Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 15(1-8)-115/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinə qarşı “iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair 2026-cı il # ### tarixli qərarın icrasının dayandırılması və cavabdehə hərbi xidmətə göndərilməsi ilə bağlı hər hansı icra hərəkətlərinin həyata keçirilməsinin qadağan edilməsi” dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “barəsində qəbul edilmiş 2026-cı il # ### tarixli “hərbi xidmətə yararlı” haqqında tibbi rəyin nəticəsinə uyğun olaraq qəbul edilmiş cavabdeh orqanın çağırış komissiyasının hərbi xidmətə yararlı hesab edilməsi barədə # ### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək, ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair 2026-cı il # ### tarixli qərarın icrasının dayandırılması və cavabdehə hərbi xidmətə göndərilməsi ilə bağlı hər hansı icra hərəkətlərinin həyata keçirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 3.Ərizə onunla əsaslandırılmışdır ki, onun tərəfindən cavabdehə qarşı barəsində qəbul edilmiş hərbi xidmətə yararlılıq və müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı qərarın (inzibati akt) ləğv edilməsi barədə iddia ərizəsi verilmişdir. Mübahisələndirilən qərar əsasında ərizəçinin 2026-cı il # #### tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilməsi nəzərdə tutulmuşdur. Iddia ərizəsindən və ona əlavə edilmiş tibbi sənədlərdən göründüyü kimi, 2024-cü il # ###### tarixdən 2026-cı il # ##### tarixədək keçirilmiş çoxsaylı tibbi müayinələrin nəticələrinə əsasən ərizəçi sağlamlıq vəziyyətinə görə “Ç” kateqoriyası üzrə müvəqqəti yararsız hesab edilmişdir. Buna baxmayaraq, sonradan qəbul edilmiş rəyə əsasən hərbi xidmətə yararlı hesab edilməsi barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati aktın icrası davam etdirilərsə və ərizəçi məhkəmə araşdırması başa çatmamış hərbi xidmətə göndərilərsə, sonradan iddianın təmin edilməsi barədə qəbul ediləcək məhkəmə qərarının icrası əhəmiyyətli dərəcədə çətinləşəcək və ya mümkünsüz olacaqdır. Bundan başqa, sağlamlıq vəziyyəti nəzərə alınmadan hərbi xidmətə göndərilməsi sağlamlığına ciddi zərər vurulması riskini yaradır. Belə nəticələr sonradan qəbul ediləcək məhkəmə qərarı ilə tam şəkildə aradan qaldırıla bilməz. Ona görə də hazırkı iş üzrə müvəqqəti hüquqi müdafiənin tətbiq edilməsi zəruridir. Hazırkı iş üzrə xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, ərizəçinin hərbi xidmətə yararlığının özü məhkəmə mübahisəsinin predmetidir. Yəni mübahisə məhz sağlamlıq vəziyyətinin hərbi xidmətə imkan verib-verməməsi ilə bağlıdır. Buna baxmayaraq, məhkəmə araşdırması başa çatmadan hərbi xidmətə göndərilməsi mübahisənin predmetinin faktiki olaraq əvvəlcədən həll edilməsi ilə nəticələnəcəkdir. Iş materialları göstərir ki, 2024-cü il # ######, 2025-ci il ## ######, 2025-ci il ## ######, 2025-ci il ## ######, 2025-ci il ## ########, 2025-ci il ## ######## və 2026-cı il # ##### tarixli tibbi müayinələrin hamısında ərizəçi “Ç” kateqoriyası üzrə sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsız hesab edilmişdir. Uzun müddət ərzində eyni tibbi nəticələrin mövcud olmasına baxmayaraq, sonradan qəbul edilmiş və əvvəlki rəylərlə ziddiyyət təşkil edən qərarın qanuniliyi hazırda məhkəmə araşdırmasının predmetidir. Belə şəraitdə mübahisələndirilən inzibati aktın icrasının davam etdirilməsi təkcə məhkəmə qərarının effektivliyini təhlükə altına qoymur, eyni zamanda sağlamlığına ciddi və bərpası mümkün olmayan zərər vurulması riskini yaradır. Qan və qanyaradıcı orqanların funksional vəziyyəti ilə bağlı tibbi problemlərin mövcudluğu nəzərə alınmadan hərbi xidmətə cəlb edilməsi sonradan kompensasiya edilməsi mümkün olmayan nəticələrə səbəb ola bilər.
4. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim K.Həbibova) ərizə təmin edilməmişdir. 5.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən hazırkı işlə bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi üçün kifayət qədər sübut təqdim edilməmişdir. Bundan əlavə, əsas iş üzrə ekspertizanın rəyinin, həmçinin cavabdeh orqanın iş üzrə münasibətinin və cavabdeh orqanın yekun qərarının iş materiallarında hazırda mövcud olmadığını da məhkəmə tərəfindən nəzərə alındığı halda, işin hazırkı mərhələsində iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, işin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Bu səbəbdən IPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. Prosesin iştirakçılarına məhkəmə iclası, sübutları təqdim etmək və onların tədqiqində iştirak etmək hüquqları barədə məlumat verilsə də, onlar tərəfindən münasibət bildirilməmiş və heç bir sübut təqdim edilməmişdir. Iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. 6.Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: G.Cabbarova /sədrlik edən və məruzəçi/, V.Əzizova və İ.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 9.Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:
10. Iddiaçı kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin əsas vəzifəsi yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaq deyil, həmin məhkəmənin iş üzrə yol verdiyi hüquqi və prosessual səhvləri aradan qaldırmaq, apellyasiya şikayətinin bütün dəlillərini hərtərəfli yoxlamaq və iş üzrə müstəqil hüquqi qiymətləndirmə aparmaqdan ibarət olmuşdur. Lakin hazırkı iş üzrə qəbul edilmiş qərardad göstərir ki, Sumqayıt Apellyasiya Məhkəməsi bu funksiyanı lazımi qaydada həyata keçirməmiş, əksinə, birinci instansiya məhkəməsinin yol verdiyi hüquqi çatışmazlıqları aradan qaldırmaq əvəzinə onları təkrarlamış və bununla da iş üzrə həlledici əhəmiyyət kəsb edən faktiki halların məhkəmə araşdırmasından kənarda qalmasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisənin mahiyyəti yalnız təmsil etdiyim şəxsin hərbi xidmətə yararlı olub-olmaması ilə məhdudlaşmır. Işin mərkəzində dövlət hakimiyyətinin müxtəlif orqanları tərəfindən eyni şəxs barəsində qəbul edilmiş bir-birini istisna edən tibbi-hüquqi nəticələrin mövcudluğu dayanır. Məhz bu fundamental ziddiyyət inzibati iddianın və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsasını təşkil etdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin məsələyə hüquqi qiymət verməmiş, apellyasiya şikayətində göstərilən əsas arqumentləri mahiyyəti üzrə cavablandırmamışdır. Iş materiallarından görünür ki, təmsil etdiyim şəxs ## ### 2026-cı il tarixli "hərbi xidmətə yararlıdır" qərarının qanuniliyini mübahisələndirmiş, eyni zamanda əsas iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək həmin qərarın icrasının dayandırılmasını və ## #### 2026-cı il tarixə nəzərdə tutulmuş hərbi xidmətə göndərilmənin qarşısının alınmasını xahiş etmişdir. Bu ərizənin hüquqi əsası ondan ibarət olmuşdur ki, mübahisələndirilən inzibati akt icra ediləcəyi təqdirdə sonradan qəbul ediləcək məhkəmə qərarının effektivliyi əhəmiyyətli dərəcədə zəifləyəcək, təmsil etdiyi şəxsin hüquqlarının əvvəlki vəziyyətə qaytarılması isə xeyli çətinləşəcəkdir. Iş materiallarından görünür ki, müxtəlif tarixlərdə aparılmış tibbi müayinələr zamanı təmsil etdiyim şəxs dəfələrlə "Ç" kateqoriyası üzrə, yəni hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsasən "Ç" kateqoriyası şəxsin sağlamlıq vəziyyətində mövcud olan müvəqqəti funksional pozğunluqların mövcudluğunu təsdiq edən hüquqi nəticədir və bu kateqoriya tətbiq edildiyi hallarda şəxsin müəyyən müddət ərzində hərbi xidmətə cəlb edilməməsi qanunvericiliyin tələbidir. Lakin hazırkı işdə məhkəmə həmin hüquqi nəticəni qiymətləndirməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
11.“Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədər ki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.2. Müəyyən hərəkətləri etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması zamanı o, ərizəçinin lehinə konkret aktiv hərəkətlər etməyə məcbur edilir. Konkret hərəkətlər etməkdən çəkinmək vəzifəsi müəyyən edilərkən cavabdehin mövcud vəziyyətə hər hansı qərar qəbul etmək və ya faktiki xarakterli hərəkətlər etmək vasitəsilə müdaxilə etməmək öhdəliyi təsbit olunur. Müəyyən hərəkətlərə dözmək dedikdə isə cavabdehin həttaqanunsuz hesab etdiyi halda belə, mövcud faktiki və ya hüquqi vəziyyətə dözməli olduğu başa düşülür.
12.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. Inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. ərizəçi məhkəməyə həmin Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
13.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 14.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 16.Belə ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 17.Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 18.Iddiaçı ##.##.2026-cı il təvəllüdlü olmaqla, cavabdeh tərəfindən iddiaçı barəsində hərbi xidmətə çağırış vərəqəsi göndərilmiş, ##.##.2026-cı il tarixdə hərbi xidmətə yola düşmək üçün müvafiq şöbəyə gəlməsi tələb edilmişdir. 19.Işin hallarına görə, mübahisə predmeti olan qərarın məzmununda xəstəliyin mətni kimi “Endokrin sisteminin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsinin pozulmaları:-d)zəif qidalanma, II dərəcəli alimentar piylənmə”, “Eutriod zob:- c)hərbi geyim formasını çətinləşdirməyən”, əsas kimi maddə 12 və 13, xəstəlik cədvəlinin qrafa bölməsindı İ qrafa, yararlılıq kateqoriyası bölməsində A-3, məhdudiyyət dərəcəsi 3-cü dərəcə qeyd edilmiş, habelə əsas olan həkim rəyinin məzmununda “boy 168 sm, bədən çəkisi 85 kq, BKI-30,1 D-z,”II dərəcəli piylənmə, Maddə 13, bənd d, kateqoriya A-3 uyğun olduğu” əks olunmuşdur. 20.Iddiaçı barəsində əvvəlki yoxlama dövründə qoyulmuş diaqnozlar “Qan və qan yaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları: -ç)qanın qeyri-sistem xəstəliklərindən sonrakı müvəqqəti funksional pozulmalar (Maddə 11Ç)”, “Yastıayaqlılıq və ayağın digər deformasiyaları: -ç)funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda (Maddə 61Ç)”, “Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: -e) İ dərəcəli alimentar piylənmə (Maddə 13E)”, “Dəmir defisitli anemiya (Maddə 11)”, “Qeyri-toksik çox duyunlu (Maddə 12)” ibarət olmuşdur. 21.Apellyasiya məhkəməsi hesab etmişdir ki, təminat tədbirinin tətbiq edilməsi üçün ərizəçinin sağlamlığı üçün real təhlükənin mövcudluğu və onun təxirəsalınmaz müdafiəyə ehtiyacının ilkin sübutlarla təsdiq olunması zəruridir. Bu halların mövcudluğunu sübut etmək vəzifəsi isə ərizəçinin üzərinə düşür. Lakin ərizəçi səhhəti ilə bağlı tibbi müayinələrin nəticələrini, müalicə sənədlərini, eləcə də ixtisaslaşmış həkim tərəfindən verilmiş rəyi (o cümlədən USM, TSH analizləri və digər tibbi sənədləri) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən onun sağlamlıq vəziyyətinin müvafiq “Xəstəliklər cədvəli”ndə müəyyən edilmiş meyarlara cavab verib-vermədiyi təsdiq olunmamışdır. 22.Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onu da qeyd edir ki, məhkəmə icraatı zamanı ərizəçi tərəfindən yeganə sənəd kimi təqdim olunan ümumi qan analizinin nəticəsi tibbi sənəd olsa da, istinad olunan xəstəliyin mövcudluğunu və ya ona xas əlamətlərin müəyyən edildiyini təsdiqləmədiyindən, ərizədə göstərilən halların sübutu baxımından kifayət və mötəbər tibbi sənəd kimi qəbul edilə bilməz. 23.Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin verildiyi əsas iddia ilə bağlı inzibati iş yekunlaşmamış, həmin iş üzrə icraat dayandırılmışdır (*-*(*-*)-****/**** saylı inzibati iş). 24.Beləliklə, məhkəmə kollegiyası hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar hazırkı təminat tədbirinin görülməsi üçün tələb olunan hər iki şərtin — ilkin təcili tənzimlənmə (təxirəsalınmazlıq şərti) və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin ödənilmədiyinin əsası kimi çıxış edir və bu səbəbdən ərizənin əsaslılığının müəyyən edilməsinə imkan vermir. Buna görə də apelyasiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. 25.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 26.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.