Məhkəmə qərarları › İş №1(5-96)-20/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(5-96)-20/2026

09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-96)-20/2026 09.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X12 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X8 şikayətlə məhkəməyə müraciət edərək 19 mart 1995-ci ildə doğulmuş, Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X1 barəsində Azərbaycan Respublikası CM-in 147 vǝ 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, iş № 4(002)-288/2025 saylı qərarı ilə Bakı İstintaq Təcridxanasında saxlanılır. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X4 xx.xx.2025-ci il tarixdə öz işlədiyi telefon mağazasının qarşısında, ictimai yerdə ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən onun barəsində nalayiq ifadələr işlətmiş, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, əxlaq və davranış qaydalarını qərəzli surətdə pozaraq, ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib onu ağır formada ünvanına təhqir etməklə onun üzərinə qəsdən it cumdurduğunu bildirərək ona böhtan atmış və nalayiq formada təhqir etmişdir. O, həmçinin bildirmişdir ki, onun başına itin kəməri ilə vurmuşdur. Şəmsi bu sözləri işlədərkən ətrafda olan digər şəxslər onun bu sözlərini eşitmiş və özünə qarşı mənfi təsəvvürləri yaratmışdır. Onun bu hərəkətləri Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir) maddələrinin tərkibini yaradır. Bu ifadələri ilə X5 açıq şəkildə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində və CPM-in 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasını pozmuşdur. Şəmsi Məhərrəmovun bu hərəkətləri onun şərəf və ləyaqətinin alçaldılmasına yönəlib. Şəmsi Məhərrəmovun qeyd olunan hərəkətləri onun şərəf və ləyaqətini, cəmiyyət qarşısında nüfuzunu açıq şəkildə alçaldır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə görə, hər kəsin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, onların alçaldılmasına yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə onun şərəf, ləyaqət və nüfuzunun qorunması dövlətin təmin etdiyi əsas hüquqlardandır. Şəmsi Məhərrəmovun yuxarıda göstərilən hərəkətləri nəticəsində onun reputasiyana zərər vurulmuşdur. Onun hərəkətləri hüquqlarını pozmuş, ona həm mənəvi zərər yetirmiş, həm də cəmiyyət qarşısında şərəf və ləyaqətini alçaltmışdır. O, bu hərəkətləri Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksinin ünvanında yerləşən 16 saylı binanın 1-ci mərtəbəsində işlədiyi adsız telefon mağazasının qarşısında xx.xx.2025-ci il tarixdə saat 19 radələrində etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında göstərilir ki, (5-ci hissə) Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaydıqda və təhqir, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda, cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatların ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi başa düşülür. Belə ki, Ali Məhkəmənin qərarında göstərilir ki, Şəmsi Məhərrəmovun hərəkətləri CM-in 147 və 148-ci maddələrinin tam tərkibini yaradır. O, bu hərəkətləri ən azı iki nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada etmişdir. Ali Məhkəmənin qərarlarında qeyd olunmayıb ki, hər hansı şəxsin barəsində cinayət icraatı gedərsə, cinayət işi üzrə məhkəmə qərarı qəbul edilməzsə, xüsusi ittiham qaydasında şikayət icraata götürülə bilməz. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 öz izahatında verdiyi şikayəti müdafiə edərək ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, Şəmşi ona böhtan ataraq guya üstünə it cumdurmaqla onu itin kəməri ilə döydüyünü iddia etmiş, bundan əlavə xalasını söydüyünü iddia edir. Lakin hadisə günü o, bu hərəkətlərə yol verməmiş, əksinə Şəmşi onu təhqir etmiş və vurmuşdur. Şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. X2 Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri maddələri ilə nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 barəsində verilmiş şikayətləri qəbul etməyərək şikayətlə bağlı bildirmişdir ki, xüsusi ittihamçı X8 və onun ailəsi ilə əvvəllər münasibətləri bir qonşu kimi yaxşı olmuş, sonradan münasibətləri pozulmuşdur. Hadisə günündən əvvəlki vaxtlarda xalası Ruxsarə Mirəlinin anası olan Ərkinaz adlı qadınla öz aralarında mübahisə etmişdir. Bununla bağlı Mirəli onun xalasının evinin qapısını təpikləmiş, onu narahat etmiş, xalasını təhqir etmişdir. O, bundan məlumatlı olduqdan sonra Mirəli onun işlətdiyi telefon mağazasının yanından keçərkən ona Mirəlini söhbət etmək məqsədilə kənara çəkərək “qadınlar arasında olan məsələyə qarışmamasını, mübahisəni yol verdiyi hərəkətlərlə daha da qızışdırmamasını” ona tövsiyə etmişdir. Mirəli isə ona cavabında “əcəb eləmişəm” söylədikdə qarşılıq verərək “qələt eləmisən” sözü işlətmiş, hər hansı əlavə sözə və hərəkətlərə yol verməmişdir. Mirəli onun üzərinə yerimək istəyən zaman o, Mirəlini çiynindən itələyərək “xatanı məndən uzaq elə, get” demiş, sonuncunu vurmaqdan çəkinmişdir. Bu zaman Mirəli itinin ağızlığını açaraq heyvanını onun üzərinə cumdurmuş və vəhşi it ona çoxsaylı xəsarətlər yetirmiş, bununla kifayətlənməyərək Mirəli itinin boğazına bağladığı kəmərlə onu vurmuşdur. Beləliklə, Mirəli saxladığı itdən silah vasitəsi kimi istifadə etmiş və ona qəsdən xəsarətlər yetirmişdir. Bütün baş verənlər obyektinin önündə olan təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmış və istintaq orqanına təqdim edilmişdir. Hazırda isə qeyd olunan hadisə ilə əlaqədar Qaradağ Rayon Məhkəməsində X8 barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi araşdırılır. Mirəli Quliyevlə barışmamışdır. Mirəlinin belə qanunsuz şikayətlərinin məqsədi ona təsir edib cinayət işi üzrə barışıq əldə olunmasıdır. Mirəli tək ona qarşı yox, digər şəxslərin də üstünə itini cumdurmaqla qorxutmuş, lakin sübut mövcud olmadığına görə barəsində tədbir görülməmişdir. Mirəli bundan əvvəl də hətta bir qızın WhatsApp sosial şəbəkəsindəki yazışmalarını qızın atasına göndərmiş və həmin ata qızını bu səbəbdən bıçaqlamışdır. Məhkəmədən iş üzrə bütün halları nəzərə alıb şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, X2 istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri olmasına dair xüsusi ittihamçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə araşdırması zamanı şikayət ərizəsində X2 istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri olması sübutlarla müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda Qaradağ Rayon Məhkəməsinin icraatında X7 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi araşdırılır. Verilmiş ittihamdan aydın olur ki, X8 06 sentyabr 2025-ci il tarixdə saat 19 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 2 yaşayış kompleksi 16 saylı binanın birinci mərtəbəsində yerləşən X3 məxsus mağazanın qarşısında olarkən sonuncu tərəfindən xalasının yaşadığı mənzilin qapısının zədələnməsi ilə bağlı haqlı iradını bəhanə etməklə Şəmsi Məhərrəmovla heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib, ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunun barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, özünə məxsus alman cinsli iti silah qismində istifadə edərək, ağızlıq hissəsini açıb Şəmsi Məhərrəmovun üzərinə qəsdən salmaqla, həmçinin əlində olan itin boyunluq hissəsinə taxılan ipi silah qismində istifadə edərək, sonuncunu baş nahiyəsindən qəsdən vurub, zor tətbiq etməklə Şəmsi Məhərrəmova başın ənsə nahiyəsinin qançır-şişkinlıyı, sol bazu nahiyəsinin əzilmiş yarası, sol bazu nahiyəsinin cərrahi tikişlərə ehtiyacı olan əzilmış-cırılmış yarası, sağ said və sağ bud nahiyələrinin, sağ əlin İV barmağının səthi yaraları, sağ said, qarın nahiyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş xüsusi ittiham qaydasında şikayət və sübutlarda təhqir və böhtan xarakterli məlumatların yayılmasının mövcudluğu deyildikdə bu hərəkətlərin məhz nədən ibarət olması, hansı ərazidə, hansı kütləvi tədbirlərdə səsləndirilməsinə dair heç bir dəlil təqdim olunmamışdır. Göründüyü kimi şikayət ərizəsində X2 istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri olması sübutlarla müəyyən edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinin tələbindən aydın olur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi xüsusi ittiham qaydasında şikayətdə göstərilməlidir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinin tələbindən aydın olur ki, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə prosesi zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. X1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 5 iş saatı sərf olunmuşdur. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 göstərilmiş hüquqi yardımla bağlı 55 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmə prosesi zamanı göstərilmiş hüquqi yardımlarla bağlı 55 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar