Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 15(1-8)-105/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilmənin qadağan edilməsi” haqqında müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, 15(3-6) **/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çagırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Təhsil və Elm Nazirliyinin S.Kuznets adına Xarkov Milli Iqtisad Universitetinin Menecment ixtisası üzrə əyani təhsilinin başa vurulmasına, ##.##.2027-ci ilədək müddətli həqiqi hərbi xidmətdən ona möhlət verilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon Idarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yekun məhkəmə aktının qəbul olunmasına kimi onun hərbi xidmətə çağırılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Ukrayna Təhsil və Elm Nazirliyinin S.Kuznets adına Xarkov Milli Iqtisad Universitetinin “Menecment” ixtisası üzrə əyani təhsilinin başa vurulmasına, ##.##.2027-ci ilədək müddətli həqiqi hərbi xidmətdən ona möhlət verilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon Idarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbini 1997-ci ildə Bakı şəhərində anadan olmağı, orta məktəb təhsilimi başa vurduqdan sonra 2015-ci ildə Azərbaycan Memarlıq və Inşaat Universitetinə qəbul olunub, 2019-cu ildə həmin Universitetinin bakalavr səviyyəsini müvəffəqiyyətlə bitirib, “neftqaz qurğuları mühəndisliyi” ixtisasına yiyələnməyi, 2019-cu ildə Azərbaycan Memarlıq və Inşaat Universitetinin magistratura fakültəsinə qəbul olunub, ##.##.2021-ci ildə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub, “Neft-qaz qurğuları mühəndisliyi Dəniz hidrotexniki qurğuların tikintisi” ixtisası üzrə magistr ixtisasına yiyələnməyi, 2023-cü ildə Ukrayna Təhsil və Elm Nazirliyinin S.Kuznets adına Xarkov Milli Iqtisad Universitetinin “Menecment” ixtisası üzrə əyani qəbul olunmağı, hazırda həmin Universitetin 3-cü kursunda əyani təhsilini davam etdirməyi, təhsilinin ##.##.2027-ci ildə başa vurulmasının nəzərdə tutulması ilə əsaslandırmışdır. Iddia ərizəsində göstərmişdir ki, ötən təhsil müddətlərində hazırkı iş üzrə cavabdeh tərəfindən bir neçə dəfə ona müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Mygov.az informasiya sisteminə cavabdeh tərəfindən sonuncu yerləşdirilmiş informasiya məlumatına görə ona “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.5-ci maddəsinə əsasən hərbi xidmətdən ##.##.2027-ci il tarixədək möhlət verilmişdir. Bu kimi hallara baxmayaraq, ona müddətli həqiqi hərbi xidmətə aprel çağırışına cəlb olunmağı ilə bağlı ##.##.2026-cı il tarixə Nəsimi rayon Idarəsinə çağırılması barədə SMS bildirişi göndərilmişdir. Cavabdehin mövqeyinə görə əyani təhsilini hazırda distant təhsil formasında davam etdirməyi səbəbindən müddətli həqiqi hərbi xidmətə cəlb olunmalıdır. Əyani təhsili ilə bağlı müddətli həqiqi hərbi xidmətdən ona növbəti möhlət verilməsi barədə valideyninin müraciəti cavabdeh tərəfindən ## #### 2026-cı il tarixli, *-**-**/*-Q-**/****/C-**** nömrəli məktubu ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon Idarəsinin ona müddətli həqiqi hərbi xidmətdən möhlət verilməsindən imtina olunması barədə hərəkətini qanunsuz hesab edir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.7ci (21.1.5) maddəsində əyani təhsil formasında ali təhsil pilləsinin doktorantura səviyyəsində təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmələri nəzərdə tutulmuşdur. Həmin normativ aktlara görə xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını çağırışa hazırlıq dövründə öyrənilmə zamanı SHXÇDX-nin şöbələrinə şəxsən təqdim etdikləri halda barələrində müvafiq qərar qəbul edilir. Həmin normativ aktların faktiki təhsil alan doktorantlara şamil edilməsi və onlara 4 il müddətinə müvafiq möhlət verilməsi vurğulanmışdır. Göründüyü kimi, tələb olunan sənədlər cavabdehə təqdim olunmasına baxmayaraq, iddiaçıya müvafiq möhlət verilməsindən əsassız olaraq imtina olunmuşdur. Cavabdehin bu qanunsuz hərəkəti ilə konstitusion təhsil və elmi yaradıcılıq hüquqları kobud surətdə pozulmuş olur. Ona görə məsələni məhkəmə müstəvisində mübahisələndirmək məcburiyyətindədir. Hesab edir ki, məhkəmə araşdırmasının nəticəsini gözləmədən cavabdeh onun məcburi surətdə müddətli həqiqi hərbi xidmət üzrə çağırışa cəlb olunmağında təşəbbüskar və israrlı ola, buna nail ola bilər. Bu kimi hal isə, göstərdiyi kimi, onun konstitusion hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnə bilər, hazırda üzərində çalışdığı və yekunlaşdırmaqda olduğu elmi iş digər müəllif tərəfindən tətbiq oluna bilər, məhkəməyə təqdim edə biləcəyi, neft sənayesinə aid elmi əsərinin, kitabının nəşr olunmasına, eləcə də layihələrinin icrasına mane ola bilər, bir sıra məhdudiyyətlər yarada bilər və s. Ona görə cavabdehə qarşı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırkı vəziyyətdə məcburi surətdə cavabdeh tərəfindən çağırışa cəlb edilməyi hüquqlarının qorunmasını mümkünsüz edəcəkdir.
4. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsinə qarşı “hərbi xidmətə möhlət verilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul olunana kimi Ərizəçi hərbi xidmətə çağırışa cəlb edilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsinə qadağan edilmişdir (hakim Bəhlul Cəlalov).
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin hallarına əsasən iddiaçı çağırış yaşına çatdıqdan sonra Xidmətin qeydiyyatda olduğu Nəsimi rayon idarəsi tərəfindən 2015-ci ilin iyul çağırışına cəlb edilmiş, Azərbaycan Memarlıq və Inşaat Universitetində ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil aldığına görə ##.##.2019-cu il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Ali təhsil pilləsinin bakalavriat səviyyəsini bitirdikdən sonra həmin təhsil müəssisəsində ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə təhsilini davam etdirdiyi üçün iddiaçıya ##.##.2021-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Iddiaçıya möhlət hüququ bitdikdən sonra çağırışa cəlb olunmuş, tibbi müayinədən sonra ona sağlamlıq vəziyyəti ilə əlaqədar ##.##.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Iddiaçı möhlət hüququ bitdikdən sonra Xidmətin Nəsimi rayon idarəsi tərəfindən hərbi xidmətə çağırışa cəlb olunmuş, rayon çağırış komissiyasına, Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli Iqtisad Universitetinin aspirantura pilləsində əyani formada təhsil alması barədə arayış təqdim edilmiş, bundan sonra ona həmin arayış əsasında təhsil alması ilə əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi ilə ##.##.2027-ci il tarixədək hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Cavabdehin mövqeyinə əsasən iddiaçının Semyon Kuznes adına Xarkov Milli Iqtisad Universitetində əyani formada deyil, onlayn formada təhsil aldığı müəyyən edilmişdir ki, bu təhsil forması da onun hərbi xidmətə çağırışdan möhlət hüququnun olmasına heç bir əsas vermir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın uğurluluğu işdə olan sənədlərlə müəyyən edilir. Belə ki, baxılan işdə iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı Ərizəçi 2023-cü ildə Semyon Kuznets adına Xarkov Milli Iqtisad Universitetinə (IV-cü akkreditasiya dərəcəli) daxil olmuş və hal-hazırda üçüncü (elmi-təhsil) ali təhsil dərəcəsi, "Menecment" təhsil proqramı, 073 "Menecment" ixtisası üzrə fəlsəfə doktorlarının hazırlığı proqramının əyani ali təhsil formasının 3-cü kursunda təhsil alır. Təhsil müəssisəsini bitirəcəyi tarix ##.##.2027-ci il Bu barədə Universitetin Apostil (Haaqqa Kovensiyası üzrə) və notariat qaydada təsdiqlənmiş ##.##.2026-cı il tarixli arayış mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının doktorantura səviyyəsi üzrə əyani formada təhsil alması işdə olan sübutlarla təsdiq olunur. Təhsilalma müddətində obyektiv səbəblərdən dərslərin müvəqqəti distant yəni məsafədən tədris olunması istisna olunmur. Lakin bu hal özlüyündə təhsilalma formasının dəyişilməsi anlamına gəlmir. Məhkəmə qeyd edir ki, iddiaçının hal-hazırda doktorantura səviyyəsi üzrə əyani ali təhsil formasında təhsil aldığından, bu müddətdə dərslərin distant (məsafədən) tədris olunmasının təhsilalma formasının dəyişilməsinə səbəb olmadığından, iddiaçı çağırışa möhlət hüququnu itirmiş hesab oluna bilməz. Göründüyü kimi, iddia uğurlu iddiadır.
6. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını, ərizənin təmin olunmamasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə Bakı Inzibati Məhkəməsinin ## ##### 2026 -ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (Aytən Oruczadə sədrliyi və məruzəsi ilə, Elvin Əliyev və Fərid Mədətli)
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mövcud hüquqi vəziyyətinin dəyişdirilməsi və ona verilmiş möhlətin faktiki olaraq qüvvəsizləşdirilməsi inzibati akt qəbul edilmədən həyata keçirilə bilməz və iddia üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iddiaçının hərbi xidmətə çağırılması sonradan aradan qaldırılması çətin olan nəticələrə səbəb ola bilər. Inzibati orqanın yalnız daxili mövqeyi və ya şifahi qənaəti şəxsin əvvəllər əldə etdiyi hüquqi vəziyyəti dəyişdirmək üçün yetərli hesab edilə bilməz. Cavabdehin istinad etdiyi hal, yəni iddiaçının onlayn formada təhsilini davam etdirməsi möhlətin avtomatik dayandırılması üçün hüquqi əsas hesab edilə bilməz. Çünki, yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə əyani formada doktorantura təhsili alan şəxsin bu və ya digər səbəbdən təhsil aldığı ölkəyə gedə bilməməsi və bu müddət ərzində onlayn formada (məsafədən) təhsilini davam etdirməsi möhlət hüququnun itirilməsinə səbəb olması barədə imperativ norma nəzərdə tutulmamışdır. Əks yanaşma hüquqi müəyyənlik prinsipinin pozulmasına və inzibati orqanın qanunda nəzərdə tutulmayan əsaslarla şəxsin hüquqi vəziyyətinə müdaxilə etməsinə gətirib çıxarardı. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, inzibati orqan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran nəticələr yaratdıqda bunu yalnız əsaslandırılmış inzibati akt vasitəsilə həyata keçirə bilər və belə akt olmadan şəxsin mövcud hüquqi statusunun dəyişdirilməsi yolverilməzdir. Ali Məhkəmə həmçinin qeyd etmişdir ki, müvəqqəti müdafiə tədbirinin məqsədi mübahisə mahiyyəti üzrə həll edilənədək şəxsin hüquqlarının formal deyil, real və effektiv müdafiəsini təmin etməkdir.
9. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun (bundan sonra - Qanun) 3.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Beləliklə, müddətli həqiqi hərbi xidmət keçmək, həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən çağırışçı hesab olunan ilkin hərbi qeydiyyatına alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının vəzifəsidir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən bir qrup vətəndaşın ümumiyyətlə müddətli həqiqi hərbi xidmətə çağırma hüququ yoxdur, bu həm də yuxarıda qeyd olunan çağırışçıların hüququdur. Ərizəçi M.Qasımov çağırışçı kimi müvafiq qeydiyyatdan keçmiş, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlıdır və müddətli həqiqi hərbi xidmət keçməlidir.
11. Qanunun 21.1.7-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan çağırışçılara təhsili davam etdirmək üçün əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək çağırışa yalnız bir dəfə möhlət verilir. Möhlət hüququ çağırışçını xidmətdən azad etmir. Bunun üçün digər hüquqi əsaslar nəzərdə tutulub. Bu hüquq çağırışçını əyani təhsildə fasiləsizliyi təmin etməklə təhsilini uğurla tamamlama imkanı verir. Qiyabi və ya distant təhsildə fasiləsizlik təhsil formasının mahiyyətinə görə təmin olunmadığından onlarda xidmətə çağırışa möhlət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, apellyasiya məhkəməsinin qərarında göstərdiyi kimi müddətli həqiqi xidmətdən möhlət doktoranturada bütün təhsil alanlara deyil, yalnız əyani formada təhsil alanlara verilməlidir. Ərizəçinin təqdim etdiyi sənəddə təhsilin əyani formada aparıldığı göstərilsə də, həmin təhsil müəssisəsi qeyd olunan dövrdə və indiyə qədər əyani formada tədris aparmaq imkanında olmadığı mübahisəsizdir.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
12. Ərizəçi kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
13. Inzibati Prosessual Məcəllə Maddə 40. Müvəqqəti xarakterli müdafiə ... 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... Maddə 41. Inzibati aktın icrasının dayandırılması ... 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
14. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarı
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca iş üzrə qeyd olunmuş dəlilləri təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müvəqqəti xarakterli müdafiə tədbiri əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.
21. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, **(*-*)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.