Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-82/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, ərizəçi Ərizəçi və onun vəkili X1 iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdehlər “xxxx” publik hüquqi şəxsi və SHXÇÜDX-nin Zaqatala rayon Şöbəsinə qarşı “əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçinin müddətli həqiqi hərbi xidmətə çağırılmasının SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinə qadağan edilməsi” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Ərizəçiyə M92.5 XBT kodlu “incik və qamış sümüklərinin yuvenil osteoxondrozu (Osgood–Schlatter xəstəliyi)” diaqnozu müəyyən edilmiş, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər cədvəlinin 58-ci maddəsinin “d” bəndi, İ qrafa üzrə “Ç” kateqoriyası – hərbi xidmətə müvəqqəti yararsızlıq barədə rəy verilmişdir.
2. Ərizəçinin ##.##.2026-cı il tarixli sol diz oynağının rentgenoqrafiyasında Osgood–Schlatter xəstəliyinə uyğun obyektiv dəyişikliklər müəyyən edilmiş, tibiofemoral oynaq yarığının genişliyinin normal hədlərdə olması, oynaq səthlərinin hamar qalması və oynağı təşkil edən digər sümüklərdə dəyişiklik izlənilmədiyi qeyd edilmişdir.
2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli yekun tibbi müayinə qərarı ilə ərizəçidə “funksiyaların pozulması olmayan sol diz oynağının Osgood–Schlatter xəstəliyi” müəyyən edilmiş, vəziyyət Xəstəliklər cədvəlinin 58-ci maddəsinin “ç” bəndi, İ qrafa üzrə A-3 kateqoriyası ilə qiymətləndirilərək yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiq edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı Ərizəçi cavabdehlər “xxxx” PHŞ və SHXÇÜDX-nin Zaqatala rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə X2 müraciət edərək “cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğvi və onun üzərinə iddiaçının yekun tibbi şəhadətləndirilməyinə dair C kateqoriya ilə qiymətləndirilərək “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq qərarının qəbul edilməsi və həmçinin cavabdeh SHXÇÜDX-nin Zaqatala rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılması barədə qərarın ləğv edilməsi və hərbi xidmətə çağırılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Eyni zamanda ərizəçi əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçinin müddətli həqiqi hərbi xidmətə çağırılmasının SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi onun hərbi xidmətə yararlı sayılması ilə bağlı qərarı məhkəmədə mübahisələndirmiş, lakin SHXÇÜDX-nin Zaqatala Rayon Şöbəsi ona müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı çağırış vərəqəsi vermişdir. Bu da məhkəmədə işə baxılan müddətdə iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırılmasına səbəb olacaqdır. Əgər mövcud vəziyyətin dəyişəcəyi, yəni iddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılacağı təqdirdə, onun hüquqlarının məhkəmədə müdafiəsinin əhəmiyyəti qalmayacaqdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Buna görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh ərizəyə qarşı etiraz məktubunda bildirmişdir ki, ərizəçi barəsində M92.5 XBT kodu, “Incik və qamış sümüklərinin yuvenil osteoxondrozu” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “D” bəndinin 1-ci qrafasının 58-ci maddəsi üzrə “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında Fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir.
8. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Kamran Musayev) ərizə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ərizəçi oğlu əsas iddia tələbi üzrə “xxxx” publik hüquqi şəxsin ##.##.2026-ci il tarixli qərarını mübahisələndirir və hazırkı ərizədə onun hüquqi marağı müvəqqəti olaraq hərbi xidmətə çağırılmamasında ifadə olunur. Qeyd olunmalıdır ki, qanunvericilik normaları inzibati məhkəmə icraatında inzibati aktın mübahisələndirilməsi barədə iddialar üzrə müvəqqəti xarakterli müdafiə tədbiri qismində aktın icrasının dayandırılmasını ilk növbədə iddianın uğurluluq ehtimalı ilə şərtləndirir, bu xüsusat aydın olmadıqda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra mümkün sayır. Mövcud qanunvericilik normaları 18 yaşına çatmış kişi cinsindən olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün SHXÇD Xidmətinin yerli qurumlarında yaradılmış çağırış komissiyaları tərəfindən onların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyi hallarda çağırışına möhlət verilməsi haqqında qərar qəbul etməsini nəzərdə tutur. Vətəndaşların hərbi xidmətə yararlı və ya yararsız hesab edilməsi isə DTSER Agentliyi tərəfindən müəyyən edilir və həmin qurum bu barədə qərar (rəy) qəbul edir. Iş üzrə müəyyən edilir ki, iddiaçı Ərizəçi barəsində M92.5 XBT kodu, “Incik və qamış sümüklərinin yuvenil osteoxondrozu” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “D” bəndinin 1-ci qrafasının 58-ci maddəsi üzrə “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında Fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. “xxxx” publik hüquqi şəxsi iddiaya etirazında qeyd etmişdir ki, ərizəçi barədə sonuncu dəfə “DTSERA” tərəfindən onun hərbi xidmətə yararlı hesab olunması barədə qərar qəbul edilmişdir. Hazırkı məhkəmə icraatında, istər iddia ərizəsində və iddia qaldırılarkən təqdim olunmuş sənədlərdə, istərsə də məhkəmə iclasında iddiaçı tərəf tələbinə dair tutarlı əsaslar və dəlillər bildirməmiş, yalnız əvvəlki müayinələrə istinad etmişdir ki, onların da düzgün olub olmaması əsas iddia tələbi üzrə araşdırma predmetini təşkil edir. Yəni hazırkı ərizədə ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda birgə mövcudluğu müəyyən olunmur. Hazırkı halda ##.##.2026-cı il tarixində ərizəçi barəsində aparılmış müayinələrin nəticəsinin əsassız olması qənaətinə gəlmək üçün yetərli sübutlar mövcud deyil. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı iddiasında mahiyyətcə DTSERA-nın müvafiq qərarını (rəyini) mübahisələndirir və hazırkı halda həmin qərarın mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükə kimi qiymətləndirilərək onun dayandırılması üçün yetərli əsaslar mövcud deyil. Beləkliklə, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməməlidir.
10. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ərizəçi uzun müddət ərzində həm çağırış komissiyaları, həm də hərbi-həkim komissiyaları tərəfindən dəfələrlə hərbi xidmətə yararsız və ya müvəqqəti yararsız hesab edilmiş, instrumental müayinələr vasitəsilə müvafiq patologiyalar obyektiv qaydada təsdiq edilmişdir. Həmçinin, ərizəçinin hərbi xidmətə yararlı sayılması ilə bağlı nəticəyə DTSERA kifayət qədər əsaslandırma etmədən gəlsə də, yerli hərbi-həkim komissiyasının, MHHK-dakı terapevtin və MHHK-nın sədrinin rəyi ilə müəyyən edilmiş tibbi hallar göstərir ki, ərizəçinin hərbi xidmətə yararsız sayılması üçün kifayət qədər əsaslar vardır. Bu da ən azı ərizəçinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “C” (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) kateqoriyasına uyğun gəlməsinə dair ilkin və əsas iddianın uğurlu olma ehtimalının yüksək olduğunu göstərir. Bu isə Inzibati Prosessual Məcəlləsinin 43.1.2ci maddəsində nəzərdə tutulmuş şərtin də mövcudluğunu təsdiqləyir. Qeyd edilməlidir ki, ərizəçi barəsində müxtəlif vaxtlarda fərqli hərbi yararlılıq kateqoriyaları, əvvəlcə yerli hərbi-həkim komissiyası tərəfindən iddiaçıya “C” kateqoriyası verilmiş, sonradan Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Ç” kateqoriyası müəyyən edilmiş, daha sonra isə yekun qərarla iddiaçı hərbi xidmətə yararlı hesab edilərək “A” kateqoriyası müəyyən olunmuşdur. Eyni şəxsin sağlamlıq vəziyyəti ilə bağlı qısa müddət ərzində tamamilə fərqli tibbi nəticələrin mövcud olması artıq mübahisənin ciddi xarakter daşıdığını və inzibati aktın qanuniliyinə dair əsaslı şübhələrin mövcudluğunu göstərir. Bundan əlavə, ərizəçi uzun müddətdir hematoloji problemlərdən əziyyət çəkməsi ilə bağlı tibbi sənədlər mövcuddur. Həmin sənədlər ərizəçinin sağlamlıq vəziyyətinin əlavə tibbi araşdırma tələb etdiyini təsdiq edir. Birinci instansiya məhkəməsinin özü də qərardadında tibbi ekspertizanın keçirilməsinin zəruriliyini qeyd etmişdir. Məhkəmənin ekspertiza keçirilməsinə ehtiyac olduğunu qəbul etməsi faktiki olaraq mövcud tibbi vəziyyətin tam aydın olmadığını və inzibati aktın qanuniliyinə dair ciddi şübhələrin mövcudluğunu təsdiq edir. Hazırkı vəziyyətdə ərizəçinin yaxın vaxtlarda hərbi xidmətə göndərilməsi nəzərdə tutulur. Ərizəçi hərbi xidmətə göndərildiyi halda, onun sağlamlıq vəziyyəti ağırlaşa bilər, sonradan iddia təmin olunsa belə, artıq baş vermiş nəticələrin aradan qaldırılması mümkün olmaya bilər və məhkəmə müdafiəsinin effektivliyi faktiki olaraq itirilmiş olar. Bu baxımdan ərizəçinin sağlamlıq hüququ, həyat və sağlamlığın qorunması hüququ və effektiv məhkəmə müdafiəsi hüququ ilə dövlətin inzibati aktın dərhal icrasında olan maraqları arasında ziddiyyətli maraqların qiymətləndirilməsi aparılmalıdır. Hazırkı işdə ərizəçinin hərbi xidmətə göndərilməsi onun sağlamlığı və konstitusion hüquqları üçün ciddi və geri dönməz nəticələr yarada bilər. Digər tərəfdən, inzibati aktın icrasının müvəqqəti olaraq dayandırılması dövlətin və ictimai maraqların pozulmasına səbəb olmur. Buna görə də ziddiyyətli maraqların balansı ərizəçinin xeyrinə həll edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
13. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Cavabdeh PHŞ onun hüquqi varisi “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” PHŞ ilə əvəz edilmişdir.
15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçi və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə ... 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. ... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. ... 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. 14.1.2. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsi olaraq müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;
19. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. ... 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. ... 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. ... Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.
21. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.
26. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.
27. Iş materiallarından görünür ki, DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçinin hərbi xidmətə yararlılığı fərqli kateqoriya üzrə təsdiqlənmiş (A-3), SHXÇÜDXnin Zaqatala rayon şöbəsi tərəfindən isə ərizəçinin hərbi xidmətə yararlı hesab edilməsinə dair ayrıca qərar qəbul edilməmişdir.
28. Ərizəçi əsas iddia tələbində DTSERA-nın qərarının ləğv edilməsini və cavabdehin üzərinə onun “C” kateqoriyası üzrə qiymətləndirilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Əsas iddia tələbində SHXÇÜDX-nin qərarı mübahisələndirilsə də, hazırkı mərhələdə həmin inzibati orqan tərəfindən hər hansı qərarın qəbul edilməsi müəyyən olunmur. Bununla belə, DTSERA-ya qarşı irəli sürülmüş iddia tələbi düzgün olduğundan həmin hissədə iddia mümkünlük şərtlərinə cavab verir və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə mahiyyəti üzrə baxılmasına mane olmur.
29. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Zaqatala rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmamasına nail olmaqdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
31. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
32. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.
33. Iş materiallarından görünür ki, ərizəçinin hərbi xidmətə yararlılığı M92.5 XBT kodlu incik və qamış sümüklərinin yuvenil osteoxondrozu, sol diz oynağının Osgood–Schlatter xəstəliyi əsasında Xəstəliklər cədvəlinin 58-ci maddəsi üzrə qiymətləndirilmişdir. Agentliyin ##.##.2026-cı il tarixli yekun qərarı ilə ərizəçidə funksiyaların pozulması olmayan sol diz oynağının Osgood–Schlatter xəstəliyi müəyyən edilmiş və 58-ci maddənin “ç” bəndi üzrə A-3 kateqoriyasına aid edilmişdir.
34. Iş materiallarında olan ##.##.2026-cı il tarixli sol diz oynağının rentgenoqrafiyasında aşağıdakı tibbi göstəricilər öz əksini tapmışdır: - tibiofemoral oynaq yarığının genişliyi normal hədlərdə olmuş, oynaq səthləri hamar qalmış, oynağı təşkil edən digər sümüklərdə dəyişiklik izlənilməmiş, sol qamış sümüyü qabarıqlığının önə doğru bir qədər qabarması və patellar vətərin birləşmə yerində sümük konturunun qeyri-hamar olması isə Osgood–Schlatter xəstəliyinin obyektiv rentgenoloji əlaməti kimi qiymətləndirilmişdir. Forma 44-ə daxil edilmiş əvvəlki rentgen nəticəsində də sol baldır sümüklərində nəzərəçarpan destruktiv dəyişiklik müəyyən edilməmiş, yalnız qamış sümüyü qabarında xəstəliyə uyğun radioloji dəyişiklik göstərilmişdir.
35. 58-ci maddənin “a” bəndi funksiyaların mühüm dərəcədə pozulmasını nəzərdə tutur. Həmin bəndin tətbiqi üçün zəruri olan tibbi göstəricilər (iri oynağın ankilozu, patoloji hərəkətlilik, mühüm kontraktura, iri sümük defekti və ya ağır destruktiv oynaq dəyişikliyi) ərizəçidə müəyyən edilmir.
36. 58-ci maddənin “b” bəndinin tətbiqi funksiyaların mülayim dərəcədə pozulmasını nəzərdə tutur. Həmin bəndin tətbiqi üçün zəruri olan tibbi göstəricilər də (oynaq yarığının daralması, oynaq səthlərinin deformasiyası, nəzərəçarpan oynaq qeyrisabitliyi, mülayim kontraktura və ya funksiyaya təsir edən digər struktur dəyişiklik) tibbi sənədlərdə müəyyən edilmir.
37. 58-ci maddənin “c” bəndi funksiyaların cüzi dərəcədə pozulmasını nəzərdə tutur. Həmin bəndin tətbiqi üçün zəruri olan tibbi göstəricilər (diz oynağında hərəkət həcminin cüzi məhdudlaşması, davamlı kontraktura, oynaq qeyri-sabitliyi, təkrarlanan sinovit və ya funksiyaya təsir edən digər pozuntular) ərizəçidə müəyyən edilmir.
38. 58-ci maddənin “d” bəndi müalicədən sonra müvəqqəti funksional pozulmaları nəzərdə tutur. Həmin bəndin tətbiqi üçün zəruri olan tibbi göstəricilər də (müalicədən sonrakı dövrdə müvəqqəti hərəkət məhdudluğu, bərpa dövrü ilə əlaqədar funksional pozuntu və ya davam edən başa çatmamış xəstəlik prosesi) ərizəçidə müəyyən edilmir.
39. Yuxarıda göstərilən tibbi sənədlərdə tibiofemoral oynaq yarığının genişliyinin normal hədlərdə olması, oynaq səthlərinin hamar qalması, oynağı təşkil edən digər sümüklərdə və sol baldır sümüklərində nəzərəçarpan destruktiv dəyişikliklərin müəyyən edilməməsi qeyd edildiyindən, eyni zamanda ərizəçidə Osgood–Schlatter xəstəliyinə uyğun əlamətlər müəyyən olunduğundan kollegiya bu tibbi göstəriciləri Xəstəliklər cədvəlinin 58-ci maddəsində nəzərdə tutulan meyarlarla müqayisə edərək hesab edir ki, hazırkı mərhələdə müəyyən edilmiş vəziyyət funksiyaların mühüm, mülayim və ya cüzi dərəcədə pozulmasını nəzərdə tutan “a”, “b” və “c” bəndlərindəki yararsızlıq meyarlarına uyğun gəlmir (“d” bəndinin tətbiqi üçün müalicədən sonrakı vəziyyət yoxdur).
40. Ərizəçidə müəyyən edilmiş Osgood–Schlatter xəstəliyi diz oynağının funksiyasının pozulması ilə müşayiət olunmadığından 58-ci maddənin “ç” bəndinə uyğunluqla bağlı ilkin qənaət yaranır.
41. Apellyasiya şikayətində qeyd edilən hematoloji problemlərə münasibətdə kollegiya qeyd edir ki, qanın ümumi analizində hemoqlobin, hematokrit, eritrosit, leykosit və trombosit göstəriciləri müvafiq laborator müayinə sənədində göstərilən normativ hədlər daxilində olmuşdur.
42. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslanma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Kollegiya yalnız tibbi sənədlərdə artıq əks olunmuş göstəriciləri “Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli təhlil edərək uyğunluğun (hərbi xidmətə yararsızlıq əsasının) olubolmamasını yoxlayır və bununla da, mübahisəyə hüquqi qiymət verir.
43. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.
44. Hazırkı mübahisənin xarakteri baxımından belə sübutlar ərizəçinin hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır.
45. Ərizəçi ##.##.1998-ci ildə doğulmuş, 2016-cı ildən çağırış yaşına çatmış və həmin vaxtdan etibarən 10 ildən artıq müddətdə hərbi xidmətə cəlb edilməmişdir. Apellyasiya şikayətində onun bu müddət ərzində dəfələrlə hərbi xidmətə yararsız və ya müvəqqəti yararsız hesab edilməsi bildirilsə də, iş materiallarında əvvəlki dövrlərdə xəstəliyinə görə müayinə və ya müalicə olunmasını, xəstəliyin gedişini və ağırlıq dərəcəsini təsdiq edən tibbi sənədlər təqdim edilməmişdir.
46. Belə olan halda xəstəliyinin hərbi xidmətə yararsızlığa səbəb olacaq dərəcədə olmasını iddia edən ərizəçidən Xəstəliklər cədvəlinin 58-ci maddəsinin yuxarıda qeyd olunan bəndlərində nəzərdə tutulan və yararsızlıq əsası yaradan tibbi göstəricilərin mövcudluğunu təsdiq edən müayinə və müalicə sənədlərinin təqdim edilməsi gözlənilirdi. Belə tibbi sənədlərin olmaması xəstəliyin əvvəlki dövrlərdə hərbi xidmətə yararsızlıq yaradacaq ağırlıqda olmamasını göstərir.
47. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilə bağlı kollegiya qeyd edir ki, belə qiymətləndirmə əsas iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda aparılır. Hazırkı iş üzrə mövcud tibbi sənədlər isə əsas iddianın uğurlu olub-olmayacağı barədə ilkin proqnoz vermək üçün kifayət edən həcmdədir. Lakin həmin sənədlərdə əks olunmuş diaqnoz və tibbi göstəricilər “Xəstəliklər cədvəli”nin yuxarıda istinad olunan bəndləri baxımından ərizəçinin hərbi xidmətə daimi və ya müvəqqəti yararsız hesab edilməsinə əsas yaratmır. Buna görə ərizəçinin C kateqoriyası üzrə qiymətləndirilməsinə dair əsas iddianın böyük ehtimalla uğurlu olacağı qənaəti yaranmır. Əksinə, hazırkı mərhələdə bu qənaət daha çox əsas iddianın böyük ehtimalla uğursuz olacağı istiqamətindədir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, ərizəçinin uzun müddət ərzində hərbi xidmətə çağırılmaması və əvvəlki dövrlərdə ona eyni və ya oxşar əsaslarla möhlət verilməsi onun gələcəkdə də, hərbi xidmətə çağırılmayacağına dair qanunla qorunan legitim gözlənti yaratmır.
49. Hərbi xidmətə yararlılıq şəxsin əvvəlki illərdəki deyil, şəhadətləndirilmə anında mövcud olan sağlamlıq vəziyyətinə və “Xəstəliklər cədvəli”nin müvafiq meyarlarına əsasən müəyyən edilir. Odur ki, ərizəçinin əvvəllər hərbi xidmətə yararsız hesab edilməsi və ya ona möhlət verilməsi cavabdeh orqanın onun hazırkı tibbi vəziyyətini yenidən qiymətləndirməsinə mane olmur və hazırkı qiymətləndirmənin qanunsuzluğu barədə müstəqil əsas kimi çıxış edə bilməz.
50. Apellyasiya şikayətinin tibbi ekspertizanın keçirilməsi zərurəti ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, ekspertiza təyin edilməsi zərurətinin mövcudluğu ərizəçinin tibbi vəziyyətinin müəyyən edilməməsi və ya inzibati aktın qanuniliyinə şübhələrin olması nəticəsinə gəlmək üçün kifayət etmir. Hazırkı halda ərizəçi artıq müvafiq tibbi müayinələrdən keçirilmiş və onun sağlamlıq vəziyyəti səlahiyyətli orqan tərəfindən müəyyən edilmişdir. Ərizəçi həmin tibbi nəticə ilə razılaşmasa da, onun əksini təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
51. Məhkəmə araşdırması da ərizəçinin tibbi vəziyyətinin ilk dəfə müəyyən edilməsinə yox, artıq müəyyən edilmiş tibbi vəziyyətin dəqiqləşdirilməsinə və onun əsaslılığının yoxlanılmasına yönəlmişdir. Buna görə də əsas iddia tələbində ekspertiza tədqiqatının aparılmasının zəruri hesab edilməsi hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət yarada bilməz.
52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.