Məhkəmə qərarları › İş №1(5-99)-10/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(5-99)-10/2026

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-99)-10/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1986-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, üç uşağı olan, əvvəllər məhkum olunmuş, fərdi qaydada işləyən, Füzuli rayonunun Horadiz kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4-cü Mədən küçəsində nömrəsiz fərdi evdə yaşayan, 09 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 oktyabr 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,502 qram psixotrop maddə metamfetamin əldə etmiş, özündə saxlamaqla daşımış, 09 oktyabr 2025-ci il tarixdə, saat 23:28-də Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 51 ünvanın qarşısında şübhəli kimi saxlanılaraq videoçəkiliş aparılmaqla həmin ünvanda üstü yoxlanılan zaman əynində olan açıq mavi rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,502 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlini etiraf etmiş, müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət təqibinə və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 09 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 09 oktyabr 2025-ci il tarixdə, saat 23:28 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üstünün həmin yerdə yoxlanılması zamanı o, əynində olan açıq mavi rəngli cins şalvarını sol yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümün narkotik vasitə olan “patı” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Sonra həmin büküm qablaşdırılmış, saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun əynində olan açıq mavi rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Huavei” markalı mobil telefon aşkar olunaraq götürülmüş, yoxlama zamanı onun üzəridən qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddəni xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, üzərində və başqa digər yerlərdə narkotik vasitə gizlətmədiyini bildirmişdir. Üstünü yoxlama ünvan 2 ünvanın qarşısında keçirilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmişdir. (i.v. 09-10) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 oktyabr 2025-ci il tarixli, 6/3313 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqat obyektləri üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №165” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs “imza”; İştirakçılar: Şahid2 “imza”; Şahid3 “imza”; Tərtib etdi: Şahid1 “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) bükümdə təmiz çəkisi - 0,502 qram olan ağ rəngli kristaliik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,502 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,452 qram qalıq qalmışdır. (i.v. 47-50) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 10 oktyabr 2025-ci il tarixli, 6291 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Yadigarov X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.51-52) - 15 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi lənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,502 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üstünü yoxlama və götürmənin ideogörüntülərini əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 dəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 0,452 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlanc kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üstünü yoxlama zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd “Huavei” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmamış və Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. (i.v. 130-137) - 10 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 09 oktyabr 2025-ci il tarixdə tutulmuşdur. (i.v. 27) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 11 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunmuş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 95-96) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 106-107, 108-109) - AZ-1 seriyalı, 708945 nömrəli nikah şəhadətnaməsinin, AZ-İİ seriyalı, 898459 nömrəli, AZ-İİİ seriyalı, 241018 nömrəli və AZ-İV seriyalı, 029040 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə birgə nikahlarından 14 may 2012-ci il tarixdə X3, 29 dekabr 2013-cü il tarixdə X4 və 27 sentyabr 2017-ci il tarixdə X5 adlı 3 uşaqları doğulmuşdur. -ƏƏSMN-nin TSEK-nin portalından çıxarışından görünür ki, X5 orqanizmin funksiyalarının 65% itirilməsinə görə ikinci dərəcəli əlildir. - AA seriyalı, 298839 nömrəli vəsiqənin surətindən görünür ki, xx xxxxxxx 1986-cı il tarixdə Füzuli rayonunda doğulmuş Təqsirləndirilən şəxs 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda istinad edilən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.6-cı bəndinə əsasən 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 19.5-ci bəndinə əsasən Amnistiya məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir; 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan - 14 may 2012-ci il, 29 dekabr 2013-cü il və 27 sentyabr 2017-ci il təvəllüdlü uşaqları vardır, eyni zamanda 27 sentyabr 2017-ci il təvəllüdlü övladının orqanizminin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir, bundan başqa o, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpağından, Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Yuxarıda istinad olunan Amnistiya Qərarının, o cümlədən 6-cı və 7-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi az ağır cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, himayəsində yetkinlik yaşına çatmayan uşaqları, o cümlədən orqanizminin funksiyaları 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan və özü 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər mövcud deyildir. Ona görə məhkəmə hesab edir ki, müdafiə tərəfinin razılığı nəzərə alınaraq, yuxarıda qeyd olunan əsaslarla Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla təqsirləndirilən şəxsin barəsindəki cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Məhkəmə, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə məhv edilməli, içərisində videogörüntü olan 1 ədəd DVD disk və müvafiq mobil operator məlumatları olan 1 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən məhkəmə hesab edir ki, vəkilin məhkumun hüquqlarının müdafiəsini həyata keçirməyə sərf etdiyi müddət (iş saatları) üçün əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.6, 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınmaqla Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,452 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində videogörüntü olan 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş mobil operator məlumatları olan 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 19 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 209 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar