Məhkəmə qərarları › İş №15(3-10)-89/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-89/2026

26.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-89/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı (Azərbaycan Resbublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi maraqlı şəxs qismində işə cəlb edilməklə) "Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırışının cavabdehə qadağan edilməsi" tələbinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Işin halları:

1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli rəyi ilə xəstəliklər cədvəlinin 52ci maddəsinin “Ç” bəndinin İ qrafası diaqnozu əsasında “Ç”-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının Sədrinin ##.##.2026-ci il tarixli yekun qərarına əsasən ərizəçi A-müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Bundan sonra Ərizəçi SHXÇDX Zaqatala rayon şöbəsi tərəfindən ## #### 2026cı il tarixə çağırış vərəqəsi verilmişdir. SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, “çağırışçı Ərizəçi verilmiş qərardan şikayətçi olduğundan və həqiqi hərbi xidmətə çağırış bölməsinə ötürülmədiyindən onun barəsində protokoldan çıxarış tərtib olunmamışdır.“.

2. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2026-cı il tarixli, *** nömrəli Fərmanına əsasən iş üzrə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı Ərizəçi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “iddiaçı Ərizəçi müddətli həqiqi hərbi xidmətə yararlı olmasına dair ##.##.2026-cı il tarixli qərarın (rəyin) ləğv edilməsi və onun barəsində “C” (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) kateqoriyası üzrə qərar (rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.

4. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırışının SHXÇDX-nin Zaqatala rayon şöbəsinə qadağan edilməsi barədə qərardadın çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə onunla əsaslandırılmışdır ki, “hazırda “ərizəçi Ərizəçi müddətli həqiqi hərbi xidmətə yararlı olmasına dair ##.##.2026cı il tarixli qərarın (rəyin) ləğv edilməsi və onun barəsində “C” (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) kateqoriyası üzrə qərar (rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Ancaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumu olan Zaqatala rayon şöbəsinin çağırış komissiyası ərizəçinin müddətli həqiqi hərbi xidmətə çağırışı ilə bağlı çağırış vərəqəsini vermişdir. Bu da məhkəmədə işə baxılan müddətdə ərizəçinin müddətli həqiqi hərbi xidmətə çağırılmasına səbəb olacaqdır. Əgər mövcud vəziyyətin dəyişəcəyi, yəni ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılacağı təqdirdə, onun hüquqlarının məhkəmədə müdafiəsinin əhəmiyyəti qalmayacaqdır. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırışının cavabdehə qadağan edilməsi haqqında qərar çıxarılmalıdır.

6. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Kamran Musayev) iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Işin halları ilə bağlı məhkəmə iddiaçının arzuladığı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini məqbul qiymətləndirmir. Bu qənaət onda irəli gəlir ki, Əsasnamənin tələblərinə görə onun yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə təsdiqlənməməsi ilə bağlıdır. Hazırkı məhkəmə icraatında isə, istər iddia ərizəsində və iddia qaldırılarkən təqdim olunmuş sənədlərdə, istərsə də məhkəmə iclasında iddiaçı tərəf tələbinə dair tutarlı əsaslar və dəlillər bildirməmiş, yalnız əvvəlki müayinələrə istinad etmişdir ki, onların da düzgün olub olmaması əsas iddia tələbi üzrə araşdırma predmetini təşkil edir. Yəni hazırkı ərizədə ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda birgə mövcudluğu müəyyən olunmur.”.

8. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunması barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri

9. Ərizəçi apellyasiya şikayətində iddia ərizəsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi ilə eyni məzmunlu dəlillərə istinad edib əlavə olaraq göstərmişdir ki, ərizəçi barəsində müxtəlif vaxtlarda fərqli hərbi yararlılıq kateqoriyaları, əvvəlcə yerli hərbihəkim komissiyası tərəfindən iddiaçıya "C" kateqoriyası verilmiş, sonradan Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən "Ç" kateqoriyası müəyyən edilmiş, daha sonra isə yekun qərarla iddiaçı hərbi xidmətə yararlı hesab edilərək "A" kateqoriyası müəyyən olunmuşdur. Eyni şəxsin sağlamlıq vəziyyəti ilə bağlı qısa müddət ərzində tamamilə fərqli tibbi nəticələrin mövcud olması artıq mübahisənin ciddi xarakter daşıdığını və inzibati aktın qanuniliyinə dair əsaslı şübhələrin mövcudluğunu göstərir. Bundan əlavə, ərizəçi uzun müddətdir hematoloji problemlərdən əziyyət çəkməsi ilə bağlı tibbi sənədlər mövcuddur. Həmin sənədlər ərizəçinin sağlamlıq vəziyyətinin əlavə tibbi araşdırma tələb etdiyini təsdiq edir. Birinci instansiya məhkəməsinin özü də qərarında tibbi ekspertizanın keçirilməsinin zəruriliyini qeyd etmişdir. Məhkəmənin ekspertiza keçirilməsinə ehtiyac olduğunu qəbul etməsi faktiki olaraq mövcud tibbi vəziyyətin tam aydın olmadığını və inzibati aktın qanuniliyinə dair ciddi şübhələrin mövcudluğunu təsdiq edir. Hazırkı vəziyyətdə ərizəçinin yaxın vaxtlarda hərbi xidmətə göndərilməsi nəzərdə tutulur. Iddiaçı hərbi xidmətə göndərildiyi halda, onun sağlamlıq vəziyyəti ağırlaşa bilər, sonradan iddia təmin olunsa belə, artıq baş vermiş nəticələrin aradan qaldırılması mümkün olmaya bilər və məhkəmə müdafiəsinin effektivliyi faktiki olaraq itirilmiş olar. Bu baxımdan ərizəçinin sağlamlıq hüququ, həyat və sağlamlığın qorunması hüququ və effektiv məhkəmə müdafiəsi hüququ ilə dövlətin inzibati aktın dərhal icrasında olan maraqları arasında ziddiyyətli maraqların qiymətləndirilməsi aparılmalıdır. Hazırkı işdə ərizəçinin hərbi xidmətə göndərilməsi onun sağlamlığı və konstitusion hüquqları üçün ciddi və geri dönməz nəticələr yarada bilər. Digər tərəfdən, inzibati aktın icrasının müvəqqəti olaraq dayandırılması dövlətin və ictimai maraqların pozulmasına səbəb olmur. Buna görə də ziddiyyətli maraqların balansı ərizəçinin xeyrinə həll edilməlidir. Bu səbəbdən Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəsinin təmin olunması haqqında yeni qərardad çıxarılmalıdır. Tərəflərin izahatları:

10. Iş materiallarından göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdeh, Xidmətin Zaqatala rayon şöbəsi isə üçüncü şəxs qismində göstərilsə də, ərizə üzrə öhdəliyik yerli şöbənin üzərinə qoyulmuşdur. Bu səbəbdən, məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş və maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Ərizəçi məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq:

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. 14.1.2. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsi olaraq müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;

16. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra –altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər.

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 41.5. Inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

19. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

20. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “4” oktyabr 2023-cü il tarixli, ** №-li qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur - inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1 IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.3.Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız "ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

24. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.

25. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.

26. Iş materiallarından görünür ki, Mərkəzi Hərbi-Həkim Komissiyasının Sədrinin ##.##.2026-ci il tarixli qərarı ilə ərizəçi hərbi xidmətə yararlı hesab edilmişdir.

27. Ərizəçi əsas iddia tələbində Mərkəzi Hərbi-Həkim Komissiyasının ##.##.2026-cı il tarixli qərarını mübahisələndirərək həmin qərarın ləğv edilməsini və SHXÇDX-nin üzərinə iddiaçı barəsində "Ç” kateqoriyası üzrə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

28. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Zaqatala rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmamasına nail olmaqdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.

30. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.

31. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.

32. Iş materiallarına əlavə edilmiş ərizəçinin tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə VEIS-dən çıxarışdan görünür ki, ərizəçi Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli rəyi ilə (Xəstəliklər cədvəlinin 52-ci maddəsinin “Ç” bəndinin İ qrafası) diaqnozu əsasında “Ç”-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuş, lakin daha sonra Mərkəzi Hərbi- Həkim Komissiyasının ##.##.2026-cı il tarixli qərarı ilə (53-cü maddəsinin “C” bəndinin İ qrafası) hərbi xidmətə yararlı (A-3) hesab edilmişdir.

33. Göründüyü kimi, ərizəçinin həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməsinə əsas olmuş yerli hərbi həkim kommissiyasının rəyi əsasında “Xəstəliklər cədvəli”nin 52-ci maddəsinin “Ç” bəndi əsasında qiymətləndirilmişdir. Odur ki, ərizəçinin hərbi xidmətə yararlılıq vəziyyəti məhz sözügedən maddənin tələbləri baxımından yoxlanılmalıdır.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 52-ci maddəsinin (Mədənin, onikibarmaq bağırsağın xora və qida borusu xəstəliyi) “c” bəndi funksiyaların cüzi dərəcədə pozulması və xəstəliyin nadir kəskinləşmələrinə aid olmaqla “C” ilə kateqoriyasına (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı), “ç” bəndi isə kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra həzm orqanlarının müvəqqəti funksional pozulmalara aid olmaqla İ qrafa üzrə “Ç” kateqoriyasına (hərbi xidmətə müvəqqəti yararsızdır) aid edilmişdir.

35. Həmin maddənin açıqlamasında qeyd olunur ki, “Onikibarmaq bağırsaq soğanağının kobud deformasiyası evakuasiyanın ləngiməsi (kontrast maddənin mədədə 2 saatdan artıq ləngiməsi) ilə müşayiət olunan, süni hiptoniya şəraitində dürüst yerinə yetirilmiş duodenoqrafiyada aydın seçilən deformasiya hesab edilir. “Xəstəliklər cədvəli”nin III qrafası ilə həzm funksiyasının pozulması olmayan, onikibarmaq bağırsaq soğanağının cüzi deformasiyası və nadir (ildə 1 dəfə) kəskinləşmələrlə onikibarmaq bağırsağın və ya mədənin xora xəstəliyi ilə hərbi qulluqçuların şəhadətləndirilməsi “c” bəndi üzrə keçirilir. Birinci dəfə təyin olunmuş mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi diaqnozu ilə “Xəstəliklər cədvəli”nin İ qrafası üzrə 6 ay müddətinə müvəqqəti yararsız hesab edilir. “Xəstəliklər cədvəli”nin II və III qrafaları üzrə şəhadətləndirilənlər isə 52-ci maddənın “ç” bəndinə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Residiv olduqda xəstəliklər cədvəlinin İ və II qrafaları üzrə xəstəliyin gedişindən və remissiyanın müddətindən (davamlılığından) asılı olaraq, qərar “a”, “b” və ya “c” bəndi üzrə çıxarılır. Xəstəliyin remissiya fazasında onikibarmaq bağırsaq soğanağının keçirilmiş xorasının etibarlı əlaməti - süni hipotoniya şəraitində yerinə yetirilmiş fibroqastroskopiyada xoradan sonrakı çapığın olması və (və ya) duodenoqrafiyada soğanaqda kobud çapıq deformasiyasının olması, keçirilmiş mədə xorasının əlaməti isə - fibroqastroskopiyada xoradan sonrakı çapığın olmasıdır. Mədənin və onikibarmaq bağırsağın fəsadlaşmamış simptomatik xoraları ilə hərbi xidmətə yararlılıq kateqoriyası əsas xəstəliyin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə təyin edilir. Fəsadlaşmış simptomatik xoralarla “Xəstəliklər cədvəli”nin bütün qrafaları üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası həzm funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, bu maddənin “a”, “b” və ya “c” bəndi üzrə təyin edilir. Mədənin, onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi (residivi) dedikdə, qastroduodenal sistemin istənilən nahiyəsində təkrar xora əmələ gəlməsi ilə xəstədə müalicəyə qədər müşahidə olunmuş kliniki mənzərənin əsas əlamətlərini təkrarlayan kliniki simptomlar kompleksi başa düşülür. Qida borusu, mədə və onikibarmaq bağırsağın kəskin xora xəstəliyindən sonra soğanağın kobud deformasiyası olmadıqda, hərbi qulluqçuların 15 gün müddətinə məzuniyyətə ehtiyacı olması haqqında qərar çıxarılır. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasının eroziv dəyişiklikləri olan və “Xəstəliklər cədvəli”nin İ-II-III qrafaları ilə şəhadətləndirilən şəxşlər müalicə olunur və müalicədən sonra hərbi xidmətə yararlı sayılırlar.”.

36. Qeyd olunmalıdır ki, “Xəstəliklər cədvəli”nin 52-ci maddəsinin yarasızlıqla bağlı bəndlərinin tətbiqi üçün həmin maddənin açıqlamalarında sadalanan əlamətlərin mövcudluğu şərtdir və bu hal təqdim edilən tibbi sənədlərdən aydın görünməlidir.

37. Belə ki, "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız "ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.

38. Hazırkı iş üzrə ərizəçinin təqdim etməli olduğu ilkin sübutlar - onun hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır. Məhz belə sübutlar əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olacağına dair ilkin proqnozun formalaşdırılması üçün əsas təşkil edəcəkdir. Lakin iş materiallarından faktiki olaraq müəyyən edilir ki, ərizəçi tərəfindən onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararsızlığına və ya məhdud yararlılığına səbəb ola biləcək halları təsdiq edən ilkin sübutlar məhkəməyə təqdim edilməmiş, mövcud sübutlar isə Xəstəliklər cədvəlinin yarasızlıqla bağlı müvafiq maddələrinin tətbiqinə hüquqi əsas yaratmamışdır.

39. Yuxarda sadalananlar məhkəmə kollegiyasına deməyə əsas verir ki, hazırkı ərizədə ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda birgə mövcudluğu müəyyən olunmur.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, ərizəçinin əvvələr müvəqqəti yararsız hesab edilməsi onun gələcəkdə də hərbi xidmətə çağırılmayacağına dair qanunla qorunan legitim gözlənti yaratmır.

41. Hərbi xidmətə yararlılıq şəxsin əvvəlki illərdəki deyil, şəhadətləndirilmə anında mövcud olan sağlamlıq vəziyyətinə və "Xəstəliklər cədvəli”nin müvafiq meyarlarına əsasən müəyyən edilir. Odur ki, ərizəçinin əvvəllər hərbi xidmətə yararsız hesab edilməsi və ya ona möhlət verilməsi cavabdeh orqanın onun hazırkı tibbi vəziyyətini yenidən qiymətləndirməsinə mane olmur və hazırkı qiymətləndirmənin qanunsuzluğu barədə müstəqil əsas kimi çıxış edə bilməz.

42. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar