Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-98)-9/2026 12.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək barədə" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdib edib həmin əlaqələri vasitəsilə 6000 manat pul müqabilində sonuncunu Azərbaycan Respjblikası Prezidentinin Təhlükəsizlik Xidmətində işlə təmin olunmasında köməklik göstərə biləcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 14 noyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən "Delfin" kafesinin yanında Zərərçəkmiş şəxs 3000 manat və 18 noyabr 2023-cü il tarixdə həmin ünvanın qarşısında 3000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs övladları eyni sinifdə oxuduğu üçün uşaqları vasitəsilə tanımışdır və həmin vaxtdan, yəni təqribən 3 ildir ki, dostluq münasibətləri və aralarında ailəvi get-gəlləri yaranmışdır. 2023cü ilin noyabr ayının əvvəllərində polis zabiti kimi polis orqanlarında xidmət edən Zərərçəkmiş şəxs ilə görüşən zaman, Zərərçəkmiş şəxs ona bildirmişdir ki, yaxın zamanda təqaüdə çıxacaqdır və digər iş sahələrinin birində iş quracaq və ya başqa bir işə girərək işləməyə davam edəcəkdir. Həmin vaxt maddi imkanı zəif olduğundan və pula ehtiyacı olduğu üçün Samirə yalandan bildirmişdir ki, yaxın və imkanlı olan tanışı var və həmin tanışı vasitəsilə onu təqaüdə çıxan kimi Azərbaycan Respublikası Prezıtentinin Təhlükəsizliyi Xidmətində işə düzəldə bilər. Bundan sonra Samirə bildirmişdir ki, onu həmin işə düzəltməyi üçün ona ümumilikdə 6000 manat pul verməlidir və Samir bu barədə onunla razılaşmışdır. Bundan bir neçə gün sonra 2023-cü ilin noyabr ayının ortalarında Samirin yaşadığı ünvanın yanındakı ünvan 3arşısında görüşən zaman ona sənədlərin hazırlanması üçün başdan 3000 manat verməli olduğunu bildirərək həmin gün ondan işə düzəltmək adı ilə 3000 manat pul alıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan təqribən 4 gün keçdikdən sonra yenə Samirlə eyni ünvanda söhbət edən zaman yenə maddi çətinlikləri və pula ehtiyacı olduğundan, ona söz verdiyi iş barədə danışarkən yalandan artıq onun işə qəbul edilməsi ilə bağlı sənədləşmə işlərinin başladıldığını, lakin işə qəbulu üçün danışdıqları 6000 manatdan qalan 3000 manatı da təcili olaraq ona çatdırmalı olduğunu, həmin pulu da verdikdən sonra qısa müddət ərzində işinin alınacağını və ona şad xəbəri verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs yenə ona inanaraq həmin gün əlavə 3000 manat pul vəsaitini də ünvan 4 ünvanında yerləşən Delfin kafesinin yanında ona nağd şəkildə əlbəəl vermişdir. Hər iki vaxtda Samir ona pulu verən zaman yanlarında başqa heç kim olmamışdır. Samirdən işə düzəltmə adı ilə ümumilikdə 6000 manat pul vəsaitini almağının üzərindən uzun müddət keçməsinə baxmayaraq, Zərərçəkmiş şəxs təqaüdə çıxdıqdan sonra bir neçə dəfə ona müraciət etsə də, onu söz verdiyi kimi işə düzəldə bilməmiş və ondan vahid niyyətlə aldığı ümumilikdə 6000 manat pul vəsaitini həmin vaxt şəxsi və ailə problemləri ilə bağlı maddi sıxıntıları olduğundan şəxsi ehtiyacları üçün xərcləyib bitirərək ondan sonra nə Samiri işə düzəldə bilmiş, nə də maddi imkanı olmadığı üçün ondan işə düzəltmək adı ilə aldığı ümumilikdə 6000 manat pul vəsaitini geri qaytara bilməmişdir. Çünki onun ümumiyyətlə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində hər hansı tanışı olmamış, həmin orqana kimisə işə düzəltmək kimi bir səlahiyyəti də olmamış, həm də əvvəllər özü orada işləməmişdir. Bunların hamısını yalandan Samiri inandırıb pullarını ələ keçirmək üçün ona demişdir. Buna baxmayaraq keçən müddət ərzində həmin pul vəsaitinin yarısı, yəni 3000 manatı qardaşı Elçin tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs geri qaytarılmış və üzərinə öhdəlik götürmüşdür ki, ən qısa zaman ərzində həmin şəxsin pulunu tam şəkildə birdəfəlik ödəməyə maddi imkanı olmasa da, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs qalan 3000 manat pulunu da tam şəkildə ödəyib bitirəcəkdir. Daha sonra zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2005-2025-ci illər ərzində X1 müxtəlif vəzifələrdə xidmət etmiş və 2025-ci ilin may ayında Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən baş inspektor vəzifəsi və polis mayoru xüsusi rütbəsi ilə təqaüdə çıxmışdır. Hazırda heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs övladları Nəsimi rayonu ərazisində yerləşən 14 saylı tam orta məktəbdə eyni sinifdə oxuduqları üçün oğlu Rəşid Məmmədlinin vasitəsilə ilkin olaraq tanımışdır, sonradan aralarında tanışlıq-dostluq münasibətləri yaranmış və münbasibətləri zamanla daha da irəlilədikdən sonra ailəvi get-gəlləri yaranmışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə onların yaşadıqları binanın həyətində aralarında söhbət edən zaman ona bildirmişdir ki, yaxın bir neçə ay ərzində X1n təqaüdə çıxacaq və təqaüdə çıxdıqdan sonra başqa bir iş taparaq işləməyə davam etmək istəyir. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, özü əvvəllər Prezidentin Təhlükəsizliyi Xidmətində serjant işləmişdir, həmin orqanda yüksək vəzifəli tanışları vardır və həmin tanışları vasitəsilə onu təqaüdə çıxdıqdan sonra həmin orqanda işə düzəldə bilər. Özü də Təqsirləndirilən şəxs təqribən 5-6 aydır ki, tanıdığından və mütamadi olaraq ailəvi şəkildə bir-birinin evinə gedib gəldikləri üçün onun dediklərinə inanmış və həmin vaxt Yalçın ona bildirmişdir ki, onu həmin orqanda işə düzəltməsi üçün ona 6000 manat pul verməlidir. Lakin ilk başda Yalçın ona bildirmişdir ki, onu Prezidentin Təhlükəsizliyi Xidmətində işə qəbul etdirdikdən sonra ondan həmin pulu alacaq və özü də ona inanaraq onunla razılaşmışdır. Buna baxmayaraq həmin söhbətlərindən təqribən 2 həftə sonra, yəni 2023cü ilin noyabr ayının 14-də Təqsirləndirilən şəxs onunla görüşüb danışaraq bildirmişdir ki, onu işə düzəltmək üçün dediyi 6000 manat pul vəsaitinin 3000 manatını başdan ona verməlidir. Özü də qeyd etdiyi kimi Yalçına etibar edib inandığı üçün yenidən onunla bu barədə də razılaşmış və həmin gün Təqsirləndirilən şəxslə yaşadıqları evin yaxınlığındakı Rəşid Məmmədov küçəsi 13 ünvanında yerləşən “Delfin” kafesinin qarşısında görüşmüşlər və həmin yerdə onu qeyd edilən işə düzəltməsi üçün Yalçına nağd şəkildə əlbəəl olmaqla 50 və 100 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 3000 manat pul vəsaitini vermişdir. Planlaşdırmışdır ki, Yalçın onu söz verdiyi işə qəbul etdirdiyi vaxtda polisdən təqaüdə çıxacaqdır. Bunun üzərindən 4 gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə Yalçınla yenidən görüşüb söhbət edən zaman Yalçın ondan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinə işə qəbul etdirmək üçün istədiyi 6000 manatdan qalan 3000 manatı da ona verməyini, barəsində artıq sənədlərin toplanılmasına başlanıldığını, onu yoxladıqlarını və təqribən 1 ay ərzində onu həmin orqanda işlə təmin etdirəcəyini bildirmişdir. Yenə ona inanmış və həmin gün qalan 3000 manat pul vəsaitini də evdən götürərək Yalçınla eyni ünvanda, Rəşid Məmmədov küçəsi 13 ünvanında yerləşən Delfin kafesinin yanında görüşüb pulu əlbəəl nağd şəkildə ona vermişdir. Lakin Yalçının 1 aya düzələcəyini vəd etdiyi işindən 6-7 ay keçməsinə baxmayaraq bir xəbər çıxmamış və hər dəfə Yalçından işin nə yerdə qalmasını soruşduqda Yalçın ona müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamış və bu zaman başa düşmüşdür ki, əslində Yalçının elə bir tanışı yoxdur və dələduzluq yolu ilə onu aldadaraq onun ümumilikdə 6000 manat pul vəsatini ələ keçirmişdir. Ondan sonra dəfələrlə Təqsirləndirilən şəxs pullarını geri qaytarmasını tələb etsə də, ona yalandan bəhanələr gətirərək pulu verdiyi adamı içəri atdıqlarını, yaxında içəridən çıxıb pulu qaytaracağını, həmin adamla dalaşdığını, səbrli olmağını, qısa müddətdə pulunu geri qaytaracağını bildirərək onu aldadıb pulunu geri qaytarmaqdan imtina etmişdir. Son zamanlar isə artıq telefonlarına da cavab vermədiyi və pulunu geri qaytarmadığı üçün məcbur qalaraq polisə müraciət etmiş, polisə müraciət etdikdən sonra həmin şəxs ona qaytarmalı olduğu, ona vurduğu maddi ziyandan 1500 manatını geri qaytararaq qalan hissəsini də qısa zamanda geri ödəyəcəyini bildirmiş, lakin həmin vaxtdan sonra yenidən yoxa çıxaraq telefonlara cavab verməmiş və ona vurmuş olduğu maddi ziyandan qalan 4500 manat olan hissəsini geri qaytarmamışdır. Həmin pulları hissə-hissə olmaqla Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 13 ünvanında yerləşən "Delfin” kafesinin qarşısında 2023-cü ilin noyabr ayının 14-də 3000 manat, ondan 4 gün sonra isə, yəni xx.xx.2023-cü il tarixdə yenidən həmin ünvanda Təqsirləndirilən şəxs, onu Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində işə düzəltməsi məqsədilə inanaraq vermiş və həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam şəkildə ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsnın müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “İttiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.52-53, 55-56); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20 radələrində ünvan 5 ünvanında saxlanılaraq 19-cu Polis Şöbəsinə gətirilmişdir (i.v.60); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərık ibtidai istintaqı davam etdirilmişdir (i.v.61); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.89-90); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.101-102); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqaüdə çıxdıqdan sonra onu işə düzəltməsi üçün Təqsirləndirilən şəxs Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 13 ünvanında yerləşən "Delfın kafesinin qarşısında 2023-cü ilin noyabr ayının ortalarında hissə hissə olmaqla ümumilikdə 6000 manat pul vəsaiti vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.6-10); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (i.v.82-85); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha tam şəkildə təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.86-88); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha tam şəkildə təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.108-111); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin xx.xx.2019-cu il tarixdə Binəqədi RPİ-də istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və həmin cinayət işi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə xitam edilmişdir (i.v.30-31); - AZ-ll №671423 və AZ-lll №696096 seriya və nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il və xx.xx.2015-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Həmin Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilən şəxsin öhdəsində (himayəsində) 2 yetkinlik yaşına çatmayan övladının olması, vurulmuş ziyan məbləğini tam ödəməsi və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(5-98)-9/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(5-98)-9/2026
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver