Məhkəmə qərarları › İş №1(5-98)-18/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(5-98)-18/2026

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-98)-18/2026 21.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Ağdam rayonu, Əhmədayar kəndində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 noyabr 2024-cü il tarixdə saat 01:00 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Changan Qiyuan A05 Plug-in" markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində 55-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalı olması barədə tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək həmin vaxt Bakı şəhəri 28 May küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində hərəkətdə olan Şahid1 idarə etdiyi “Tufan” markalı, 99-H-849 dövlət qeydiyyat nişanlı motosikletlə Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha” markalı, 99- B-253 dövlət qeydiyyat nişanlı motosikletlə və Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan Şahid1 daxili qanaxma ilə müşayiət olunan sağ böyrəyin əzilməsi, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol dirsək sümüyünün yuxarı 1/3-nin, sol baldır sümüyünün aşağı 1/3-nin, sağ bud sümüyünün orta aşağı 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınıqları müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs isə qapalı kəllə beyin travması, sağ bud sümüyünün orta 1/3-nin açıq, qəlpəli yerdəyişən sınığı, sağ bazu sümüyünün anatomik boynun qapalı yerdəyişməyən sınığı, sağdan Vİ qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsii lə birlikdə yaşayır. Təxminən iki il, baş vermiş yol-nəqliyyat hadisəsinədək “Yango" taksi xidməti göstərən şirkətin sürücüsü kimi işləmişdir. Bunun üçün 22 oktyabr 2024-cü il tarixindən "Changan Qiyuan" markalı, **-UC- *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili etibarnamə əsasında idarə etmişdir. Adətən avtomobillə səhərdən axşam saatlarınadək işləsə də, 17 noyabr 2024-cü il tarixdə gecə saatlarında işləməyi planlaşdırmış, bunun üçün sonuncu dəfə 18 noyabr 2024-cü il tarixdə saat 01:00 radələrində həmin avtomobillə işləyərkən mobil proqrama taksi sifarişi ilə bağlı bildiriş gəlmiş və həmin sifarişlə əlaqədar qeyd olunan saatda Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə ikinci zolaqda hərəkət etmişdir. Həmin küçə ilə Rəşid Behbudov küçəsinin kəsişməsinə çatdığı an o, olduğu yolun hərəkət hissəsinə svetoforun qadağanedici qırmızı işıq siqnalı yandığını görməmiş və buna görə də hərəkətini dayandırmadan davam etdirmişdir. Lakin bu an Rəşid Behbudov küçəsi ilə hərəkət edən əvvəlcə bir motosiklet, qısa fərqlə “Toyota Prius” markalı avtomobil anidən hərəkət yoluna çıxmış və onun avtomobilinin ön tərəfi ardıcıl olaraq motosiklet və “Toyota Prius" markalı avtomobillə toqquşmuşdur. Toqquşmanın təsirindən onun avtomobilinin yolayrıcında yolun sağ kənarına, ilk vurduğu motosiklet isə bilmədiyi hissəyə doğru aşmışdır. “Toyota Prius” markalı avtomobil isə sol tərəfində hərəkətdə olan başqa bir motosikletlə toqquşmuş, daha sonra isə yolun kənar hissəsinə çırpılmışdır. Digər motosikletin isə hansı istiqamətdə aşdığını görməmişdir. Bundan sonra hadisə yerinə çoxlu kənar şəxslər yaxınlaşıb onların yardımı ilə o, avtomobilin öz olduğu tərəfdəki qapısı sıxışdığı üçün sağ ön qapısından çıxmışdır. Bundan sonra hadisə yerinə təclili tibbi yardım briqadası və polis əməkdaşları yaxınlaşmışdır. Tez vaxtda qəzada xəsarət almış iki nəfər motosiklet sürücüsünü və özünü X7 çatdırmışlar. O, hadisənin baş vermə səbəbini dəqiq bilmir. Belə ki, o, yolayrıcında öz hərəkət yoluna aid svetoforun hərəkətə icazə verən yaşıl işıq siqnalında keçdiyini fikirləşərək yolayrıcına daxil olmuşdur. Belə ki, bunun əksi sayılan qırmızı işıq siqnalını görməmişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur. Hadisə nəticəsində onun qabırğa və sağ diz nahiyələrində ağrı yaranmışdır Həmçinin hadisə ilə bağlı baş nahiyəsi də avtomobildə təhlükəsizlik yastığına dəymişdir. Ancaq xəsarət almamışdır. Hadisə baş verən anda o, avtomobili təxminən 55-60 km/saat sürətlə idarə etmişdir. Onun idarə etdiyi avtomobillə toqquşmuş digər nəqliyyat vasitələri qəfildən onun hərəkət yoluna çıxdıqları üçün və hadisə ani vaxtda baş verdiyi üçün onların hərəkət sürətini bilmir. Baş vermiş yol nəqliyyat hadisəsi ani olaraq baş verdiyi üçün o, həmin hadisənin qarşısını almaq üçün nəsə edə bilməmişdir. Zərərçəkmiş şəxs “Changan Qıyuan” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı mülkiyyətçisi olan Dürdanə Qasımova tərəfindən idarə olunması barədə dedikləri həqiqətə uyğun deyildir. Belə ki, o, hadisə zamanı idarə etdiyi “Changan Qiyuan" markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçisi olan Dürdanə Qasımovadan məhz taksi faliyyəti ilə məşğul ola bilmək üçün etibarnamə əsasında əldə etmişdir, onunla hər hansı şəxsi tanışlığı yoxdur. Qeyd olunan avtomobili hadisə zamanı məhz özü idarə etmiş və Dürdanə Qasımova orada sərnişin olaraq da iştirak etməmiş, ümumiyyətlə həmin vaxt avtomobilində kimsə olmamışdır. Həmçinin qeyd olunan hadisə zamanı mövcud videogörüntülərlə, eləcə də onun həmin gün X8 çatdırılmasıyla avtomobilin məhz özü tərəfindən idarə edilməsi bir daha təsdiq olunmuşdur. O, Zərərçəkmiş şəxs əvvəllər aralarında olan danışığa əsasən 6.000 manat məbləğdə pul vermişdir ki, onunla barışıb barəsində şikayət etməsin. Odur ki, Zərərçəkmiş şəxs öz ziyanına uyğun qaydada həmin məbləğdə pulu ondan almış və bunu təsdiq edən ərizə verməklə barəsində şikayətçi olmamışdır. Lakin sonradan razılaşmalarını pozmaqla yenidən şikayət etmiş və ondan daha artıq məbləğdə pul tələb etmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi qaydada çatdırılma işı ilə məşğul olmuş və bunun üçün “Yamaha SZ-RR V 2" markalı, 99-B-253 dövlət qeydiyyat nişanlı motosikleti baş etibarnamə əsasında sonuncu baş vermiş hadisəyədək idarə etmişdir. Belə ki, sonuncu dəfə həmin motosikletlə 18 noyabr 2024-cü il tarixdə gecə saatlarında işlərini görüb bitirdikdən sonra yaşadığı evə gedərkən Rəşid Behbudov küçəsində üçüncü zolaqla təqribən 40 km/saat sürətlə hərəkət etmiş və həmin küçənin 28 May küçəsi ilə kəsişməsinə çatdığı yerdə yolayrıcında yaşıl işıq siqnalı yandığı üçün hərəkətini dayandırmadan davam etdirmişdir. Bu qaydada ondan sağda başqa “Toyota Prius" markalı avtomobil, ondan da sağ tərəfdə başqa bir motosiklet də hərəkət etmişdir. Lakin yolayrıcına daxil olduqda əvvəlcə ən sağda hərəkət edən motosikletə, daha sonra isə ondan sağda, həmin motosikletdən isə solda hərəkət edən avtomobilə 28 May küçəsi ilə hərəkət edən ağ rəngli başqa bir avtomobil sürətlə və ani olaraq vurmuşdur. Həmin an vurulan “Toyota Prius" markalı avtomobilin solunda özü hərəkət etdiyi üçün həmin avtomobil də onun idarə etdiyi motosikleti vurmuşdur. Baş vermiş toqquşmadan sonra onların motosikletlərinin ikisi də aşmış, avtomobillər isə yolun səki hissəsinə çıxıb divara çırpılmışdır. Qəza nəticəsində o və digər motosikletin sürücüsü olan adının sonradan Şahid1 olduğunu öyrəndiyi şəxs ağır dərəcəli xəsarət aldığı üçün xəstəxnaya çatdırılmışdır. Müvafiq qaydada əməliyyat olunmuşdur. Bundan bir müddət sonra isə toqquşmaya səbəb olmuş "Changan Qiyuan A05 Plug-in (Hibrid)" markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona barışmaq üçün 6.000 manat məbləğdə pul vermiş və 4.000 manat da daha sonra verəcəyinə söz vermişdir. Buna baxmayaraq, o, həmin şəxsin sözünə inanıb icraatın xitam verilməsinə etiraz etməyib onun barəsində şikayətçi olmamışdır. Lakin Təqsirləndirilən şəxs söz verdiyi kimi qalan 4.000 manat pulu verməmiş və onu aldatmışdır. Odur ki, o vurulmuş ziyanı tam ala bilməməyi səbəbindən məcbur qalıb yenidən şikayət etmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi yolayrıcında svetoforun qadağanedici işıq siqnalına məhəl qoymadan hərəkət edən Təqsirləndirilən şəxs diqqətsız və ehtiyatsız davranışı səbəbindən baş vermişdir. Onun “Changan” markalı avtomobilin mülkiyyətçisi X2 tərəfindən idarə olunduğunu ehtimal etməyinə səbəb qeyri-muəyyən yerlərdən eşitdiyi məlumata əsasən hadisə zamanı avtomobilin sürücüsünün qadın cinsinə mənsub şəxs olduğu, həmçinin qeyd olunan avtomobilin mülkiyyətçisinin Dürdanə Qasımova adlı qadın olması idi. O, bunun dəqiq olduğunu fikirləşməmiş, sadəcə bu cür ehtimal edib dəqiq araşdırılmasını istəmişdir. Lakin müvafiq videogörüntülərdən həmin faktın əsassız olduğunu başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsinə etiraz etmir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən üç ildir ki, Səbail rayonu ərazisində yerləşən 2 nömrəli poliklinikada mühafizəçi olaraq çalışır. Buna baxmayaraq, sonuncu dəfə baş vermiş yol nəqliyyat hadisəsinədək boş vaxtlarında əlavə iş kimi etibarnamə əsasında idarə etdiyi motosikletlə çatdırılma fəaliyyəti göstərmişdir. Belə ki, kuryer olaraq “Tufan S150" markalı, 99-H-849 dövlət qeydiyyat nişanlı motosikletlə işlədiyi müddətdə, sonuncu dəfə 18 noyabr 2024-cü il tarixdə saat 01 radələrində Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə 1-ci zolaqda hərəkət etmiş, hərəkət sürəti təxminən 40 km/saat həddində olmuşdur. Saat 01:04-də həmin küçə ilə 28 May küçəsinin kəsişməsinə çatarkən yolayrıcındakı hərəkət etdiyi yola aid svetoforun yaşıl işıq siqnalı yanmışdır. Odur ki, o və sol tərəfində olan nəqliyyat vasitələri həmin yolayrıcında dayanmadan hərəkəti davam etdirmişdir. Buna baxmayaraq, həmin an gözlənilmədən qeyd olunan yolayrıcında svetoforun qadağanedici qırmızı işıq siqnalı yanmış digər küçədən, yəni 28 May küçəsindən bir ağ rəngli “Changan” markalı avtomobil onların hərəkət yoluna sürətlə çıxmış və əvvəlcə onun idarə etdiyi motosikletlə, daha sonra sol tərəfindəki başqa nəqliyyat vasitələri ilə toqquşmuşdur. Toqquşmadan o, zərbə ilə qeyriixtiyari olaraq yuxarı doğru sıçrayıb sol tərəfdə yolun kənarında yerə çırpılmışdır. Hadisə ani olaraq və şiddətli formada baş verdiyi üçün daha təfərrüfatlı nəsə görməmişdir. Ancaq ətrafa xeyli sayda insan, tibb işçiləri və polis əməkdaşları yaxınlaşdığını xatırlayır. Hadisədən sonra özündə olmamış və xəstəxnaya çatdırılmışdır. Hadisə baş verdikdən bir müddət sonra "Changan” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödəndiyi uçün onunla barışmış və barəsində hər hansı şikayət, tələbi olmaması barədə ərizə yazmışdır. Həmin hadisənin baş verməsinə səbəb “Changan” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yolayrıcında svetoforun qadağanedici işıq siqnalında hərəkət etməklə qəflətən yolayrıcına daxil olmaqla hərəkət yollarına çıxması olmuşdur. Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı müəyyən məbləğ ödəməklə qarşıladığı üçün onunla barışmağı barədə ərizə yazaraq icraata xitam verilməsini xahiş etmiş və hazırda da həmin ərizənin qüvvədə olmaqla nəzərə alınması fikrindədir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Memarlıq və İnşaat Universitetində bakalavr təhsili və sonradan magistr təhsili almışdır. Bununla birlikdə 2023-cü ildən qazanc əldə etmək üçün Bolt taksi xdıməti göstərən şirkətin sürücüsü kimi işləmişdir. Bunun üçün etibarnamə əsasında idarə etdiyi “Toyota Rrius” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı tünd göy metallık rəngli avtomobildən istifadə etmişdir. Həmin avtomobillə 18 noyabr 2024-cü il tarixdə saat 00:50 radələrində Rəşid Behbudov küçəsində taksi fəaliyyəti göstərərkən müştərini düşürdükdən sonra yaşadığı evə qayıtmaq üçün normal qaydada Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə ikinci zolaqla hərəkət etmişdir. Ancaq saat 01:04 radələrində 28 May küçəsi ilə kəsişmədə sağ tərəfindəki yolla, yəni 28 May küçəsi ilə hərəkət edən “Changan” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil hərəkət üstünlüyü onda olmadığı halda qəflətən sürətlə yolayrıcına daxil olmuş və onun hərəkət yoluna çıxıb daha əvvəl onunla eyni yolda nisbətən sağında hərəkət edən motosikleti, sonra isə onun avtomobilini vurmuşdur. Zərbənin təsirindən onun idarə etdiyi “Toyota Prius” markalı, 99-US- 723 dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi solunda olan başqa bir motosikletə dəymiş, həmçinin avtomobili istiqamətini dəyişib sol qabaq tərəfə doğru getmişdir. Avtomobilinin qabaq tərəfi ilə yolun kənarında divara çırpılmışdır. Hadisənin təsirindən o, özünü itirsə də, hadisə yerinə tez vaxtda yaxınlaşan polis əməkdaşları və ətrafdakı başqa şəxslərin yardımı ilə avtomobildən düşmüşdür. Bu vaxt görmüşdür ki, onun avtomobili ilə toqquşmuş "Changan markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin özü də nisbətən sağ tərəfində yolun kənarında divara çırpılmış və toqquşmada iştirak etmiş hər iki motoskilet də sürücüsü ilə birlikdə yerdədir. Çox çəkmədən təcili tibbi yardım briqadası hadisə yerində olan motosikletin sürücülərinə yardım edib onları xəstəxanaya çatdırmışdır. Hadisə nəticəsində bədəninin bəzi nahiyələrində ağrı yaransa da, hər hansı xəsarət almamışdır. Qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsinə yolayrıcında svetoforun qadağanedici işıq siqnalında hərəkət etməklə yolayrıcına daxil olmuş “Changan” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qəflətən hərəkət yoluna çıxması olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə tək özü olmuş, ondan başqa kimsə olmamışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (i.v.119); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.125); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.170-171); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.183-184); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş sxem, fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş vermişdir. Hadisə yerində yol asfalt-beton örtükdən ibarət olmaqla düz, quru, hamardır. Həmin yolayrıcı nizamlanana yolayrıcı olmaqla svetoforlarla tənzimlənir. Rəşid Behbudov və 28 May küçələrinin hər birində yolun hərəkət hissələri bir istiqamətli olmaqla 4 hərəkət zolaqlıdır və həmin zolaqlar 1.1 və 1.5 üfüqi nişanlanma xətləri ilə bölünmüşdür. Hər iki yolun ümumi eni 12 metrdir və kənarlarında səki yerləşir. Hadisənin baş verdiyi yolun kənar hissəsində aşkar edilmiş nişan xətləri dayanma qadağan olunan yerləri bildirən 1.4 üfüqi nişanlanma xətti mövcuddur. Rəşid Behbudov küçəsi ilə ancaq düzünə, 28 May küçəsi ilə isə həm düzünə, həm də sağa hərəkətə icazə verilir (i.v.6-11); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:22-də sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olması müəyyən edilmişdir (i.v.19); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, hadisə yerini müşahidə edən Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3- 009 nömrəli kameralarından çıxarılmaqla təqdim edilmiş görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə videogörüntülərdən ibarət 03 ədəd fayl mövcuddur. Həmin fayllardan birinci və üçüncü fayllardakı görüntülər 28 May küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsinə aid, ikinci fayldaki görüntülər isə Rəşid Behbudov küçəsinin yolayrıcına qədər olan hissəsinə aid görüntülərdir. Həmin görüntülər 18 noyabr 2024-cü il tarixdə saat 01:00-dan 01:10-dək olan müddətdə müşahidə edən Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-009 nömrəli kameraları tərəfindən qeydə alınmışdır. Diskdə olan 3cü fayldaki videogörüntu başlayan andan etibarən 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində günün qaranlıq vaxtında, küçə işıqları ilə işıqlandırılmış şəraitdə xeyli sayda nəqliyyat vasitəsinin nizamlanmış qaydada yolayrıcında hərəkəti müşahidə olundu. Həmin vıdeogörüntünün 04-cü dəqiqə 30-cu saniyəsindən etibarən isə 28 May küçəsi ilə ikinci zolaqda hərəkət edən ağ rəngli “Changan” markalı nəqliyyat vasitəsinin yaşıl siqnalının yanaraq hərəkətinə icazə verildiyi aşkar görünən Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitələri ilə yolların kəsişdiyi hissədə toqquşduğu müşahidə edildi. Belə ki, həmin an Rəşid Behbudov küçəsində birinci zolaqda hərəkətdə olan motosikletin sağ tərəfi, həmin küçədə ikinci zolaqda hərəkətdə olan tünd göy rəngli “Toyota Prius" markalı nəqliyyat vasitəsinin sağ qabaq hissəsi “Changan” markalı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə toqquşur, həmin toqquşmanın nəticəsində qeyd olunan motosikletin sürücüsü şiddətin təsirindən atılaraq Rəşid Behbudov küçəsində yolun sol tərəfində səkiyə düşür, motosikletin özü isə yolayrıcında sürücüsüz olaraq itələnməklə 28 May küçəsində yolun sağ tərəfində parklanmış vəziyyətdə saxlanmış başqa nəqliyyat vasitəsinə dəyib dayanır. “Toyota Prius" markalı nəqliyyat vasitəsi isə sağ tərəfdən “Changan” markalı nəqliyyat vasitəsi tərəfindən vurulduqdan sonra nisbətən sola doğru istiqamətlənir, bunun nəticəsində qabaq sol tərəfi sol tərəfində üçüncü zolaqda hərəkətdə olan başqa bir motosikletin sağ hissəsi ilə toqquşur, daha sonra qabaq sağ tərəfi ilə yolun səki hissəsini ayıran dəmir məhəccərə dəyməklə səkinin boşluq hissəsinə çıxıb orada dayanır. Onun solunda toqquşduğu motosikletin sürücüsü də zərbənin təsirindən atılaraq qabaq sol tərəfə, yəni Rəşid Behbudov küçəsində yolun sol tərəfində səkiyə düşür, motosiklet isə toqquşma yerindən çox uzaq olmayan yerdə yolun kənarında dayanır. Bütün bunlarla birlikdə isə ağ rəngli “Changan” markalı nəqliyyat vasitəsi öz yolundan çıxaraq sağ tərəfə, daha dəqiq Rəşid Behbudov küçəsində yolun hissəsində səkiyə çıxır və orada, xəsarət almış vəziyyətdə uzandıqları aydın görsənən motosiklet sürücülərinin yanında dayanır. Bundan başqa hadisədən sonra, daha dəqiq saat 01:05 dəqiqələrdə Təqsirləndirilən şəxs idarə etdiyi “Changan” markalı ağ rəngli avtomobilin sol ön qapısının açıla bilmədiyi, həmin qapını ətrafdakı şəxslərin açmağa çalışdığı, bu vaxt Təqsirləndirilən şəxs sağ ön qapını açıb oradan çıxdığı müəyyən olundu. Sonrakı dəqiqələrdə yol-nəqliyyat hadisəsi baş vermiş yerə ətrafdan çoxlu sayda başqa şəxslərin, eləcə də polis əməkdaşlarının toplaşdığı görsənir (i.v.41, 94-95); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 4088/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmişdir (i.v.46-48); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli 1556 nömrəli rəyindən görünür ki, vət. Şahid2 bədən səthində aşkar olunmuş xəsarətlər – sol çiyin qurşağı, sağ baldır, sol diz oynağı nahiyələrinin qançırlar və sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Şahid2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər (i.v.42-45); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2025-ci il tarixli 73 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs adına X4 tərtib edilmiş 54361 saylı xəstəlik tarixində Zərərçəkmiş şəxs xx.xx.2024-cü tarixdən xx.xx.2024cü il tarixədək müalicə alması və ona qapalı kəllə beyin travması, sağ bud sümüyünün orta 1/3-nin açıq, qəlpəli yerdəyişən sınığı, sağ bazu sümüyünün anatomik boynun qapalı yerdəyişməyən sınığı. Sağdan Vİ qabırğanın yerdəyişməyən sınığı” diaqnozu qoyulması qeyd olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, onun xəstəxanaya gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 18 11.2024-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı yaran bilərdilər (i.v.59-63); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2025-ci il tarixli 470 nömrəli rəyindən görünür ki, vət. Şahid1 adına X4 tərtib edilmiş 54360 saylı xəstəlik tarixində Şahid1 xx.xx.2024-cü tarixdən xx.xx.2024-cü il tarixədək müalicə alması və onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir - daxili qanaxma ilə müşayiət olunan sağ böyrəyin əzilməsi, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol dirsək sümüyünün yuxarı 1/3-nin, sol baldır sümüyünün aşağı 1/3-nin, sağ bud sümüyünün orta aşağı 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınıqları: Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, onun xəstəxanaya gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Vət. Şahid1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər (i.v.76-79); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/121 nömrəli rəyindən görünür ki:

1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Changan markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən göstərilən şəraitdə Yamaha markalı, 99 B 723 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur.

3. İstintaq tərəfindən göstərilən şəraitdə Tufan markalı 99 H 849 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur.

4. İstintaq tərəfindən göstərilən şəraitdə Toyota Prius markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir (i.v.72-75); - Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2025-ci il tarixli 3-13- 16/2-258666/25 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Changan Qiyuan A05 Plug-İn (Hibrid)” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən X1 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsi etibarnamə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir (i.v.142-143); - Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2025-ci il tarixli 3-13- 16/2-259273/25 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BB 455881 nömrəli “B1 B C1 C” katerqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v.144); - Şahid1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Odur ki, ərizənin nəzərə alınmasını xahiş etmişdir (i.v.118); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid1 xəsarət alması ilə bağlı hər hansı şikayət və tələbi olmadığından Təqsirləndirilən şəxs barəsində həmin hissə üzrə icraata bəraətverici əsaslar olmadan hissəvi xitam verilmiş, Təqsirləndirilən şəxs 18 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində törətdiyi yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD-R disk, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi "Changan Qiyuan A05 Plug-in" markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil, Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil, Şahid1 idarə etdiyi "Tufan” markalı, 99-H-849 dövlət qeydiyyat nişanlı motosiklet və Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha” markalı, 99-B-253 dövlət qeydiyyat nişanlı motosiklet maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və faktiki sahiblərinə məsul saxlanışa verilmişdir (i.v.150-159); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən gürüniir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.122-123); - Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixində Nəsimi rayonu, Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almağı ilə bağlı həmin hadisəni törətmiş Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. 6100 manat pul almış olsa da, həmin məbləğ ona dəymiş ziyanı tam qarşılamırdı. Hazırda əlavə 2.000 manat pul da Təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyi üçün ona dəymiş ziyan tam qarşılanmışdır. Odur ki, Təqsirləndirilən şəxslə bağlı hər hansı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona görə də iş üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hadisənin görüntülərinin əks olunduğu diskə baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində “Changan Qiyuan A05 Plug-in” markalı, 77UC832 dövlət qeydiyyat nişanlı avtomobilin svetaforun qırmızı işığında keçməsi nəticəsində “Tufan” markalı, 99H849 dövlət qeydiyyat nişanlı motosikletlə, “Yamaha” markalı, 99B253 dövlət qeydiyyat nişanlı motosikletlə və “Toyota Prius” markalı, 99US723 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması müşahidə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın olub-olmamasını müəyyən edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs idarə etdiyi "Changan Qiyuan A05 Plug-in" markalı, 77UC832 dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, 99US723 dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid1 idarə etdiyi "Tufan” markalı, 99H849 dövlət qeydiyyat nişanlı motosikletin və Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha” markalı, 99B253 dövlət qeydiyyat nişanlı motosikletin faktiki sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi "Changan Qiyuan A05 Plug-in" markalı, 77UC832 dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, 99US723 dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid1 idarə etdiyi "Tufan” markalı, 99H849 dövlət qeydiyyat nişanlı motosikletin və Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha” markalı, 99B253 dövlət qeydiyyat nişanlı motosikletin faktiki sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar