Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-37/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadı Mircəlaə Mirşamil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Nərimanov RPİ İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X11 şikayətini onunla əsaslandırmışdır ki, müstəntiq X12 ona qarşı CM-nin 147.1 və 147.2-ci maddələri ilə böhtan xarakterli cinayət törətmişdir. X1 xx.xx.2024-cü il tarixli şikayət ərizəsi əsasında barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır.Həmin ərizədə AR NK yağ məhsulu yığması haqqında qərar alınması vədi və 14-cü sətirdə əleyhinə rezident olmadığı kimya sənaye parkında tikintiyə icazə almağı ilə bağlı böhtan atması görünür. Digər böhtan X3 bu iş üzrə 2-ci şikayət ərizəsi 02 sentyabr 2024-cü il tarixli olmaqla guya ona X4 vasitəsilə 118000 ABŞ dolları çatdırmaq üçün Bakı şəhər Nərimanov Rayon Yaşıl Bazarın arxasında 20 fevral 2024-cü il tarixdə pul verib. Üzləşdirmə protokolunda böhtan üzə çıxaraq 24 fevral 2024-cü il tarixdə bildirib. Bütün əlavə sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-817/2025 saylı cinayət işində, hakim X5 icraatındadır. Xüsusi ittiham qaydasında şikayət vermiş X11 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Kamran Əliyev onun barəsində həqiqətə uyğun olmayan məlumatlar əsasında ittiham irəli sürərək, onu cinayət məsuliyyətinə cəlb etmiş və iki nəfərdən artıq şəxsin görə biləcəyi vəziyyət yaranmışdır. Belə ki, həmin cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinin icraatında baxılır və onun şərəf və ləyəqəti alçaldılır, hüquqları pozulur. Qeyd olunanları nəzərə alaraq onun cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, Vaqif Əliyev barəsində cinayət işi onun icraatında olmuş, daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma apararaq, sözügedən əməllər təsdiqini tapdığından ittiham aktı tərtib edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Barəsində qeyd olunanlar doğru deyil. Ümumiyyətlə həmin xüsusat CM-nin 147-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Qeyd olunanları nəzərə alaraq, Məhkəmədən ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlər: "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyətin hüquqi ünvanı ünvan 1likası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası). 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda və 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları, tərəflərin hazırlıq iclasında səsləndirdiyi mülahizələri və dəlilləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, belə qənaətə gəlir ki, X7 xüsusi ittiham qaydasında şikayəti həm maddi-hüquqi, həm də prosessual-hüquqi baxımdan tamamilə əsassızdır və onun məhkəmə icraatına qəbul edilməsindən şəkildə imtina edilməlidir. Bu nəticə, şikayətdə göstərilən əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan böhtan cinayətinin tərkibini formalaşdırmaması, şikayətin özünün isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin imperativ normalarının kobud pozuntusu ilə tərtib edilməsi kimi bir-birini tamamlayan fundamental çatışmazlıqlara əsaslanır. Maddi-hüquqi əsaslar: Cinayət tərkibinin olmaması (corpus delicti’nin yoxluğu) Xüsusi ittiham qaydasında təqibin uğurlu olması üçün, ilk növbədə, iddia olunan əməlin cinayət qanununun müvafiq normasının dispozisiyasında təsbit edilmiş bütün obyektiv və subyektiv əlamətləri özündə ehtiva etməsi zəruridir. Hazırkı işdə şikayətçi, X10 CM-nin 147.1 və 147.2-ci maddələri ilə ittiham etsə də, bu ittihamın əsasını təşkil edən əməldə böhtan cinayətinin tərkibinin ən mühüm və həlledici elementlərindən biri, yəni məlumatın kütləvi şəkildə yayılması mövcud deyil. CM-nin 147.1 və 147.2-ci maddələri böhtanı, yəni yalan məlumatların məhz kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi təsbit edir. Qanunverici bu cinayət tərkibinin obyektiv cəhətini məhdudlaşdıraraq, onun yalnız ictimaiyyətə açıq olan, qeyri-müəyyən sayda şəxsin qavraya biləcəyi platformalarda baş verməsini şərtləndirmişdir. Bu yanaşmanın hüquqi məntiqi və məqsədi, bir tərəfdən şəxsin şərəf və ləyaqətini qorumaq, digər tərəfdən isə vətəndaşların öz pozulmuş hüquqlarının bərpası üçün dövlət orqanlarına müraciət etmək kimi fundamental konstitusiya hüququnun məhdudlaşdırılmasının qarşısını almaqdır. Bu kontekstdə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi imperativ xarakterli bir izah verərək məsələyə yekun aydınlıq gətirir. Həmin Qərarda birmənalı şəkildə göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması ... həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Məhkəmə müəyyən edir ki, X7 şikayətində istinad etdiyi bütün hallar – X8 müstəntiq qismində qəbul etdiyi prosessual qərarlar (cinayət işinin başlanması, ittiham elan edilməsi), tərtib etdiyi sənədlər (üzləşdirmə protokolu) göstərilən istisna halına tam şəkildə uyğun gəlir. Müstəntiq öz xidməti vəzifələrini icra edərkən, toplanmış sübutlara əsaslanaraq prosessual sənədlər tərtib etmiş, prosessual qərarlar qəbul etmiş və onları müvafiq orqanlara təqdim etmişdir. Bu cür prosessual hərəkətlər, onların sonrakı taleyindən (bəraət hökmü və ya işə xitam verilməsi) asılı olmayaraq, CM-nin 147.1 və 147.2-ci maddələrinin məqsədləri üçün "kütləvi yayma" kimi tövsif edilə bilməz. Əks təqdirdə, hər bir bəraət hökmü və ya işə xitam verilməsi halı, avtomatik olaraq müstəntiqə və ya prokurora qarşı böhtan ittihamının irəli sürülməsi üçün əsas yaradardı ki, bu da hüquqi cəhətdən absurd olmaqla yanaşı, dövlət orqanlarının normal fəaliyyətini iflic edərdi. Məhkəmə həmçinin xüsusi ittihamçının diqqətini ona cəlb etməyi zəruri bilir ki, onun şikayətinin faktiki məzmunu böhtandan daha çox, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz tutma və ya qanunsuz cinayət məsuliyyətinə cəlb etmə kimi vəzifə cinayətlərinin və ədalət mühakiməsi əleyhinə olan cinayətlərin əlamətlərinə daha yaxındır. Bu əməllər isə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 290 və 292-ci maddələri ilə tənzimlənir. Lakin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.1-ci və 37.6-cı maddələrinə əsasən, bu cinayətlər üzrə təqib ictimai ittiham qaydasında həyata keçirilir. Xüsusi ittiham qaydasında şikayət isə yalnız CM-nin 147, 148, 165.1 və 166.1-ci maddələrində nəzərdə tutulan cinayətlər üzrə mümkündür. Beləliklə, şikayətçi mahiyyətcə prosessual səlahiyyəti olmayan bir təqibi həyata keçirməyə cəhd göstərmiş, yəni yanlış hüquqi müdafiə vasitəsi seçmişdir. Məhkəmə ittihamçının funksiyalarını öz üzərinə götürə və xüsusi ittiham qaydasında verilmiş şikayətə ictimai ittiham qaydasında təqib edilən bir əməl kimi baxa bilməz. Prosessual-hüquqi əsaslar: Şikayətin qanunun tələblərinə uyğunsuzluğu Maddi-hüquqi əsassızlığı ilə yanaşı, təqdim edilmiş şikayət cinayət-prosessual qanunvericiliyin bir sıra imperativ normalarının pozuntusu ilə tərtib edilmişdir ki, bu da ayrılıqda onun icraata qəbulundan imtina üçün kifayət edən müstəqil əsasdır. Xüsusi ittihamçı CPM-nin 88.4.1-ci maddəsinə əsasən, ittiham üzrə sübutetmə yükünü daşıyır. Şikayətçi öz mövqeyini əsaslandırmaq üçün yalnız X8 tərtib etdiyi prosessual sənədlərə istinad edir. Lakin, təqdim edilmiş materiallar iddia olunan cinayətin baş verdiyini deyil, yalnız vəzifəli şəxsin öz xidməti səlahiyyətlərini icra etməsi faktını təsdiqləyir. Şikayətdə müstəntiqin məlumatları yayarkən onların yalan olduğunu “a-priori” bildiyini təsdiq edən heç bir mötəbər və yolverilən sübut təqdim edilməmişdir. CPM-nin 293.3.4-cü maddəsi tələb edir ki, şikayətdə iddia olunan hallar “hansı şahid ifadələri ilə..., hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi” konkret göstərilsin. Bu prosessual pozuntular məcmu halında, CPM-nin 302.1.3-cü maddəsinə əsasən, şikayətin icraata qəbulundan imtina üçün müstəqil və yetərli əsas yaradır. Məhkəmənin hazırlıq iclası, həmçinin, şikayətdə təsvir olunan əməlin prima facie (ilk baxışda) cinayət tərkibi yaradıb-yaratmadığını da müəyyən etməlidir. Bu isə CPM-nin 302.1.7-ci maddəsinə ("şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə") əsasən, şikayətin icraata qəbulundan imtina üçün növbəti əsasdır. Yuxarıda şərh edilənlərin məcmusuna əsasən, məhkəmə hesab edir ki, X7 xüsusi ittiham qaydasında verdiyi şikayət hüquqi baxımdan əsassızdır, qanunun tələblərinə cavab vermir və cinayət təqibinin başlanması üçün heç bir maddi və prosessual əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №1(5-97)-37/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-37/2026
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver