Məhkəmə qərarları › İş №1(5-97)-4/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-4/2026

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-4/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 vəkili və nümayəndəsi “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayətini onunla əsaslandırmışdır ki, o, işin faktiki halları demokrat.az internet saytında https://demokrat.az/az/news/262600/ramiz-mehdivevin-seriki-binasindan-vigilan-pullari-elikerimliye-oturub linkində 26 dekabr 2025-ci il tarixdə dərc olunmuş məqalədə onun - X6 barəsində açıq şəkildə bilə-bilə yalan və böhtan xarakterli məlumatlar yayılmışdır. Həmin materialda onun adı ictimaiyyət qarşısında qanunsuz maliyyə fəaliyyətində iştirak edən, qeyri-qanuni pul dövriyyəsi ilə əlaqəli şəxs kimi təqdim olunmuş, bu isə oxucularda barəsində mənfi ictimai rəy formalaşdırmağa yönəlmişdir. Qeyd olunan məlumatlar həqiqətə uyğun deyildir, heç bir məhkəmə hökmü, istintaq qərarı və ya rəsmi sənədlə təsdiqlənmir. Barəsində bu məzmunda məlumatların yayılması şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ciddi şəkildə zədələmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş vəkili X4 vəkili və nümayəndəsi Müdafiəçi məhkəmə iclasında çıxış edərək şikayəti müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 məşhur bir redaktordur və onun barəsində internet informasiya resurslarında çoxsaylı məlumatlar vardır. Lakin, onun anket məlumatları barədə məlumatı olmadığından şikayətinə əlavə etməmişdir. Hesab edir ki, redaktor birbaşa saytın daxilində paylaşılmış bütün məlumatlara, o cümlədən yalan xəbərə görə məsul şəxsdir və o səbəbdən o məsuliyyətə cəlb edilməlidir. Bununla bağlı Ali Məhkəmə təcrübəsində də çoxsaylı işlər mövcuddur. Xəbəri paylaşan jurnalistin adı və soyadı xəbərdə əks etdirilsə də, həmin məlumatlar da tam şəkildə mövcud deyildir. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəməyə gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası). 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda və 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları, tərəflərin hazırlıq iclasında səsləndirdiyi mülahizələri və dəlilləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, belə qənaətə gəlir ki şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Bu nəticə şikayətin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin imperativ normalarının kobud pozuntusu ilə tərtib edilməsinə əsaslanır. Məhkəmə qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsi ilə təsbit olunmuş hər kəsin şərəf və ləyaqətinin müdafiəsi hüququnun təminatı, cinayət-prosessual qanunvericiliyin fundamental prinsiplərindən biridir. Xüsusi ittiham institutu, məhz bu konstitusion hüququn reallaşdırılması üçün mühüm bir prosessual vasitə olaraq, şəxsə onun şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna qəsd edən əməllərə qarşı birbaşa məhkəmə müdafiəsini təmin edir. Lakin bu hüququn həyata keçirilməsi, öz növbəsində, qanunvericiliklə müəyyən edilmiş ciddi prosessual çərçivəyə riayət olunmasını tələb edir. Cinayət təqibinin başlanması kimi ciddi bir hüquqi nəticəyə səbəb olan hər hansı bir şikayət, formal və maddi-hüquqi baxımdan qüsursuz olmalıdır. Məhkəmə, ilk növbədə, şikayətin məzmununun CPM-nin 293-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq müəyyən edir ki, təqdim olunmuş sənəd bir sıra fundamental prosessual tələblərə cavab vermir. İlk növbədə, məhkəmə diqqəti ona cəlb edir ki, CPM-nin 293.3.3-cü maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, yəni həmin şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri dəqiq göstərilməlidir. Bu norma təsadüfi deyil və cinayət prosesinin fundamental prinsiplərindən olan təqsirləndirilən şəxsin hüquqlarının təmin edilməsi, o cümlədən onun müdafiə hüququnun reallaşdırılması üçün ilkin şərtdir. Cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunan şəxsin kimliyi müəyyən edilmədən, onun barəsində ədalət mühakiməsini həyata keçirmək qeyri-mümkündür. Qeyri-müəyyən şəxsə qarşı cinayət təqibi aparıla bilməz. Hazırkı işdə, şikayət verən şəxs barəsində şikayət verdiyi şəxs kimi “Demokrat.az” saytının baş redaktoru X2 göstərmişdir. Məhkəmənin hazırlıq iclası zamanı həmin şəxsin kimliyinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət informasiya sistemləri vasitəsilə aparılan yoxlama nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları arasında X5 adına şəxs mövcud deyildir. Şikayət verən şəxsin nümayəndəsi bu şəxsin məşhur redaktor olduğunu və onunla bağlı internet informasiya resurslarında çoxsaylı məlumatlar olduğunu bildirsə də, bu mülahizə hüquqi əhəmiyyət kəsb etmir və şəxsin kimliyini müəyyən edən rəsmi anket məlumatlarını əvəz edə bilməz. Barəsində şikayət verilən şəxsin kimliyi dəqiq müəyyən edilmədiyindən, məhkəmənin onu məhkəmə iclasına çağırmaq və onun iştirakı ilə cinayət-prosessual hərəkətləri həyata keçirmək imkanı yoxdur. Bu isə, öz növbəsində, məhkəmə baxışının keçirilməsini prinsipcə qeyri-mümkün edən bir haldır. İkincisi, CPM-nin 293.3.1-ci maddəsi şikayət vermiş şəxs haqqında tam məlumatların (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və s.) göstərilməsini tələb edir. Təqdim edilmiş şikayətdə isə nəinki barəsində şikayət olunan şəxsin, eyni zamanda xüsusi ittiham qaydasında şikayət vermiş X4 anket məlumatları, xüsusilə də doğulduğu il, ay və gün göstərilməmişdir. CPM-nin 88.4.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanması vəzifəsi birbaşa xüsusi ittihamçının üzərinə düşür. Üçüncüsü, məhkəmə qeyd edir ki, şikayətçi özünü ilkin müraciət sənədində “xüsusi ittihamçı” kimi təqdim etmişdir. Lakin CPM-nin 88.1.3-cü maddəsinin tələbinə əsasən, şəxs yalnız onun xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmə tərəfindən icraata qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edildiyi andan etibarən “xüsusi ittihamçı” prosessual statusunu əldə edir. Bu ana qədər o, yalnız “şikayət vermiş şəxs” statusuna malikdir. Dördüncüsü, şikayətin maddi-hüquqi əsaslarına gəldikdə, məhkəmə vurğulayır ki, CM-nin 147.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün yayılan məlumatların yalan olduğunu bilə-bilə yayılması müəyyən edilməlidir. Bu, böhtan cinayətinin subyektiv cəhətinin mühüm elementidir və birbaşa qəsdin olmasını tələb edir. Xüsusi ittihamçı CPMnin 293.3.4 və 302.1.7-ci maddələrinə uyğun olaraq, şikayətində bu iddianı təsdiq edən ilkin sübutları təqdim etməlidir. Şikayətə demokrat.az saytında dərc edilmiş məqalənin surəti əlavə edilsə də, həmin məqalədə əks olunan məlumatların yalan olduğunu və barəsində şikayət verilən şəxsin bu yalanı bilə-bilə yaydığını təsdiq edən heç bir sübut (rəsmi sənəd, şahid ifadələri və s.) təqdim edilməmişdir. Şikayətdə yalnız məlumatların həqiqətə uyğun olmaması və heç bir məhkəmə hökmü, istintaq qərarı və ya rəsmi sənədlə təsdiqlənməməsi deklarativ şəkildə bəyan edilir. Məqalənin məzmunundan görünür ki, jurnalist bir çox hallarda birbaşa təsdiq formasında deyil, mənbələrə istinadən yazır ("sakinlərin sözlərinə görə", "mediada yayılmış məlumatlara görə", "deyilİr ki" və s.). Bu, jurnalistin həmin məlumatları özünün yoxlanılmış fakt kimi deyil, ictimaiyyətdə mövcud olan iddialar və ya məlumatlar kimi təqdim etdiyini göstərir. Avropa Məhkəməsinin təcrübəsinə görə, jurnalistin vəzifəsi araşdırma aparmaqdan çox, ictimai maraq kəsb edən məlumatları yaymaqdır. O, mənbədən aldığı məlumatı yayarkən, həmin məlumatın həqiqətə uyğunluğuna görə mütləq məsuliyyət daşımır, lakin o, vicdanla hərəkət etməli, mənbənin etibarlılığını ağlabatan həddə yoxlamalı və jurnalist etikası çərçivəsində fəaliyyət göstərməlidir. Təqsirsizlik prezumpsiyasına zidd olaraq şəxsin cinayətkar adlandırılması özlüyündə böhtan olsa da, digər iddiaların yalan olmasını məhz şikayət verən tərəf sübuta yetirməlidir. Şikayət bu hissədə sübutlarla əsaslandırılmadığından, o, əsassızdır. Məhkəmə həmçinin nəzərə alır ki, şikayətə əlavə edilmiş məqalənin sonunda müəllif kimi “Vaqif Hüseynli” göstərilmişdir. Şikayət isə saytın baş redaktoru olduğu iddia edilən X3 qarşı verilmişdir. Redaktorun məsuliyyəti də hazırkı şikayət daxilində kifayət qədər əsaslandırılmamışdır. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPM-nin 293.3-cü maddəsinin formal tələblərini, xüsusilə barəsində şikayət verilən şəxsin kimliyinin müəyyən edilməsinə imkan verən məlumatların göstərilməsi tələbini pozmaqla tərtib edilmişdir. Bununla yanaşı, şikayət maddi-hüquqi baxımdan əsassızdır. Bu pozuntular məcmu halında məhkəməyə şikayəti icraata qəbul etməyə və məhkəmə baxışını təyin etməyə imkan vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar