Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-96)-6/2026 28.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, Müdafiəçi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayətini onunla əsaslandırmışdır ki, barəsində Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(002)-288/2025 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasında saxlanılarkən xx.xx.2025-ci il tarixdə 6(002)-38/2025 saylı iş üzrə məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə iclasına Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X9 gəlmiş və o, 6 nəfərin gözü qarşısında ona böhtan atmışdır. O, bu böhtanlarla razılaşmır vəə əsassız olduğunu bildirir. Qeyd olunan tarixdə, yəni xx.xx.2025-ci il tarixdə təhqiqatçı X9 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 evinin qapısını təpikləmişdir. Daha sonra həmin vaxt polis əməkdaşlarını görüb qaçmışdır. X2 ünvanına ağır söyüşlər söydüyünü bildirmişdir. O, polis əməkdaşlarının qəsdən və qərəzli olaraq ona qarşı ağır ittihamlarla çıxış etməsinin səbəbləri olduğunu bildirmişdir. Onun barəsində başlanılan cinayət işi bunu təsdiq edir. İlk öncə bildirir ki, hər bir tərəf bildirdiyi iddiaları əsaslandırmalıdır və deyilən iddianı təsdiq edəcək sübutları məhkəməyə iş üzrə təqdim etməlidir. Məhkəmə iclası zamanı isə deyilən ittihamların heç birini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş və əsaslandırılmamışdır. O, qeyd olunan tarixdə, yəni xx.xx.2025-ci il X6 tanımamış, onunla heç bir əlaqəsi, mübahisəsi, qərəzli münasibəti və s. baş verməmişdir. O, Rüxsarə Məmmədovanın adını özü polis bölməsinə çağırılan zaman xx.xx.2025-ci il tarixdə bilmişdir. Həmçinin bundan sonra həm polis bölməsinə həm də yaşadığı binanın qarşısında ictimai yerdə bir neçə şəxsin qarşısında onu təhqir etmişdir. Bu hadisə isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025ci il tarixli 1(103)-2120/2025 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının və məhkəmənin cinayət işi ilə əlaqədar təqdim etdiyi müvafiq sübutları görməzdən gəlib şikayətlərini razılaşdıraraq kimlərləsə təmin etməməsi arıtq ona ciddi psixoloji sarsıntı və iztirablar yaşamağına səbəb olmuşdur. O, bu şikayətlərinə məhkəmənin qərəzli baxması sadəcə bir gəncin intihar etməsinə səbəb olacağını, buna səbəb olan hakimlərdən, polis əməkdaşlarından, prokurorluğun maraqlı tərəf olduqları qeyd olunacaq.O, gənc olaraq ən ciddi cəza növü olan həbslə cəzalandırılmaq məhkəmənin ədalət prinsipinə riayət etməməsidir. O, qəti olaraq bildirmək istəyir ki, hakim Rufan Mürsəlov onun həbsində maraqlı tərəfdir və xx.xx.2025-ci il tarixdə 1(002)-198/2025 saylı iş üzrə iclasın videoyazısını söndürüb “mənim işim Quliyev Mirəli ilədir”, qoy onun cinayət işi gəlsin, mən baxıb cəzasını verəcəm. Demişdir. O, bu baş verənləri, polis əməkdaşlarının məhkəmə iclasında gəlib əsassız onu ittiham etməsi, ona qarşı övladları yaşında olan bir gəncin həyatını məhv etməyə çalışmaları qanunsuz hesab olunur. Konstitusiya, həmçinin Ali Məhkəmənin qərarlarını hakimlərin nəzərə almaması qanunun ancaq özlərinə sərf edəndə tətbiq etmələrini başa düşür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Ali Məhkəmənin qərarından da görünür ki, təhqiqatçı X9 onu 2 nəfərdən çox şəxsin görə, eşidə qavraya biləcəyi formada böhtan atmışdır. Göstərilənlərə əsasən məhkəmədən xahiş edir: X9 Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə barəsində cinayət işi başlanılsın və həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilsin. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs M.E.Quliyev ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq M.E.Quliyev guya tərəfindən X4 evinin qapısını qırdığını Sərxan Zeynalovun qeyd etdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 bildirmişdir ki, X8 böhtan atmamışdır. X11 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, X1 Mirəli Elşən oğlu tərəfindən qapısına təpik vurulması ilə bağlı Qaradağ RPİ-nin 10-cu PŞ-nə şikayət etmiş və həmin gün o, əməliyyat qrupunda olmuş və hadisə yerinə getmişdir. Həmin vaxt qapıda təpik izi olduğunu müşahidə etmiş və kriminalistik tədqiqatlar aparıldıqdan sonra X5 yaşadığı ünvana getmiş, qapını döydükdən sonra sonuncunun qardaşı qapını açaraq M.E.Quliyevin evdə olmadığını onlara bildirmişdir. Onlar liftdən düşdükdə R.A.Məmmədova və digər 4-5 nəfər qonşu M.E.Quliyevin onlar düşənə qədər getdiyini bildirmişlər. M.E.Quliyevin daha sonra şöbənin icraatına cinayət işi daxil olmuş və o, icraatında olan materialı digər təhqiqatçı Valeh Orucova aidiyyəti üzrə təhvil vermişdir. O, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında da qeyd etdiyi kimi izahat vermişdir. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittihamçı tərəfindən qeyd edilənlərlə bağlı hüquqi əsas mövcud deyildir. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, X3 X8 böhtan atması ilə bağlı hər hansı sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin sonuncu tərəfindən verilmiş şikayətdə böhtanın nədən ibarət olması dəqiqləşdirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş xüsusi ittiham qaydasında şikayət və sübutlarda böhtan xarakterli əməl kimi X5 ünvanına məhkəmə nəzarəti qaydasında baxılan məhkəmə iclasında X3 onun ünvanında yalan olduğunu bilə-bilə hər hansı şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları ifadə etməsi təsdiq edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində göstərilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsində isə göstərilir ki, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl iş materiallarında olan dəlillərlə öz təsdiqi tapmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X7 məhkəmə hazırlıq iclası dövründə Müdafiəçi tərəfindən göstərilmiş 5 (beş) iş saatı hüquqi xidmətə görə 55 (əlli beş) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X7 məhkəmə hazırlıq iclası dövründə Müdafiəçi tərəfindən göstərilmiş 5 (beş) iş saatı hüquqi xidmətə görə 55 (əlli beş) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(5-96)-6/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(5-96)-6/2026
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver