Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-61/2026 08.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, ərizəçinin vəkili vəkil1 iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı “iddiaçı tərəfindən qaldırılmış əsas iddiaya məhkəmədə baxılaraq yekun qərar qanuni qüvvəsini alanadək cavabdehin ## ##### 2026-cı il tarixli Qərarının icrasının dayandırılması” tələbinə dair iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Cavabdehin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarı ilə ərizəçiyə 96100,17 manat əlavə vergi məbləi hesablanmışdır.
2. Həmin qərarda qeyd edilmişdir ki, ##.##.2023-cü il tarixdən ##.##.2026-cı il tarixədək ƏDV bəyannamələrinin 303-cü sətrində ƏDV-dən azad dövriyyəsi 1,621,508,34 manat, ƏDV-dən azad onlayn kassa dövriyyəsi 1,685,730,82 manat, e-qaimə faktura üzrə ƏDV-dən azad olunan mallar cəmi alışı 1,055,740,48 manat olmuşdur. Qeyd edilənləri nəzərə alaraq 96,100,22 manat ƏDV məbləği üzrə kənarlaşma yaranmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı Ərizəçi cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul olunmuş, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərarın ləğv olunması və həmin qərarla yazılmış 96.100,17 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda inzibati iş məhkəmənin icraatındadır.
4. Eyni zamanda ərizəçi Ərizəçi Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinni Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı ”iddiaçı tərəfindən qaldırılmış iddiaya məhkəmədə baxılaraq yekun qərar qanuni qüvvəsini alanadək cavabdehin həmin inzibati aktın icrasının dayandırılması və həmin qərar ilə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulması” ni xahiş etmişdir.
5. Ərizəçinin vəkili ərizənin “Cavabdeh qarşı “iddiaçı tərəfindən qaldırılmış əsas iddiaya məhkəmədə baxılaraq yekun qərar qanuni qüvvəsini alanadək cavabdehin ## ##### 2026-cı il tarixli Qərarının icrasının dayandırılması” kimi dəqiqləşdirilməsini məhkəmədən xahiş etmiş, dəqiqləşməyə məhkəmə tərəfindən münasibət bildirilməmişdir.
6. Cavabdeh orqan ərizəyə münasibət bildirməmişlər.
7. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə) ərizə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda Məhkəmənin icraatında olan “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*- ******/**** nömrəli Qərarın ləğv olunması barədə əsas iddianın uğurluluq ehtimalının müəyyən edilməsi mümkün deyildir. Bu baxımdan ziddiyyətli maraqların müqayisəsi əsasında ərizə hüquqi qiymətləndirilməlidir. Ərizəçinin mövcud dövriyyəsi,cavabdehin tətbiq etdiyi məhdudiyyətin onun iqtisadi fəaliyyətinə mane yaratmasının həcminə dair ərizəyə əlavə edilən sübut qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin mövcud sənədlərə əsasən dövriyyəsi ilə müqayisədə mübahisə predmeti olan 96.100,17 manat vergi borcunun cavabdeh tərəfindən hesablarda dondurulmasına dair hərəkəti ərizəçinin iqtisadi baxımdan geri dönülməz əsas yaratmayacaqdır. Həmçinin,hazırkı vəziyyətdə cavabdeh tərəfindən mübahisələndirilən ## ##### 2026- cı il tarixli Qərarının icrası ilə bağlı digər məcburiyyət tədbirləri tətbiq edilməmişdir. Hazırda cavabdeh tərəfindən hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən ərizəçinin banklardakı hesabına, həmçinin ƏDV depozit hesabında vəsaitin dondurulması ilə bağlı sərəncam verilmişdir.Ərizəçi hazırkı vəziyyət dəyişəcəyi halda yenidən məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə ilə müraciət etmək imkanına malikdir. Bu baxımdan da məhkəmə ərizənin kifayət qədər əsaslı olmadığı və rədd edilməsi qənaətinə gəlir. Qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır.
9. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
10. Ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsaslandırma hissəsinə istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, hazırda cavabdeh tərəfindən hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabında vəsaitin dondurulması ilə bağlı sərəncam verilmişdir. Hazırkı vəziyyətdə yuxarıda qeyd olunan qərar icra olunacağı təqdirdə bu hal vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin normal düzəninin və əmtəə dövriyyəsinin pozulmasına, əmək haqqı və digər məcburi ödənişlərin dayandırılması ilə nəticələnəcəyinə, eləcə də digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda maddi ziyan dəyəcəyinə səbəb olacaqdır. Mövcud olan işin faktiki və hüquqi hallarına görə eyni zamanda mübahisəli vergi borcu məbləği ilə cavabdehin hər hansı sərəncam verməsi, qərar qəbul etməsi və ya hərəkətlər etməsi nəticəsində iddiaçının hüquq və azadlıqlarını bərpa oluna bilməyəcək şəkildə pozula bilməsi ehtimalını nəzərə alaraq hesab edir ki, cavabdehin ##.##.2026-cı il tarixli, *-**-*-*/*-******/**** nömrəli Qərarının icrası dayandırılmalıdır. Lakin məhkəmə tərəfindən qeyd olunan əsaslar nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçinin vəkili apellyasiya şikayətinin təmin edilməsini və “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində iştirak edən X3 qeyd etmişdir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən ticarət əlavəsi nəzərə alınmadan birbaşa hesablama aparılması düzgün deyildir. Hazırkı işdə ticarət əlavəsi cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Belə ki, ƏDV-dən azad malların alışı 1,055,740,48 manat təşkil edir. ƏDV-dən azad onlayn kassa dövriyəsi: 1,685,730,82 manat təşkil edir. Belə ki, fərq 629,990,34 manat təşkil edir. Qeyd edilən məbləğdən tutulan vergi məbləği 96,100,22 manat təşkil edir. 5 faiz ticarət əlavəsi nəzərə alındığı zaman 1,055,740,48 manat e-qaimə üzrə ƏDV-dən azad mallara tətbiq olunduqda qeyd edilən məbləğ artırılmalıdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında mütəxəssis qismində iştirak edən X1 qeyd etmişdir ki, ## ###### 2023-cü il tarixdə vergi orqanı alışın dəyərini 10 faizlə götürməsinə baxmayaraq, ##.##.2023-cü il tarixə cəmi 887 min manat dəyərində mal qalığı olmuşdur. Qeyd edilən mal qalığı bəyannamədə elan olmuşdur. Lakin vergi orqanı araşdırma zamanı bunu nəzərə almamışdır. Bu hal vergi orqanı üçün üstünlük yaradaraq, vergitutmanın bazasını yüksəltmişdir. Belə ki, 887 min manat mal qalığının içərisində 148,999,87 qəpik ƏDV-dən azad olan malları təhlildə nəzərə almamışdırlar. Təhlildə nəzərə alınmamasının nəticəsində həmin dövr ərzində alınmış malların dəyəri 55.148 manat olaraq qeyd edilmişdir. Halbuki, 148,999,87 qəpiyi nəzərə almasa idi, 1,204,740,35 manat olacaqdı. Bu isə təhlil zamanı kənarlaşmanın 96,100,17 yox, 55, 381 olacağına gətirib çıxaracaqdı. Sədirlik edənin sualına cavab olaraq mütəxəssis qeyd etmişdir ki, 55,381 manatla razılaşırıq. Çünki, araşdırma zamanı müəyyən edilmişdir ki, bu qədər malın alışı müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi tələbini dəqiqləşdirərək ##.##.2026-cı il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərara əsasən hesablanmış 96100,17 AZN məbləğin 56711,57 AZN hissəsi istisna olmaqla qərarın qalan hissədə (39388,60 AZN) icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
tətbiq edilən hüquq:
14. Vergi Məcəlləsi Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
16. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, ləğv edilən hissədə ərizə təmin edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
20. Mübahisələndirilən inzibati aktın icrasının dayandırılması ilə bağlı ərizənin əsaslılığı ilə bağlı məhkəmə kollegiyasının mövqeyi aşağıdakı kimidir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
22. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
23. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı qeyd edir ki, mübahisələndirilən qərar ərizəçi üçün 96.100,17 manat məbləğində əlavə vergi öhdəliyi yaradır və həmin borcun icrası ilə bağlı qanunvericilikdə 105 faiz həcmində pul vəsaitinin dondurulması mexanizmi nəzərdə tutulmuşdur. Cavabdeh orqan etirazında qeyd etmişdir ki, məhkəmə mübahisəsi dövründə vəsaitlərin büdcəyə silinməsi deyil, borc məbləğinin 105 faizi həcmində dondurulması tətbiq edilir. Qeyd olunan hal mübahisələndirilən qərarın icrasının ərizəçinin bank hesabları üzrə sərəncam vermək imkanına real müdaxilə yarada biləcəyini sübut edir.
24. Odur ki, əlavə hesablanmış borcun 105 faizi həcmində vəsaitin dondurulması ehtimalı qanunvericilikdən və cavabdehin öz mövqeyindən irəli gələn real icra riski olduğundan kollegiya ərizəçinin hüquqlarına müdaxilə ilə bağlı real təhlükənin və ilkin təcili tənzimləmənin zəruriliyinin mövcud olması qənaətinə gəlir. Lakin təcililik şərtinin mövcudluğu mübahisələndirilən qərarın icrasının bütövlükdə dayandırılmasına əsas vermir. Müvəqqəti müdafiə tədbiri yalnız əsas iddianın böyük ehtimalla uğurlu olması aydın görünən hissədə tətbiq edilməli, uğurluluq ehtimalı hazırkı mərhələdə aydın olmayan hissədə isə ziddiyyətli maraqların müqayisəsi əsasında qiymətləndirilmə aparılmalıdır.
25. Məhkəmə kollegiyası ərizəçinin fərdi vəziyyətini nəzərə alaraq qeyd edir ki, ərizəçi sahibkarlıq fəaliyyətini bank hesabları vasitəsilə həyata keçirir, həmin hesablar üzrə mal alışları və digər cari ödənişlər aparılır. Cavabdehin qəbul etdiyi inzibati aktın aşkar şəkildə qanunsuz olan hissəsində mübahisəli məbləğin 105 faizi həcmində vəsaitin bank hesablarında dondurulması ərizəçinin sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin pozulmasına, cari öhdəliklərini vaxtında yerinə yetirə bilməməsinə səbəb olacaqdır. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.
26. Bununla belə, ərizəçi apellyasiya icraatında tələbini dəqiqləşdirərək hesablanmış borcun 39.388,60 manatlıq hissəsi ilə razılaşmadığını bildirmişdir. Buna görə ilkin təcili tənzimləmənin zəruriliyi və müvəqqəti müdafiə tədbirinin həcmi də, məhz həmin mübahisələndirilən hissədə qiymətləndirilməlidir.
27. Iş materiallarından görünür ki, cavabdehin ##.##.2026-cı il tarixli *-**-*-*/*- ******/**** nömrəli qərarı ilə ərizəçinin yanvar 2026-cı il üzrə ƏDV bəyannaməsinə münasibətdə kameral vergi yoxlaması aparılmış, təqdim edilmiş bəyannamə üzrə vergi məbləği 90951,44 manat, kameral vergi yoxlamasının nəticəsi kimi vergi məbləği 187051,61 manat müəyyən edilmiş, nəticədə ərizəçiyə 96100,17 manat əlavə gəlir vergisi hesablanmışdır.
28. Cavabdeh orqan ##.##.2023-cü il tarixdən ##.##.2026-cı il tarixədək dövr üzrə ərizəçinin ƏDV-dən azad onlayn kassa dövriyyəsini 1.685.730,82 manat, e-qaimə üzrə ƏDV-dən azad malların alış məbləğini isə 1.055.740,48 manat kimi qəbul etmiş, həmin göstəricilər arasındakı fərq 629.990,34 manat müəyyən edilmişdir.
29. Həmin fərqə münasibətdə ƏDV məbləği aşağıdakı qaydada hesablanmışdır: 629.990,34 / 1,18 × 18% = 96.100,22 manat.
30. Ərizəçi ilkin olaraq hesablanmış vergi borcunun 40.718,61 manatlıq hissəsi ilə razılaşmadığını bildirmiş, həmin məbləği ##.##.2023-cü il tarixinə 148.999,87 manat ƏDVdən azad mal qalığının nəzərə alınmaması və satış məbləğində 5 faiz ticarət əlavəsinin çıxılmaması ilə əsaslandırmışdır. Apellyasiya icraatı zamanı ərizəçi tələbini dəqiqləşdirərək vergi borcunun 39.388,60 manatlıq hissəsi ilə razılaşmadığını bildirmişdir.
31. Beləliklə, hazırkı iş üzrə ərizəçinin mübahisələndirdiyi vergi borcu məbləği 39.388,60 manat məbləğindədir. Ümumi hesablanmış 96.100,17 manat vergi borcunun qalan 56.711,57 manatlıq hissəsi ilə bağlı ərizəçinin hazırkı mərhələdə qərarın icrasının dayandırılması ilə bağlı tələbi mövcud deyildir.
32. Ərizəçi hesab edir ki, cavabdeh orqan vergi borcunu hesablayarkən satış məbləğinin tərkibində olan 4,5 faiz ticarət əlavəsini və ##.##.2023-cü il tarixinə olan 148.999,87 manat ƏDV-dən azad mal qalığını nəzərə almamışdır.
33. Məhkəmə kollegiyasının satış məbləğinin tərkibində olan 4,5 faiz ticarət əlavəsi ilə bağlı mövqeyi aşağıdakı kimidir:
34. Iş materiallarından görünür ki, cavabdeh orqan ərizəçiyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubda (kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında) ticarət əlavəsinin 4,5 faiz olmasını qeyd etmişdir. Hazırda ərizəçi də, müəyyən edilən həmin faiz göstəricisi ilə razılaşır. Yəni, ticarət əlavəsinin 4,5 faiz olmasını tərəflər mübahisələndirmir.
35. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə görə vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 13.2.64-cü maddəsinə əsasən ticarət əlavəsi malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.
36. Kollegiya qeyd edir ki, satış qiymətinin alış qiymətindən yüksək olması ticarət fəaliyyətinin mahiyyətindən irəli gələn məsələdir. Bu fərq Vergi Məcəlləsinin 13.2.64-cü maddəsində ticarət əlavəsi kimi müəyyən edilmişdir. Ticarət əlavəsinin nəzərə alınmaması faktiki olaraq satış qiyməti ilə alış qiyməti arasındakı fərqin də, alış sənədi ilə təsdiq edilməli məbləğ kimi qiymətləndirilməsinə gətirib çıxarır. Halbuki həmin fərq əlavə mal alışı deyil, satış qiymətinin tərkibində formalaşan məbləğdir və yalnız alış sənədinin olmaması əsası ilə kənarlaşma kimi qəbul edilə bilməz.
37. Işin hallarından göründüyü kimi faktiki olaraq cavabdeh orqan 4,5 faiz ticarət əlavəsini müəyyən etdiyi halda, mübahisələndirilən qərarın qəbulunda satış məbləği ilə alış məbləği arasındakı fərqi həmin ticarət əlavəsi nəzərə alınmadan tam həcmdə kənarlaşma kimi qiymətləndirmişdir.
38. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə 4,5 faiz ticarət əlavəsi - 72.591,28 manata bərabərdir və aşağıdakı qaydada hesablanır: ƏDV-dən azad onlayn kassa dövriyyəsi - 1.685.730,82 manat. 1.685.730,82 / 1,045 = 1.613.139,54 manat, 1.685.730,82 – 1.613.139,54 = 72.591,28 manat
39. Yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan 629.990,34 manat fərq üzrə ƏDVni - 629.990,34 / 1,18 × 18% düsturu ilə hesablamışdır. Yəni, cavabdeh orqan 629.990,34 manat fərqi ƏDV daxil ümumi məbləğ kimi qiymətləndirilmiş, daha sonra həmin məbləğin tərkibindəki ƏDV-ni müəyyən etmək üçün əvvəlcə məbləği 1,18-ə bölməklə ƏDV-siz bazanı müəyyən etmiş, həmin bazaya isə 18 faiz ƏDV dərəcəsi tətbiq etməklə mübahisələndirilən vergi borcunu hesablamışdır.
40. Odur ki, satış məbləğinin tərkibində olan 4,5 faiz ticarət əlavəsinin vergi borcuna təsiri də, eyni üsulla aşağıdakı qaydada hesablanmalıdır: 72.591,28 / 1,18 × 18% = 12568,63 manat.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin razılaşmadığı 39.388,60 manatlıq hissənin 12568,63 manat hissəsində onun dəlili hazırkı mərhələdə əsaslıdır və həmin hissədə əsas iddianın böyük ehtimalla uğurlu olması müəyyən edilir. Bu hissədə mübahisələndirilən qərarın icrasının davam etməsi ərizəçinin iqtisadi cəhətdən əsaslandırılmamış vergi yükünə məruz qalması ilə nəticələnə bilər.
42. Ərizəçinin razılaşmadığı 39.388,60 manatlıq hissənin qalan hissəsinə münasibətdə isə hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olması müəyyən edilmir. Bu hissə üzrə ərizəçinin haqlı olub-olmaması əsas iş üzrə aparılacaq tam araşdırmanın nəticəsindən asılıdır.
43. Belə ki, ərizəçinin mal qalığı ilə bağlı dəlili ondan ibarətdir ki, ##.##.2023-cü il tarixinə olan 148.999,87 manat ƏDV-dən azad mal qalığı nəzərə alınmamış, nəticədə həmin hissəyə görə əlavə ƏDV hesablanmışdır.
44. Kollegiya hesab edir ki, həmin dəlil hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olması qənaəti yaratmır. Belə ki, 2023-cü il üzrə bəyannamədə hesabat dövrünün əvvəlinə 887.357 manat ümumi mal qalığının göstərilməsi yalnız həmin tarixə ümumi mal qalığının mövcudluğu barədə ilkin məlumat olmuşdur. Həmin ümumi qalığın 148.999,87 manatlıq hissəsinin məhz ƏDV-dən azad və ya ƏDV-yə cəlb edilməyən mallardan ibarət olması sübuta yetirilməlidir.
45. Ərizəçi 148.999,87 manatlıq mal qalığına dair mühasibatlıq sənədlərini və inventarizasiya aktını təqdim etsə də, sözügedən səndlər vergi ödəyicisinin daxili uçot sənədləri olmaqla, həmin malların ƏDV statusunu, ##.##.2022-ci il tarixinə faktiki qalıq olub-olmamasını, sonrakı dövrdə məhz mübahisəli satışların tərkibində realizə edilibedilməməsini hazırkı mərhələdə müəyyən etməyə imkan vermir.
46. Kollegiya xüsusi olaraq vurğulayır ki, hazırkı mərhələdə mübahisənin mal qalığı ilə bağlı hissəsi əsassız hesab edilmir. Lakin həmin hissə üzrə təqdim edilmiş sübutlar əsas iddianın böyük ehtimalla uğurlu olması barədə qənaətə gəlmək üçün yetərli deyil. Belə ki, 148.999,87 manatlıq mal qalığının həqiqətən ƏDV-dən azad və ya ƏDV-yə cəlb edilməyən mallardan ibarət olub-olmaması, həmin malların konkret alış sənədləri ilə təsdiqlənib-təsdiqlənməməsi və mübahisəli dövr üzrə satışlarla əlaqəsi əsas iş üzrə əlavə araşdırma tələb edir.
47. Həmin hissə üzrə ziddiyyətli maraqların müqayisəsi də, ərizənin təmin edilməsinə əsas vermir. Belə ki, ərizəçinin razılaşmadığı, lakin hazırkı mərhələdə əsaslılığı bəlli olmayan 28.315,35 manatlıq hissə üzrə 105 faiz dondurma məbləği 28.315,35 × 105% = 29.731,12 manat təşkil edir. 48 Iş materiallarında olan sənədlərə əsasən ərizəçinin 2025-ci il üzrə malların təqdim edilməsindən gəliri 3.670.327,64 manat olmuşdur. Göstərilən 29.731,12 manatlıq mümkün dondurma məbləği həmin illik dövriyyənin təxminən 0,81 faizini təşkil edir.
49. Bu nisbət nəzərə alındıqda, həmin məbləğin dondurulmasının ərizəçinin cari təsərrüfat fəaliyyətini dayandıracağı, əməkhaqqı, vergi və digər zəruri öhdəliklərinin icrasını mümkünsüz edəcəyi barədə qənaət yaratmır. Ərizəçi də, həmin məbləğin dondurulmasının onun fəaliyyətində ağır və ya bərpası çətin nəticələr yaradacağını təsdiq edən sübutlar təqdim etməmişdir.
50. Ərizəçinin təqdim etdiyi əmək müqavilələrindən görünür ki, o, 8 nəfər işçiyə ümumilikdə 2.200 manat əmək haqqı ödəyir. Lakin həmin sənədlər mübahisəli məbləğin dondurulacağı halda əməkhaqqı ödənişlərinin icrasının mümkünsüz olacağı qənaətini yaratmır. Ərizəçinin 2025-ci il üzrə malların təqdim edilməsindən gəlirinin 3.670.327,64 manat olması nəzərə alındıqda, 2.200 manatlıq aylıq əmək haqqı öhdəliyinin mövcudluğu özlüyündə dondurma tədbirinin onun fəaliyyətini dayandıracağı və ya əmək haqqı ödənişlərini icra etməsinə real maneə yaradacağı qənaətinə gəlmək üçün yetərli deyildir.
51. Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşibçətinləşməyəcəyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır.
52. Nəzərə alınmalıdır ki, məhkəmə hazırkı mərhələdə vergi ödəyicisinin yekun vergi öhdəliyini müəyyən etmir. Məhkəmə yalnız müvəqqəti xarakterli müdafiə tədbiri baxımından inzibati aktın ilk baxışda əsaslı olub-olmamasını, əsas iddianın uğurluluq ehtimalını və ərizəçinin təcili müdafiəyə ehtiyacının olub-olmamasını qiymətləndirir. Bu qiymətləndirmə isə mübahisələndirilən qərarın normativ əsaslandırılması, hesablamanın aydın və yoxlanıla bilən olması ilə birbaşa bağlıdır.
53. Cavabdehin Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə istinadla əlavə hesablanmış məbləğin 105 faizi həcmində vəsaitin cari və digər hesablarda dondurulmasının vergi ödəyicisinin vəzifəsi olması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin norma mübahisələndirilən inzibati aktın qanuniliyinə dair məhkəmə nəzarətini və inzibati aktın icrasının dayandırılması imkanını aradan qaldırmır.
54. Vergi ödəyicisinin hesablarında vəsaitin dondurulması yalnız qanuni və əsaslı əlavə vergi hesablamasının icrası məqsədinə xidmət edir və qanuniliyi ciddi şübhə doğuran əlavə vergi hesablamasının hər bir halda icra edilməsi imkanı kimi başa düşülməməlidir. Hazırkı mərhələdə mübahisələndirilən qərarın ticarət əlavəsinə aid hissəsinin aşkar şəkildə qanunsuz olması müəyyən edildiyindən həmin hissədə ərizəçinin 105 faiz həcmində dondurulmaya məruz qalması qanuni və ədalətli hesab edilə bilməz.
55. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərardadı qismən ləğv edilərək 12568,63 manat hissədə ərizə təmin edilməli, qərardad qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ərizənin “12.568,63 manat vergi borcuna münasibətdə təmin edilməməsi hissəsində” ləğv edilir. Həmin hissədə yeni qərardad qəbul edilməklə ərizə qismən təmin edilir. Əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə ##.##.2026-cı il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının icrası 12568,63 manat vergi borcuna aid hissədə dayandırılır. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.