Məhkəmə qərarları › İş №15(3-10)-47/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-47/2026

04.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-47/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “işə mahiyyəti üzrə baxılıb qurtaranadək ## #### 2026-cı il tarixli 3-21-2- */*-******/**** nömrəli qərarın icrasının dayandırılması, həmçinin hesablanmış vergilər üzrə borcun iddiaçının milli və ya xarici valyutada cari və ya digər bank hesablarından dövlət büdcəsinə alınması haqqında və eyni zamanda borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında sərəncamların verilməməsi” tələbi ilə verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Iş materiallarında olan “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## #### 2026-cı il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərardan görünür ki, 2025-ci il üzrə ərizəçi tərəfindən təqdim edilmiş bəyannamə üzrə (bəyan olunmuş illik gəlir – 6495620 manat) hesablanmış vergi məbləği 43077.7 manat təşkil edir. Kameral yoxlama nəticəsində (müəyyən olunmuş illik gəlir – 9420347.24 manat) müəyyən edilmiş vergi məbləği 628023.15 manat təşkil edir (əlavə hesablanmış vergi məbləği 584945.45 manat).

2. Ərizəçi cavabdeh orqanın qeyd edilən ## #### 2026-cı il tarixli, *-**-*-*/*- ******/**** nömrəli qərarından narazı qalmış və hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı cavabdehə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ## #### 2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın icrasının dayandırılması, həmçinin hesablanmış vergilər üzrə borcun iddiaçının milli və ya xarici valyutada cari və ya digər bank hesablarından dövlət büdcəsinə alınması haqqında və eyni zamanda borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında sərəncamların verilməməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırmışdır ki, “2025-ci ilin mənfəət vergisi bəyannaməsini kameral qaydada yoxlayan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qanunsuz əlverişsiz inzibati akt olan ## #### 2026-cı il tarixli 3-21-2-3/2- ******/**** nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıdan tutulası 584945.45 manat əlavə vergi hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə bəyan olunmuş 2025-ci il üzrə illik gəlir vergisi bəyannaməsinin 1200-cü sətri olan gəlirlər sətrində 6207977,92 manat (ƏDV-siz) illik gəlir bəyan olunmuşdur. Müvafiq bəyannamənin * nömrəli əlavəsinin 1.3-cü sətrində, yəni ehtiyatlar üzrə ilin əvvəlinə qalıq 913635,28 manat (ƏDV-siz) və həmin il ərzində elektron qaimə faktura əsasında alınmış 6335229,15 manat (ƏDV-siz) olmaqla cəmi 7248864.43 manat (ƏDV-siz) məbləğdə cəmi sənədli ehtiyatlar göstərilmişdir. Bu da özlüyündə müvafiq il (2025-ci il) ərzində satılmış 6207977,92 manat (ƏDV-siz) malların qeyri rəsmi olmadığına sübutdur. Lakin Vergi orqanı tərəfindən şəxsi kabinetinə ##.##.2026-cı il tarixdə göndərilmiş 3-21-2-3/2- ******/**** nömrəli AVIS-dən kənar məktubda qeyd olunmuşdur ki, “Tərəfinizdən təqdim edilmiş 2025-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyə elektron qaimə faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmadığı üçün kənarlaşma yaranmışdır". Iddiaçı tərəfindən ##.##.2026-cı tarixdə 2619010184852600 AVIS nömrəli cavab məktubu yazılaraq həmin uyğunsuzluq məktubunda qeyd olunanların qanunvericiliyə uyğun olmadığı və bəyan olunan dövriyyədə qismən təsdiqini tapmayan satışa görə olan kənarlaşmanın bütün dövriyyəyə şamil olunması vergi məcəlləsində nəzərdə tutulmadığı bildirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəllənin 67.3-1-ci maddəsində qeyd olunur ki, Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Halbuki, Vergi orqanı tərəfindən uyğunsuzluq kimi göndərilən (##.##.2026 tarixdə 3-21- 2-3/2-654650/2026) məktubda vergi orqanı qeyd edir ki, bəyan etdiyi dövriyyədə qismən rəsmiləşdirilməyən gəlir aşkar olunduğu üçün kənarlaşma yaranmışdır hansı ki, bu kənarlaşma bütün dövriyyəni əhatə etməmişdir. Belə ki, 2025-ci il üzrə tərəfimdən bəyan olunan dövriyyə - 5510152.53 manat (ƏDV-siz) NKA üzrə dövriyyə, 180657.19 manat (ƏDV-siz) elektron qaimə faktura üzrə dövriyyə və 16619.6 manat isə post terminal dövriyyənin NKA dövriyyəsinin nağdsız dövriyyəsindən artıq olan hissəsi olmaqla cəmi 5707429.32 manat (ƏDV-siz) olmuşdur ki, bu da bəyan olunan cəmi 6207977,92 manat (ƏDV-siz) dövriyyənin 91,93 faizini təşkil edir. Halbuki, vergi orqanı Vergi Məcəlləsinin 67.3-1-ci maddəsini düzgün tətbiq etməyərək, vergiyə cəlb edilən gəlirlərinin 91,93 faiz dövriyyəsini rəsmiləşdirməklə bəyan edən sahibkara 50 faiz həcmində rentabellik nəzərə alınmaqla gəlir hesablamışdır. Nəticədə heç bir əsas olmadan 584945.45 manat əlavə vergi hesablanmışdır. Eyni zamanda vergi orqanı tərəfindən ##.##.2026-cı il tarixdə aparılan kameral vergi yoxlaması zamanı verdiyimiz izahatlar və Vergi Orqanın məlumat bazasında olan məlumatlar nəzərə alınmamışdır. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə əsasən Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Lakin buna baxmayaraq, müvafiq il üzrə tərəfindən bəyan olunan 43077.7 manat vergi məbləği nəzərə alınmaqla (43077,7 + 584945.45) cəmi hesablanmış 628023.15 manat vergi məbləği bəyan olunan 6207977,92 manat (ƏDV-siz) dövriyyənin 10.12 faizini təşkil etmişdir. Lakin Vergi Məcəlləsinin 101.3ci maddəsində qeyd olunur ki, Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Iddiaçı qeyd edir ki, vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlması nəticəsində Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hesablanmış (43077,7 + 584945.45) 628023.15 manat vergi məbləği, 3140115.75 manat (628023,15 / 20 x 100) vergiyə cəlb olunan gəlir məbləğinin 20 faizini təşkil edir. Hansı ki, bu məbləğ (3140115.75 manat) iddiaçı tərəfindən bəyan olunan 6207977,92 manat (ƏDV-siz) dövriyyənin 50.58 faizini təşkil edir. Vergi Məcəlləsinin qeyd olunan (101.3-cü) maddəsinin tələbini nəzərə alsaq mövcud bazar iqtisadiyyatı şəraitində ərzaq mallarının pərakəndə satışı üzrə ticarət əlavəsi (Ticarət əlavəsi - malın ƏDV tətbiq edilmədən satış qiyməti ilə mal göndərənə ödənilən alış qiyməti arasındakı fərq kimi müəyyən edilir) maksimum 4-6 faiz ola biləcəyi halda həmin ticarət əlavəsindən digər xərclər yəni cəmi 84112 manat (kommunal, əməkhaqqı, bank, sosial sığorta, tibbi sığorta, işssizlikdən sığorta, mühafizə, enerji və sair) çıxıldıqdan sonra nəzərə alınan vergiyə cəlb olunan gəlirdən 20 faiz dərəcə ilə hesablanmış vergi məbləği ümumi dövriyyənin 10,12 faizini təşkil edə bilməz. Müqayisə üçün qeyd edir ki, pərakəndə ərzaq satışıyla məşğul olan hər-hansı bir sahibkarın əgər 1.000.000 (bir milyon) manat dövriyəsi varsa, həmin dövriyyənin 10,12 faiz vergi məbləği 101200 manat təşkil edəcəkdir, hansı ki, bu məbləğ (101200 x 5 = 506000) 506000 manat gəlirin 20 faizini təşkil edir. Bu o deməkdir ki, 1.000.000 (bir milyon) manat dövriyəsi olan pərakəndə ərzaq məhsulları satışıyla məşğul sahibkarın gəliri ümumi dövriyyənin 50 faizini təşkil etmişdir. Halbuki, hazırkı mövcud bazar iqtisadiyyatında bu mümkün deyildir. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliyə görə Rentabellik - təsərrüfat subyektinin və ya əməliyyatın mənfəət əldə etmə qabiliyyətini, yəni gəlirlərin xərclərə nisbətini ifadə edən iqtisadi göstəricidir. Hüquqi baxımdan, rentabellik səviyyəsi malların (xidmətlərin) qiymətlərinin formalaşmasında, dövlət tənzimlənən tariflərin müəyyən edilməsində və transfer qiymətinin hesablanmasında əsas göstəricilərdən biridir. Rentabellik səviyyəsi subyektin maliyyə- təsərrüfat fəaliyyətinin ahəngdarlığını təmin etməli və zəruri ehtiyaclarının ödənilməsinə şərait yaratmalıdır. Dövlət tərəfindən tənzimlənən qiymətlərdə rentabellik normasının səviyyəsi əvvəlcədən müəyyən edilə və ya məhdudlaşdırıla bilər. Vergi məqsədləri üçün isə rentabellik üsulu, əməliyyat tərəfinin əldə etdiyi mənfəətin onun xərclərində, gəlirlərində və ya aktivlərinin dəyərində xüsusi çəkisinin müqayisəsi əsasında transfer qiymətinin müəyyən edilməsini nəzərdə tutur. Praktikada rentabellik, müəssisənin və ya məhsulun gəlirliliyinin qiymətləndirilməsi və iqtisadi qərarların qəbulunda əsas meyardır. Buradan aşkar görünür ki, vergi orqanı istər Vergi Məcəlləsi, istərsə də sahibkarlıq haqqında olan digər qanunvericiliklərə məhəl qoymadan eyni zamanda rentabelliyi nəzərə almadan qanunsuz olaraq vergi hesablamaqla iddiaçıya ciddi maddi ziyan vurmuşdur. Buna görə də, vergi orqanının sözügedən qərarı ilə razılaşmır və araşdırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdeh orqana qarşı "vergilərin, sosial siğorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair" iddia ərizəsi məhkəmənin icraatındadır. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Eyni zamanda Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Vergi Məcəlləsinin 65.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə isə vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə vergi orqanı vergilər üzrə borcların alınması üsulu kimi vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarına münasibətdə aşağıdakı sərəncamlardan birini verir: vergilər üzrə borcun vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında; vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında. Belə ki, vergilər üzrə borcun vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında sərəncam aşağıdakı hallarda verilir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı olduqda; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə borca münasibətdə vergi ödəyicisinin yazılı razılığı olduqda. Bundan başqa, Vergi Məcəlləsinin 65.2.2-ci maddəsinə əsasən Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə zu ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit və ya elektron yul təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. Iddiaçı qeyd edir ki, hazırda iddiaçının müxtəlif banklarda aktiv hesabları var. Həmin hesablar vasitəsi ilə müxtəlif şirkətlərdən alınan malların ödənişlərini həyata keçirir. Eyni zamanda bildirir ki, sahibkar olaraq işlətdiyi ərzaq mağazasında 8 nəfərdən artıq işçi işləyir və hər ay bank hesablarından həmin işçilərin bank kart hesablarına əmək haqqları ödənilir. Vergi orqanı tərəfindən qanunsuz olaraq hesablanmış vergi borcumun 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında və ya alınması haqqında sərəncam veriləcəyi təqdirdə malların alışı və satışının, yəni vergi dövriyəsinin zəifləməsinə, nəticədə vergilər üzrə hesablanmış borcun ödənilməsinin çətinləşməsinə səbəb olacaqdır. Bu da iddiaçının bir sahibkar olaraq fəaliyyətinin dayanmasına, işçilərin işsiz qalmasına gətirib çıxaracaqdır. O cümlədən Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən mülkiyyət və təşkilatihüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xarici dövlətlərin ərazisindəki sahibkarlıq fəaliyyəti sahəsində hüquq və mənafelərinin müdafiəsinə Azərbaycan dövləti təminat verir. Sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər qurumların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar, qurumlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar, qurumlar və vəzifəli şəxslər ödəməlidirlər.

5. Cavabdeh orqan ərizəyə münasibət bildirməmişlər.

6. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) ərizə təmin edilmiş, iddiaçının cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “## #### 2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın icrasının dayandırılması və hesablanmış vergilər üzrə borcun iddiaçının milli və ya xarici valyutada cari və ya digər bank hesablarından dövlət büdcəsinə alınması haqqında və eyni zamanda borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında sərəncamların verilməməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə bəyan olunmuş 2025-ci il üzrə illik gəlir vergisi bəyannaməsinin 1200-cü sətri olan gəlirlər sətrində 6207977,92 manat (ƏDV-siz) illik gəlir bəyan olunmuş, bəyannamənin * nömrəli əlavəsinin 1.3-cü sətrində, yəni ehtiyatlar üzrə ilin əvvəlinə qalıq 913635,28 manat (ƏDVsiz) və həmin il ərzində elektron qaimə faktura əsasında alınmış 6335229,15 manat (ƏDVsiz) olmaqla cəmi 7248864.43 manat (ƏDV-siz) məbləğdə cəmi sənədli ehtiyatlar göstərilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən 2025-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyə elektron qaimə faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmadığı üçün kənarlaşma yarandığı bildirilərək iddiaçı barəsində hazırda mübahisələndirilən ## #### 2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar qəbul olunmuşdur. Iddianın böyük ehtimalla uğurlu olması ilə bağlı qeyd olunmalıdır ki, tərəflər arasında mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçı tərəfindən bəyan olunmuş 2025-ci il üzrə illik gəlir vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın qanuniliyi müəyyən edilməlidir. Iş materiallarının ilkin araşdırılması ilə müəyyən edilir ki, 2025-ci il üzrə iddiaçı tərəfindən bəyan olunan dövriyyə - 5510152.53 manat (ƏDV-siz) NKA üzrə dövriyyə, 180657.19 manat (ƏDV-siz) elektron qaimə faktura üzrə dövriyyə və 16619.6 manat isə post terminal dövriyyənin NKA dövriyyəsinin nağdsız dövriyyəsindən artıq olan hissəsi olmaqla cəmi 5707429.32 manat (ƏDV-siz) olmuşdur ki, bu da bəyan olunan cəmi 6207977,92 manat (ƏDV-siz) dövriyyənin 91,93 faizini təşkil edir. Cavabdeh Vergi Məcəlləsinin 67.3-1-ci maddəsini düzgün tətbiq etməyərək, vergiyə cəlb edilən gəlirlərinin 91,93 faiz dövriyyəsini rəsmiləşdirməklə bəyan edən sahibkara 50 faiz həcmində rentabellik nəzərə alınmaqla gəlir hesablamış və 584945.45 manat əlavə vergi hesablanmışdır. Həmçinin müvafiq il üzrə iddiaçı tərəfindən bəyan olunan 43077.7 manat vergi məbləği nəzərə alınmaqla (43077,7 + 584945.45) cəmi hesablanmış 628023.15 manat vergi məbləği bəyan olunan 6207977,92 manat (ƏDV-siz) dövriyyənin 10.12 faizini təşkil etmişdir. Halbu ki, Vergi Məcəlləsinin 101.3-ci maddəsində qeyd olunur ki, Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Iddiaçı qeyd edir ki, vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlması nəticəsində Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hesablanmış (43077,7 + 584945.45) 628023.15 manat vergi məbləği, 3140115.75 manat (628023,15 / 20 x 100) vergiyə cəlb olunan gəlir məbləğinin 20 faizini təşkil edir. Hansı ki, bu məbləğ (3140115.75 manat) iddiaçı tərəfindən bəyan olunan 6207977,92 manat (ƏDV-siz) dövriyyənin 50.58 faizini təşkil edir. Göründüyü kimi hazırkı mərhələdə işin ilkin araşdırılması və qiymətləndirilməsi ilə iddianın böyük ehtimalla uğurlu olacağını güman etmək olar. ## #### 2026-cı il tarixli qərarın icrası ilə bağlı görülməli olan tədbirlər nəticəsində cavabdeh iddiaçının hesablarından alınması və ya pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması üçün kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslərə icra (ödəniş) sənədi və ya icra sənədi olan sərəncamlar göndərir, qeyd edilən tədbir nəticə vermədikdə, aidiyyəti üzrə müvafiq icra qurumuna müraciət edir. Bu tədbirlərin isə hazırda icra edilməsi təsərrüfat subyekti olan iddiaçının sahibkarlıq fəaliyyətini müstəqil surətdə həyata keçirməsini mümkünsüz edir. Belə ki, hazırkı vəziyyətdə yuxarıda qeyd olunan qərar icra olunacağı təqdirdə bu hal vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin normal düzəninin və əmtəə dövriyyəsinin pozulmasına, əmək haqqı və digər məcburi ödənişlərin dayandırılması ilə nəticələnəcəyinə, eləcə də digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda ona maddi ziyan dəyəcəyinə səbəb olacaqdır. Mübahisələndirilən borc məbləğinin icrasının dayandırılması ilə bağlı məhkəmə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə mübahisənin həlli əsas iddianın mahiyyəti üzrə həllini ehtiva etməsə də, əsas iddiaya bağlıdır və onun uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən asılıdır.

8. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış və qeyd etmişdir ki, 2025-ci il gəlir vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyə elektron qaimə faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmadığı üçün vergi orqanı tərəfindən əlavə hesablama aparılmışdır. Həmçinin bildirmişdirlər ki, vergi ödəyicisi ##.##.2026-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli kameral qərardan əvvəl ##.##.2026-cı, ##.##.2026-cı, ##.##.2026-cı, ##.##.2026-cı il tarixlərdə, həmin kameral qərardan sonra ##.##.2026-cı, ##.##.2026-cı və ##.##.2026-cı il tarixlərdə dəqiqləşmiş bəyannamələr təqdim edərək, müvafiq olaraq 36289,29, 35562,79, 37182,79, 43077,70, 37525,57, 31649,43 və 30414,81 manat büdcəyə ödənilməli vergi borcunun olduğunu qeyd etmişdir. Bunlar vergi ödəyicisinin uçotunu düzgün aparmadığını və hər dəfə fərqli rəqəmlər təqdim edərək uçotunu dəqiqləşdirməyə çalışdığını göstərir. Bu halda məhkəmənin vergi ödəyicisinin özünün belə dəqiqləşdirə bilmədiyi gəlir və xərc məlumatları üzərində hər hansı əsaslandırmanın aparılması hüquqi ziddiyyətə səbəb olur. Bundan başqa ##.##.2026-cı il tarixli kameral qərardan sonra iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə dəqiqləşmiş bəyannamə təqdim etdiyindən, həmin dövr üzrə hazırda yenidən kameral vergi yoxlaması aparılır. Bildirmişdirlər ki, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələr üzrə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının ərizəsi əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Yəni inzibati işin ilkin araşdırılmasına sənədlər vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmişdir. Bu sənədlər uyğunsuzluq məktubları, kameral qərarlar və hesabataxtarış sistemindən götürülmüş məlumatlardan ibarət olmuşdur ki, həmin sənədlər üzrə vergi orqanı tərəfindən heç bir prosessual pozuntulara yol verilməmişdir. Işin mahiyyətinə gəldikdə isə bu barədə məhkəmə araşdırması hələdə davam edir. Ona görə də yekun məhkəmə qərarı olmadan ümumi işin mahiyyətini ehtimallar üzərindən araşdırmaqla müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması barədə qərardadın qəbul edilməsini əsassız hesab edirəm. Həmçinin, iddiaçı məhkəməyə təqdim etdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə müvafiq əsaslandırma aparmamış, yalnızca işin ümumi mahiyyətinə dair ehtimallara əsaslanmışdır. Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilən çoxsaylı dəqiqləşmiş bəyannamələrin göstəriciləri hər dəfə fərqli olduğundan, onun tərəfindən təqdim edilən məlumatlar əsasında qərardadın əsaslandırılması hüquqaziddir. Kameral qərar qəbul edildikdən sonra vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edildiyindən, müvafiq dövr üzrə hazırda kameral vergi yoxlaması aparılır. Iddiaçının bank hesabında sərəncamların olması belə həmin vəsaitlərin vergi ödəyicisinin mümkün zəruri ehtiyacları üçün istifadəsini qanunvericilik məhdudlaşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Ərizəçi apellyasiya şikayətinə qarşı etirazın dəlillərini onunla əsaslandırmışdır ki, 2025-ci il üzrə iddiaçı tərəfindən bəyan olunan ümumi dövriyyənin 91,93 faizi elektron qaimə-faktura, NKA çeki və post-terminal ödənişlər vasitəsilə sənədli şəkildə təsdiq olunmuşdur (cəmi 5.707.429,32 manat, ƏDV-siz). Vergi orqanı isə bu faktı nəzərə almadan Vergi Məcəlləsinin 67.3-1-ci maddəsini yanlış tətbiq etmiş — yalnız qismən rəsmiləşdirilməyən hissəyə deyil, bütün dövriyyəyə 50 faizlik rentabellik tətbiq etmişdir. Bu, həm qanunun düz mətninə, həm vergi ödəyicisinin iqtisadi reallığına ziddir. Yalnız 8,07 faiz hissə qismən təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən qeyd olunan kənarlaşma bütün dövriyyəni əhatə etmir, yalnız qismən təsdiqini tapmayan kiçik hissəyə şamil olunmalıdır. Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinin düzgün olmayan tətbiqi: Cavabdeh qeyd olunan maddəni tətbiq edərkən, vergiyə cəlb edilən gəlirlərin 91,93 faiz dövriyyəsini rəsmiləşdirməklə bəyan edən sahibkara 50 faiz həcmində rentabellik nəzərə alınmaqla gəlir hesablamışdır. Nəticədə heç bir əsas olmadan 584 945,45 manat əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 67.3-1-ci maddəsi yalnız rəsmiləşdirilməmiş gəlir hissəsinə şamil olunmalıdır, bütün dövriyyəyə yox. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən fiziki şəxslər üzrə gəlir vergisi dərəcəsi 20 faizdir. Vergi orqanının hesablaması ilə (43.077,7 + 584.945,45 = 628.023,15 manat vergi) alınan gəlir məbləği 3.140.115,75 manata bərabərdir ki, bu da bəyan edilmiş 6.207.977,92 manat dövriyyənin 50,58 faizini təşkil edir. Arzaq malları pərakəndə satışında ticarət əlavəsinin maksimum 4-6 faiz, ümumi xərclərin isə (kommunal, əmək haqqı, sığorta, bank xərcləri – cəmi 84.112 manat) nəzərə alınmaqla belə nisbətin fiziki cəhətdən mümkün olmadığı açıq-aşkardır. Bu özlüyündə qərarın qanunsuzluğuna dair ilkin araşdırma mərhələsində əsaslı güman yaradır. Apellyasiya şikayətində müxtəlif tarixlərdə təqdim olunmuş dəqiqləşdirilmiş bəyannamələr iddiaçının uçotunu düzgün aparmadığının göstəricisi kimi irəli sürülmüşdür. Lakin bu arqument hüquqi baxımdan qəbuledilməzdir. Belə ki, Vergi Məcəlləsi dəqiqləşdirilmiş bəyannamə vermə hüququnu açıq şəkildə nəzərdə tutur. Vergi ödəyicisinin öz hesablamalarını dəqiqləşdirməsi qanuni hüquqdur, qanun pozuntusu deyil. Ikincisi, kameral qərar dəqiqləşdirilmiş bəyannamə verilənə qədər olan məlumatlara əsasən qəbul edilmişdir. Kameral qərarda isə vergi orqanı iddiaçının cavab məktubu da daxil olmaqla heç bir izahatı nəzərə almamışdır — bu isə Vergi Məcəlləsinin 36.2-ci maddəsinə birbaşa ziddir. Üçüncüsü, vergi ödəyicisinin fərqli göstəricilər təqdim etməsi onun öz məlumatlarının hər zaman doğru olduğuna sübut deyil — bu arqument eyni zamanda vergi orqanının hesablamasının doğruluğunu da şübhə altına alır. Apellyasiya şikayətində bildirilir ki, ##.##.2026-cı il tarixli dəqiqləşdirilmiş bəyannamə əsasında hazırda yenidən kameral yoxlama aparılır. Bu fakt isə əksinə, iddiaçının lehinədir: hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin məqsədi elə yeni yoxlamanın nəticəsi məlum olanacan, mübahisəli borcun iddiaçıya zərər vurmasının qarşısını almaqdır. IPM-in 41.4-cü maddəsinə əsasən qərardad işin mahiyyəti üzrə baxılıb qurtaranadək qüvvədədir — bu müddət ərzində hər iki tərəfin hüquqları qorunur. Cavabdeh iddia edir ki, ##.##.2026-cı il tarixli kameral qərardan sonra tərəfimdən ##.##.2026-cı il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyindən müvafiq dövr üzrə hazırda yenidən kameral vergi yoxlaması aparılır. Bu, ayrıca inzibati icraat məsələsidir və hazırki müvəqqəti xarakterli müdafiə tədbiri barədə işin həllinə təsir etməməlidir. Yeni yoxlama nəticəsində qəbul ediləcək qərar ayrıca mübahisə predmeti ola bilər, lakin bu, mövcud iş üzrə verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin qanuniliyinə təsir göstərmir. Apellyasiya şikayətində iddiaçının müvəqqəti müdafiə ərizəsini kifayət qədər əsaslandırmadığı iddia edilmişdir. Bu iddia faktlara zidd olmaqla birlikdə hüquqi baxımdan da tutarsızdır. Iddiaçı məhkəmə iclasında 3 bankda (Access Bank, Kapital Bank, Paşa Bank) aktif hesablarının olduğunu, həmin hesablar vasitəsilə mal alış-satışının həyata keçirildiyini, 8-dən çox işçinin əmək haqqlarının bank vasitəsilə ödənildiyini konkret olaraq bəyan etmişdir. Hesabların dondurulması və ya vəsaitin alınması halında sahibkarlıq fəaliyyətinin tam dayanacağı, işçilərin işsiz qalacağı, mal alışının mümkünsüz olacağı izah edilmişdir. Məbləğ 628.023,15 manat olduğu halda bunun 105 faizi — 659.424,30 manat — dondurulması kiçik pərakəndə erzaq mağazası üçün bərpası çətin zərər doğuracaqdır. Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının tələbi olan "ərizəçinin konkret vəziyyətinə əhəmiyyətli zərər vurulması təhlükəsi" şərti tam ödənilmişdir. Apellyasiya şikayətində Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə istinad olunaraq, hesabların dondurulmasının qanuni vəzifə olduğu bildirilmişdir. Lakin həmin maddə vergi ödəyicisinin öz vəzifəsini müəyyən edir, vergi orqanına avtomatik sərəncam vermə hüququ vermir. Belə ki, iddiaçı kameral qərardan 30 gün ərzində məhkəməyə şikayət vermişdir. Bu halda Vergi Məcəlləsinin 65.2.2-ci maddəsinə görə sərəncam verilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələb olunur — belə qərar isə hələ mövcud deyil. Ona görə də cavabdehin bu arqumenti mübahisəli qərarın icrasının dayandırılmasına etiraz üçün əsas ola bilməz.

tərəflərin izahatları:

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçinin vəkili məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq, hazırkı işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə vəsatət təmin edilməmiş, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir.

tətbiq edilən hüquq:

12. “Inzibati icraat haqqında” Qanun: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. Inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

13. Vergi Məcəlləsi Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.

14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

15. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadı qismən, “mübahisələndirilən inzibati aktın icrası ilə bağlı sərəncamların verilməməsi” hissəsində ləğv edilməli, ərizə həmin hissədə mümkün sayılmamalı, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

19. Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasını tələb etməklə yanaşı, həmin aktın icrası çərçivəsində vergi borcunun bank hesablarından alınması və borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin dondurulması ilə bağlı cavabdeh tərəfindən müvafiq sərəncamların verilməsinin də, qadağan edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, ərizənin ikinci hissəsində göstərilən tədbirlər mübahisələndirilən inzibati akt üzrə hesablanmış vergi borcunun icrasına yönələn hərəkətlərdir (mübahisələndirilən qərarın icrasının hüquqi nəticələridir).

21. Mübahisələndirilən inzibati aktın icrasının dayandırılması barədə tələb təmin ediləcəyi halda, həmin aktın icrasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hüquqi baxımdan mümkün olmayacaqdır. Yəni, ərizəçi müvafiq sərəncamların verilməsinin qadağan olunması ilə bağlı arzuladığı hüquqi nəticəyə birinci tələbin təmin edilməsi ilə nail olacaqdır.

22. Belə olan halda, müvafiq sərəncamlarının verilməsinin qadağan edilməsi barədə tələb mübahisələndirilən qərarın icrasının dayandırılması tələbi ilə əhatə olunduğundan, ərizəçinin həmin hissədə ayrıca hüquqi müdafiə marağı yaranmır.

23. Mübahisələndirilən inzibati aktın icrasının dayandırılması ilə bağlı ərizənin əsaslılığı ilə bağlı məhkəmə kollegiyasının mövqeyi aşağıdakı kimidir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.

25. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.

26. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı qeyd edir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, 2025-ci ilin gəlir vergisi üzrə borc nəzərə alınmaqla ##.##.2026-cı il tarixdə ərizəçinin bank hesabları üzrə məxaric əməliyyatlarının dondurulmasına dair sərəncamlar göndərilmiş, həmin sərəncamlar geri çağırılmamış və 2025-ci ilin gəlir vergisi üzrə kameral yoxlama ilə hesablanmış məbləğ şəxsi hesab vərəqəsində azaldılmamışdır.

27. Qeyd olunan hallar onu göstərir ki, mübahisələndirilən ##.##.2026-cı il tarixli qərar faktiki olaraq qüvvədədir və və onun əsasında ərizəçinin bank hesablarına yönələn icra tədbirləri həyata keçirilir. Odur ki, ərizəçinin hüquqlarına müdaxilə ilə bağlı real təhlükə mövcuddur.

28. Məhkəmə kollegiyası ərizəçinin fərdi vəziyyətini nəzərə alaraq qeyd edir ki, ərizəçi sahibkarlıq fəaliyyətini bank hesabları vasitəsilə həyata keçirir, həmin hesablar üzrə mal alışları və digər cari ödənişlər aparılır. Cavabdehin aşkar şəkildə qanunsuz inzibati aktı əsasında mübahisəli məbləğin 105 faizi həcmində vəsaitin bank hesablarında dondurulması ərizəçinin sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin pozulmasına, cari öhdəliklərini vaxtında yerinə yetirə bilməməsinə səbəb olacaqdır. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.

29. Iş materiallarından görünür ki, cavabdehin ##.##.2026-cı il tarixli, *-**-*-*/*- ******/**** nömrəli qərarı ilə ərizəçinin 2025-ci il üzrə gəlir vergisi bəyannaməsinə münasibətdə kameral vergi yoxlaması aparılmış, təqdim edilmiş bəyannamə üzrə vergi məbləği 43.077,70 manat, kameral vergi yoxlamasının nəticəsi kimi vergi məbləği 628.023,15 manat müəyyən edilmiş, nəticədə ərizəçiyə 584.945,45 manat əlavə gəlir vergisi hesablanmışdır.

30. Həmin qərarda əlavə hesablamanın səbəbi kimi ərizəçinin 2025-ci il üzrə gəlir vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyənin elektron qaimə-faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmaması göstərilmişdir. Lakin qərarda “qismən təsdiqini tapmayan dövriyyə” dedikdə konkret hansı məbləğin nəzərdə tutulması, bəyan edilmiş dövriyyənin hansı hissəsinin təsdiqini tapması, hansı hissəsinin təsdiqini tapmaması, əlavə verginin yalnız təsdiqini tapmayan hissəyə, yoxsa bütövlükdə bəyannamə göstəricilərinə münasibətdə hesablanması qeyd edilməmişdir.

31. Qeyd olunan halların aydınlaşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən vergi orqanına sorğu ünvanlanaraq, mübahisələndirilən qərarın hazırda qüvvədə olub-olmaması, 584.945,45 manat əlavə vergi məbləğinin hazırda şəxsi hesab vərəqəsində borc kimi əks olunub-olunmaması, həmin məbləğin 105 faizi həcmində pul vəsaitinin dondurulması barədə sərəncam verilib-verilməməsi, həmçinin bəyan edilmiş dövriyyənin hansı məbləğinin təsdiqini tapması, hansı məbləğinin təsdiqini tapmayan dövriyyə kimi müəyyən edilməsi və 584.945,45 manat əlavə verginin hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsi tələb edilmişdir.

32. Cavabdeh orqan həmin suallara mahiyyəti üzrə cavab verməmiş, xüsusilə “dövriyyənin qismən təsdiqini tapmaması” ifadəsinin hansı məbləği ehtiva etdiyini və əlavə verginin hansı hesablama qaydasına əsasən müəyyən edilməsini əsaslandırmamışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın məzmunundan həmin aktın qəbul edilməsinin faktiki və hüquqi əsasları aydın görünməli, yaxud bu əsaslar inzibati orqan tərəfindən aparılmış icraat materiallarından müəyyən edilə bilməlidir. Hazırkı işdə isə mübahisələndirilən qərarda əlavə hesablamanın səbəbi kimi yalnız “dövriyyənin qismən təsdiqini tapmaması” ifadəsi qeyd edilmiş, lakin həmin ifadənin konkret hansı məbləği əhatə etməsi və təsdiqini tapmayan dövriyyənin hansı məlumatlar əsasında müəyyən edilməsi əsaslandırılmamış, məhkəmə kollegiyası tərəfindən cavabdehə ünvanlanmış, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən suallar cavablandırmamış, təqdim edilmiş materiallar əsasında qərarın əsaslandırılmasında yol verilmiş qeyrimüəyyənlik aradan qaldırılmamışdır.

34. Cavabdeh orqan məhkəməyə 2025-ci il üzrə gəlir vergisi bəyannamələrini təqdim etmişdir. Həmin sənədlərin ilkin araşdırılması zamanı belə görüntü yaranmışdır ki, 9.420.347,24 manat gəlirin əks olunduğu dəqiqləşdirilmiş bəyannamə vergi ödəyicisi tərəfindən təqdim edilmiş, vergi orqanı da məhz həmin bəyannamədən çıxış etməklə 628.023,15 manat vergi hesablamışdır. Belə olan halda ərizəçinin özünün təqdim etdiyi dəqiqləşdirilmiş bəyənnamə əsasında hesablanmış vergi borcuna görə mübahisə açması da, məntiqsiz olardı.

35. Cavabdeh orqan özünün kameral vergi yoxlaması ilə müəyyən etdiyi 9.420.347,24 manat gəlir göstəricisini ərizəçi tərəfindən təqdim edilmiş dəqiqləşmiş bəyannamə kimi qələmə verməklə məhkəmə kollegiyasını yanıltmağa çalışmış, lakin iş üzrə əlavə araşdırma aparılarkən ərizəçi tərəfindən 9.420.347,24 manat gəlirin əks olunduğu dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməməsi aşkar edilmişdir.

36. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 9.420.347,24 manat gəlir məbləği ərizəçi tərəfindən təqdim edilmiş dəqiqləşmiş bəyannamədə yox, vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində tərtib edilmiş bəyannamədə öz əksini tapan məbləğdir.

37. Ərizəçi qeyd edir ki, vergi orqanı qismən təsdiqini tapmayan dövriyyəni konkret müəyyən etməli və hesablama yalnız həmin hissəyə münasibətdə aparılmalı olduğu halda, faktiki olaraq bütün xərclərə 50 faiz rentabellik tətbiq etmişdir. Ərizəçinin mövqeyinə görə, dövriyyənin yalnız müəyyən hissəsinin təsdiqini tapmaması bütün bəyan edilmiş gəlir və xərcələrə rentabelliyin tətbiqinə əsas vermir.

38. Iş materialları ilə müəyyən edilir ki, ərizəçinin ilkin bəyannaməsində 2025-ci il üzrə gəlir 6.495.620 manat, xərclər 6.280.231,49 manat, vergiyə cəlb olunan gəlir 215.388,51 manat, hesablanmış gəlir vergisi isə 43.077,70 manat göstərilmişdir.

39. Kameral yoxlama nəticəsində isə gəlir 9.420.347,24 manat, xərclər 6.280.231,49 manat, vergiyə cəlb olunan gəlir 3.140.115,75 manat, hesablanmış vergi isə 628.023,15 manat müəyyən edilmişdir.

40. Təqdim edilmiş sənədlərin müqayisəli təhlilindən görünür ki, cavabdeh orqan ərizəçinin bəyan etdiyi xərcləri 6.280.231,49 manat məbləğində qəbul etmiş, həmin xərclərin 50 faizi həcmində - 3.140.115,75 manat - vergiyə cəlb olunan gəlir müəyyən etmiş (6.280.231,49 × 50% = 3.140.115,75), bu məbləği iddiaçının bəyan etdiyi xərcin üzərinə əlavə etməklə ümumi gəliri 9.420.347,24 manat məbləğində hesablamışdır (6.280.231,49 + 3.140.115,75 = 9.420.347,24).

41. Bundan sonra kameral qaydada müəyyən edilmiş 9.420.347,24 manat gəlirlə ərizəçinin bəyan etdiyi 6.495.620 manat gəlir arasındakı fərq - 2.924.727,24 manat müəyyən edilmiş və həmin fərqə 20 faiz dərəcəsi ilə 584.945,45 manat əlavə vergi hesablanmışdır (2.924.727,24 × 20% = 584.945,45).

42. Göründüyü kimi əlavə vergi məbləği son nəticədə 2.924.727,24 manat fərqin 20 faizi kimi görünsə də, həmin fərq bütün illik xərc məbləğinə 50 faiz rentabelliyin tətbiq edilməsindən yaranmışdır. Belə ki, vergi orqanı yalnız təsdiqini tapmayan dövriyyəyə aid hissə üzrə ayrıca hesablama aparmamış, ərizəçinin bütün il üzrə bəyan etdiyi 6.280.231,49 manat xərci əsas götürərək 50 faiz rentabellik tətbiq etməklə gəlir vergisini əsassız olaraq artırmışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qərarında göstərilən “dövriyyənin qismən təsdiqini tapmaması” əsası ilə faktiki tətbiq edilmiş hesablama üsulu bir-birinə ziddir.

44. VM-nin 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət/gəlir 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.

45. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il # ### tarixli, **************** nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların 9.3-cü bəndinin məzmunundan da görünür ki, 50 faiz rentabellik metodu vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə və həmin gəlirlərlə bağlı gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda tətbiq edilən xüsusi hesablama üsuludur.

46. Həmin bəndin ikinci və üçüncü cümlələrinin məzmunundan görünür ki, # ###### 2025-ci ildən sonra vergi tutulan mənfəət/gəlir sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilməlidir.

47. Hazırkı mübahisə 2025-ci il üzrə gəlir vergisi ilə bağlı olduğundan, sənədlərlə rəsmiləşdirilmiş faktiki gəlir və xərclər mövcud olduğu hissədə vergi tutulan gəlir həmin faktiki göstəricilər əsasında müəyyən edilməli idi. Yəni, gəlirin və xərcin təsdiqini tapan hissəsi faktiki qaydada hesablanmalı, 50 faiz rentabellik isə yalnız təsdiqini tapmayan/rəsmiləşdirilməmiş hissə ilə bağlı xərclərə tətbiq edilməli idi.

48. Başqa sözlə, əgər vergi orqanı dövriyyənin yalnız müəyyən hissəsinin elektron qaimə-faktura, kassa və ya ixrac əməliyyatları əsasında təsdiqini tapmaması qənaətinə gəlmişdirsə, həmin hissəni konkret məbləğlə müəyyən etməli, onun hansı məlumatlar əsasında rəsmiləşdirilməmiş və ya təsdiqini tapmayan gəlir kimi qəbul edildiyini göstərməli və 50 faiz rentabellik metodunu yalnız həmin hissə ilə əlaqəli xərclərə münasibətdə tətbiq etməli idi.

49. Hazırkı işdə cavabdehin 6.280.231,49 manat xərc məbləğinə 50 faiz rentabellik tətbiq etməklə apardığı hesablama Qaydaların 9.3-cü bəndinin müəyyən etdiyi tənzimləməyə ziddir. Təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, vergi orqanı qismən uyğunsuzluq müəyyən etdiyini bildirsə də, hesablamanı qismən uyğunsuzluq müəyyən edilən hissəyə yox, bütün illik xərclərə münasibətdə aparmaqla qanunsuz inzibati akt qəbul etmişdir.

50. Məhkəmə kollegiyasının cavabdehə ünvanladığı sorğu da məhz bu halların aydınlaşdırılmasına yönəlmişdir. Lakin cavabdeh orqan həmin sorğuda əks olunmuş suallara mahiyyəti üzrə cavab verməmiş, təsdiqini tapmayan dövriyyənin konkret məbləğini, həmin məbləğin hansı əməliyyatlar əsasında müəyyən edilməsini və nəyə görə qismən təsdiqini tapmayan dövriyyəyə münasibətdə bütün il üzrə bəyan edilmiş xərclərə 50 faiz rentabellik qaydasında hesablamanın aparılmasını əsaslandırmamışdır.

51. Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşibçətinləşməyəcəyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır.

52. Baxılan iş üzrə, cavabdehin “qismən təsdiqini tapmayan dövriyyə” kimi mücərrəd ifadə ilə əsaslandırdığı inzibati akt IIHQ-nun tələbləri baxımından əsaslandırılmış qanuni inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olması qənaəti mövcuddur.

53. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər mübahisələndirilən qərarın icrasının dayandırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir.

54. Belə ki, cavabdeh orqan apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış, lakin bəyan edilmiş dövriyyənin hansı hissəsinin təsdiqini tapmasını, hansı hissəsinin təsdiqini tapmamasını, “qismən təsdiqini tapmayan dövriyyə” dedikdə konkret hansı məbləğin nəzərdə tutulmasını və həmin məbləğin hansı məlumatlar əsasında müəyyən edilməsini əsaslandıra bilməmişdir.

55. Cavabdehin vergi ödəyicisinin müxtəlif tarixlərdə dəqiqləşmiş bəyannamələr təqdim etməsi və həmin bəyannamələrdə büdcəyə ödənilməli vergi məbləğlərinin fərqli olması barədə dəlili də mübahisələndirilən ##.##.2026-cı il tarixli qərarın hazırkı mərhələdə ilk baxışda əsaslı olduğunu təsdiq etmir. Ərizəçinin dəqiqləşmiş bəyannamələr təqdim etməsi vergi orqanını inzibati akt üzrə hesablamanın faktiki və hüquqi əsaslarını əsaslandırmaq və maddi hüquq normasını düzgün tətbiq etmək vəzifəsindən azad etmir.

56. Nəzərə alınmalıdır ki, məhkəmə hazırkı mərhələdə vergi ödəyicisinin yekun vergi öhdəliyini müəyyən etmir. Məhkəmə yalnız müvəqqəti xarakterli müdafiə tədbiri baxımından inzibati aktın ilk baxışda əsaslı olub-olmamasını, əsas iddianın uğurluluq ehtimalını və ərizəçinin təcili müdafiəyə ehtiyacının olub-olmamasını qiymətləndirir. Bu qiymətləndirmə isə mübahisələndirilən qərarın normativ əsaslandırılması, hesablamanın aydın və yoxlanıla bilən olması ilə birbaşa bağlıdır.

57. Apellyasiya şikayətində məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbiri məsələsinə baxarkən işin mahiyyətinə ehtimallar üzərindən qiymət verdiyi göstərilsə də, kollegiya qeyd edir ki, əvvəla müvəqqəti xarakterli müdafiə tədbiri institutunun mahiyyəti əsas iddianın böyük ehtimalla uğurlu olmamasının qiymətləndirilməsinə yönəlmişdir.

58. Digər tərəfdən, hazırkı mübahisədə işin mahiyyətinə ilkin ehtimallar əsasında qiymət verilməsinin başlıca səbəbi məhz mübahisələndirilən inzibati aktın özünün qeyrimüəyyənliyidir. Cavabdeh orqan “qismən təsdiqini tapmayan dövriyyə” ifadəsi altında hansı konkret dövriyyə hissəsini nəzərdə tutduğunu əsaslandırmadan, həmin hissənin məbləğini və mənbəyini göstərmədən, faktiki olaraq absurd və yoxlanıla bilməyən hesablama aparmışdır. Bu qeyri-müəyyənlik isə bütövlükdə inzibati aktın qanuniliyinə ciddi şübhə yaradır.

59. Nə qədər ki, cavabdeh inzibati orqan “qismən təsdiqini tapmayan dövriyyə”nin konkret məbləğini, həmin məbləğin hansı elektron qaimə-faktura, kassa və ya ixrac əməliyyatları əsasında müəyyən edildiyini və bu məbləğlə tətbiq edilmiş hesablama metodu arasındakı əlaqəni əsaslandıra bilmir, mübahisələndirilən inzibati akt əsasında əlavə vergi öhdəliyinin yaranması qanuni hesab edilə bilməz.

60. Cavabdehin ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində müvafiq əsaslandırma aparmaması barədə dəlili də iş materiallarına uyğun deyil. Belə ki, ərizəçi mübahisələndirilən qərarın hansı səbəbdən qanunsuz hesab edilməsini, 50 faiz rentabellik metodunun bütün illik xərcə tətbiqinin düzgün olmamasını, əlavə hesablanmış məbləğin sahibkarlıq fəaliyyətinə və bank hesabları üzrə əməliyyatlara təsirini əsaslandırmışdır.

61. Cavabdehin Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə istinadla əlavə hesablanmış məbləğin 105 faizi həcmində vəsaitin cari və digər hesablarda dondurulmasının vergi ödəyicisinin vəzifəsi olması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin norma mübahisələndirilən inzibati aktın qanuniliyinə dair məhkəmə nəzarətini və inzibati aktın icrasının dayandırılması imkanını aradan qaldırmır.

62. Vergi ödəyicisinin hesablarında vəsaitin dondurulması yalnız qanuni və əsaslı əlavə vergi hesablamasının icrası məqsədinə xidmət edir və qanuniliyi ciddi şübhə doğuran əlavə vergi hesablamasının hər bir halda icra edilməsi imkanı kimi başa düşülməməlidir. Hazırkı mərhələdə mübahisələndirilən qərarın aşkar şəkildə qanunsuz olması müəyyən edildiyindən həmin qərar əsasında ərizəçinin 105 faiz həcmində dondurulmaya məruz qalması qanuni və ədalətli hesab edilə bilməz.

63. Ərizəçinin apellyasiya şikayətinə qarşı etirazında göstərilən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsasən mübahisələndirilən qərarın faktiki əsaslarının qeyri-müəyyənliyi və 50 faiz rentabellik metodunun tətbiqi ilə bağlıdır. Sözügedən dəlillərin əsaslılığına hazırkı qərardadın yuxarı qeyd olunmuş bəndlərində hüquqi qiymət verilmişdir.

64. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək qeyd edir ki, mübahisələndirilən qərar əsasında ərizəçiyə 584.945,45 manat əlavə vergi hesablanmış, həmin məbləğin icrası çərçivəsində bank hesablarına dondurma sərəncamları verilmişdir. Cavabdehin kortəbii şəkildə apardığı icraat və qəbul etdiyi inzibati akt əsasında ərizəçinin sahibkarlıq fəaliyyəti, bank əməliyyatlarının aparılması və cari təsərrüfat dövriyyəsi ilə bağlı çətinliklər yaratdığından, ərizəçi əsas iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasını tələb etməkdə haqlı olmuşdur.

65. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərardadı “hesablanmış vergilər üzrə borcun iddiaçının milli və ya xarici valyutada cari və ya digər bank hesablarından dövlət büdcəsinə alınması haqqında və eyni zamanda borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında sərəncamların verilməməsi” hissəsində ləğv edilərək həmin hissədə ərizə mümkün sayılmamalı, mübahisələndirilən qərarda qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı qismən - “hesablanmış vergilər üzrə borcun iddiaçının milli və ya xarici valyutada cari və ya digər bank hesablarından dövlət büdcəsinə alınması haqqında və eyni zamanda borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında sərəncamların verilməməsi” hissəsində ləğv edilir. Həmin hissədə ərizə mümkün sayılmır. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı qalan hissədə (## #### 2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın icrasının dayandırılması) dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar