Məhkəmə qərarları › İş №1(5-97)-53/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-53/2026

27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-53/2026 27.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, X5 və “ərinin” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 və “ərinin” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş X5 “SF AZERBAİJAN” Bank olmayan Kredit Təşkilatından xx.xx.2024-cü il tarixli, **********002 saylı kredit müqavilələrinə əsasən 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti əldə etmişdir. xx.xx.2025-ci il tarixli, 0506/25 saylı alqı-satqı müqaviləsinə əsasən X2 borc üzrə tələb etmə hüququ "xxxx" MMC-yə ötürülmüşdür. Hazırki tarixdə borcu 500 manat təşkil etmişdir. 12 yanvar 2026-cı il tarixdə X3 borc haqqında məlumat verildikdən sonra əri Ə.Kərimovanın telefonundan “whatsapp” mobil tətbiqi vasitəsilə şərəf və ləyaqətini nalayiq formada alçatmaqla onu təhqir etmişdir. Bundan dərhal sonra 102 çağrı mərkəzinə məlumat vermişdir. Müraciətindən sonra 17-ci Polis şöbəsinin sahə müvəkkili qarşı tərəflə əlaqə saxlasa da, daha sonra sahə müvəkkilinin zənglərinə belə cavab verməyərək nömrəsini bloklamışdır. 17-ci Polis şöbəsinin xx.xx.2026-cı il tarixli 2/2/R-843 saylı məktubuna əsasən xüsusatlarla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məqsədəmüvafiq hesab edilmişdir. X5 və onun əri ilə nə əvvəllər, nə də indi heç bir münasibəti, tanışlığı və hər hansı bir əlaqəsi olmamışdır. Buna baxmayaraq, qeyd etdiyi tarixdə X5 və əri yaranmış borc münasibətlərini hüquqi müstəvidə həll etmək əvəzinə heç bir əsas olmadan, bunu yəqinliklə bildiyi halda qəsdən, bilə-bilə onu təhqir etmişlər. Həmin hərəkətləri və sözləri ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla, onu təhqir etməklə Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. 12 yanvar 2026-ci il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsilə yazılmış söyüşlər isə cinayət əməlinin Ə.A.Kərimova və əri tərəfindən törədilməsini təsdiq edən sübutudur. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, şəxs X5 problemli müştəridir. Ona borcunun ödənilməsi üçün xəbərdarlıq edildikdə, həyat yoldaşı ilə birlikdə sərt reaksiya vermiş və “Whatsapp” mobil tətbiqi vasitəsilə şirkətin bir neçə şəxsi nömrəsinə yazaraq şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bu barədə 17-ci Polis şöbəsinə müraciət edilmişdir. Polis sahə müvəkkili qarşı tərəflə əlaqə saxlasa da, zənglərinə cavab verməyərək nömrəsini bloklamışdır. Göstərilənlərin nəzərə alınmasını və şikayətin icraata qəbul olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, şikayətə əlavə etdiyi “Whatsapp” mobil tətbiqindən edilmiş çıxarışda söyüşlərin şəxsidə yazıldığı, yazanın Əfsanənin ərinin olmasının göstərildiyi müşahidə edilir. Ona görə də şikayəti hər iki şəxs barəsində vermişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə (şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası) uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.6-ci maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı, verilmiş şikayət və ona əlavə olunmuş materiallarla barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətlərinin olmadığı aşkar surətdə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1, 299.3 və 299.3.3cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayarkən müəyyən edir ki, şikayətdə şikayət vermiş şəxs, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilsə də, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi haqqında məlumatlar, törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu), əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi əksini tapmamışdır. Halbuki şikayətə əlavə edilmiş “Whatsapp” mobil tətbiqinin çıxarışından görünür ki, nalayiq ifadələr şəxsi səhifədə göndərilməklə, yazanın Əfsanənin əri olduğu göstərilmişdir. Xüsusi ittiham qaydasında şikayət verilərkən mütləq qaydada CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə riayət edilməli olduğu təqdirdə X4 tərəfindən qeyd olunanlar nəzərə alınmamışdır. O, həm X5, həm də “ərinin” cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdiyi halda, X5 tərəfindən məhz hansı əməlin törədilməsi, onun nə ilə təsdiq edildiyi barədə heç bir sübutu qeyd etməmiş, digər şəxs barəsində isə “ərinin” yazmaqla kifayətlənmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) xüsusi ittiham qaydasında şikayətdə əksini tapmamışdır. Habelə, Ali Məhkəmənin qeyd olunan Plenum Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 148-ci maddəsinə mənasına görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini qəsdən alçaltmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə hesab edir ki, böhtan və təhqir xarakterli məlumatların sosial şəbəkədə şəxsi ismarıclar bölməsində yazılması kütləvi formada yayılma əlaməti istisna edildiyi üçün cinayət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin dispozisiyasına görə təhqir, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldıqda cinayət hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığına və şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığına görə X2 və “ərinin” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 və “ərinin” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar