Məhkəmə qərarları › İş №1(5-97)-3/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-3/2026

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-3/2026 15.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X5 şikayətini onunla əsaslandırmışdır ki, 2024-cü ildən hal-hazıradək "xxxx" MMC-də mühafizə qurğuları və buraxılışa nəzarət üzrə supervayzer vəzifəsində çalışır. Təqsirləndirilən şəxs X3 isə həmin MMC-də Logistika və nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndi ilə tutduğu vəzifədən azad edilərək, onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad edildikdən sonra o, xx.xx.2025ci il təxminən saat 23.50 radələrində WhatsApp statusunda mənim və digər əməkdaşların ünvanına şəxsiyyəti alçaldan təhqir edici ifadələr işlətmişdir. Belə ki, o, həmin WhatsApp statusunda "xxxx" MMC-nin direktoru Emil Quliyevə ünvanlanaraq deyir ki, "*******.” Bu sözləri deməklə o, "xxxx" MMC-nin əməkdaşlarını və onu təhqir edir. Daha sonra isə o, şirkətin o da çalışdığı Logistica sahəsinin əməkdaşlarına xoş sözlər deyə bilməyəcəyini deyərək, bildirir ki, "****” Daha sonra isə o, "CHEM TRADE” MMC-də işlədiyi dövrdə işə gec gəldiyinə görə onun barəsində tərtib edilmiş AKT-ı imzaladığına, eləcə də onu məhkəməyə vermək üçün iddia ərizəsinin tərtib edilməsində iştirakına görə ünvanına təhqir edici ifadələr işlədərək həmin statuşunda deyir ki, “****". Daha sonra isə o, deyir ki, “Üzümü "xxxx" MMC-nin sürücülərinə tutaraq deyirəm ki, *****" Daha sonra isə o, yenə onun və digər iki əməkdaşın ünvanına eyni təhqiramiz ifadələr işlədir. Beləliklə də təqsirləndirilən şəxs qəsdən onu və Logistika şöbəsinin digər iki əməkdaşını öz WhatsApp statusunda açıqca təhqir etməklə bizi işlədiyi kollektivdə nüfuzdan salmağa, MMC-nin sürücüləri ilə bizim kollektiv münasibətimizi korlamağa çalışmışdır. Təqsirləndirilən şəxsin WhatsApp statusundakı səsli video-görüntüsü olan bir ədəd mikro-CD diski şikayətimə əlavə edir. Hazırda onun bu qanunsuz hərəkətləri nəticəsində o və ailə üzvləri dərin mənəvi iztirab və sarsıntı keçirmiş, şərəf və ləyaqətini alçalmışdır. Ona görə də hesab edir ki, təqsirləndirilən şəxs X1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətləri vardır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Xüsusi ittiham qaydasında şikayət vermiş X5 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları, tərəflərin hazırlıq iclasındakı mövqelərini hərtərəfli tədqiq edərək, məhkəmə baxışının təyin edilməsinin mümkünsüzlüyü və şikayətin məhkəmə icraatına qəbulundan imtina edilməsinin zəruriliyi qənaətinə gəlir. Təqdim edilmiş şikayət bir sıra fundamental prosessual tələblərə cavab vermir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında icraatda sübutetmə yükü tamamilə və qeyd-şərtsiz olaraq şikayət verən şəxsin, yəni xüsusi ittihamçının üzərinə düşür (CPM, Maddə 21.3 və 88.4.1). X4 şikayətində istinad etdiyi bütün hallar – əməlin məhz X3 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayətdə əks etdirilməmişdir. Eyni zamanda qeyd edilən əməlin, hansı ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən iddia edilən cinayət əməlinin hansı tarixdə törədilməsi qeyd edilməmişdir. Bu, CPM-nin 293.3.2 və 293.3.4-cü maddələrinin birbaşa pozuntusudur. Məhkəmənin hazırlıq iclası, həmçinin, şikayətdə təsvir olunan əməlin ilk baxışda cinayət tərkibi yaradıb-yaratmadığını da müəyyən etməlidir. İş materiallarına yalnız xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən bir ədəd yaddaş kartı əlavə edilmişdir ki, bu da öz növbəsində həmin yaddaş kartında olan səs yazılarının və görüntülərin məhz X2 məxsus olmasını müəyyən etmək üçün heç bir ekspertiza rəyi, şahid ifadəsi və ya digər mötəbər sübut yoxdur. Bu isə CPM-nin 302.1.7-ci maddəsinə ("şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə") əsasən, şikayətin icraata qəbulundan imtina üçün növbəti əsasdır. Şikayətin əsasını təşkil edən iddia X2 məxsus “whatsapp” sosial şəbəkədə olan profildən təhqir xarakterli statusların paylaşılmasıdır. Lakin şikayətçi bu profilin məhz X3 tərəfindən idarə edildiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şikayətin qanunvericilikdə tələb olunan forma və məzmununa riayət etməmiş, hətta xüsusi ilkin dinləmələr və ona dair nəticə olmadan şikayətində özünü zərərçəkmiş şəxs, barəsində şikayət verdiyi şəxs təqsirləndirilən şəxs statusunda qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası). 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda və 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar