Məhkəmə qərarları › İş №10-2(1-8)-3/2026

Ali Məhkəmə Qərardad — İş №10-2(1-8)-3/2026

12.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10-2(1-8)-3/2026 12.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Belarus Respublikasının Minsk şəhərin Iqtisad Məhkəməsinin 2025-ci il # ###### tarixli ***EIP***** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icrasına dair verilmiş ərizə üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə qətnaməsinin tanınması və məcburi icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə ərizəçilər maraqlı şəxs1 Minsk şəhəri üzrə Müfəttişliyi və X2 X1 Cəmiyyətinin borclu “xxxx” MMC-dən pul vəsaitlərinin tutulması barədə Belarus Respublikasının Minsk şəhərin Iqtisad Məhkəməsinin 2025-ci il # ###### tarixli ***EIP***** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizəçilər tərəfindən verilmiş ərizələrə açıq məhkəmə iclasında baxılmışdır. Müəyyən etdi: Işin halları

1. Ərizəçi maraqlı şəxs1 Minsk şəhəri üzrə Müfəttişliyinin Belarus Respublikasının Minsk şəhərin Iqtisad Məhkəməsinin “xxxx” MMC-dən 306,86 avro pul vəsaitlərinin Belarus Respublikasının dövlət büdcəsinə tutulması barədə 2025-ci il # ###### tarixli ***EIP***** nömrəli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

2. Həmçinin, “X2 Birjası” ASC-nin də Belarus Respublikasının Minsk şəhərin Iqtisad Məhkəməsinin “xxxx” MMC-dən 231.88 avro məbləğində pul vəsaitlərinin onların xeyrinə tutulması ilə bağlı 2025-ci il # ###### tarixli ***EIP***** nömrəli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

3. Təqdim olunmuş sənədlərdən görünür ki, Belarus Respublikasının Minsk şəhərinin Iqtisad Məhkəməsinin 2025-ci il # ###### tarixli ***EIP***** nömrəli qətnaməsi ilə “xxxx” MMC-dən “X2 Birjası” ASC-nin xeyrinə 231,88 avro əsas borcun və qərarın qəbul edildiyi tarixdə Belarus Respublikası Milli Bankının məzənnəsi ilə 306,86 avro təşkil edən 1050,00 Belarus rublu məbləğində dövlət rüsumunun tutulması qərara alınmışdır.

4. Ərizələrə əlavə olunmuş arayışlardan görünür ki, qətnamə 2025-ci il ## ###### tarixdə qüvvəyə minmiş, lakin Belarus Respublikası ərazisində icra olunmamışdır.

5. Həmçinin, Şirvan Kommersiya Məhkəməsinin “məhkəmə tapşırığı”nın icrası ilə bağlı qəbul etdiyi 2025-ci il ## #### tarixli 10-2(121)-2/2025 tarixli qərardadından görünür ki, məhkəmə tapşırığı icra olunmuş və cavabdehin nümayəndəsi məhkəməyə çağırılaraq müvafiq məhkəmə sənədləri ona təqdim olunmuşdur.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 458. Xarici məhkəmələrin qətnamələrinin tanınması və icra edilməsi 458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 458.3. Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.” “Maddə 462. Xarici dövlətlərin məhkəmə qətnamələrinin tanınması və icrası Xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

Maddə 464. Xarici dövlətlərin məhkəmə qətnamələrinin tanınması və icrası barədə ərizələrə baxan məhkəmə Xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

Maddə 465. Xarici dövlətlərin məhkəmələrinin qətnamələrini tanımaqdan və məcburi qaydada icra etməkdən imtina edilməsi 465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir: 465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə; 465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa; 465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa; 465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə; 465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə; 465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin tanınması və məcburi icrası barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin tanınması və məcburi icrası barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.

Ali Məhkəmənin mövqeyi:

7. Məhkəmə kollegiyası hesab edir ki, ərizələr təmin edilməlidir.

8. Belə ki, MPM-in 458.1-ci maddəsinə əsasən, xarici məhkəmə qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda tanınır və icra edilir.

9. Azərbaycan Respublikası həmçinin ## ###### 2002-ci il tarixli Qanunla 1992-ci il ## #### tarixində imzalanmış “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” MDB çərçivəsində bağlanmış Sazişə qoşulmuşdur.

10. Həmin Sazişin 7-ci maddəsinə əsasən, MDB iştirakçı-dövlətlərinin səlahiyyətli məhkəmələrinin hüquqi qüvvəyə minmiş qərarları qarşılıqlı tanınmalı və digər iştirakçıdövlətlərin ərazisində icra olunmalıdır. 8-ci maddəyə əsasən, belə qərarların icrası maraqlı tərəfin vəsatəti əsasında, müvafiq sənədlər əlavə edilməklə həyata keçirilir. 9-cu maddədə isə tanınmadan və icradan imtina üçün əsasların siyahısı göstərilmişdir.

11. Hazırkı iş üzrə ərizələrə lazımi sənədlər əlavə edilmişdir. Belə ki, ərizələrə əlavə olunmuş sənədlər sırasında məhkəmə qərarının təsdiq olunmuş surəti, hüquqi qüvvəyə minməsi barədə arayış və cavabdehə işə baxılması barədə bildirişin verilməsi barədə məhkəmə qərardadı mövcuddur. Tanınması və icraya yönəldilməsi xahiş olunan qərar Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq qaydalarına zidd deyil, dövlətin suverenliyini və ictimai qaydanı pozmur.

12. Beləliklə müəyyən olunur ki, MPM-in 465-ci maddəsində nəzərdə tutulmuş tanımadan və icradan imtina üçün əsaslar bu iş üzrə mövcud deyildir. Ona görə də, təqdim edilmiş ərizələrin təmin olunması və Belarus Respublikasının Minsk şəhərin Iqtisad Məhkəməsinin 2025-ci il # ###### tarixli ***EIP***** nömrəli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icraya yönəldilməsi üçün hüquqi əsaslar mövcuddur.

13. Göstərilənlərə əsasən və MPM-in 458, 462-ci maddələrini rəhbər tutmaqla məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizələr təmin edilsin. Belarus Respublikasının Minsk şəhərin Iqtisad Məhkəməsinin 2025-ci il # ###### tarixli ***EIP***** nömrəli qətnaməsi Azərbaycan Respublikası ərazisində tanınsın və icraya yönəldilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar