Məhkəmə qərarları › İş №1(5-99)-51/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(5-99)-51/2026

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-99)-51/2026 16.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1 nümayəndəsi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan X7 qohumluq münasibətlərinə görə bacısı qızıdır. A.Nəzərli “Tik-tok” sosial şəbəkədə özünəməxsus "AYDAW" adlı profil səhifəsində dəfələrlə, o cümlədən 29 dekabr 2025-ci il tarixdə, 07 yanvar 2026-cı il tarixdə, 11 yanvar 2026-cı il tarixdə, 12 yanvar 2026-cı il tarixdə həqiqətə uyğun olmayan, nüfuzuna xələl gətirən, böhtan xarakterli, şəxsi həyatına, şərəf və ləyaqətinə ləkə vuran yalan olduğunu bilə-bilə barəsində şayiələr yaymış, həmçinin internet resurslarından istifadə etməklə onu nalayiq ifadələrlə kütləvi çıxışda ifadə olunan formada təhqir etmişdir. Belə ki, A.Nəzərli “Tik-tok” sosial şəbəkədə özünəməxsus “AYDAW” adlı profil səhifəsində 29 dekabr 2025-ci il tarixdə “Şüvəlanda mağaza var ee, xalamgil bax orda qalırlar. İmkanlıdırlar. Necə imkanlıdırlar? Mənə yardım edə biləcəkləri qədər imkanları var. Həqiqətən kömək edə bilərlər. Maşınları var qızlarının. Onların həqiqətən gücləri çatır. Burdan kimsə 20 manat ata bilirsə, onun 20 min qatını edə biləcək gücü var xalamın. Əlaqələri də var xalamın, çox böyük əlaqələri var. Məni istəsəydi işə də düzəldə bilərdi, istəsəydi hər şey edə bilərdi. İstəsəydi evə köçməyimizə də kömək edə bilərdi. Sadəcə xalam etmədi. Yoxumdu dedi. Mən nəvəmi hazırlaşdırıram, xaricə Estoniyaya, mənim pulum yoxdu dedi. Bir dəfə də getdik Şüvəlana, qızı maşında, xalam da maşında, açmadılar telefonu. Neynəyək gedək ayaqlarına düşək? məzmunlu həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə barəsində şayiələr, şərəf və ləyaqətini ləkələyən məlumatları yaymışdır. Həmçinin A.Nəzərli “Tik-tok” sosial şəbəkədə özünəməxsus “AYDAW” adlı profil səhifəsində 11 yanvar 2026-cı il tarixdə Sabunçu xəstəxanasında canlı yayım açaraq “ağzuva ... bacı? Sənnən dalaşıb neynəmişəm? Ağzua ..., neynəmişəm bacı? Ağzuva ...sa, de bacı ağzuva ... başua dönüm. Dolub ağzın ay.bacı, get yaxala gələrsən. Gic qızı gic” məzmunlu şərəf və ləyaqətini ləkələyən məlumatlar yayaraq onu təhqir etmişdir. Həmçinin A.Nəzərli “Tik-tok” sosial şəbəkədə özünəməxsus “AYDAW” adlı profil səhifəsində 12 yanvar 2026-cı il tarixdə “Qələt eliyər durub gələr bura. Bu dəqiqə polisi yığaram bura: Vicdansız. Kim olursan ee sən? Vicdansız” məzmunlu ifadələrlə onu təhqir etmişdir. Həmçinin A.Nəzərli “Tik-tok” sosial şəbəkədə özünəməxsus “AYDAW” adlı profil səhifəsində 12 yanvar 2026-cı il tarixdə “Etmir da xalam etmir. Qurban olum Allaha. Allah onun ürəyinə görə versin. Hər şeyi görən Allahdı. Yaşamırıq? Min şükür. Olsun da. Bəli, o, milyonçudu. Allah istəmir hele bir insanlar onun adını çəksin.” məzmunlu şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymışdır. Həmçinin A.Nəzərli “Tik-tok” sosial şəbəkədə özünəməxsus “AYDAW” adlı profil səhifəsində 12 yanvar 2026-cı il tarixdə “Mənim bəli xalam çox imkanlı qadındı. Hədsiz imkanlı qadındı. Milyonçudu Şüvəlanda, bunu etiraf eliyirəm. Heç vaxt da danmamışam. Amma xalam bir kərə də olsun, doğma bacısıdı da Arzu. Mənim xalam bir dəfə də maraqlanmadı. Sənin milyonun var. Kef eliyirsiz. Dükanın, arxada qullar, hamballar saxlayırsız. Altınızda milyonunuz var. Sən xala, sənə xala deməyə dilim də gəlmir. Özgələr mənə xalalıq elədi. Mənim doğmaca xalam, anam onun qapısında qul olub. Evini yığıb yığışdırıb onun. Uşaqlarına baxıb onun, burnundan gəlsin. Övladları balaca olanda anam onun uşaqlarına baxıb. Anam onun qapısında kölə olub e, kölə olub. Anam xalamdan 10 yaş balacadı. O, Məleykənin qapısında anam qul olub. Qızlarını anam böyüdüb. Amma bu gün mənim anamla maraqlanmır. Günü bu gün mən pis ola bilərəm. Amma o sənin bacındı. O, sənin balalarını böyüdüb. Şüvəlanda o boyda milyonu var. Şüvəlanda qalanlar getsin maraqlansın. Milyonçudu bu insanlar. O boyda imkanın içində ömrüboyu ağlayıb o qadın. Mənim anam bacısının qapısında qul olub, hambal olub ”. Eyni məzmunlu ifadələri təkrar- təkrar ifadə etməklə şərəf və ləyaqətini ləkələyən məlumatlar yayaraq onu təhqir etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət olunan A.Nəzərlinin onun barəsində həqiqətə uyğun olmayan, böhtan və təhqirləri nəticəsində güclü dərəcədə fiziki iztirab və mənəvi sarsıntı keçirtmişdir. Nəticədə onun üzərinə dəfələrlə təcili yardım çağırılmış və dəfələrlə müxtəlif tibb müəssisələrinə müraciət etməli olmuşdur. Belə ki, 08 yanvar 2026-cı il və 28 yanvar 2026-cı il tarixlərdə Respublika Təcili və X3 Mərkəzi “PHŞ”-nin ünvan 1 ünvanda təcili tibbi yardım göstərilmişdir. Həmçinin keçirdiyi fiziki iztirab və mənəvi sarsıntı nəticəsində səhhətində yaranmış problemlə əlqədar 08 yanvar 2026-cı il tarixdə X10 müraciət etmiş və rəngli dopler exokardioqrafiya müayinəsindən və müxtəlif müayinələrdən keçmişdir. Həmçinin keçirdiyi fiziki iztirab və mənəvi sarsıntı nəticəsində səhhətində yaranmış problemlə əlaqədar 09 yanvar 2026-cı il və xx.xx.2026-cı il tarixlərdə X10 müraciət etmişdir. 16 yanvar 2026-cı il tarixdə “Rp: Cardifon, Rp: Benokard, Rp: Karuent, Rp: Unimik” dərmanları qəbul etməyinə dair ona tövsiyə vərəqəsi verilmiş, hazırda da müalicə olunmaqda davam edir. A.Nəzərli “Tik-tok” sosial şəbəkəsində “‘AYDAW” adlı profildə yayılmış nalayiq söyüşləri, onu tanıyan çoxsaylı şəxlər də, habelə qohumlar da eşitmişlər və ona çoxsaylı zənglər edərək söyülən həmin söyüşləri eşitdiklərini bildirmişlər. Beləliklə, A.Nəzərlinin onun barəsində yaydığı böhtan və təhqirlər qeyri-müəyyən şəxslər dairəsini əhatə etmişdir. Beləliklə, A.Nəzərlinin onun şərəf və ləyaqətini nalayiq formada alçaldaraq onun barəsində ifadə etdiyi fikirlər olmaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi ilə ifadə olunmuşdur. A.Nəzərli həmin hərəkətləri mütəmadi olaraq davam etdirmişdir. 69 yaşı var, qəsəbədə yaşayır, onu və ailə üzvlərini çoxsaylı sakinlər tanıyırlar. Himayəsində yeniyetmə nəvəsi vardır. Həmçinin ailə başçısıdır, qudası və kürəkəni vardır. Cəmiyyətdə (qohum-qonşular, el arasında və onu tanıyanlar arasında) sakit və tərbiyəli şəxs kimi hörmətə malikdir. Göründüyü kimi, Aydan Nəzərlinin onun barəsində yaydığı və onun şərəf və ləyaqətini ləkələyən məlumatlar (“Tiktok” sosial şəbəkəsində “AYDAW” adlı profildə yayılması) əhatə etmə dairəsinə görə sakinlər arasında, qohumlar, tanışlar arasında yayılmaqla çoxsaylı şəxslər dairəsini əhatə etmişdir. X8 “Tik-tok” sosial şəbəkəsində “AYDAW” adlı profildə onun barəsində ifadə eydiyi “Mənim bəli xalam çox imkanlı qadındı. Hədsiz imkanlı qadındı. Milyonçudu Şüvəlanda, Dükanın, arxada qullar, hamballar saxlayırsız. Altınızda milyonunuz var. Anam onun qapısında qul olub. Evini yığıb-yığışdırıb onun. Uşaqlarına baxıb onun, burnundan gəlsin. Övladları balaca olanda anam onun uşaqlarına baxıb. Anam onun qapısında kölə olub e, kölə olub. Şüvəlanda o boyda milyonu var. Şüvəlanda qalanlar getsin maraqlansın. Milyonçuda bu insanlar. O boyda imkanın içində ömrüboyu ağlayıb o qadın. Mənim anam bacısının qapısında qul olub, hambal olub” və sair ifadə etdiyi fikirlər yalan olduğunu biləbilə barəsində həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarətdir. Həmin fikirləri yaymaqla ona qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Həmçinin “ağzuva ... bacı? Sənnən dalaşıb neynəmişəm? Ağzua ..., neynəmişəm bacı? Ağzuva ...sa, de bacı ağzuva... başua dönüm. Dolub ağzın ay bacı, get yaxala gələrsən. Gic qızı gic”, “ Qələt eliyər durub gələr bura. Bu dəqiqə polisi yığaram bura. Vicdansız. Kim olursan ee sən? Vicdansız ” və sair ifadələr şərəf və ləyaqətini ləkələyən fikirlər isə onun barəsində əxlaqi prinsiplər, cəmiyyət və ayrıayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradılmasına doğru yönəldilmiş fikirlərdir. Bununla da ona qarşı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Göstərilənlərə əsasən məhkəmədən X4 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X1 nümayəndəsi Müdafiəçi1 şikayətin məzmununa uyğun izahat verərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 izahat verərək bildirmişdir ki, “Tik-tok” sosial şəbəkəsində “AYDAW” adlı profil səhifəsi ona məxsusdur. Şikayətdə göstərilənlərlə razı deyil, çünki, o heç kimi təhqir etməmişdir. Anası çox ağır vəziyyətdə reanimasiyada olanda canlı açmış, insanlardan kömək istəmişdir. İnsanlar ona sual vermişlər ki, “ Aydan, sənin bir qohumun, bir yaxının yoxdurmu?”. O da sadəcə verilən suala cavab olaraq demişdir ki, “xalam var, mənim anam xalama pis olmayıb, hər zaman onu böyük bilib, onun anama kömək etməsini istərdim.” Təhqir etmək məqsədi olmamışdır. Şüvəlanda yaşayan xalası olduğunu, anasının ağır vəziyyətində ona heç bir köməklik göstərməməsini bildirmişdir. Lakin o xalasının adını, soyadını, atasının adını çəkməmişdir. Hər hansı səviyyədə təhqiredici bir söz işlətməmişdir. Onun işlətdiyi “ağzuva ... bacı? ....” sözlərinin ümumiyyətlə xalasına aidiyyəti yoxdur. Onun məqsədi xalasını təhqir etmək olmamışdır, demişdir ki, “mən gözümü açıb xalamı görmüşəm, xalam kömək edə bilərdi. Ən azından maraqlana bilərdi”. X9 barəsində böhtan və təhqir xarakterli ifadələr işlətməmiş, ümumiyyətlə ad çəkməmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Müdafiəçi2 bildirmişdir ki, X8 tərəfindən böhtan və təhqir xarakterli ifadələr işlədilməmişdir. Məhkəmədən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi məsələsini yoxlayaraq qeyd edir ki, sübut qismində təqdim olunan səs yazılarından, fotoşəkillərdən şikayətdə göstərilən hərəkətlərin hansı tarixdə və ya tarixlərdə törədildiyi müəyyən deyildir. Xüsusi ittiham qaydasında şikayətin nəticə hissəsində X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, təqsirli bilindiyi halda həmin şəxsə hər bir maddə üzrə cəzanın növünü və həddini, eləcə də Cinayət Məcəlləsinin cinayətlərin məcmusu üzrə cəzanın təyin olunmasını müəyyən edən 66-cı maddəsinin tələbləri qaydasında qəti cəzanın növünü və həddini göstərməmiş, xahiş etməmiş, şikayətin verildiyi yer göstərilməmişdir. X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 əməlində cinayət əlamətləri yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından, şikayət əsassız olduğundan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 110 manat (10x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 110 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar