Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-85/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının hərbi xidmətə yararlığını barədə rəyin (qərarın) ləğv edilməsi və hərbi xidmətə yararlı olub-olmaması barədə təkrar tibbi rəy verilməsi» barədə iddia ərizəsinə dair inzibati iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsinə dair Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 15(4-10)-136/2026 nömrəli qərardadından ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən аpellyаsiyа şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Işin halları: 1.Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: Yerli çağırış komissiyasının ## ###### 2026-cı il tarixli rəyi ilə Ərizəçi barəsində “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 59-cu maddəsinin “c” bəndi (XBT kod M41 – skolioz) üzrə əsas diaqnoz müəyyən edilmiş, həmçinin 72-ci maddəsinin “ç” bəndi (XBT kod Q67.8 – döş qəfəsinin digər anadangəlmə deformasiyaları) üzrə yanaşı xəstəlik müəyyən olunaraq barəsində “C” kateqoriyası ilə qiymətləndirmə aparılmaqla dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. SHXÇD Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının (bundan sonra – MHHK) ## ###### 2026-cı il tarixli rəyi ilə Ərizəçi barəsində əsas diaqnoz: XBT kodu M.41 – skolioz olmaqla «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin Xəstəliklər cədvəlinin 59-cu maddəsinin (onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə eformasiyalar və inkişaf qüsurlarından başqa) “c” bəndi (funksiyaların cüzi dərəcədə pozulması), yanaşı xəstəlik XBT kodu Q67.8 - döş qəfəsinin digər anadangəlmə deformasiyaları olmaqla 72-ci maddəsinin (orqanların və sistemlərin anadəngəlmə inkişaf anomaliyaları) “ç” (funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) bəndi ilə şəhadətləndirilmiş və yekunda “C” kateqoriyası ilə qiymətləndirmə aparılmaqla dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ərizəçi əyani müayinə olunmuş, sağlamlıq vəziyyəti daha yüngül qiymətləndirilmiş, barəsində ## ###### 2026-cı il tarixdə “heç bir kateqoriya təsdiqlənmir” kimi yekun rəy verilmişdir. Rəydə əsas diaqnoz XBT kod M41 – skolioz - funksiyaların pozulması olmayan onurğanın İ mərhələ skoliozu kimi göstərilmişdir. Həmin rəyə əsasən ərizəçinin A-müddətli hərbi xidmətə yararlı olması barədə ##.##.2026-ci il tarixdə SHXÇÜDX-nin MHHK-nin sədrinin yekun qərarı qəbul edilmişdir. SHXÇÜDX-nin Şəki rayon bölməsi tərəfindən ##.##.2026-ci il tarixli qərarından (rayon (şəhər) çağırış komissiyasının ##.##.2026-ci il tarixli protokolundan) görünür ki, 2007-ci il təvəllüdlü çağırışçı Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarına əsasən təsdiq edilmiş Xəstəliklər cədvəlinin 72-ci maddəsinin “ç” bəndinə əsasən müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
2. Iddiaçı Ərizəçi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının hərbi xidmətə yararlığını barədə rəyin (qərarın) ləğv edilməsi və hərbi xidmətə yararlı olub-olmaması barədə təkrar tibbi rəy verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.
3. Eyni zamanda iddiaçı Şəki Inzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiaçının həqiqi hərbi xidmətə aparılmasının qarşısının alınması barədə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
4. “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə onunla əsaslandırılmışdır ki, “o, ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiqlənmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələbləri əsasında müayinələrə cəlb olunmuş ve yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 59 “c” və 72 “ç” maddələri üzrə onun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməsi, Elmi- Tədqiqat Travmotologiya və Ortopediya Institutunun ##.##.2026-cı il tarixdə verdiyi ********** nömrəli rəsmi arayışa əsasən müayinələr nəticəsində onun onurğasında ayaq üstə çəkiliş zamanı 16 dərəcəli, uzanmış vəziyyətdə isə 12 dərəcəli skolioz aşkar edilməsi, skolioz xəstəliyi olan şəxs kimi hərbi xidmət şəraitində fiziki yüklənməyə məruz qalması onun sağlamlığına bərpaedilməz ağır zərər vura biləcəyi ən böyük əsas və sübutdur.”.
5. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin halları ilə bağlı məhkəmə iddiaçının arzuladığı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini məqbul qiymətləndirmir. Bu qənaət aşağıdakılardan irəli gəlir: 1) Qeyd olunmalıdır ki, Əsasnamənin tələblərinə görə “Xəstəliklər cədvəli”nin İ qrafasında nəzərdə tutulan şəxslər, yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar həmin cədvəlin müvafiq müddəaları ilə şəhadətləndirildiyi halda, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Lakin iddiaçı Ərizəçi münasibətdə belə halın olması işin hazırkı mərhələsində müəyyən edilmir. SHXÇD Xidmətinin Şəki rayon şöbəsinin çağırış komissiyası iddiaçı Ərizəçi müayinəsinin nəticələri üzrə “C” kateqoriyası üzrə “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olması barədə qərar qəbul etmiş, lakin inzibati orqan onun müayinəsi üzrə “heç bir kateqoriya təsdiq edilmir” qərarını qəbul etmişdir. Hazırkı məhkəmə icraatında isə, istər iddia ərizəsində və iddia qaldırılarkən təqdim olunmuş sənədlərdə, istərsə də məhkəmə iclasında iddiaçı tərəf tələbinə dair tutarlı əsaslar və dəlillər bildirməmiş, cavabdehin yazılı etirazındakıları təkzib edəcək xüsusatlara toxunmamışdır. Bununla da, məhkəmə işin hazırkı mərhələsində iddianın uğurluluq ehtimalını yuxarı həddə dəyərləndirmir. 2) Hazırkı işin halları üzrə ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətə aparıldığı təqdirdə məhkəmə icraatında iddia müsbət həll ilə nəticələnərsə müvafiq tədbir görülə bilər (məsələn iddianın, cavabdehin və ya icra üsulunun dəyişdirilməsi ilə, icra haqqında ayrıca qərardadla). Bundan başqa, digər müvafiq fəsadlar və ya sağlamlığa ziyan dəyməsi (xəstəliyin kəskinləşməsi və s.) hallarında da qanunvericilik ziyanın əvəzinin ödənilməsi institutu ilə hüququ müdafiə etmiş olar. Odur ki, məhkəmə iş üzrə ziddiyyətli məqamları da dəyərləndirərək ərizənin əsaslı olması qənaətinə gəlmir.
7. Ərizəçinin nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiaçı Ərizəçi həqiqi hərbi xidmətə çağırılması (aparılması) barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsini (çağırışın dayandırılmasını) xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) apellyasiya şikayətinin dəlilləri
8. Ərizəçinin nümayəndəsi apellyasiya şikayətində iddia ərizəsi və “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi ilə eyni məzmunlu dəlillərə istinad etmişdir.
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları:
10. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını məhkəmədən xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq:
13. Azərbаycаn Respublikаsının Inzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı:
15. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli,**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi mümkün sayılmamalıdır.
18. Belə ki, hazırda ərizəçinin hüquqi marağı mübahisə yekunlaşanadək onun hərbi xidmətə aparılmasının qarşısının alınması öhdəliyinin Üçüncü şəxs üzərinə qoyulmasından ibarətdir.
19. Məhkəmə kollegiyasına üçüncü şəxs Üçüncü şəxs tərəfindən göndərilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, ##.##.2007-ci il təvəllüdlü Ərizəçi barədə yekun qərar verilərək ##.##.2026-cı il tarixdə Üçüncü şəxs tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, belə olduğu təqdirdə ərizəçinin hazırki tələbə münasibətdə artıq hüquqi marağı yoxdur. Öz mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir.
21. Plenumun sözügedən qərarında qeyd edilmişdir ki, "Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
22. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, "Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd);
23. Bundan əlavə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
24. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qərardadından ərizəçinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verildikdən sonra Ərizəçi Üçüncü şəxs tərəfindən ##.##.2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə təhvil verilmişdir.
25. Bu da onu deməyə əsas verir ki, ərizəçinin əsas iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək onun Üçüncü şəxs tərəfindən 2026-cı ilin iyul çağırışı üzrə hərbi xidmətə cəlb edilməsinin qarşısının alınması barədə tələbi irəli sürməkdə hüquqi marağı qalmamışdır.
26. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). Iddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur.
27. Beləliklə, ərizəçinin əsas iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək Üçüncü şəxs tərəfindən onun hərbi xidmətə aparılmasının qarşısının alınması ilə bağlı hüquqi marağı hazırda aradan qalxmışdır.
28. Iş materiallarının təhlili onu deməyə əsas verir ki, hazırkı ərizə ilə bağlı ərizəçinin arzuladığı hüquqi nəticəyə nail olması artıq mümkün olmadığından ilkin təcili tənzimləmənin zəruriliyidə aradan qalxmışdır.
29. Məhkəmə kollegiyası bildirir ki, "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
30. Beləliklə, məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbini, eləcə də Plenum Qərarlarını rəhbər tutaraq qeyd edir ki, ərizəçinin hazırki ərizəyə münasibətdə hüquqi marağı qalmadığından müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayıla bilməz.
31. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi mümkün sayılmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilir. Ərizəçi Ərizəçi Üçüncü şəxs qarşı iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiaçının həqiqi hərbi xidmətə aparılmasının qarşısının alınması barədə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizəsi mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.