Məhkəmə qərarları › İş №1(5-97)-22/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-22/2026

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-22/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs demokrat.az internet saytının baş redaktoru X3r. Demokrat.az saytında xx.xx.2025-ci il tarixdə dərc olunmuş məqalədə onun adı açıq şəkildə göstərilməklə, bilə-bilə yalan və böhtan xarakterli məlumatlar yayılmışdır. Həmin materialda adı ictimaiyyət qarşısında qanunsuz maliyyə fəaliyyətində iştirak edən, qeyriqanuni pul dövriyyəsi ilə əlaqəli şəxs kimi təqdim olunmuş, bu isə oxucularda barəsində barəsində mənfi ictimai rəy formalaşdırmağa yönəlmişdir. Qeyd olunan məlumatlar həqiqətə uyğun deyildir, heç bir məhkəmə hökmü, istintaq qərarı və ya rəsmi sənədlə təsdiqlənmir. Barəsində olan bu məlumatların yayılması şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ciddi şəkildə zədələmişdir. İşgüzar nüfuzunun zədələnməsində baş redaktorun məsuliyyəti məhkəmə təcrübəsinə və “Kütləvi İnformasiya vasitələri haqqında” Qanunun tələblərinə əsasən yaranır. Hansı ki, internet media subyektində yayımlanan materiallara görə əsas məsul şəxs baş redaktordur. Ali məhkəmənin mövqeyinə görə “KİVdə dərc olunmuş böhtan xarakterli materiallara görə müəlliflə yanaşı, baş redaktor da cinayət məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli, 7 saylı Qərarında göstərilmişdir: “Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, vətəndaş barəsində cəmiyyətdə mənfi rəy yaradan və həqiqətə uyğun olmayan faktiki məlumatlar başa düşülür.” Həmin qərarda ayrıca vurğulanır ki: “Məlumatın fikir kimi deyil, fakt kimi təqdim olunması, lakin həqiqətə uyğun olmaması onun böhtan xarakterli olmasına əsas verir.” Bu səbəbdən “demokrat.az” saytında dərc edilmiş böhtan xarakterli məlumatlara görə X6 xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməlidir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasında şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, “demokrat.az” saytının səhifəsində materiala əlavə etdiyi məqalədə hüquqlarını müdafiə etdiyi şəxsin adının qanunsuz maliyyə fəaliyyətində iştirak edən, qeyri-qanuni pul dövriyyəsi ilə əlaqəli şəxs kimi göstərilməsi böhtan xarakterli məlumatlar olmaqla Ş.Heydərovun işgüzar nüfuzu ictimaiyyət qarşısında zədələnmişdir. Hazırkı halda yayılan məlumat fakt kimi təqdim edilmişdir, həqiqətə uyğun deyildir, məlumat Ş.Heydərovun nüfuzunu və ictimai mövqeyini ləkələmişdir. Məlumatın yayılması qəsdən və bilə-bilə həyata keçirilmişdir. Göstərilənlərin nəzərə alınmasını və şikayətin icraata qəbul olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, sözügedən məqalənin müəllifi Vaqif Hüseynlidir və bina sakinlərinin müraciətləri, göndərilən videogörüntülər və fotogörüntülər əsasında, media azadlığından istifadə edilərək məqaləsi yayımlanmışdır. Məqalə başlığının sual cümləsi şəklində olması, məlumatların rəsmi olaraq təsdiq olunduğunu əks etdirmir. Bina sakinlərinin göndərdiyi fotogörüntülər, videoçəkilişlər və səsyazılarının düzgünlüyünü müəyyən etmək məqsədilə tərəflərindən "xxxx" ASC-yə sorğu göndərilmişdir. Şamil Heydərov və onun rəhbərlik etdiyi "xxxx" MTK-nın icraçı direktoru Sahib Rüstəmova məsələ ilə bağlı mövqelərini bildirmələri üçün müraciət edilmiş, lakin müraciətləri cavabsız saxlanılmışdır. "xxxx" ASC-dən daxil olmuş sorğuya cavabdan məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-nın komendatı tərəfindən sakinlərdən hər ay 100 manat vəsaitin yığılmasının "xxxx" ASC ilə heç bir aidiyyətinin olmadığı vurğulanmışdır. Bununla da bina sakinlərinin müraciətinin düzgün oluduğu öz təsdiqini tapmışdır. Məhkəmənin sualına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs cavab olaraq bildirmişdir ki, vətəndaşların müraciətləri “Demokrat.az” saytının “whatsapp” nömrəsinə göndərilmiş, Şamil Heydərov barəsində mətbuatda çoxsaylı yazılar vardır. İnternet axtarışlarında şəxsin ad-soyadını qeyd etdikdə haqqında olan məqalələri görmək mümkündür. Barəsində şikayət edilən məqalədə isə “ehtimal edilir”, “şübhə edilir” sözlərindən istifadə edilmiş, məlumatlar fakt kimi deyil, ehtimal kimi göstərilmiş, bu barədə isə çoxsaylı mətbu məlumatlarda xəbərlərin olmasına istinad olunmuşdur. Göstərilənləri nəzərə alaraq şikayət əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə (şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası) uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ-cü hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin dispozisiyasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcə də oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında ”Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqin və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Media haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.9-cu maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. 4-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsi bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X5rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). 5-ci bəndinə əsasən qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. 6-cı bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda, onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, ərizəyə əlavə edilmiş “demokrat.az” saytında paylaşılmış xx.xx.2025ci il tarixli, “Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?” başlıqlı məqalənin müəllifi Vaqif Hüseynlidir. Həmin məqalənin başlığı və məzmununa əsasən xüsusi ittiham qaydasında şikayət vermiş Şamil Heydərov tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməmiş, məlumatların fakt kimi qeyd olunmasının nə ilə təsdiq edilməsi, buna dair dəlillər məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, barəsində şikayət verilməsinə səbəb olan məqalənin müəllifi Vaqif Hüseynli olduğu halda Şamil Heydərov xüsusi ittiham qaydasında Vasif Həsənov barəsində şikayət vermişdir. Ş.Heydərov şikayət ərizəsində baş redaktor V.Həsənov tərəfindən sözügedən məqalənin məzmunu ilə ona böhtan atılmasını qeyd etmiş, həmin halların, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz sonuncu tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, həmçinin şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə təsdiq edildiyinə dair sübutları şikayət ərizəsinə əlavə etməmiş, yalnız qüvvədən düşmüş “Kütləvi İnformasiya vasitələri haqqında” Qanuna istinad edərək ümumi sözlərlə işgüzar nüfuzunun zədələnməsində baş redaktorun məsuliyyətinin məhkəmə təcrübəsinə və tələblərinə əsasən yarandığını, hansı ki, internet media subyektində yayımlanan materiallara görə əsas məsul şəxsin baş redaktor olduğunu, Ali Məhkəmənin mövqeyinə görə KİV-də dərc olunmuş böhtan xarakterli materiallara görə müəlliflə yanaşı, baş redaktorun da cinayət məsuliyyəti daşıdığını qeyd etməklə kifayətlənmişdir. Məhkəmə onu qeyd etməyi zəruri bilir ki, Cinayət Məcəlləsinin ümumi müddəalarına görə şəxs yalnız törətdiyi ictimai təhlükəli əmələ görə cinayət məsuliyyəti daşıyır. Bu prinsipdən nəticəyə gəlinir ki, vəzifəyə görə avtomatik məsuliyyət mövcud ola bilməz, rəhbər vəzifə tutmaq faktı öz-özlüyündə cinayət məsuliyyəti yaratmır, konkret əməl və qəsd sübuta yetirilməlidir. Bu səbəbdən məzmununda böhtan xarakterli məlumatların olduğu iddia edilən məqalənin hazırlanmasında, redaktəsində, şüurlu şəkildə yayılmasında baş redaktorun iştirakı, məqalənin onun göstərişi ilə dərc olunması, materialın məzmununda böhtan xarakterli məlumatların olmasını bilməsi və ya təsdiqləməsi, onun qəsdi, yaxud digər formada konkret cinayət əməli ilə əlaqəsi əsaslandırılmalı, təsdiqedici sübutlar xüsusi ittiham qaydasında şikayətdə əks etdirilməli idi. Azərbaycan Respublikası CPM-in 293.3.3-cü maddəsinə əsasən də cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Məhkəmə diqqətə çatdırır ki, məqalənin müəllifi məlumdursa, şikayət müəllifə qarşı deyil, baş redaktora qarşı verilibsə, onun böhtan xarakterli məlumatın hazırlanması və ya yayılmasında, həmçinin məsuliyyətə səbəb olan digər hərəkətləri yerinə yetirməsində qəsdən iştirakı əsaslandırılmamışsa, şəxsin yalnız vəzifəsinə görə cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Belə ki, cinayət hüququ müstəvisində “obyektiv məsuliyyət” (şəxsin təqsiri sübuta yetirilmədən, yalnız faktın və ya nəticənin mövcudluğuna görə məsuliyyətə cəlb edilmə) anlayışı mövcud deyildir. Şəxs yalnız öz əməli, həmin əmələ münasibətdə təqsiri, əməllə nəticə arasında səbəbli əlaqənin olması sübuta yetirildikdə cinayət məsuliyyəti daşıyır. Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X6 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi və həmin halları təsdiq edən sübutlar şikayət ərizəsinə əlavə edilməmişdir, habelə şikayət ərizəsi şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar