Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(5-98)-43/2026 18.03.2026 BAKI ŞƏHƏRI NƏSIMI RAYON MƏHKƏMƏSI Hakim: Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Tahirov İmran Fəxrəddin oğlunun iştirakları ilə ##.##.1984-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olan, ünvan 1-da yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Tahirov İmran Fəxrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tahirov İmran Fəxrəddin oğlu ## ######## 2025-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında quraşdırılmış avtobus dayanacağının qarşısından keçərkən İsrafilov Seyran Rafiq oğlunun sərxoş halda yatmış vəziyyətdə olmasını görüb özgənin əmlakını gizli olaraq talama məqsədilə Seyran İsrafilova yaxınlaşaraq sonuncunun hiss etmədiyi şəraitdə əynində olan şalvarının sol yan cibindən 680 manat nağd pulu çıxarmaqla gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Seyran İsrafilova maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs Tahirov İmran Fəxrəddin oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ## ######## 2025-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən “Qalaaltı” kafesinə getmişdir. Orada bir qədər spirtli içki qəbul etdikdən sonra təxminən saat 04 radələrində hesabını ödəyib kafedən çıxmışdır. Kafedən 10-15 metr aralıda olan avtobus dayanacağında bir nəfər şəxsin uzandığını görmüşdür. Oraya yaxınlaşdıqdan həmin şəxsdən əlavə özünü başqa tanımadığı şəxsin də orada olduğunu görmüşdür. Həmin şəxs ondan digər uzanmış vəziyyətdə olan şəxsin avtobus dayancağında yatmaması üçün həmin şəxsi oyatmağını istəmişdir. O, həmin şəxsə toxunaraq bir neçə dəfə oyatmaq istəsə də həmin şəxs oyanmamışdır. Bu zaman o, həmin şəxsin bərk yuxuya getdiyini anlamışdır. Bir neçə dəqiqə sonra ayaq üstə olan şəxs onların yanlarından uzaqlaşmışdır. Bu zaman onda həmin şəxsin ciblərinə baxış keçirmək və orada ola biləcək maddi əşyaları ələ keçirmək niyyəti yaranmışdır. O, ətrafda başqa şəxslərin olmadığından və həmin şəxsin yatdığından əmin olduqdan sonra əlini həmin şəxsin əynindəki şalvarın sol cibinə saldıqda əlinə kağız pulların dəydiyini hiss etmişdir. Dərhal həmin pulları götürüb saymadan öz cibinə qoymuş və oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra həmin pullara baxış keçirdikdə orada 680 manat pul olduğunu görmüşdür. Bundan sonra o, öz yaşadığı ünvana getmiş və həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, saxlanıldığı zaman, şöbəyə gətirildiyi və ya şöbədə olduğu zaman ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Onun həmin ərəfələrdə pula ehtiyacı olmuş, həmçinin hadisə zamanı spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Bu səbəbdən də o, həmin şəxsin cibindəki pulları oğurlamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış İsrafilov Seyran Rafiq oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş İsrafilov Seyran Rafiq oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ## ###### 2025-ci il tarixdə ona şirkət tərəfindən verilmiş əmək haqqı bank kartına aylıq əmək haqqı olan 800 manat köçürülmüşdür. O, ## ###### 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Kapital bank”a aid bankomatdan 800 manat pulu çıxarıb cibinə qoymuşdur. Bundan sonra o, taksi sifariş verərək 20 Yanvar adlanan əraziyə getmişdir. Bir qədər sonra spirtli içki qəbul etmək məqsədilə oradakı kafelərdən birinə getmək qərarına gəlmişdir. İşlərini həll etdikdən sonra, yəni ## ######## 2025-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən Qalaaltı kafesinə gəlmişdir. Orada işləyən iki nəfər xanımla bir qədər həmsöhbət olub spirtli içki qəbul etmişdir. ## ######## 2025-ci il tarixdə saat 04 radələrində özünü narahat hiss etdiyi üçün cibində olan pulun 120 manatı ilə hesabını ödəmiş, yerdə qalan 680 manatı isə şalvarının sol yan cibinə qoymuşdur. Qalaaltı kafesindən çıxaraq təxminən 10-15 metr aralıda yerləşən avtobus dayanacağına getmiş və orada oturmuşdur. Orada oturarkən özünü narhat hiss etmiş və beş dəqiqəlik uzanmaq qərarına gəlmişdir. Daha sonra isə yuxusu gəldiyi üçün orada yatmışdır. Tam yuxuya getməzdən əvvəl o, başının üzərində başqa şəxslərin söhbət etdiyini eşitmişdir. Həmin şəxslərə baxdıqdan onlardan birinin boz köynək geyindiyini, digərinin isə qara köynək və qara papaq geyindiyini görmüşdür. Lakin həmin şəxslərin üzlərini xatırlamır. O, həmin şəxslərin orada olduğunu görsə də çox halsız olduğu üçün həmin şəxslərə heç bir reaksiya verə bilməmiş və yuxuya getmişdir. ## ######## 2025-ci il tarixdə saat 06 radələrində yuxudan ayılmış və avtobus dayanacağında olduğunu anlamışdır. Şalvarının sol yan cibinə baxdıqda 680 manat pulunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, 102 Zəng Xidməti Mərkəzinə hadisə ilə əlaqədar məlumat vermişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, ##.##.1984-cü ildə Ağdam şəhərində doğulmuş Tahirov İmran Fəxrəddin oğlu Şəmkir Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının və gəlirlərinin 20% dövlət nəfinə alınmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının və gəlirlərinin 20% dövlət nəfinə alınmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, ##.##.2016-cı il tarixdə Nəsimi RPİnin İŞ tərəfindən AR CM-nin 128-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. - Şübhəli şəxsin tutulması haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, ## ######## 2025-ci il tarixdə Tahirov İmran Fəxrəddin oğlu Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Nəsimi RPİ-nin müstəntiqi Anar Aydəmirov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Tahirov İmran Fəxrəddin oğlu Nəsimi RPİ-nin müstəntiqi Anar Aydəmirov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Qətimkan tədbiri seçilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Tahirov İmran Fəxrəddin oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - ## ####### 2025-ci il tarixdə Nəsimi RPİ-nin müstəntiqi Anar Aydəmirov tərəfindən qətimkan tədbiri şərtlərini pozduğuna görə Tahirov İmran Fəxrəddin oğlu barəsində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - ## ###### 2025-ci il tarixdə Tahirov İmran Fəxrəddin oğlu Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına könüllü gəldiyi üçün həmin tarixdə iş üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. - ## ###### 2025-ci il tarixdə Nəsimi RPİ-nin müstəntiqi Anar Aydəmirov tərəfindən Tahirov İmran Fəxrəddin oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. - İş materiallarında olan ## ######## 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, birinci video görüntüdə əynində qara rəngli papaq və qara rəngli köynək olan bir nəfər şəxs ünvan 4 ünvanında yerləşən avtobus dayanacağına yaxınlaşaraq orada bir neçə dəqiqə gözlədikdən sonra həmin avtobus dayanacağında uzanmış vəziyyətdə olan digər şəxsin cibinə əlini salmaqla oradan nəsə götürmüşdür. İmran Tahirov həmin əynində qara rəngli papaq və qara rəngli köynək şəxsin özü olduğunu və digər şəxsin yatmasından istifadə edərək onun şalvarının sol yan cibindən 680 manat pulunu oğurladığını bildirmişdir. Həmçinin ikinci video görüntüdə əynində qara rəngli papaq və qara rəngli köynək olan bir nəfər şəxs ünvan 4 ünvanından uzaqlaşmışdır. İmran Tahirov həmin əynində qara rəngli papaq və qara rəngli köynək şəxsin özü olduğunu və digər şəxsin yatmasından istifadə edərək onun şalvarının sol yan cibindən 680 manat pulunu oğurladıqdan sonra hadisə yerindən uzaqlaşdığını bildirmişdir. - İş materiallarında olan ## ######## 2025-ci il tarixli “təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs Tahirov İmran Fəxrəddin oğlunun qardaşı X3 tərəfindən zərər çəkmiş şəxs İsrafilov Seyran Rafiq oğluna ödənilməsi üçün istintaq orqanına 680 manat pul təqdim etmişdir. Zərər çəkmiş şəxs Seyran İsrafilovun həmin pulu təhvil alması ilə əlaqədar qəbz cinayət işi materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Tahirov İmran Fəxrəddin oğlunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Tahirov İmran Fəxrəddin oğlu Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Tahirov İmran Fəxrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Tahirov İmran Fəxrəddin oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Eyni zamanda Tahirov İmran Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Tahirov İmran Fəxrəddin oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Tahirov İmran Fəxrəddin oğluna məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 165 manat pul ödənilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Tahirov İmran Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Tahirov İmran Fəxrəddin oğlunun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 02 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Tahirov İmran Fəxrəddin oğlu ünvan 1 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Tahirov İmran Fəxrəddin oğlunun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Tahirov İmran Fəxrəddin oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Tahirov İmran Fəxrəddin oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. Tahirov İmran Fəxrəddin oğluna məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 165 (bir yüz altmış beş) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №1(5-98)-43/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(5-98)-43/2026
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver