Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-52/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Ərizəçi X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi X1 cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Oğuz rayon bölməsi və Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Oğuz rayon bölməsinin qərarının icrasının dayandırılması və onun üzərinə iddiaçının hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması” tələbinə dair “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*- **)-**/**** nömrəli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçl X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət- Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Eyni zamanda ərizəçi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin qərarının icrasının dayandırılması və onun üzərinə iddiaçının hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, onurğa sütununda yaranmış (skalyoz) xəstəliklə əlaqədar müalicə aldığını, bir neçə dəfə bu səbəbdən hərbi xidmətə yararlı hesab edilmədiyini bilirir. Lakin, cavabdeh tərəfindən hal-hazırda hərbi xidmətə yararlı hesab edilmişdir. Hesab edir ki, hazırda da səhhətində həmin halların davam etdiyindən cavabdehin qərarını mübahisələndirmişdir.
4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, X1 (FİN: *******) barəsində L23.9 XBT kodu, “Səbəbin dəqiqləşdirilməmiş allergik təmas dermatiti” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “E” bəndinin 1-ci qrafasının 56-cı maddəsi üzrə “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra, iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Çağırışçının statusu həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon bölməsinin MHHK rəyində qeyd edilmiş diaqnozdan Agentliyin rəylərində “Fərqli kateqoriya üzrə təsdiqlənir.” barədə qərarlar qəbul edilmişdir. DTSERA tərəfindən çağırışçının səhhətinə barəsində B kateqoriyası uyğun olduğu barədə rəy verilərək, fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ##### 2026-cı il tarixli **(*- **)-**/**** nömrəli qərardadı ilə ərizəçi X1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinə qarşı “iddiaçının hərbi xidmətə çağırılmaması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə “müvəqqəti xarakterli müdafiə tədbiri” tətbiq edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş materiallarına əsasən ərizəçiyə həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsi verilmişdir. Nəticə etibarı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon şöbəsi tərəfindən iddiaçı barəsində hərbi xidmətə yararlı hesab edilmişdir. Odur ki, hazırkı ərizə ilkin təcili tənzimləmənin zəruriliyi baxımından mümkün ərizədir. İddiaçı həmçinin, həqiqi hərbi xidmətə çağırılmasına əsas olan hərbi xidmətə yararlı olmasına dair qərarı mübahisələndirir. Hazırda həmin iş üzrə iddia ərizəsi məhkəmənin icraatındadır. - Məhkəmə qeyd etmişdir ki, ərizəçi cavabdeh orqanın onun barəsində qəbul etdiyi hərbi xidmətə yararlılıq baradə qərarını mübahisələndirsə də, özünün hərbi xidmətə yararsız olmasını sübut edəcək hər hansı bir əsas təqdim etməmişdir. Həmçinin, işin hazırkı mərhələsində iddiaçının mübahisələndirdiyi qərarın ləğv edilməsinin hansı dərəcədə uğurluluq ehtimalı olduğu müəyyən edilmir. - İş materiallarına əsasən müəyyən edilir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarına əsasən iddiaçı müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur. İddiaçıya Əsasnamənin 56-cı “Dərinin və dərialtı toxumaların xəstəlikləri” maddəsinə əsasən “Yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir” diaqnozu qoyulmuşdur. - Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı diaqnozunun müəyyən edilməsi üçün müvafiq tibbi ekspertizanın təyin edilməsi zəruridir. Müvafiq araşdırmalar nəticəsində yekun rəyin əsaslı olub-olmaması müəyyən edilə bilər. Hazırkı vəziyyətdə ərizəçinin hərbi xidmətə cəlb edilməsini istisna edən, yəni qərarın icrasının dayandırılmasını zəruri edən sübut məhkəməyə təqdim edilməmişdir. - Məhkəmə ərizəni qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab etmişdir ki, ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən İPM müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı qərardadın qəbul edilməsi ilə inzibati aktın icrasının dayandırılmasını birbaşa olaraq iddianın uğurluluq ehtimalı ilə bağlayır. Hazırki iddia ərizəsinə əsasən bu hal müəyyən edilmir.
7. Ərizəçi X1 nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadının tam ləğv edilməsini və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin qərarının icrasının dayandırılması və onun üzərinə mübahisə yekunlaşanadək Ərizəçi hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
8. Ərizəçi X1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, ərizəçinin səhhətində ciddi problemlər olduğu üçün o, mütəmadi olaraq tibbi yardım almaq məcburiyyətindədir. Ərizəçi hərbi xidmətə aparılsa onun xəstəliyinin ağırlaşması halı baş verə bilər və onun səhhəti bərpa olunmaz hala düşər. Bu da ərizəçinin hüquqlarının pozulmasına və bərpa olunmasının çətinləşməsinə gətirib çıxarar. - Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qurmağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. - Hazırki iş üzrə ərizəçiyə 3 il müddətdə verilmiş rəy qəflətən dəyişdirilir və onun həqiqi hərbi xidmətə yararlı olması barədə rəy verilir. Ərizəçi tam tibbi müayinədən keçirilməmiş, onun xəstəliyi nəinki sağalmış, əksinə daha da ağırlaşmışdır. Ərizəçinin səhhəti, sağlamlığı, ailə vəziyyəti və digər hallar onun hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab vermir. Eyni zamanda, ərizəçinin ötən 3 il ərzində gözlənti hüququ yaranmışdır. Əgər o, hərbi xidmətə aparılsa səhhətində və şəxsi həyatında ciddi çətinliklər yarana bilər və bu vəziyyətin bərpası mümkünsüz ola bilər. - Göründüyü kimi, ərizəçiyə hərbi çağırışdan möhlət verilməli, ekspertiza keçirilərək onun sağlamlığı tam yoxlanılmalı və həmin müddətdə o, hərbi xidmətə çağrılmamalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin qərarının icrası müvəqqəti olaraq dayandırılmalıdır. 3 il müddətində eyni əsaslarla hərbi xidmətdən möhlət verilmiş ərizəçinin yanaşı xəstəlikləri də olmasına məhkəmə qiymət verməmişdir. - Məhkəmə cavabdehin dəlillərini əsaslı və qanuni hesab etsə də, bunun sübuta yetirilməsi üçün heç bir əsas göstərməmiş, yalnız ümumi sözlərlə cavabdehin etirazlarını əsaslandırmağa çalışmışdır. Ən əsası isə odur ki, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunmamasını əsaslandırmamışdır. Məhkəmə yalnız cavabdehin mülahizələrinə əsaslanaraq sözügedən qanunsuz və əsassız qərardadı qəbul etmişdir. Ərizəçinin təqdim etdiyi sənədlər və dəlillər nəzərə alınmamışdır. Məhkəmə yalnız cavabdehin bildirdiyi əsassız dəlillər ilə kifayətlənmiş, işin tam araşdırılması üçün şərait yaratmamışdır. Hazırda apellyasiya məhkəməsinə təqdim oIunan sənədlərin alınması üçün ərizəçiyə yardım göstərilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi X1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin olunmasını, Şəki inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadının tam ləğv edilməsini və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin qərarının icrasının dayandırılması və onun üzərinə mübahisə yekunlaşanadək Ərizəçi hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər kollegiyanın iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası da onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı:
14. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi X1 “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi mümkün sayılmamalıdır.
17. Belə ki, hazırda ərizəçinin hüquqi marağı mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmasının qadağan olunması öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin üzərinə qoyulmasından ibarətdir.
18. Məhkəmə kollegiyasına cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Oğuz rayon bölməsində qeydiyyatda olan ##.##.2005-ci il təvəllüdlü X1 ##.##.2026-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, belə olduğu təqdirdə ərizəçinin hazırki tələbə münasibətdə artıq hüquqi marağı yoxdur. Öz mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir.
20. Plenumun sözügedən qərarında qeyd edilmişdir ki, "Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
21. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, "Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd);
22. Bundan əlavə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
23. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qərardadından ərizəçinin nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilməmişdən öncə X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi tərəfindən ##.##.2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.
24. Bu da onu deməyə əsas verir ki, ərizəçinin əsas iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi tərəfindən 2026-cı ilin aprel çağırışı üzrə hərbi xidmətə cəlb edilməsinin qarşısının alınması barədə tələbi irəli sürməkdə hüquqi marağı qalmamışdır.
25. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur.
26. Beləliklə, ərizəçinin əsas iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi tərəfindən onun hərbi xidmətə cəlb edilməsinin qadağan olunması ilə bağlı hüquqi marağı hazırda aradan qalxmışdır.
27. İş materiallarının təhlili onu deməyə əsas verir ki, hazırkı ərizə ilə bağlı ərizəçinin arzuladığı hüquqi nəticəyə nail olması artıq mümkün olmadığından onun hüquqi marağı qalmamışdır.
28. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarında qeyd edilmişdir ki, - 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. - 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. - 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara 2 əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. - 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. - 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. - 4.2. İddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.
29. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
30. Məhkəmə kollegiyası qeyd edir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, hazırki iş üzrə təcililik şərtinin mövcudluğu müəyyən edilmir.
31. Beləliklə, məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbini, eləcə də Plenum Qərarlarını rəhbər tutaraq qeyd edir ki, iddiaçının hazırki ərizəyə münasibətdə hər hansı hüquqi marağı olmadığından müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayıla bilməz.
32. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi X1 “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi, hazırki tələbini irəli sürməkdə hüquqi marağı qalmaması əsası ilə mümkün sayılmamalıdır.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Ərizəçi X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi X1 cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Oğuz rayon bölməsi və Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Oğuz rayon bölməsinin qərarının icrasının dayandırılması və onun üzərinə iddiaçının hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması” tələbinə dair “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.