, çünki Əhməd adlı şəxsin soyad, ata adı, yaşayış ünvanı və şəxsi səciyyələndirən zəruri fərdi əlamətlər videoda səsləndirilmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra CM): 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin(bundan sonra CPM): 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə əsasən şikayətdə (293.3.1.) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), (293.3.2.) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), (293.3.3.) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, (293.3.4.) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, (293.3.5.) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, (293.3.6.) şikayətin verildiyi tarix (il, ay və gün) və yer, (293.3.7.) şikayəti vermiş şəxsin imzası göstərilməlidir: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası ... xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən (299.3.3) xüsusi ittiham qaydasında şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması məhkəmənin hazırlıq iclasında baxıldığı məsələlərdən biridir. 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının (bundan sonra Plenum Qərarı): 5-ci bəndində əsasən ... CM-in 147-ci maddəsinin mənasına görə, şəxs ... təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir ... xarakterli məlumatlar onun tərəfindən ... kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. ... kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, ... sosial internet şəbəkələri ... başa düşülür. 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə ... CPM-in 293.3.1-293.3.7-ci maddələrində göstərilən xüsusatlar öz əksini tapmalıdır. Plenum Qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları, tərəflərin hazırlıq iclasındakı mövqelərini hərtərəfli tədqiq edərək, məhkəmə baxışının təyin edilməsinin mümkünsüzlüyü və şikayətin məhkəmə icraatına qəbulundan imtina edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə mühakimə icraatının istənilən mərhələsi, o cümlədən xüsusi ittiham üzrə icraatın başlanması, qanunvericinin müəyyən etdiyi ciddi prosessual formalizmə riayət olunmasını tələb edir. Bu formalizm, özbaşınalığın qarşısını almaq və tərəflərin hüquq bərabərliyini təmin etmək məqsədi daşıyır. Təqdim edilmiş şikayət bir sıra fundamental prosessual tələblərə cavab vermir. Şikayət məhkəmənin icraatına daxil olduqda Azərbaycan Respublikası CPM-in 293.3.4-cü maddəsinin tələblərinə cavab verməmiş, məhkəmənin hazırlıq iclasında sədrlik edənin təklifindən sonra xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 DVD diskdə müəyyən videolar təqdim etsə də, təqdim edilən DVD diskdə ünvanlanan nalayiq ifadələrin konkret olaraq kimə (ad, soyad, ata adı, yaşadığı və ya faktiki qeydiyyatda olduğu ünvan) ünvanlandığını müəyyən etmək mümkün olmamış, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) təsdiq edilməsi barədə zəruri məlumatların təqdim edilməsi üçün 3 dəfə məhkəmə icrası təxirə salınsa da Ə.M.Rzayev hadisənin şahidləri haqqında zəruri məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında cinayət təqibində sübutların təqdimi vəzifəsi xüsusi ittihamçının üzərindədir. Bu prosessual pozuntular məcmu halında, Azərbaycan Respublikası CPM-in 302.1.3-cü maddəsinə əsasən, şikayətin icraata qəbulundan imtina üçün müstəqil və yetərli əsas yaradır. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin imperativ prosessual normalarının pozulması ilə tərtib edildiyindən əsassızdır və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 293, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin.

2. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar