Məhkəmə qərarları › İş №1(5-98)-28/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(5-98)-28/2026

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-98)-28/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2lərində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 02 sentyabr 2025-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanın qarşısında yerləşən 130 nömrəli avtobus dayanacağının yanındakı səkinin üzərində Zərərçəkmiş şəxs yatmış vəziyyətdə olduğunu görüb özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs hiss etmədiyi şəraitdə üzərindən, yəni qolunun arasında saxladığı zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 20 manat dəyərində gün eynəyi, 800 manat dəyərində “Xiaomi 13T” markalı telefon olan sellofan torbanı, əynindəki şalvarının cibindən içərisində 70 manat pul və "xxxx" ASC tərəfindən verilmiş 4127-2141-2314-8790 nömrəli debet kart olan 10 manat dəyərində pul kisəsini və 80 manat dəyərində “Redmi Buds 5 pro” markalı qulaqlığı gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 980 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 sentyabr 2025-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus gizli olaraq taladığı elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 4127-2141-2314-8790 nömrəli debet kartı vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə 03 sentyabr 2025-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Araz Supermarket” mağazasından 61 manat 63 qəpik, 5 manat 35 qəpik, 55 manat 04 qəpik, 6 manat 89 qəpik, 86 manat 12 qəpik, 96 manat 65 qəpik, 25 manat 75 qəpik, ünvan 5 ünvanda yerləşən köşkdən 4 manat 30 qəpik, ünvan 6 ünvanda yerləşən “Buta Farm” aptekdən 39 manat 80 qəpik, ünvan 7 ünvanda yerləşən “Gəncə Təndiri” mağazasından 18 manat 90 qəpik və sonuncu dəfə ünvan 8 ünvanda yerləşən “Tam Store” mağazasından 66 manat 57 qəpik məbləğində təmassız ödənişlə alış-veriş etməklə elektron məlumat daşıyıcısı hesab edilən 4127-2141-2314-8790 nömrəli debet kartın hesabından ümumilikdə 467 manat məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ona elan edilmiş ittihamda olan bir epizod üzrə təqsirli bilir. Belə ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 4127-2141-2314-8790 nömrəli debet kartı və içərisində 70 manat pul olan pul kisəsini yerdən tapdığını, 03 sentyabr 2025-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Araz Supermarket” mağazasından 61 manat 63 qəpik, 5 manat 35 qəpik, 55 manat 04 qəpik, 6 manat 89 qəpik, 86 manat 12 qəpik, 96 manat 65 qəpik, 25 manat 75 qəpik, ünvan 5 ünvanda yerləşən köşkdən 4 manat 30 qəpik, ünvan 6 ünvanda yerləşən “Buta Farm” aptekdən 39 manat 80 qəpik, ünvan 7 ünvanda yerləşən “Gəncə Təndiri” mağazasından 18 manat 90 qəpik və sonuncu dəfə ünvan 8 ünvanda yerləşən “Tam Store” mağazasından 66 manat 57 qəpik məbləğində təmassız ödənişlə alış-veriş etməklə elektron məlumat daşıyıcısı hesab edilən 4127-2141- 2314-8790 nömrəli debet kartın hesabından ümumilikdə 467 manat məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etdiyini bildirmişdir. Digər epizod üzrə olan içərisində 20 manat dəyərində gün eynəyi, 800 manat dəyərində “Xiaomi 13T” markalı telefon olan sellofan torbanı, əynindəki şalvarının cibindən içərisində 70 manat pul və "xxxx" ASC tərəfindən verilmiş 4127-2141-2314-8790 nömrəli debet kart olan 10 manat dəyərində pul kisəsini və 80 manat dəyərində “Redmi Buds 5 pro” markalı qulaqlığı oğurlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etmiş olduğu əməldən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2 gün gündüz növbəsi, 2 gün gecə növbəsi olmaqla mütəmadi olaraq saat 08:00-dan 20:00-dək və əksinə saat 20:00-dan saat 08:00-dək işdə olur. xx.xx.2025-cil il tarixində də eyni qaydada işdən çıxdıqdan sonra xəstəxanaya gedib dərmanları götürdükdən sonra həmin gün təxminən saat 23 radələrində 18 nömrəli avtobusdan Şamaxinka adlanan ərazidən 20 Yanvar dairəsinə gedən istiqamətdə “Azərbaycanfilm”-in yanındakı dayanacaqda düşmüş, 130 nömrəli avtobusu gözləyərkən çox yorğun olduğuna görə dayanacağın yanında səkidəki oturacaqda ani olaraq özüdə bilmədən yuxuya qalmışdır. Bu zaman yuxulu vəziyyətindən istifadə edən naməlum şəxs onun qolunun arasında sıxıb saxladığı və içində qara-gümüşü rəngli gün eynəyi, Xiaomi 13T (12gb ram 256gb rom yaddaşlı, İMEİ 1 kodu **********23345, İMEİ 2 kodu **********23352 olan) markalı telefonunu, əynindəki şalvarının cibindən isə parça materialdan olan göy-yaşımtıl rəngli pul kisəsini və Redmi Buds 5 pro markalı qulaqcığını oğurlamışdır. Oğlurlanan zaman pul kisəsinin içərisində 70 AZN pul vəsaiti, şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və üzərində adı qeyd edilmiş ABB bankına məxsus **********148790 nömrəli debet kartı olmuşdur. Bank çıxarışından da göründüyü kimi ABB kartı vasitəsi ilə həmin gün səhər 06:00-07:00 radələrində özünün məlumatı və icazəsi olmadan ardıcıl olaraq Şamaxinka-20 Yanvar ərazisində (Araz market.Buta Aptek 338, Gəncə təndiri, Köşk 145, Tam Store) toplam 467 azn-lik alış-veriş edilmişdir. Sonradan məlum olmuşdur ki, oğurluq edərək kartından istifadə edən şəxslər əsa ilə gəzən kişi və bir qadındır, üzərindən oğurluq etmiş həmin əsalı şəxsin adının isə sonradan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Onlar əvvəlcə 20 X4 tərəfdə yerləşən Araz Marketdə alış-veriş etmiş, onun yan tərəfində yerləşən Buta 338 aptekdən dərmanlar almışdır. Gəncə təndirindən alış etdikdən sonra ünvan 9 ünvanda yerləşən Tam Store marketindən sonuncu dəfə ona məxsus ABB debet kartla 56 AZN ödəniş etmişdir. Bütün qeyd olunan ödənişlər ABB bank çıxarışında öz əksini tamışdır. Hadisə nəticəsində ona 800 AZN (telefonun qiyməti), 70 AZN nağd pul, 80 AZN (qulaqcığın qiyməti) 467 AZN kartdan ödəniş ,10 AZN (pulqabı), 20 AZN (eynək) ümumi olaraq 1447 AZN dəyərində maddi ziyan dəymişdir. Ona vurulmuş zərər ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Yevlax rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 23 gün azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 03 ay 04 gün azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. • Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 13 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. • Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsindən, həmin Məcəllənin 177.2.3-1 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. • Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3- 1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. • Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 05 yanvar 2026-cı il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.5-ci maddələrindən, həmin Məcəllənin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. • Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. • İş materiallarına əlavə edilmiş diskdə olan görüntüdən görünür ki, Təqsirləndirilən şəxs gizli yolla taladığı və Zərərçəkmiş şəxs məxsus olan ABB-yə aid plastik bank kartından müxtəlif ünvanlarda yerləşən əczaxana, kafe və marketlərdən təmassız ödəniş vasitəsilə ödəniş edərək alış-veriş etmişdir. • İfadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 15 oktyabr 2025-ci il tarixdə əyani şəkildə hadisə yerlərində ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərməklə əyani olaraq bir daha tam şəkildə təsdiq etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Eyni zamanda, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus pul kisəsini yerdən tapdığını, onun içərisində başqa sənədlərin olmadığını, içərisində olan 70 manat pulu və bank kartını götürdüyünü, həmin kartından müxtəlif ünvanlarda və müxtəlif yerlərdə istifadə etdiyini bildirsə də, məhkəmədə müəyyən edilir ki, 20 manat dəyərində gün eynəyi, 800 manat dəyərində “Xiaomi 13T” markalı telefon olan sellofan torba, içərisində 70 manat pul və "xxxx" ASC tərəfindən verilmiş 4127-2141-2314-8790 nömrəli debet kart olan 10 manat dəyərində pul kisəsi və 80 manat dəyərində “Redmi Buds 5 pro” markalı qulaqlıq da 02 sentyabr tarixdə talanmışdır. Yəni bu və digər əşyalar müxtəlif tarixlərdə deyil məhz eyni gündə oğurlanmışdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin göstərilən maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır və az ağır cinayətlər törətdiyinə görə əvvəlki iki hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarına görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətlərin təhlükəli residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır (18.2.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il (83.3.3-cü maddə), ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 13 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 165 manat pul ödənilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 oktyabr 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün 165 (bir yüz altmış beş) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar