Məhkəmə qərarları › İş №15(1-8)-104/2026

Ali Məhkəmə Qərardad — İş №15(1-8)-104/2026

19.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(1-8)-104/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Ərizəçi Ərizəçi cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqindən imtina, ilkin təcili tənzimləmənin zəruriliyinin müəyyən olunmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsinə qarşı “müvəqqəti xarakterli təminat tədbirinin tətbiqi” barədə ərizəsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş Idarəsinə (hazırda Bakı şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsinin ##.##.2023-cü il tarixli, **************** saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” və Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir (iddia dəqiqləşdirlmişdir).

2. Bakı Inzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

3. Həmin qərardan narazı qalan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş Idarəsinin (hazırda Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsi) və cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Apellyasiya şikayətləri mümkün sayılaraq iş apellyasiya baxışına təyin edilmişdir.

5. ##.##.2025-ci il tarixdə "Elektron Məhkəmə" sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən ərizə verilərək, əsas işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmamışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-*/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Daha sonra “Elektron Məhkəmə" sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən ərizə verilərək, əsas işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, müvəqqəti xarakterli təminat tədbirlərinin tətbiqinin zəruriliyi ilə bağlı qeyd edirik ki, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçiyə məxsus bank hesablarına sərəncamlar qoyulması və qərarın icra edilməsi nəticəsində mövcud vəziyyət dəyişəcəkdir. Yəni ərizəçinin iddia tələbi təmin ediləcəyi təqdirdə onun dövlət büdcəsinə artıq ödəməsi yaranacaqdır ki, belə olan halda da ərizəçinin hüquqlarının qorunması əhəmiyyətli ziyanla nəticələnə bilər. Həmçinin məhkəmənin nəzərinizə çatdırmaq istərdik ki, iddiaçıya ##.##.2026-cı il tarixdə “Əmlakın siyahıya alınması haqqında” *********** nömrəli protokol təqdim edilmiş və ona məxsus, təxminən 35.000 manat dəyərində olan “Toyota Camry” markalı, **UU*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi vergi orqanı tərəfindən siyahıya alınmışdır. Bildiririk ki, iddiaçı Ərizəçi hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində çalışır. Sözügedən avtonəqliyyat vasitəsi onun gündəlik olaraq iş yerinə gedib-gəlməsi üçün əsas nəqliyyat vasitəsi olmaqla yanaşı, ailəsinin gündəlik ehtiyaclarının təmin edilməsində və dolanışığının təşkilində mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin nəqliyyat vasitəsinin siyahıya alınması iddiaçının əmək fəaliyyətinə və ailəsinin maddi rifahına ciddi çətinliklər yaradır. Onu da qeyd edək ki, inzibati orqan nəzərə almalıdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə olan hüququmuz mövcud olduğu təqdirdə məhkəmə tərəfindən təmin edilməsi vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasını istisna edən hal qismində, eləcə də vergi orqanlarının səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilməməlidir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin müddəti ən gec əsas iddia üzrə qərarın qüvvəyə minmə müddəti ilə məhdudlaşır və əsas iddianın uğursuz olduğu hər bir halda iddiaçı tərəfindən vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş müvafiq səlahiyyətlərindən istifadə edə bilər. Əgər vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısını almaqdan və bunun üzərindən azad və əlverişli sahibkarlıq mühitinin təşəkkül tapmasını təmin etməkdən ibarətdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (F.İ.Mədətli (məruzəçi), A.P.Oruczadə və E.Ə.Əliyev) ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir.

11. Apellyasiya instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, hazırki şəraitdə ilkin təcili tənzimləmənin zəruriliyi mövcud olmadığından ərizə rədd edilməlidir.

12. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** saylı qərardadının ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

14. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

15. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarının 4.1-1-ci bəndinə əsasən, inzibati aktın icrasının dayandırılması üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Qeyd olunanlar Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 43.1.1-ci və 41.2-ci maddələrinin tələblərindən irəli gəlir. Nəzərə alınmalıdır ki, ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Həmin Plenum qərarının 4.1-2-ci bəndinə əsasən, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Plenum qərarının 4.2-ci bəndinə əsasən, əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir (Bununla bağlı həmçinin bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərarı və ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı).

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, **(*-*)- **/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar