Məhkəmə qərarları › İş №1(5-95)-84/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-84/2026

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(5-95)-84/2026 18.03.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxslər Mahmudov İlkin Qaçay oğlunun iştirakları ilə, ##.##.1996-cı ildə Lənkəran rayonu, Sütəmuradov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Lənkəran rayonu, Sütəmuradov kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədov küçəsi, ev 25, mənzil 7 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Mahmudov İlkin Qaçay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mahmudov İlkin Qaçay oğlu ## ######## 2025-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Referans” xəstəxanasının yaxınlığında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs həmin ərazidə yolda idarə etdiyi avtomobil ilə dönərkən dönmə işığını yandırmamasına görə heç bir əsaslı səbəb olmadan onunla mübahisə etmiş, Zərərçəkmiş şəxs onun iradına lağa qoyma mənasında kobud formada cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edərək qarşılıqlı münasibətlərinin pozulması zəminində xuliqanlıq niyyəti ilə oradakı digər şəxslərin gözü qarşısında, onlara hörmətsizlik nümayiş etdirib, özünün müstəsna şəxsiyyət olmasını, digərlərindən əsaslı fərqlənməsini göstərməklə özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub təhqiramiz ifadələr işlədib eqoizm nümayiş etdirərək ümumi davranış, əxlaq və mənəviyyat normalarına əməl etmədən özünün təşəbbüsü ilə başladığı mübahisə zamanı Zərərçəkmiş şəxslə dalaşaraq ictimai qaydanı kdbud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə idarə etdiyi avtomobildən götürdüyü taxta parçasından silah qismində istifadə olunan əşya kimi istifadə etməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sol qol nahiyyəsindən bir dəfə qəsdən vurub ona sol bazunun sıyrığı və qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Mahmudov İlkin Qaçay oğlu ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, 2 övladı vardır, özü 2-ci qrup əlildir. ## ######## 2025-ci il tarixdə saat 14:00 radələrində «Referans» xəstəxanasının sol tərəfindən Mərdəkan qəsəbəsinin Yesenin küçəsinə çıxaraq şəhər istiqamətində getməli idi. O, xəstəxananın sol tərəfindən Yesenin küçəsinə çatan zaman dayanmışdır ki, həmin küçə ilə hərəkət edən avtomaşınlara yol versin və sonra özü həmin küçəyə çıxsın. Bu vaxt görmüşdü ki, həmin küçə ilə «Mitsubisi» markalı avtomaşın hərəkət edir. O, həmin avtomaşının keçməsini gözləməyə başlamış, lakin həmin avtomaşın Yesenin küçəsindən sağa «Referans» xəstəxənasına tərəf dönmüşdür. Bu zaman o, həmin avtomaşının sürücüsünə, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə “niyə povorotniki yandırmırsan” deyə irad bildirmişdir. Onun bu sözlərinə Şahin onu ələ salaraq hansısa filmdən onun ünvanına sitat gətirmişdir. O, Şahinə demişdir ki, “niyə mənə isteza ilə cavab verirsən, mənki sənə bir söz demədim”. Şahin ona kobud cavab vermiş, bu zaman mübahisələri yaranmışdır. Həmin vaxt onlar avtomaşından düşmüşlər. Şahin onun üstünə gəlməyə başlamışdır. O, geri çəkilmiş və avtomaşının salonunda olan taxta parçasını götürmüş və özünü müdafiə etmək üçün o yan, bu yana yelləməyə başlamışdır. Bu zaman taxta Şahinin sol qoluna dəymişdir. Həmin vaxt Şahin onun sifətinin sol tərəfindən burun nahiyyəsinə vurmuşdur. O, yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra Şahin ona bir neçə təpik vurmuşdur. Kənarda olan şəxslər onları aralamışlar. Hadisə olan zaman Şahinlə olan 2 nəfər heç onlara yaxınlaşmamışdır və Şahini ondan aralamamışdır. Şahinin yanında olan 2 nəfərdən biri demişdir ki, “oturun, gedək”. O, onların getmək istədiklərini görüb öz mobil telefonu ilə Şahinin idarə etdiyi avtomaşının fotoşəklini çəkmişdir. Sonra o, “102” xidmətinə zəng etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə qarşılıqlı olaraq barışmışlar. 2-ci qrup əlil olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, sürücü kimi “xxxx” şirkətində işləyir. ## ######## 2025-ci il tarixdə saat 13:50 radələrində o, şirkət tərəfindən təhkim olunmuş avtomaşınla digər iki iş yoldaşı ilə birlikdə şəhərdən Yesenin küçəsi ilə gələrək Mərdəkan qəsəbəsində yerləşən «Referans» xəstəxanasının qarşısından sağa dönmək istəyirdi ki, idarələrinə gəlsinlər. Həmin vaxt onun idarə etdiyi avtomaşında şirkətin işçiləri Adil və Həmid vardırlar. O, təxminən döngəyə 30-40 metr qalmış avtomaşının dönmə işığını yandırmışdır. Xəstəxananın qarşısından sağa dönərkən üzü Yesenin küçəsinə tərəf dayanmış avtomaşının sürücüsü, sonradan adını bildiyi Mahmudov İlkin Qaçay oğlu ona acıqlı şəkildə “povorotniki niyə vaxtında yandırmırsan?” demişdir. O, da zarafat edərək İlkinə “bağışlayın, yoldaş Qəniyev” demişdir. Həmin vaxtı şəhər istiqamətində maşın çox olmuş, istəsə belə İlkin o yola çıxa bilməyəcəkdi. İlkin ona cavab olaraq əsəbi formada bildirmişdir ki, “mənə kino danışma”. Bu zaman İlkinə cavab vermişdir ki, “polis zadsan, mən sənə otçot verəm”. Bundan sonra İlkin ona demişdir ki, “düş aşağı”. O, idarə etdiyi avtomaşından yerə düşmüşdür. Həmin vaxt İlkində öz idarə etdiyi avtomaşından yerə düşmüş, sonra avtomaşında oturacağın böyründə olan taxta parçasını götürüb onun üstünə cummuşdur. İlkin onu həmin taxta parçası ilə vurmuşdur. Bu zaman onun iş yoldaşları avtomaşında oturmuşlar. O, özünü müdafiə etməyə çalışaraq İlkinin əlindən həmin taxta parçasını almış və onun sifətinə bir yumruq vurmuşdur. Həmin vaxt o, İlkini qucaqlamışdır ki, zərərsizləşdirsin və onlar bir yerdə yerə yıxılmışlar. Onlar bir yerdə yıxılan zaman Adil və Həmid onlara yaxınlaşaraq onu və İlkini ayırmışlar. İlkin ona və onun iş yoldaşlarına demişdi ki, “görün sizin başınıza nə oyun açacağam”. Bundan sonra İlkin öz idarə etdiyi avtomaşına yaxınlaşaraq oradan mobil telefonu götürmüş və onun idarə etdiyi avtomaşının fotoşəklini çəkmişdir. Həmin vaxt İlkinin burnundan qan axırdı və İlkin demişdi ki, 2-ci qrup əlildir. Sonra İlkin öz avtomaşınına, onlar isə öz avtomaşınlarına oturaraq hadisə yerindən çıxıb getmişlər. O, idarəyə getmiş və hadisə barədə idarənin rəhbərliyinə məruzə etmişdir. Ona xəstəxanaya getməyi və şikayət etməyi məsləhət bilrmişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 bildridi ki, “xxxx” şirkətində usta işləyir. ## ######## 2025-ci il tarixdə çilingər Əsgərov Mirhəmid və sürücü Zərərçəkmiş şəxs ilə bir yerdə sonuncunun idarə etdiyi avtomaşında idarələrinə doğru yol gedirlərmiş. Mərdəkan qəsəbəsinin Yesenin küçəsi ilə gələrək “Referans” xəstəxanasına çatan zaman xəstəxananın qarşısından sağa dönmüşlər. Xəstəxanaya bir az qalmış Şahin sağ tərəfə dönən zaman sol tərəflərində digər avtomaşın dayandığını görmüşlər. Həmin vaxt Şahində öz idarə etdiyi avtomaşını saxlamışdır. O, telefonu ilə məşğul olduğundan Şahinin idarə etdiyi avtomaşını saxlamasının səbəbini bilməmişdir. Şahin avtomaşını saxladıqdan sonra avtomaşından düşüb həmin dayanmış avtomaşın istiqamətində getmişdir. O, hesab etmişdir ki, Çahin tanışını gördüyündüən onunla görüşmək üçün maşından düşmüşdür. Həmin vaxt digər avtomaşının sürücüsü avtomaşından düşmüş və salondan bir taxta parçası götürərək Şahinin üzərinə cummuş və əlindəki taxta parçası ilə sonuncunu vurmuşdur. O, və Mirhəmid avtomaşından düşüb Şahin və həmin sürücüyə tərəf gedəndə onlar ikisidə artıq yerə yıxılmış vəziyyətdə idilər. Onlar Şahinlə həmin sürücünü aralayaraq Şahini yerdən qaldırmışlar və kənara çəkmişlər. «Ford Konnekt» markalı avtomaşının sürücüsü özü yerdən qalxaraq bildirmişdi ki, «mən xəstəyəm». Həmin vaxt həmin sürücünün sifətində qan var idi. O, həmin sürücüyə müraciət edərək bildirmişdi ki, “xəstəsən deyə camahatı döyməlisən?”. Bundan sonra həmin sürücü öz idarə etdiyi avtomaşına tərəf getmiş, o, isə Mirhəmidlə bir yerdə Şahini öz avtomaşınlarına mindirmişlər ki, çıxıb getsinlər. Həmin avtomaşının sürücüsü onların avtomaşınının qarşısına çıxaraq fotoşəklini mobil telefonuna çəkməyə başlamışdır. Şahin avtomaşını sürüb idarəyə qayıtmışlar. Məhkəmədə digər şahid X1 verdiyi ifadəsində şahid şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi barədə ##.##.2025-ci il tarixli protokoldan aydın olur ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Referans xəstəxanasının yaxınlığıdır; - Məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazunun sıyrığı və qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən ##.##.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli **** nömrəli rəyindən aydın olur ki, Mahmudov İlkin Qaçay oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüklərinin yerdəyişən sınıqları ##.##.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqları üçün sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlərdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, İ.Q.Mahmudovun bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspet Komissiyasının elektron çıxarışından məlum olur ki, Mahmudov İlkin Qaçay oğlu 2-ci qrup əlildir; - Əşyaya baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş və Mahmudov İlkin Qaçay oğluna məxsus və münaqişə zamanı soyuq silah qismində istifadə etdiyi 01 ədəd taxta parçası tünd qəhvəyi rəngdədir, uzunduğu 68,4 sm-dir, taxta parçasının bir başının diametri 03 sm, digər başının diametri isə 02 sm-dir. Diametri 03 sm olan tərəfə 01 ədəd dəmir şurup vurulmuşdur, diametri 02 sm olan tərəfmə isə ağ rəngli plastmas başlıq geyindirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 01 ədəd taxta parçasının fotoşəkli çəkilərək protokola əlavə olunmuşdur; - ##.##.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır; - ##.##.2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində ##.##.2025-ci il tarixli amnistiya aktı tətbiq edilmiş və onun barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir; - ##.##.2026-cı il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Mahmudov İlkin Qaçay oğlu əvvəllər məhkum olunmamışdır; - ##.##.2026-cı il tarixli qərardan aydın olur ki, Mahmudov İlkin Qaçay oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; - Qətimkan tədbirinin seçilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Mahmudov İlkin Qaçay oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ərizədən məlum olur ki, o, təqsirləndirilən şəxs Mahmudov İlkin Qaçay oğlu ilə barışmış, dəymiş maddi ziyan tam olaraq ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur; - E-məhkəmə informasiya sistemindən çıxarışdan aydın olur ki, Mahmudov İlkin Qaçay oğlunun himayəsində ##.##.2008-ci il təvəllüdlü Ümid və ##.##.2012-ci il təvəllüdlü Səid adlı 2 yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Mahmudov İlkin Qaçay oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasına əsasən göstərilən əməl - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mahmudov İlkin Qaçay oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Mahmudov İlkin Qaçay oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və barışıq əldə etməsini, 2-ci qrup əlil olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Mahmudov İlkin Qaçay oğlunun əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Mahmudov İlkin Qaçay oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, Mahmudov İlkin Qaçay oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, barışıq əldə etməsi və dəymiş ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, onun şəxsiyyətini, hadisə zamanı zərərçəkmiş şəxsin ona az ağır xəsarət yetirməsini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Mahmudov İlkin Qaçay oğlunın yaşayış yeri üzrə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mahmudov İlkin Qaçay oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mahmudov İlkin Qaçay oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, Mahmudov İlkin Qaçay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında ##.##.2025-ci il tarixli *** saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Mahmudov İlkin Qaçay oğlu Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mahmudov İlkin Qaçay oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində yaşayış yeri üzrə probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Mahmudov İlkin Qaçay oğluna bir vəzifə olaraq tapşırılsın. Mahmudov İlkin Qaçay oğlunun üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Maddi sübut kimi tanınmış 01 ədəd taxta parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Mahmudov İlkin Qaçay oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Mahmudov İlkin Qaçay oğlunun hüquqlarının hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 165 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 121 manat olmaqla, cəmi 286 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq * saylı Vəkil Bürosunun hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN 9900003611, m/h AZ 37NABZ01350100000000001944, S.W.İ.F.T.BİK AIIBAZ2X, hesab AZ35AIIB38030019441700266117, VÖEN 1200154771) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar