Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-8/2026 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Ərizəsində qeyd etmişdir ki, uzun müddətdir - xx.xx.2009-cu ildən bu günədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, şüa xəstəliklərinin diaqnostika və müalicəsi şöbəsində həkim-onkoloq vəzifəsində çalışır. Bir neçə il əvvəl ünvan 1 ünvanında yerləşən Referans Poliklinika - Nəsimi filialında baş həkim vəzifəsində çalışan X5 ilə tanış olmuş, onun rəhbərlik etdiyi filialda saat hesabı həkimlik fəaliyyəti göstərmişdir. 2026-cı ilin dekabr ayından etibarən Ülya Quliyeva əvvəlcə WhatsApp mobil tətbiqi vasitəsilə müxtəlif yazılı və səsli mesajlar göndərərək, şəxsin şəxsi həyatına aid məlumatları “İnstagram” sosial şəbəkəsində paylaşacağını bildirməklə onu təhdid etməyə başlamışdır. X3 göndərdiyi səs yazılarında söyüş və təhqiramiz ifadələr işlətməsi, şəxsi həyat sirlərini açıqlamaqla hədələməsi və bu kimi davranışlar şəxsin şərəf və ləyaqətini alçaldan, habelə şantaj və qara-piar xarakterli hüquq pozuntuları hesab olunur. Qeyd olunan əməllər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi məsuliyyətə səbəb ola bilər. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkili Nümayəndə1 şikayəti geri götürdüklərini bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, şikayət vermiş şəxs X1 vəkilinin müraciətini nəzərə alaraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 300.1 və 300.1.3-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. CPM-in 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 15-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafiə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilməlidir. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Məhkəmə, yuxarıda sadalanan normaları rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayəti geri götürdüyü üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(5-97)-8/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-8/2026
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver