Məhkəmə qərarları › İş №1(5-99)-22/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(5-99)-22/2026

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-99)-22/2026 03.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 2000-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu ərazisində gündəlik kirayə evlərdə yaşamış, barəsində «həbs» qətimkan tədiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 185.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək qaçırmış və özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədilə 05 avqust 2025-ci il tarixdə, saat 12:13-də ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə yuyulması üçün təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus «Hyundai Elantra» markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını avtoyuma məntəqəsinin girişində olan qutunun içərisindən götürüb mühərriki işə salaraq, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməklə həmin gün saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb həmin avtomobilin yol kənarında olan dəmir boruya çırpılması nəticəsində zədələməklə Zərərçəkmiş şəxs1 6441 (altı min dörd yüz qırx bir) manat, xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir (qaçırmışdır). Bundan başqa Təqsirləndirilən şəxs, özgənin əmlakını açıq talama məqsədi ilə 01 oktyabr 2025-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89 ünvanında yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs2 işlədiyi mobil telefonların aksesuarlarırıın alqı-satqısı mağazasının qarşısında olan piştaxtanın üzərindən sonuncuya məxsus 360 manat dəyərində "Xiomi Redmi 12” markalı, içərisində hər birinin dəyəri 15 manat, ümumilikdə dəyəri 30 manat təşkil edən ***-***-**-** və ***-***- **-** GSM nömrələr, dəyəri 10 manat təşkil edən üzlüyü olan **********28106 və **********28114 İMEİ kodlu mobil telefonu açıq talayıb hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 400 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 185.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, hadisələr ittiham aktında qeyd edildiyi kimi olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə Nizami rayonu ərazisində avtoyuma məntəqəsindən avtomobili götürüb Suraxanı rayonu tərəfə getmişdir. Yolda maşını vurmuş, elə orda da maşını saxlayıb çıxıb getmişdir. Oktyabr ayında isə 8-ci kilometr bazarında olarkən piştaxtanın üzərindən telefonu götürüb hadisə yerindən uzaqlaşmışdır. Hazırda dəymiş zərəri ödəməyə maddi imkanı yoxdur. Əməlindən çox peşmandır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, «Hyundai Elantra» markalı avtomobil özünə məxsusdur. Hadisə baş verən ərəfələrdə o, ünvan 3 ünvanında yerləşən gözəllik salonunda işləmiş və mütəmadi olaraq zərurət yarandıqda avtomobilini yuyulması üçün iş yerinin yaxınlığında olan avtomobil yuma məntəqəsinə vermiş, axşam saatlarında işini bitirdikdən sonra ödənişini edib təhvil almışdır. xx.xx.2025-ci il tarixdə də səhər saat 10 radələrində avtomobillə iş yerinə gəlmiş, avtomobilini yumaq məqsədi ilə həmin avtoyuma məntəqəsinə vermiş, axşam saat 20 radələrində işini bitirib avtoyuma məntəqəsinə gəlib Rövşən adlı işçiyə ödənişi edib avtomobilin açarını istədikdə Rövşən ondan təəccüblə avtomobili götürmədiyini soruşmuş, o, əvvəlcə həmin işçinin zarafat etdiyini düşünmüş, sonradan avtomobilinin qaçırıldığını anlamış və hadisə barədə «102» xidmətinə məlumat vermişdir. Avtomobil 2-3 gün sonra tapılmış, tapıldıqda isə dağılmış vəziyyətdə olmuşdur. Hadisə nəticəsində ona 6441 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, avtoyuma məntəqəsində işləyir. Zərərçəkmiş şəxs1 mütəmadi olaraq avtomobilini işlədiyi avtoyuma məntəqəsinə gətirirmiş. Çox vaxt o, avtomobili səhər saatlarında təhvil verib axşam saatlarında təhvil almışdır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Əfsanə idarə etdiyi avtomobili işlədiyi avtoyuma məntəqəsinə gətirib açarlarını ona təhvil verib avtomobili yuyub təmizləməyini, axşam saatlarında gəlib götürəcəyini demiş, axşam saat 19:30 radələrində Zərərçəkmiş şəxs1 məntəqəyə gəlib avtomobili təhvil almaq üçün açarını istədikdə, avtomobilinin günorta saatlarından orada olmadığını, avtomobili özünün aparmasını düşündüyünü demişdir. Bu zaman Əfsanə avtomobili götürmədiyini, avtomobildən xəbərinin olmadığını bildirdikdə, avtomobilin kənar şəxs tərəfindən qaçırılmasını başa düşmüşlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 5 ildir fərdi sahibkar kimi Nizami rayonu “8-ci kilometr” bazarında icarə əsasında götürdüyü köşkdə mobil telefonların aksessuarlarının satışı ilə məşğul olur. 01 oktyabr 2025-ci il tarixdə saat təxminən 13 radələrində işlədiyi yerdə olan zaman istifadəsində olan «Xiomi Redrni 12» markalı, içərisində ***-***-**-** saylı GSM nömrə olan, **********28106 və **********28114 İMEİ kodlu mobil telefon aparatını piştaxtanın üzərinə qoyaraq müştərilərdən birinə xidmət göstərmişdir. Bu zaman tanımadığı bir şəxsin ona məxsus mobil telefonu götürüb qaçdığını görmüşdür. Həmin şəxs istiqamətində qaçmağa başlamışdır. Telefonu götürmüş şəxs qaçaraq uzaqlaşmağa çalışmışdır. O. həmin şəxsin arxası ilə qaçmışdır. Telefonu götürmüş şəxsin arxasınca dəfələrlə qışqıraraq dayanmasını tələb etsə də, həmin şəxs daha da sürətlə qaçmağa başlamışdır. Arxaya baxıb arxası ilə qaçdığını görsə də dayanmamış və Qara Qarayev prospekti, avtomobil yolu istiqamətində qaçmışdır. Həmin şəxs arıq bədən quruluşlu olduğundan ondan daha sürətli qaçmış və bu səbəbdən həmin şəxsə çata bilməmişdir. Bundan sonra hadisə barədə polisə məlumat vermişdir. Qeyd olunan mobil telefon aparatının üzərində olan ***-***-**-** GSM mobil telefon nömrəsini 15 manata, digər ***- ***-**-** GSM mobil telefon nömrəsini 15 manata bərpa etdirmişdir. Telefonun üzlüyünü 10 manata almışdır. Mobil nömrələrdə heç bir məbləğdə pul olmamışdır. Mobil telefonun hazırki bazar dəyəri 360 manat təşkil edir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, işlədiyi köşkdə nəzarət müşahidə kamerası yoxdur, lakin yaxınlıqda yerləşən ticarət obyektlərində nəzarət müşahidə kameraları quraşdırılmışdır. Hadisədən sonra polis əməkdaşları həmin kameraların görüntülərinə baxış keçirmişlər. Həmin video görüntüləri istintaqa təqdim edə bilər. Hadisə nəticəsində ələ keçirilmiş «Xiomi Redrni 12» markalı mobil telefon özünə məxsus olduğundan hadisə nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etdikdə telefonunu ələ keçirmiş şəxsi orada görüb tanımış və həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, daimi yaşayış yeri olmadığı üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən gündəlik kirayə evlərdə yaşayır. Bir aydır Nizami rayonu, «8-ci kilometr» bazarında araba sürür, həmin vaxtdan da Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 12-13 radələrində «8-ci kilometr» bazarından çıxıb piyada günlük kirayə yaşadığı ünvana gedən zaman. Elşənin «Hyundai Elantra» markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanında dayandığını görmüşdür. Elşən avtomobilə əyləşməyini bildirdikdə o, ön sərnişin oturacağında əyləşmişdir. Avtomobilə əyləşdikdə Elşən avtomobili günlük icarə götürdüyünü, bekar olduğunu, onunla getməyini xahiş etmişdir. Avtomobili kirayə götürməyinə inanmayıb avtomobilin kimə məxsus olmasını bir daha soruşduqda Elşən avtomobili gizli olaraq avtoyuma məntəqələrinin birindən götürdüyünü bildirmişdir. Elşənin avtoyuma məntəqələrin birində işlədiyini bilib heç nə deməmişdir. Boş bekarçılıq olduğu üçün Elşənlə oradan uzaqlaşıb avtomobillə Suraxanı rayonu ərazisinə getmişlər. Suraxanı rayonu ərazisində Elşən avtomobili idarə edən zaman idarə etməni itirib yoldan çıxaraq avtomobilin ön hissəsini yolun kənarında olan boruya vuraraq qəza törətmişdir. Qəzanı törtədikdən sonra qorxduğundan avtomobildən enib oradan uzaqlaşıb getmişdir. Daha sonra Elşənin hara getməsini və avtomobili nə etməsini bilməmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs arabir «8-ci kilometr» bazarında arabaçı işləmişdir. Təqsirləndirilən şəxs özü ona avtoyuma məntəqəsində yuyucu işlədiyini bildirmişdir. Elşənin dəqiq hansı avtoyuma məntəqəsində işədiyini bilməmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində «Hyundai Elantra» markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanının yaxınlığında yerləşən avtoyuma məntəqəsinin yanından idarə etmək məqsədilə birlikdə qaçırdıqlarını bildirməsi yalandır. «Hyundai Elantra» markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanının yaxınlığında yerləşən avtoyuma məntəqəsinin yanından avtomobili qaçıran zaman Elşənin yanında olmamışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində onun «Hyundai Elantra» markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaıııaıı Suraxanı rayonu ərazisində idarəetməni itirib avtomobili yolun kənarında olan dəmir boruya vurduğunu bildirməsi də yalandır. O. ümumiyyətlə «Hyundai Elantra» markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, nə də həmin avtomobil ilə qəza törətməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə heç bir müqavimət göstərmədən polis şöbəsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Böyükşor qəsəbəsində olduğu zaman Ucar rayonu, Qarabök kəndindən tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək qalmağa yerinin olmadığını, qalmağa yer tapmağını istədikdə o, Elşənə özünün də qalmağa yerinin olmadığını bildirmişdir. Elşənə 12 manat pulunun olduğunu, qalmaları üçün ucuz yer tapmasını demişdir. Elşən 8-ci kilometr bazarının ərazisində ucuz qiymətə günlük evlərin olduğunu, birlikdə orada qalmağı təklif etmişdir. O, 10 manat pul ödəyərək Elşənlə birlikdə həmin gecəni günlük hosteldə yatmışlar. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində yuxudan oyandıqda günlük ev tapmaq məqsədilə Elşənlə birlikdə Dərnəgül qəsəbəsi istiqamətinə getmək qərarına gəlmişlər. 8-ci kilometr bazarı ərazisində yerləşən hosteldən çıxaraq piyada hərəkət etdikləri zaman Elşənin yolun kənarında quraşdırılmış piştaxtanın üzərinə qoyulmuş mobil telefonu götürərək qaçdığını, həmin vaxt tanımadığı bir nəfər şəxsin Elşənin arxası ilə qaçdığını görmüşdür. O isə, öz yoluna davam etmişdir. Təxminən 10 dəqiqə sonra Elşən zəng edərək görüşməyi təklif etmişdir. Elşən 8-ci kilometr bazarından metronun «Xalqlar Dostluğu» stansiyası istiqamətinə getməyini, orada onu gözlədiyini bildirmişdir. O, Elşənin dediyi istiqamətə gedərək Elşənlə görüşmüşdür. Görüşdükdən sonra taksiyə əyləşərək Dərnəgül istiqamətinə getmişlər. Taksidən düşdükdən sonra Elşən onu gözləməyini, mobil telefonu satmaq məqsədilə metronun «20 Yanvar» stansiyası istiqamətinə gedib qayıdacağını bildirmişdir. Təxminən 3-4 saat sonra Elşən geri qayıdaraq mobil telefonu satdığını demişdir. Elşənin əvvəlki zamanlardan ona 150 manat pul borcu olmuşdur. Elşən mobil telefonu 50 manata satdığını bildirərək ona 50 manat pul vermişdir. O, Elşənin hansı model telefon oğurlamasını bilməmişdir. Elşəndən aldığı 50 manat pula Böyükşor qəsəbəsində kirayə mənzil tutmuşdur. Səhəri gün Elşənlə birlikdə işləmək məqsədilə Bakıxanov qəsəbəsində yerləşən Meqa adlı restorana getmişlər, öz işinə başlasa da restoranın müdiriyyəti Elşənin orada işləməsinə icazə verməmişdir. İcazə verilməmə səbəbi Elşənin əvvəlki vaxtlarda oradan mobil telefon oğurlaması olmuşdur. İş yoldaşlarından 2-3 manat pul borc alaraq kirayə tutduğu evə getməsi üçün Elşənə vermişdir. Gecə saatlarında işdən çıxaraq yaşadığı mənzilə qayıtdıqda Elşənin evdə olduğunu görmüşdür. Elşən təxminən 2 gün onunla birlikdə qaldıqdan sonra iş tapa bilmədiyini, Ucar rayonuna gedəcəyini bildirərək mənzili tərk etmişdir. Həmin vaxtdan sonra Elşənlə bir dəfə mobil telefonla danışmışlar. Danışıq zamanı Elşən polis əməkdaşlarının onu axtardığını bildirdikdə o, Elşənə oğurladığı mobil telefonun sahibini tapmasını, dəymiş ziyanı ödəməsini bildirmişdir. Sonrakı zamanlarda Elşənlə heç bir telefon əlaqəsi olmamışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində bildirdikləri yalandır. xx.xx.2025-ci il tarixdə “8-ci kilometr” bazarının yanı ilə hərəkət edən zaman Elşən qəfildən mobil telefon aksessuarları satılan piştaxtanın üzərində olan mobil telefonu götürüb qaçmağa başlamışdır. Tanımadığı bir şəxs də Elşənin arxasınca qaçmışdır. Həmin şəxs qışqıraraq dayanmasını desə də, Elşən buna mənəl qoymayıb qaçaraq oradan uzaqlaşmışdır. Sonradan Elşənlə metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında görüşmüşlər. O, Elşənin götürüb qaçdığı telefonu görməmiş və markasını da bilməmişdir. Elşən xx.xx.2025-ci il tarixdə "8-ci kilometr" bazarında ələ keçirdiyi mobil telefonu metronun “20 Yanvar" stansiyasının yaxınlığında yerləşən mağazaların birinə özü 50 manata satmışdır, Qeyd etdiyi kimi, Elşənin götürüb qaçdığı telefonu görməmiş və markasını da bilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1 və 185.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 180.1 və 185.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-rin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamda özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 24-cü PŞ-nə gətirilmiş, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, ibtidai istintaq dövründə faktiki olaraq 03 gün müddətinə şübhəli şəxs qismində tutulmuş və həbsdə saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-296/2025 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, hökm çıxarıldığı hazırki vaxtdadək həbsdədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Hyundai Elantra» minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalı, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 15 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 165 manat (15x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il (üç il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 03 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 il 05 ay 27 gün (üç il beş ay iyirmi yeddi gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 10 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış «Hyundai Elantra» minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 165 (bir yüz altmış beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar