Məhkəmə qərarları › İş №1(5-98)-25/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(5-98)-25/2026

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-98)-25/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X4 və X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, Müdafiəçi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1, 147.1, 147.2 və 148-ci maddələrinə əsasən cinayət təqibinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və mülki cavabdeh kimi tanınmasına dair X4 və X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 və X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1, 147.1, 147.2 və 148-ci maddələrinə əsasən cinayət təqibinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və mülki cavabdeh kimi tanınmasını xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X7 ilə X6 arasında rəsmi nikah olmasa da, onlar illərdir ər-arvad münasibətində yaşayırlar, el adəti üzrə toyları olub, nikahlarından iki uşaqları var. X4 X8 tərəfindən təhqir edilməsi barədə Nəsimi rayon Məhkəməsində araşdırılan 1(006)-664/2025 saylı iş üzrə xx.xx.2026-cı il saat 16:00da keçirilən məhkəmə prosesi zamanı ifadə verən xx.xx.1975-ci il təvəllüdlü Bakı şəhəri Xəzər rayonıı Binə qəsəbəsi Marxiyevka küçəsi ev 49-da yaşayan X8 (Ş/V seriya və nömrəsi-AA6985739, FİNkod 1JUS96C) X7 və onun həyat yoldaşı X6 barəsində “bunlar şərçidilər, insan alveri ilə məşğuldurlar” kimi təhqir və böhtan xarakterli ifadələr işlətmişdir. Bu faktları, yəni X5 Şahpur Cəfərov və Sevinc Hacıyeva barəsində kütləvi yerdə çıxış edərək nalayiq ifadələr işlədib böhtan xarakterli fikirlər səsləndirməsini təsdiq edə biləcək şahidlər Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hakimi-Anar İbadzadə, Anar İbadzadənin sədrliyi ilə xx.xx.2026-cı il saat 16:00-da keçirilən məhkəmə prosesi zamanı iştirak edən məhkəmə işçiləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2r. AR CM-nin 147.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətdə ittiham etməklə böhtan atma, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyətinə səbəb olur. AR CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyətinə səbəb olur. AR CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət məsuliyyətinə səbəb olur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 03 saylı Qərarının 02-ci bəndinə əsasən cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 05-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmin Qərarın 06-cı bəndinə əsasən Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda, onlar olduqca əsassız ola bilər. Beləliklə, xx.xx.2026-cı il saat 16:00-da l(006)-664/2025 saylı iş üzrə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Bakı şəhər Nəsimi rayon Məhkəməsinin inzibati binasında keçirilmiş məhkəmə iclasında xx.xx.1975-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Marxiyevka küçəsi ev 49-da yaşayan X8 ifadə verən zaman X7 və onun həyat yoldaşı X6 barəsində “bunlar şərçidilər, insan alveri ilə məşğuldurlar” kimi təhqir və böhtan xarakterli ifadələr işlədərək Şahpur Cəfərov və Sevinc Hacıyevanı təhqir etmiş, həmin şəxsləri hər hansı ağlabatan sübut göstərmədən az ağır cinayətlər kateqoriyasında olan böhtan cinayətini törətməkdə və ağır cinayətlər kateqoriyasına daxil olan qabaqcadan əlbir olan bir qrup şəxs formasında insan alveri cinayıti törətməkdə ittiham etmişdir. Bu hərəkətləri ilə X8 AR CM-nin 61.1, 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Baş vermiş hadisə X7 və onun həyat yoldaşı X3, həmçinin dərin mənəvi iztiraba və sarsıntıya səbəb olmuşdur. AR CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. AR CPM-nin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs — xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı kimi tanınır. AR CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. AR CPM-nin 91.1-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. AR CPM-nin 93.1 -ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. AR CPM-nin 216.1-ci maddəsinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. Odur ki, fakt əsasında AR CM-nin 61.1, 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət işi açılmalı, X7 və onun həyat yoldaşı X6 xüsusi ittihamçı və mülki iddiaçı kimi tanınmalı, X8 isə təqsirləndirilən şəxs qismində cəlb edilərək mülki cavabdeh kimi tanınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq AR CM-nin 61.1, 147.1, 147.2 və 148, AR CPM-nin 37.2, 88.1.3, 89.1, 91.1, 93.1, 216.1-ci maddələrini və “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 03 saylı Qərarının 02, 05, 06-cı bəndlərini rəhbər tutaraq fakta görə AR CM-nin 61.1, 147.1, 147.2 və 148-ci maddələrinə əsasən Nəsimi rayon Məhkəməsində cinayət işi başlanılması və məhkəmə baxışı təyin edilməsi, həmin cinayət işi üzrə X7 və onun həyat yoldaşı X1 xüsusi ittihamçı və mülki iddiaçı kimi tanınması, həmin cinayət işi üzrə xx.xx.1975-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Marxiyevka küçəsi, ev 49-da yaşayan X8 (Ş/V seriya və nömrəsi - AA6985739, FİN kod 1JUS96C) barəsində AR CM-nin 61.1, 147.1, 147.2 və 148-ci maddələrinə əsasən cinayət təqibi aparılması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və mülki cavabdeh kimi tanınması xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, X5 onun həyat yoldaşını təhqir etdiyi xx.xx.2026-cı il saat 16:00-da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında o özü iştirak etməmişdir, məhkəmə prosesində baş verənlər barədə ona həyat yoldaşı X7 məlumat vermişdir. X8 onu təhqir etməsə də, yoldaşının həmin təhqirlərə görə əsəb və stress keçirməsi nəticəsində o da zərər çəkir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxs X8 şikayət ərizəsində yazılanların yalan olduğunu, Şahpur Cəfərov onun qardaşının həyat yoldaşına nalayiq ifadə yazdığını, Sevinc Hacıyeva da Şahpurun bunu yazdığını bildiyi halda “səhv yazıb” deyə onu müdafiə etdiyi üçün onların birlikdə insan alveri etdiklərini düşündüyünü bildirmişdir. O, heç kimə iftira atmadığını, heç kimə sataşmadığını bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətdə yazılanları təsdiq edəcək hər hansı sübut təqdim edilmədiyini bildirərək şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayət ərizəsində X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147.1 və 147.2-ci maddələri, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi fərqləndirilməmiş, həmçinin X5 Nəsimi Rayon Məhkəməsində araşdırılan 1(006)-664/2025 saylı iş üzrə xx.xx.2026-cı il saat 16:00-da keçirilən məhkəmə prosesi zamanı onlar barəsində təhqir və böhtan xarakterli ifadələr işlətdiyini bildirsə də, əməlin törədildiyini təsdiq edən hər hansı bir sübut şikayət ərizəsinə əlavə edilməmiş, eyni zamanda cinayəti törətmiş şəxsin barəsində cinayət təqibi aparılması, həmçinin xüsusi ittiham qaydasında şikayətdə X5 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və mülki cavabdeh kimi tanınması xahiş edilsə də, onun cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş edilməmişdir. Beləliklə şikayət ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Beləliklə, X7 və X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (beş) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1, 147.1, 147.2 və 148-ci maddələrinə əsasən cinayət təqibinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və mülki cavabdeh kimi tanınmasına dair X7 və X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar