Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-78/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdeh SHXÇÜDX-nın Qax rayon bölməsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinə qarşı “SHXÇÜDX-nin Qax rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və onun üzərinə mübahiə yekunlaşanadək hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)- ***/**** nömrəli qərardadından iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Ərizəçi barəsində tərtib olunmuş Forma 44-də “əsas diaqnoz: XBT kodu - N20.0 Böyrək daşları” olmaqla «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin Xəstəliklər cədvəlinin 65-ci maddəsinin “c” bəndi üzrə “C” kateqoriyası, “yanaşı xəstəlik: XBT kodu – N11.1 Xroniki obstruktiv pielonefrit” olmaqla 65-ci maddənin “c” bəndi üzrə “C” kateqoriyası, həmçinin “yanaşı xəstəlik: XBT kodu – G90.9 Vegetativ (avtonom) sinir sisteminin dəqiqləşdirilməmiş pozğunluğu” olmaqla 24-cü maddənin “d” bəndi üzrə “Ç” kateqoriyası, XBT kodu R45 – “əsəbilik” olmaqla 17-ci maddənin “ç” bəndinin “A” kateqoriyası ilə qiymətləndirilmə aparılmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – SHXÇDX) Mərkəzi Hərbi-Həkim Komissiyasının (bundan sonra – MHHK) qərarı ilə “C” kateqoriyası ilə şəhadətləndirilərək dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
2. DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə yarasızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənməmiş və ərizəçi “A” kateqoriyası ilə həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.
3. SHXÇÜDX-nin Qax rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı Ərizəçi cavabdehlər Agentliyə və SHXÇDX Qax rayon bölməsinə qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək “hərbi xidmətə yararlı olması barədə qərarın ləğvi və hərbi xidmətə yararsız kimi hərbi biletin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddia tələbi dəqiqləşdirilərək cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin ##.##.2026-cı il tarixli və SHXÇDX Qax rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsini və cavabdehlərin üzərinə “dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında” qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1998-ci il tarixdə Qax rayonunda anadan olmuşdur. Illərdir ki, “Sidik daşı xəstəliyi. Sol böyrəyin daşı və kistası. Soltərəfli hidronefroz. Xroniki pielonefrik. Sidik saxlamamazlıq” xəstəliyindən, həmçinin “L4-5 diskdə anterior epidural sahəni, sol forameni xəfif daraldan 2 mm-dən kiçik sirkulyar protruziya L5- S1 diskdə anterior epidural sahəni daraldan, dural kisə, sağ sinir kökünə mülayim kompressiya edən, təxminən 7 mm ölçülü, geniş əsaslı sağ paramedian yırtıq’’ xəstəliyindən əziyyət çəkir. Dərman və xüsusi qulluqla özünü idarə edir. Xəstəliyi sağalmazdır. Bundan əvvəlki müayinələr zamanı SHXÇDX Qax rayon bölməsinin Hərbi- Həkim Komissiyası tərəfindən yararsız kimi uzun illərdir ki, şəhadətləndirilmişdir. Müvafiq olaraq möhlət hüququ verimişdir. Bu dəfə isə yenidən şəhadətləndirilən zaman Agentliyin Tibbi-Sosial Ekpert Komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararlı kimi şəhadətiəndirilmişdir. Agentlikdə yenidən müayinə olunması üçün ərizə ilə müraciət etməsinə baxmayaraq bu günə qədər heç bir cavab verilməmişdir. Agentliyin onun yararlı hesab olunması ilə bağlı qərarı təqdim olunmamışdır.
7. Cavabdeh DTSERA “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə etirazını onunla əsaslandırmışdır ki, ərizəçi Ərizəçi (FIN: *******) barəsində N20.0 XBT kodu,“Böyrək daşları” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin“C” bəndinin 1-ci qrafasının 65-ci maddəsi üzrə “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra ərizəçi yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında heç bir kateqoriya təsdiqlənmir barədə qərar qəbul edilmişdir.
8. Cavabdeh SHXÇÜDX-ın Qax rayon bölməsi tərəfindən ərizəyə münasibət bildirilməmişdir.
9. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək ərizəçi Ərizəçi həqiqi hərbi xidmətə aparılması SHXÇÜDX-nın Qax rayon bölməsinə qadağan edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik normaları 18 yaşına çatmış kişi cinsindən olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını həyata keçirmək üçün SHXÇDX-nin yerli qurumlarında (rayon (şəhər) idarə və şöbələrində) yaradılmış çağırış komissiyaları tərəfindən onların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyi hallarda çağırışına möhlət verilməsi haqqında qərar qəbul edilməsini nəzərdə tutur. Vətəndaşların hərbi xidmətə yararlı və ya yararsız hesab edilməsi barədə qərarı ilk növbədə SHXÇDX-nin yerli qurumu tərəfindən müəyyən edilir və həmin qurum bu barədə qərar qəbul edir. Hazırkı işin halları ilə bağlı məhkəmə iddiaçının arzuladığı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini məqbul qiymətləndirir. Bu qənaət ondan irəli gəlir ki: 1) Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 2.15-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A – hərbi xidmətə yararlıdır; B – sıradankənar hərbi xidmətə yararlıdır; C – dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç – hərbi xidmətə müvəqqəti yararsızdır; D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Sidik-cinsiyyət sisteminin xəstəlikləri” bölməsinin 65-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur ki, (obstruktiv uropatiya və reflyuks-uropatiya (hidronefroz, pionef-roz), pielonefrit (ikincili), sidikdaşı xəstəliyi, böyrəklərin və sidik axarlarının digər xəstəlikləri, sistit, sidik kisəsinin digər xəstəlikləri, qeyri-zöhrəvi uretrit, uretranın strikturası, uretranın digər xəstəlikləri, enurez) bu xəstəliklər funksiyaların cüzi dərəcədə pozulması ilə “C” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir. Göründüyü kimi, Əsasnamənin tələblərinə görə İ qrafada nəzərdə tutulan şəxslər, yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar “Xəstəliklər cədvəli”nin 65-ci maddəsinin “c” bəndi (funksiyaların cüzi dərəcədə pozulması ilə) üzrə şəhadətləndirildiyi halda, dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı sayılır. Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Sinir sistemi xəstəlikləri” bölməsinin 24-cü maddəsinin “d” bəndində nəzərdə tutulmuşdur ki, (baş-beynin, onurğa-beyninin damar xəstəlikləri) bu xəstəliklər kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, travmalarından, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar ilə “Ç” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir. Əsasnamənin tələblərinə görə İ qrafada nəzərdə tutulan şəxslər, yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar “Xəstəliklər cədvəli”nin 24-cü maddəsinin “d” bəndi (kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, travmalarından, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar) üzrə şəhadətləndirildiyi halda, hərbi xidmətə müvəqqəti yararsız sayılır. Agentliyin əyani müayinə olunduqdan sonra iddiaçı barədə verdiyi rəyində isə qoyulan diaqnozların öz təsdiqini tapmadığı qeyd edilmişdir. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Akademik “M.Cavadzadə” adına Respublika Klinik Uroloji Xəstəxanasının *** nömrəli “ambulator xəstənin tibbi kartasından çıxarış”dan görünür ki, ## ###### 1998-ci il tarixdə doğulmuş Ərizəçi # ###### 2025-ci ildə müayinə olunmuş və “sidik daşı xəstəliyi, sol böyrəyin daşı və kistası, soltərəfli hidronefroz, xroniki pielonefrit, sidik saxlamazlıq” diaqnozu müəyyən olunmuşdur. Əsasnamənin Xəstəliklər cədvəlinin 65-ci maddəsinin əlavə hissəsində qeyd olunur ki, böyrəklərin ifrazat funksiyasının pozulması olmadan böyrəklərin, sidik axarlarının tək-tək daşları (0,5 sm və daha iri), kincili pielonefritlə müşayiət olunan birtərəfli II mərhələ nefroptoz halı “c” bəndinə, yəni funksiyaların cüzi dərəcədə pozulmasına aiddir. Göründüyü kimi Akademik “M.Cavadzadə” adına Respublika Klinik Uroloji Xəstəxanasının verdiyi çıxarış və MHHK-nın rəyi ilə Agentliyin rəyi arasında ziddiyyətli məqamlar vardır. Hazırkı iş üzrə iddiaçı Ərizəçi Əsasnamənin Xəstəliklər cədvəlinin 24cü maddəsinin “d” bəndinin, yoxsa 65-ci maddəsinin “c” bəndinin təsiri altına düşməsinin və yaxud müddətli həqiqi hərbi xidmətə yararlı sayılmasının müəyyən edilməsi imkanı məhkəmə icraatında gələcəkdə alınacaq müvafiq ekspertiza rəyi ilə daha adekvatdır. Belə olan halda, məhkəmə işin hazırkı mərhələsində iddiaçının dəlilləri üzrə iddianın uğurluluq ehtimalını yuxarı həddə qiymətləndirmir. 2) Hazırkı işin halları üzrə ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, iddiaçı ## ###### 1998-ci il tarixdə doğulmuşdur, yəni onun 27 yaşı tamam olmuşdur. Məhkəmə icraatının gedişində onun sülh dövründə hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və 30 yaşı tamam olanadək iddiaçı hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər.
11. Cavabdeh orqan və üçüncü şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh SHXÇÜDX-nın Qax rayon bölməsi apellyasiya şikayətinin dəlillərini maddi hüquq normalarını sadalamaqla əsaslandırmış və Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
13. Cavabdeh DTSERA apellyasiya şikayətinin dəlillərini ilkin iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
15. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kolegiyyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh cavabdeh1 PHŞ onun hüquqi varisi “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” PHŞ ilə əvəz edilmişdir.
16. Apellyasiya icraatı zamanı ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə üzrə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, SHXÇÜDX-nın Qax rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırlması və onun üzərinə mübahisə yekunlaşanadək ərizəçinin hərbi xidmətə çağrılmaması vəzifəsinin qoyulmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasının protokol qəraradı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
18. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh SHXÇÜDXnın Qax rayon bölməsi nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və digər cavabdeh DTSEA-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası ərizəçi və digər cavabdeh DTSEA-nın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə ... 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. ... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. ... 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. 14.1.2. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsi olaraq müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;
22. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. ... 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. ... 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. ... Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.
24. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
25. Apellyasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
26. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.
29. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.
30. Iş materiallarından görünür ki, DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə yarasızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənməmiş və SHXÇÜDX-nin Qax rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarı ilə hərbi xidmətə yararlı hesab edilmişdir.
31. Ərizəçi əsas iddia tələbində onun hərbi xidmətə yararlılığı ilə bağlı cavabdehlər “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” PHŞ və SHXÇDX Qax rayon bölməsi tərəfindən müvafiq olaraq ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə qəbul edilmiş qərarları mübahisələndirmiş, cavabdehlərin üzərinə “dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında” qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
32. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Qax rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmamasına nail olmaqdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
34. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
35. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.
36. Ərizəçi barəsində tərtib edilmiş Forma 44-də aşağıdakı diaqnozlar öz əksini tapmışdır: - Əsas xəstəlik: Böyrək daşları (N20.0), - Yanaşı xəstəliklər: Xroniki obstruktiv pielonefrit (N11.1), Vegetativ (avtonom) sinir sisteminin dəqiqləşdirilməmiş pozğunluğu (G90.9), Əsəbilik (R45.0).
37. Iş materiallarından görünür ki, Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının # ###### 2025-ci il tarixli *** nömrəli çıxarışında ərizəçinin sol böyrəyinin yuxarı kasacığında 8,5 mm ölçülü exopozitiv kölgənin aşkar edildiyi göstərilmiş, müayinənin nəticəsinə əsasən ona “sidikdaşı xəstəliyi, sol böyrəyin daşı” diaqnozu qoyulmuşdur.
38. Ərizəçi barəsində tərtib olunmuş Forma 44-də əksini tapmış uroloji ultrasəs müayinəsində də sol böyrəyin yuxarı kasacığında 8 mm ölçüdə exopozitiv kölgənin müəyyən edilməsi qeyd olunmuş, əsas diaqnoz N20.0 kodu ilə “Böyrək daşları” kimi müəyyən edilmişdir.
39. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 65-ci maddəsinin “c” bəndinə böyrəklərin ifrazat funksiyasının pozulması olmadan böyrəklərdə və ya sidik axarlarında olan 0,5 sm və daha iri tək-tək daşlar aid edilmişdir. Həmin bənd üzrə İ qrafada “C” kateqoriyası müəyyən olunur (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı).
40. Göründüyü kimi ərizəçinin sol böyrəyində 8-8,5 mm (0,8 sm) ölçüdə daşın olması tibbi sənədlərlə öz təsdiqini tapır. Xəstəliklər cədvəlində isə 0,5 sm (5 mm) və daha iri tək-tək daşların mövcudluğu hərbi xidmətə yarasızlıq əsası yaradır.
41. Agentliyin ## ##### 2026-cı il tarixli qərarında yarasızlıq əsasının heç bir kateqoriya ilə təsdiqlənmədiyi qeyd edilsə də, böyrək daşları ilə bağlı tibbi sənədlərin məzmununu təkzib edən, böyrək daşının ölçüsünün normativdən daha aşağı olmasını və ya ümumiyyətlə olmamasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
42. Ərizəçidə aşkar edilmiş böyrək daşının ölçüsü onun hərbi xidmətə yararsızlığına səbəb olduğundan digər diaqnozların və tibbi göstəricilərin yararsızlıq əsası yaradıb-yaratmamasının araşdırılmasına lüzum yoxdur.
43. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslanma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Kollegiya yalnız tibbi sənədlərdə artıq əks olunmuş göstəriciləri “Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli təhlil edərək uyğunluğun (hərbi xidmətə yararsızlıq əsasının) olubolmamasını yoxlayır və bununla da, mübahisəyə hüquqi qiymət verir.
44. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.
45. Işdə mövcud olan tibbi sənədlər hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Ərizəçiyə qoyulmuş diaqnoz “Xəstəliklər cədvəli”nin yuxarıda istinad olunan bəndi baxımından onun hərbi xidmətə yarasız hesab edilməsinə əsas yaradır.
46. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəqiqləşdirilmiş tələbə münasibətdə dəyişdirilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilir. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılır və onun üzərinə əsas iddia üzrə mübahisə yekunlaşanadək ərizəçinin hərbi xidmətə çağrılmaması vəzifəsi qoyulur. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.