Məhkəmə qərarları › İş №1(5-99)-19/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(5-99)-19/2026

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-99)-19/2026 26.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxx 1981-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi ev 125A mənzil 14 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, o, 08 mart 2024-cü il tarixdə saat 19 radələrində tanışı Şahid idarə etdiyi “Mitsubishi Lancer” markalı Az **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında sərnişin qismində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 12 ünvanının yaxınlığında hərəkətdə olan zaman, onun olduğu avtomobilin sol tərəfdən yanında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı Az **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürtünməsi ilə əlaqədar onun Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün avtomobildən düşüb qeyd edilən ünvanda yerləşən binanın həyətinə keçərək orada mübahisəni davam etdirib heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, öz üstünlüyünü nümayiş etdirməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib xuliqanlıq niyyəti ilə əlinin ovuc içi ilə sonuncunun burun nahiyəsindən qəsdən vurmaqla Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid baş beyin silkələnməsi və burnun ön səthinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan burun sümüklərinin və burun arakəsməsinin açıq yerdəyişmiş sınığı ilə nəticələnən xəsarətlər yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla deyil, CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 08 mart 2024-cü il tarixdə dostu Şahid idarə etdiyi avtomobillə metronun “Koroğlu” stansiyası istiqamətindən Nizami rayonu Q.Qarayev prospekti ilə metronun “Qara Qarayev” stansiyası istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt onun azyaşlı övladı avtomobilin arxa oturacağında, özü isə qabaq sərnişin oturacağında əyləşmişdir. Yolun “Ruslan” marketin qarşısından keçən hissəsində olduqları zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onların avtomobilini sıxmış və sağa doğru, yəni üzərlərinə manevr edərək avtomobilin yan güzgüsü ilə onların avtomobilini sol tərəfdən yüngül şəkildə sürtmüşdür. Onlar avtomobili idarə edib yollarına davam etmişlər. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə gəlib onların avtomobilinə çatmış, avtomobilin pəncərəsindən onlara qarşı nalayiq ifadələr işlətmiş, aralarında sözlə mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs avtomobili saxlamalarını bildirmiş, onlar avtomobili saxlamışlar. O, avtomobildən düşmüş, Simranla birlikdə Q.Qarayev prospektinin köməkçi yolunun sağ tərəfində yerləşən yaşayış binalarının həyətinə, qarajlar tərəfə getmişlər. Orada Simran ona qarşı nalayiq ifadə işlətdiyi üçün bir dəfə əlinin içi ilə Simranın üz nahiyəsindən vurmuş və dərhal oranı tərk etmişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır. O, Simranı yalnız əli ilə bir dəfə vurmuş, əlində hər hansı əşya olmamış və hadisə məhəllə daxilində, heç kimin olmadığı ərazidə baş vermişdir. Tanışı Şahid ümumi mübahisəyə şahid olsa da, binanın həyətinə keçdikdən sonrakı hissəni görməmişdir. Namiq avtomobildə onun azyaşlı övladı Nərminin yanında qalmışdır. Qızı Nərmin hadisədən 3 ay sonra, 10 iyun 2024-cü il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Onun zərərçəkmiş şəxsə xəsarət yetirmək niyyəti olmamış, hadisə təsadüf nəticəsində baş vermiş, zərərçəkmiş şəxs nalayiq ifadə işlətdiyi üçün onu bir dəfə vurmuşdur. Əməlindən peşmandır. Hadisədən sonra Zərərçəkmiş şəxs avtomobilin nömrəsi vasitəsilə tapmış, onunla barışmış və dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Evlidir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmədən əməlinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməsini, barəsində amnistiya aktının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun məzmunda ifadə verərək bildirmişdir ki, 08 mart 2024-cü il tarixdə axşam saatlarında işdən gec çıxdığı üçün əsəbi olmuş, yolda avtomobili pis idarə etmişdir. İdarə etdiyi avtomobillə Q.Qarayev prospekti istiqamətində hərəkətdə olmuşdur. “Ruslan” marketin yaxınlığından keçərkən sağ tərəfindən gələn “Mitsubishi” markalı avtomobillə onun avtomobili arasında yüngül sürtünmə baş vermişdir. Sürtünmədən sonra həmin avtomobil onun avtomobilindən qabağa keçmişdir. O, avtomobilini bir qədər sürətləndirərək həmin avtomobillə paralel hərəkət etməyə başlamış və sürücüyə irad bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxslə aralarında sözlə mübahisə başlamış, o, nalayiq ifadələr işlətmiş, qarşı tərəfə avtomobili saxlamalarını bildirmişdir. O, avtomobildən düşmüş, Təyranla birlikdə avtomobil yolundan kənara çıxaraq yaşayış binalarının həyətinə daxil olmuşlar. Həyətdə mübahisə davam etdiyi zaman o, Təyranın ünvanına kobud ifadə işlətmiş, bundan sonra Təyran əli ilə onun sifət nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bundan sonra Təyran hadisə yerini tərk etmişdir. Aralarındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə nəticəsində baş beyin silkələnməsi və burun sümüklərinin sınığı xəsarətləri almışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs onu taparaq onunla əlaqə saxlamış, aralarında barışıq əldə olunmuş, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, mübahisə zamanı “eşşəksən, başa düşmürsən” ifadəsini işlətdikdən sonra Təqsirləndirilən şəxs onu vurmuşdur. Təqsirləndirilən şəxs olduğu avtomobil yolda başqa avtomobillə toqquşub qəza törətməmişdir. İbtidai istintaq zamanı ilkin izahatını hadisədən bir az sonra, başına zərbə aldıqdan və özünə tam gəlməmiş vəziyyətdə verdiyindən düzgün izahat verə bilməmişdir. Təqsirləndirilən şəxs onu əli ilə vurmuş, onun əlində heç nə olmamışdır. O, zərbənin təsirindən hər hansı bir əşya ilə vurulduğunu düşündüyündən ekspertə Təyranın onu naməlum əşya ilə (beşbarmaq və ya beysbol taxtası) vurduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 08 mart 2024-cü il tarixdə idarə etdiyi “Mitsubishi Lancer” markalı avtomobillə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə metronun “Koroğlu” stansiyası istiqamətindən metronun “Qara Qarayev” stansiyası istiqamətində hərəkətdə olmuşdur. Avtomobildə ön sərnişin oturacağında dostu Təqsirləndirilən şəxs, arxa oturacaqda isə onun azyaşlı övladı əyləşmişdir. Hərəkətdə olduqları zaman “Ruslan" marketin qarşısından keçən hissədə soldan hərəkət edən “Toyota Prius” markalı avtomobil onların avtomobilini sıxaraq sağa doğru manevr etmiş və yan güzgüsü ilə avtomobilin sol tərəfinə yüngül şəkildə toxunmuşdur. Onlar yollarına davam edərək, həmin avtomobildən qabaqda hərəkət etmişlər. Bir qədər sonra Q.Qarayev prospektinin köməkçi yolunda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onlara çataraq yanlarına yaxınlaşmış, nalayiq ifadələr işlətmişdir. Avtomobilin açıq yan şüşəsindən sürücü ilə Təyran arasında sözlü narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onların yolunu kəsərək avtomobili saxlatdırmışdır. Təyran avtomobildən düşərək qarşı tərəfə yaxınlaşmış, o isə avtomobildə azyaşlı uşağın yanında qalmışdır. Bu səbəbdən onların yaşayış binalarının həyətinə doğru keçməsindən sonrakı mərhələni görməmişdir. Onların avtomobilində azyaşlı uşaq olduğundan onlar Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 27 mart 2024-cü il tarixli 258 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər – baş beyin silkələnməsi və burnun ön səthinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan burun sümüklərinin və burun arakəsməsinin açıq yerdəyişmiş sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, 08 mart 2024-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inandırıcı deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2003-cü il tarixli 1-281/2003 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 10 iyun 2024-cü il tarixdə vəfat etmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 sentyabr 2013-cü il təvəllüdlü Əliyev Raul adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl düzgün tövsif edilməmişdir. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma (CM-nin 127.2.3-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır xəsarət yetirmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Beləliklə, təqsirkarın əməlinin zərərçəkmiş şəxsə qəsdən az ağır bədən xəsarətinin xuliqanlıq niyyəti ilə yetirilməsi üçün xuliqanlıq niyyəti motivinin mövcudluğu mütləqdir. Hər hansı bir cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsinin müəyyən edilməsi üçün təqsirləndirilən şəxsi cinayətkar fəaliyyətə yönəldən motivin məhz xuliqanlıq olduğu sübuta yetirilməlidir. Xuliqanlıq niyyətinin müəyyən edilməsi üçün isə təqsirkarın cinayətdən əvvəlki, cinayətin törədilmə prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti iə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xuliqanlıq niyyəti ilə hərəkət etməsi, onun davranışının əsas hərəkətverici qüvvəsinin xuliqanlıq motivi olması işin tədqiq edilmiş halları ilə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: - Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; - Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; - Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə araşdırmasının gedişində işin halları tam, hərtərəfli və müqayisəli şəkildə tədqiq edilməklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə saat 19 radələrində tanışı Şahid idarə etdiyi “Mitsubishi Lancer” markalı, Az **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında sərnişin qismində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 12 ünvanının yaxınlığında hərəkətdə olan zaman, onun olduğu avtomobilin sol tərəfdən yanında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı Az **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların avtomobilini sıxmış, sağa doğru, yəni üzərlərinə manevr edərək yan güzgüsü ilə avtomobili sol tərəfdən sürtmüş, onlar avtomobili idarə edərək zərərçəkmiş şəxsin idarə etdiyi avtomobildən qabaqda hərəkət etmişlər, zərərçəkmiş şəxs avtomobili idarə edərək onların avtomobilinə çatmış və avtomobilin şüşəsindən sürücüyə irad bildirmişdir. Bu əsasda onlar arasında mübahisə başlanmış, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs səbəbsiz hərəkət etməmiş, o cümlədən zərərçəkmiş şəxsi özü ilə mübahisəyə təhrik edib bundan bəhanə kimi istifadə etməmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən düşünülmüş şəkildə zərərçəkmiş şəxsi vurmaq istəməmiş və bu istək onda anidən, mübahisə əsnasında yaranmışdır. Belə ki, təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsin onlardan avtomobili saxlayıb düşməsini tələb etdiyini, avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətdiyi üçün sonuncunu əli ilə vurmasını bildirmişdir. Göstərilənləri zərərçəkmiş şəxs özü də ifadəsində təsdiq etmişdir. Yəni təqsirləndirilən şəxsin özünün şəxsiyyətinin üstünlüyünü göstərmək məqsədilə əsaslı səbəb olmadan zərərçəkmiş şəxsi vurması, niyyət və davranışının faktiki olaraq bir şəxsin nəzdində bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə etməyə, öz “müstəsna mən”ini başqasına qəbul etdirməyə yönəlməsi barədə istintaq orqanının gəldiyi qənaət əsassızdır və təqsirləndirilən şəxsin əli ilə qəsdən bir dəfə zərərçəkmiş şəxsin sifət nahiyəsinə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməsi xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Göründüyü kimi mübahisə zərərçəkmişin təşəbbüsü ilə başlamış, mübahisəyə səbəb zərərçəkmişin hüquqa zidd hərəkətləri olmuşdur. Təqsirləndirilən şəxsi zərərçəkmiş şəxs mübahisə etməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs həmin əməli törədərkən, bunu xuliqanlıq niyyəti ilə deyil, aralarında baş vermiş mübahisə zəminində etmişdir. Hadisənin məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə və qanunazidd hərəkətlərinin təsirindən baş verməsi zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə də təsdiq olunmuşdur. Nə ibtidai istintaq orqanı, nə də ittiham tərəfi cinayətin xuliqanlıq niyyəti ilə törədilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə CM-nin 127.2.3-cü maddəsini tətbiq etməsini iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun gəlməyən nəticə kimi qiymətləndirir və hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin deyil, həmin Məcəllənin 127.1-ci maddəsinin tərkibi vardır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Təqsirləndirilən şəxsin müdafiəçisi də eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda istinad edilən amnistiya qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 19.5-ci bəndinə əsasən amnistiya məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və onun himayəsində yetkinlik yaşına çatmayan - 14 sentyabr 2013-cü il təvəllüdlü uşağı vardır. Yuxarıda istinad olunan Amnistiya Qərarının 6-cı və 7-ci hissələrinin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan Təqsirləndirilən şəxs həmin amnistiya qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər mövcud deyildir. Ona görə məhkəmə hesab edir ki, müdafiə tərəfinin razılığı nəzərə alınaraq, yuxarıda qeyd olunan əsaslarla Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla təqsirləndirilən şəxsin barəsindəki cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli 4(5-97)-27/2026 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 22 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 242 manat (22x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilsin. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli 4(5-97)-27/2026 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 22 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 242 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar