Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-107/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş Idarəsindən daxil olmuş Murmansk vilayətinin Kirovsk Şəhər Məhkəməsinin qətnaməsinin dövlət rüsumunun tutulması hissəsində Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair verilmiş vəsatət üzrə QƏRARDADİ (Açar sözlər: xarici məhkəmələrin qərarının tanınması və məcburi icrası, Azərbaycan məhkəmələrinin müstəsna aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərli Aminə Əliəsgər qızının katibliyi ilə, Rusiya Federasiyasının Murmansk vilayətinin Kirovsk Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin dövlət rüsumunun tutulması hissəsinin Azərbaycan Respublikası ərazisində tanınması və icrası barədə həmin Məhkəmənin sədri v.i.e.-nin vəsatətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları:
1. Rusiya Federasiyasının Murmansk vilayətinin Kirovsk Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin dövlət rüsumunun tutulması hissəsinin Azərbaycan Respublikası ərazisində tanınması və icrası barədə həmin Məhkəmənin sədri v.i.e.-ni tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə vəsatət verilmişdir.
2. Vəsatətə əlavə edilmiş sənədlərdən görünür ki, Murmansk vilayətinin Kirovsk Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ## #### 1990-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Barəsində məhkəmə tapşırığı verilən şəxs ## ######## 2013-cü il tarixdə Murmansk vilayətinin Kirovsk şəhərində anadan olmuş X1 münasibətdə valideynlik hüquqlarından məhrum olunması, həmçinin Barəsində məhkəmə tapşırığı verilən şəxs 3000 (üç min) rubl məbləğində dövlət rüsumunun yerli büdcəyə tutulması qət edilmişdir.
3. Iş materiallarına əlavə olunmuş Murmansk vilayətinin Kirovsk Şəhər Məhkəməsinin arayışlarına əsasən qeyd olunan qətnamə ## ###### 2026-cı il tarixdə qanuni qüvvəyə minmiş, dövlət rüsumunun tutulması hissəsində icra edilməmişdir.
Vəsatətə qarşı etirazın dəlilləri və proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 447-ci maddəsinə görə şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun. 458.1-ci maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 458.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 465.1.1-ci maddəsinə əsasən işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə, məhkəmənin qətnaməsinin məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir. 467.3-cü maddəsinə əsasən ərizəyə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və icra etməkdən imtina etdikdə bu Məcəllənin 465-ci maddəsi ilə nəzərdə tutulan əsasların olub-olmamasını yoxlayır.
6. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 59-cu maddəsinin “d” bəndinə görə bu Konvensiyanın müddəalarına əsasən və ya ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin Konvensiyada nəzərdə tutulmayan hallarda iş müstəsna hal kimi onun ədliyyə müəssisəsinə aiddirsə bu Konvensiyanın 54-cü maddəsində nəzərdə tutulan qərarların tanınmasından və icrasından imtina edilə bilər.
Məhkəmənin mövqeyi:
7. Məruzəçini dinləyib, vəsatətdə qoyulan dəlilləri araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, vəsatətin təmin olunmasından imtina edilməlidir.
8. Belə ki, tanınması və icrası xahiş edilən qətnamədə cavabdeh Barəsində məhkəmə tapşırığı verilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
9. Həmçinin müəyyən edilir ki, Barəsində məhkəmə tapşırığı verilən şəxs övladına münasibətdə valideynlik hüquqlarından məhrum edilmişdir. Yəni, qətnamə valideynlərlə uşaqlar arasında olan münasibətlərlə əlaqədardır.
10. Bu da, baxılan işin Azərbaycan Respublikasının müstəsna səlahiyyətinə aid olduğunu göstərir.
11. Odur ki, qeyd edilən qətnamə Mülki Prosessual Məcəllənin 447, 465.1.1-ci və Kişinyov Konvensiyasının 59-cu maddələrinə görə Azərbaycan Respublikası ərazisində tanına və icra edilə bilməz.
12. O da qeyd edilməlidir ki, vəsatətdə qətnamənin yalnız dövlət rüsumunun tutulması hissəsinin tanınması və məcburi icrası xahiş edilsə də, qətnamə ilə baxılan iş özü Azərbaycan Respublikasının müstəsna səlahiyyətinə aid olduğu üçün, onun hissəvi (dövlət rüsumunun tutulması hissəsində) tanınması da istisna edilir.
13. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Rusiya Federasiyasının Murmansk vilayətinin Kirovsk Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin dövlət rüsumunun tutulması hissəsində Azərbaycan Respublikasında tanınması və icrasına dair vəsatəti təmin olunmamalı və həmin qətnamənin Azərbaycan Respublikası ərazisində tanınması və icrasından imtina edilməlidir.
14. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 464, 465 və 467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Rusiya Federasiyasının Murmansk vilayətinin Kirovsk Şəhər Məhkəməsinin sədri v.i.e.-ni tərəfindən verilmiş vəsatət təmin edilməsin. Rusiya Federasiyasının Murmansk vilayətinin Kirovsk Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması və icrasından imtina edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.