Məhkəmə qərarları › İş №1(5-97)-1/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-1/2026

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-1/2026 12.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Abdullayev Hüseyn Azad oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Abdullayev Hüseyn Azad oğlu tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abdullayev Hüseyn Azad oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 “Tiktok” sosial platformasında mövcud olan və özünə məxsus olan (Medenci_ss) səhifəsində ona böhtan atmışdır. Belə ki, Oral Əliyev onu sosial mediada özünün 83 minlik səhifəsində dələduz dəstənin üzvü olmaqda, cinayət törətməkdə, vətəndaşlara nazirlik adından zəng etməkdə ittiham etmişdir. Lakin bu həqiqəti əks etdirmir. Belə ki, o, yəni Abdullayev Hüseyn Azad oğlu sosial şəbəkədə özünü ona vəkil, hüquqşünas kimi təqdim edən X1 tərəfindən dələduzluğa məruz qalmış, hətta o və digər zərərçəkənlər 10 mart tarixində “Xəzər xəbər”ə müsahibə vermişlər. X3 ona və digər zərərçəkənlərə kömək edəcəyini bildirərək onların adından jurnalist kimi DİN-ə kütləvi şikayət ərizəsi verəcəyini demişdir. Lakin O.Əliyev rəsmi jurnalist deyilmiş və üstəlik onları aldatmışdır. O.Əliyev onlara ərizələri verdiyini söyləmiş, lakin 2 aya yaxın müddət ərzində cavab gəlmədikdə onlar narahat olub O.Əliyevə zəng etdikdə isə onlara polis adından yalan danışmış və onu görüşə çağıraraq ərizələri vermədiyini, Səbiyyənin də ortaq olduğunu, əgər onun istədiyi kimi vətəndaşlara yalan danışsa, ona pul mükafatı verəcəklərini və onu xüsusi ilə ağır şəkildə təhqir edərək, onun üzünə duracağını və bunun Səbiyyənin sifarişi olduğunu bildirmişdir. Onlar bu barədə şikayət etdikdə O.Əliyev özünü xilas etmək, həm də ifşa etdiyinə görə ondan qisas almaq üçün həmin dələduz qadını paylaşmış, onu da qadınla birlikdə paylaşmışdır. O.Əliyevin sözlərindən belə çıxır ki, guya, o, dələduzun tərəfindədir və nazirlik adından hansısa vətəndaşlara zəng etdirmiş, üstəlik guya həmin dələduz qadına xidmət edir. Lakin onun əlində O.Əliyevin özünün həmin qadına xidmət etməsi və onlar haqqında danışması və necə aldatması haqqında sübutlar var. X4 və ailəsini təhqir və şantaj etməsi haqqında faktları var. Beləliklə, X3 əxlaq normalarına sığmayan və onu cəmiyyət arasında nüfuzdan salan hərəkətlər etməklə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan şəxsi toxunulmazlıq hüququnu pozmaqla cəmiyyət arasında onu nüfuzdan salmış, habelə təhqir edərək alçaltmışdır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Abdullayev Hüseyn Azad oğlu şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin icraata qəbul olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 rəsmi olaraq jurnalist fəaliyyəti ilə məşğul olduğunu, vətəndaşlardan daxil olmuş müraciət əsasında paylaşım etdiyini, paylaşımda müraciətin vətəndaşlardan daxil olmasını qeyd etdiyini bildirmişdir. Göstərilənlərə əsasən şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə (şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası) uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1, 299.3 və 299.3.3cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayarkən müəyyən edir ki, şikayətdə şikayət vermiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi haqqında məlumatlar, şikayəti vermiş şəxsin imzası, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilsə də, şikayətin verildiyi tarix (il, ay və gün), eyni zamanda törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi əksini tapmamışdır. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda, onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ-cü hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin dispozisiyasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab edilir. Bu Məcəllənin 147.2-ci maddəsinə əsasən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığına görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Abdullayev Hüseyn Azad oğlunun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302.1.3 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Abdullayev Hüseyn Azad oğlu tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar