Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-75/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, ərizəçi Ərizəçi və onun nümayəndəsi, həmçinin vəkili vəkil2 və cavabdeh SHXÇÜDX-nın Zaqatala rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı Ərizəçi cavabdehlər SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinə və DTSERAya qarşı “əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “SHXÇÜDXnin Zaqatala rayon şöbəsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və ərizəçinin hərbi xidmətə çağırılmasının həmin orqana qadağan edilməsi” tələbi ilə verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (cərrah) ##.##.2026-cı il tarixli rəyinə əsasən Cdinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (terapevt) ##.##.2026-cı il tarixli rəylərinə əsasən A-müddətli həqiqi hərbi xidmətə yararlı (məhduduiyyət dərəcəsi – 3) hesab olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) ##.##.2026-cı il tarixli yekun rəyi ilə A-3 müddətli həqiqi hərbi xidmətə yararlı (məhdudiyyət dərəcəsi -3) hesab olunmuş, həmin tarixdə qəbul edilmiş qərarla ərizəçi daha yüngül qiymətləndirilmiş və fərqli kateqoriya üzrə təsdiq olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi A-müddətli həqiqi hərbi xidmətə yararlı (məhdudiyyət dərəcəsi – 3) hesab olunmuşdur.
2. SHXÇÜDX-nın Zaqatala rayon şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi MHHK-nın qərarı ilə “Xəstəliklər Cədvəlinin 13D maddəsinin İ qrafasına və ƏTC-yə (AR NK-nın 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən (məhduduiyyət dərəcəsi – 3) “Amüddətli həqiqi hərbi xidmətə yararlı” hesab olunmuşdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı Ərizəçi Şəki Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinin ##.##.2026-cı il tarixli və cavabdeh DTSERAnın ##.##.2026-cı il tarixli qərarlarını mübahisələndirmiş, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Iddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçinin müddətli həqiqi hərbi xidmətə çağırışının SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi barəsində müddətli həqiqi hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilmiş və SHXÇÜDX-nin Zaqatala rayon şöbəsi tərəfindən ona çağırış vərəqəsi təqdim olunmuşdur. Iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək onun hərbi xidmətə çağırılması hüquqlarının sonradan bərpasını mümkünsüz və ya xeyli çətin edə bilər. O, uzun müddət ərzində yerli və mərkəzi hərbihəkim komissiyaları tərəfindən dəfələrlə hərbi xidmətə yararsız və ya müvəqqəti yararsız hesab edilmiş, MRT və digər instrumental müayinələrlə onurğa sütunu patologiyaları təsdiqlənmişdir. Buna görə də, əsas iddianın uğurlu olma ehtimalı yüksəkdir.
6. Cavabdehlər “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə yazılı münasibət bildirməmişdirlər.
7. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək iddiaçı Ərizəçi müddətli həqiqi hərbi xidmətə aparılması Üçüncü şəxs qadağan edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 59-cu maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur ki, (onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa) bu xəstəliklər funksiyaların cüzi dərəcədə pozulması ilə “C” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir. Göründüyü kimi, Əsasnamənin tələblərinə görə İ qrafada nəzərdə tutulan şəxslər, yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar “Xəstəliklər cədvəli”nin 59-cu maddəsinin “c” bəndi (funksiyaların cüzi dərəcədə pozulması ilə) üzrə şəhadətləndirildiyi halda, dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı sayılır. Agentliyin əyani müayinə olunduqdan sonra iddiaçı barədə verdiyi rəyində isə eyni XBT kod olmaqla 59-cu maddənin “ç” bəndinə (funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) istinad edilməklə “funksiya pozulması olmayan onurğanın birinci mərhələ skoliozu” diaqnozu müəyyən olunmuşdur. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Zaqatala şəhərində yerləşən “Hayat Hospital” tərəfindən verilmiş rentgen kabinetinin müayinə protokolunda qeyd olunur ki, onurğanın boyun, döş və bel-oma nahiyəsinin R-qrafiyası zamanı onurğanın bel-oma, beldöş və boyun-döş səviyyəsində S-vari skaliozu – II mərhələ. Əsasnamənin Xəstəliklər cədvəlinin 59-cu maddəsinin əlavə hissəsində qeyd olunur ki, fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri (II mərhələ skolioz (11-25 dərəcə arasında), fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha çox azalması, 3 və daha çox fəqərənin pazabənzər deformasiyası ilə müşayiət olunan osteoxondropatik kifoz və s.) halı “c” bəndinə, yəni funksiyaların cüzi dərəcədə pozulmasına aiddir. Sözügedən maddənin əlavə hissəsində həmçinin qeyd edilmişdir ki, onurğanın əyrilikləri (İ mərhələ skolioz), o cümlədən osteoxondropatik kifoz (xəstəliyin son mərhələsi) halı “ç” bəndinə, yəni funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda aiddir. Göründüyü kimi verilən rəylər arasında qeyri-müəyyənlik yaranır. Hazırkı iş üzrə iddiaçı Ərizəçi Əsasnamənin Xəstəliklər cədvəlinin 59-cu maddəsinin “c” yoxsa “ç” bəndinin təsiri altına düşməsinin müəyyən edilməsi imkanı məhkəmə icraatında gələcəkdə alınacaq müvafiq ekspertiza rəyi ilə daha adekvatdır. Belə olan halda, məhkəmə işin hazırkı mərhələsində iddiaçının dəlilləri üzrə iddianın uğurluluq ehtimalını yuxarı həddə qiymətləndirmir. Hazırkı işin halları üzrə ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, iddiaçı ## ###### 2002-ci il tarixdə doğulmuşdur, yəni onun 24 yaşı tamam olmuşdur. Məhkəmə icraatının gedişində onun sülh dövründə hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və 30 yaşı tamam olanadək iddiaçı hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. Bundan başqa, iddiaçı SHXÇDX Zaqatala rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığından, bu çağırış isə qanunvericiliyə görə hər ilin yanvar, aprel, iyul və oktyabr ayları üçün nəzərdə tutulduğundan, iddiaçının cari ilin iyul ayı ərzində hərbi xidmətə göndərilib-göndərilməməsi məsələsi öz həllini təcili tapmalıdır. Odur ki, iddiaçının ərizəsi üzrə ilkin təcili tənzimləmə zəruridir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı iddiasında mahiyyətcə hərbi xidmətə yararlı sayılması barədə cavabdehin müvafiq qərarını mübahisələndirir və mübahisəyə baxılıb qurtaranadək onun müddətli həqiqi hərbi xidmətə çağırılmasının qadağan olunması məqsədəuyğundur. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməlidir.
9. Cavabdehlər həmin qərardaddan apellyasiya şikayətləri verərək qərardadın ləğv edilməsini xahiş etmişdirlər.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh SHXÇÜDX-nın Zaqatala rayon şöbəsi apellyasiya şikayətində maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir.
11. Cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) apellyasiya şikayətinin dəlillərində maddi hüquq normalarını sadalamış və qeyd etmişdir ki, ərizəçi Ərizəçi (FIN: *******) barəsində: - Əsas xəstəlik M41 XBT kodu, “Skolioz” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin 59-cu maddəsi “C” bəndinin 1-ci qrafasının üzrə “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra ərizəçi yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında “Yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir”, E44 XBT kodu, “Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları” diaqnozu ilə Xəstəliklər Cədvəlinin 13-cü maddəsi “D” bəndinin 1-ci qrafasının üzrə “A” kateqoriyası barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
13. Apellyasiya məhkəməsində icraat zamanı ərizəçinin nümayəndəsi, həmçinin vəkili “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi Ərizəçi barəsində olan Üçüncü şəxs ##.##.2026 tarixli qərarının icrasının dayandırılması” haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi, həmçinin vəkili apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh SHXÇÜDX-nın Zaqatala rayon şöbəsinin nümayəndəsi izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin (DTSEA) nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
tətbiq edilən hüquq:
15. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanun: 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 15.2. bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: (15.2.1) müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; (15.2.2) sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; (15.2.3) sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; (15.2.4) dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; (15.2.5) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. ... 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. ... 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. ... Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
18. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.
23. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.
24. Iş materiallarından görünür ki, ərizəçi DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə daha yüngül qiymətləndirilərək fərqli kateqoriya üzrə təsdiqlənmiş (A-3), SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə hərbi xidmətə yararlı hesab edilmişdir (A-3).
25. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinin müvafiq qərarın icrasının dayandırılması və mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmamasına nail olmaqdır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
27. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
28. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.
29. Iş materiallarından görünür ki, ərizəçinin hərbi xidmətə çağırılması ilə əlaqədar aparılmış ilkin tibbi şəhadətləndirmələr zamanı onda M41 XBT kodlu skolioz müəyyən edilmişdir. Agentlik tərəfindən aparılmış müayinə nəticəsində isə ərizəçidə “funksiya pozulması olmayan onurğanın birinci mərhələ skoliozu” müəyyən edilmiş, skolioza görə maddənin tətbiqinə əsas olmadığı göstərilmişdir. Eyni qərarda yanaşı xəstəlik kimi E44 — orta və yüngül dərəcəli zülal-enerji çatışmazlığı müəyyən edilərək bu vəziyyət Xəstəliklər cədvəlinin 13-cü maddəsinin “d” bəndi üzrə A-3 kateqoriyası ilə qiymətləndirilmiş və yekunda ərizəçinin əvvəlki “C” kateqoriyası daha yüngül A-3 kateqoriyası ilə əvəz edilmişdir.
30. Agentlikdə aparılmış ixtisaslaşmış həkim müayinəsində ərizəçinin onurğasının döş bölgəsində yana doğru əyrilik və kürək sümüklərinin asimmetrik yerləşməsi obyektiv müayinə əlamətləri kimi qeyd olunmuş, bununla belə skolioz birinci mərhələ kimi qiymətləndirilmişdir.
31. Xəstəliklər cədvəlinin 59-cu maddəsinin “c” bəndində funksiyaların cüzi dərəcədə pozulması ilə müşayiət olunan onurğa xəstəlikləri İ qrafa üzrə “C” kateqoriyasına, “ç” bəndində funksiyaların pozulması olmayan obyektiv əlamətlər isə A-3 kateqoriyasına aid edilmişdir. Həmin maddənin tətbiqinə dair izahda fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri, o cümlədən 11–25 dərəcə arasında olan II mərhələ skolioz “c” bəndinə, İ mərhələ skolioz isə “ç” bəndinə aid edilmişdir.
32. Beləliklə, hazırkı mübahisədə ərizəçinin skoliozunun hansı mərhələyə aid olması onun hərbi xidmətə yararlılığının müəyyən edilməsi baxımından həlledici əhəmiyyət daşıyır.
33. Ərizəçi tərəfindən ilkin olaraq təqdim edilmiş “Hayat Hospital”ın rentgen kabinetinin müayinə protokolunda onurğanın boyun, döş və bel-oma nahiyələrinin rentgenoqrafiyası nəticəsində bel-oma, bel-döş və boyun-döş səviyyələrində S-vari skolioz müəyyən edilmiş və “II dərəcə” kimi göstərilmişdir. Sonradan təqdim edilmiş dəqiqləşdirilmiş tibbi sənəddə isə həmin skolioz birbaşa II mərhələ kimi müəyyən edilmişdir.
34. Tibbi sənəddə ərizəçinin skoliozunun II mərhələ olması müəyyən edildiyindən, həmin göstərici Xəstəliklər cədvəlinin 59-cu maddəsinin “c” bəndində nəzərdə tutulan 11–25 dərəcəlik II mərhələ skolioza uyğun gəlir və İ qrafa üzrə “C” kateqoriyasının tətbiqinə əsas yaradır. Bu səbəbdən əyriliyin həmin interval daxilində konkret neçə dərəcə təşkil etməsinin hazırkı icraatda ayrıca müəyyən edilməsinə lüzum yoxdur.
35. Kollegiya nəzərə alır ki, təqdim edilmiş tibbi sənədin məzmunu Agentliyin yekun tibbi müayinəsindən əvvəlki qiymətləndirmələrə uyğun gəlir. Belə ki, yerli çağırış komissiyası, Mərkəzi Hərbi-Həkim Komissiyasının cərrahı və həmin Komissiyanın sədri M41 — skolioz diaqnozunu 59-cu maddənin “c” bəndi üzrə qiymətləndirərək ərizəçini “C” kateqoriyasına aid etmişlər.
36. Ərizəçidə II mərhələ skoliozun müəyyən edilməsi 59-cu maddənin “c” bəndi üzrə hərbi xidmətə yararsızlıq əsası yaratdığından, digər tibbi göstəricilərin əlavə yoxlanılması işin nəticəsinə təsir etmir. E44 XBT kodlu zəif qidalanma diaqnozu isə 13cü maddənin “d” bəndi üzrə A-3 kateqoriyasına uyğun olduğundan, həmin diaqnoz qiymətləndirməsinə ehtiyac yoxdur.
37. Kollegiya qeyd edir ki, məhkəmə nəzarətinin predmeti tibbi sənədlərdə əks olunmuş göstəricilərin Xəstəliklər cədvəlində nəzərdə tutulan meyarlarla müqayisə edilməsindən və bunun əsasında ərizəçinin hərbi xidmətə daimi və ya müvəqqəti yararsız hesab edilməsinə hüquqi əsasın olub-olmamasının yoxlanılmasından ibarətdir.
38. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.
39. Işdə mövcud olan tibbi sənədlər hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Ərizəçiyə qoyulmuş diaqnoz “Xəstəliklər cədvəli”nin yuxarıda istinad olunan bəndi baxımından onun hərbi xidmətə yarasız hesab edilməsinə əsas yaradır.
40. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəqiqləşdirilmiş tələbə münasibətdə dəyişdirilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilir. Ərizəçi tərəfindən verilmiş “Müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə təmin edilir. SHXÇÜDX-nin Zaqatala Rayon Şöbəsinin ##.##.2026 tarixli qərarının icrasının dayandırılır və onun üzərinə əsas iddia üzrə mübahisə yekunlaşanadək ərizəçi Ərizəçi hərbi xidmətə çağrılmaması vəzifəsi qoyulur. Qərardad dərhal icra edilsin. Qərardadın icrası SHXÇÜDX-nin Zaqatala Rayon Şöbəsinə həvalə edilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.