Məhkəmə qərarları › İş №15(3-10)-93/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-93/2026

16.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-93/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi və cavabdeh Azərbaycan Respublikası cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə və Azərbaycan Respublikası cavabdeh1 qarşı “qərarların ləğv edilməsi, iddiaçının “C” kateqoriyası, yəni dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunması barədə qərar qəbul edilməsi” barədə iddia tələbinə dair iş üzrə iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından xxxx tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Işin halları:

1. Iş materiallarında olan: Yerli çağırış komissiyası tərəfindən çağırışçı barəsində «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər cədvəli”nin 51-ci maddəsinin (üz-çənə anomaliyaları (anadangəlmə inkişaf qüsurlarından başqa), dişlərin və onların dayaq aparatlarının digər xəstəlikləri və dəyişiklikləri, əng və çənənin xəstəlikləri) “b” bəndi (tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının mülayim dərəcədə pozulması ilə) ilə qiymətləndirmə aparılmışdır. Ərizəçi barəsində tərtib olunmuş göndərişdə (Forma 44) “əsas diaqnoz: XBT kodu – K00.0 adentiya” olmaqla «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər cədvəli”nin 49-cu maddəsinin “ç” bəndi üzrə “Ç” kateqoriyası, “yanaşı xəstəlik: XBT kodu – M41 skolioz” olmaqla 59-cu maddənin “ç bəndi üzrə “A” kateqoriyası ilə qiymətləndirmə aparılmış, SHXÇDX Mərkəzi Hərbi-Həkim Komissiyasının (bundan sonra – MHHK) qərarı ilə “Ç” kateqoriyası ilə şəhadətləndirilərək hərbi xidmətə müvəqqəti yararsızdır hesab edilmişdir. xxxxnin ## #### 2026-cı il tarixli yekun rəyi ilə ərizəçi barəsində “daha yüngül qiymətləndirilir” qeydi icra edilmişdir və fərqli, yəni A-2 kateqoriyası üzrə rəy verilmişdir. Belə ki, Ərizəçi əyani müayinə zamanı MHHK tərəfindən verilmiş əsas diaqnoz XBT kod - K00.0 adentiya (Dişlərin inkişafının və çıxmasının pozulmaları– “ç” bəndi kəskin xəstəliklərdən və ya cərrahi müalicədən sonra müvəqqəti funksional pozulmaları) xəstəliyi fəsadlaşmış çoxlu karies kimi qiymətləndirilmişdir. Bundan sonra Ərizəçi MHHK-nın qərarı ilə “A” kateqoriyası ilə həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası cavabdeh1 ## #### 2026-cı il tarixli **-*/*** nömrəli qərarı (protokolundan çıxarışı) ilə 1997-cı il təvəllüdlü vətəndaş X2 xxxxnin yekun rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. “Ixtisaslaşmış həkim müayinələri” sənəddən görünür ki, çağırışçının ağız boşluğunun baxışı keçirildi, 17, 16, 26, 27, 47, 46, 45 və 37-ci dişlər çəkilib, 15, 36-cı dişlərin qalıq kötükləri müşahidə olunur (onları protezləşdirmə üçün istifadə etmək mümkün deyil), qalan dişlər intaktdır, obyektiv olaraq ağız boşluğunda 10 qalıq kötüyü olan və çəkilmiş dişlər qeyd olunur (fəsadlaşmış çoxlu karies), dişləm ortoqnatiqdir, selikli qişa intaktdır, paradontoz və paradontitin əlamətləri izlənilmir. SHXÇDX-nin ## ###### 2026-cı il tarixli göndərişi ilə Ərizəçi Respublika Klinik Xəstəxanasında müayinə olunmasına dair “Sağlamlıq vəziyyətinin müayinə akt”ından görünür ki, N.İ.Aqapova görə onun çeynəmə effektliyi 52% təşkil edir. Diaqnoz: “XBT kodu K00.0 – üst və alt çənələrin II hissəvi adentiyası. Diş köklərinin qalığı. Çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” kimi qeyd olunmuşdur. Mingəçevir şəhər X6 şöbəsinin ## ######## 2026-cı il tarixli arayışından görünür ki, Ərizəçi qoyulmuş diaqnoz: Adentiya. 12 (on iki) ədəd kiçik və böyük azı dişinin olmaması. Diş kökləri protezləşdirmə üçün yararlı deyil. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

2. Iddiaçı Ərizəçi cavabdeh xxxxnə qarşı «iddiaçının həqiqi hərbi xidmətə yararlılığı barədə qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.

3. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə SHXÇDX Yevlax rayon şöbəsi inzibati məhkəmə icraatına cavabdeh qismində cəlb olunmuş, iddianın «cavabdeh xxxxnin ## #### 2026-cı il tarixli və SHXÇDX Yevlax rayon şöbəsinin ## #### 2026-cı il tarixli qərarlarının ləvğ edilməsi, cavabdehlərin üzərinə iddiaçı barədə “C” kateqoriyası, dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar qəbul edilməsi» dəyişdirilməsi qəbul edilmişdir.

4. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək «yekun məhkəmə aktı qəbul edilənədək həqiqi hərbi xidmətə aparılmasının SHXÇDX Yevlax rayon şöbəsinə qadağan edilməsi barədə qərardadın qəbul edilməsi» məhkəmədən xahiş etmişdir.

5. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 15(4-10)-141/2026 nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddiaçı Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək iddiaçı Ərizəçi hərbi xidmətə aparılması cavabdeh1 qadağan edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hazırkı şin halları ilə bağlı məhkəmə iddiaçının arzuladığı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini məqbul qiymətləndirir. Bu qənaət ondan irəli gəlir ki: 1) Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 2.15-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A – hərbi xidmətə yararlıdır; B – sıradankənar hərbi xidmətə yararlıdır; C – dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç – hərbi xidmətə müvəqqəti yararsızdır; D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Həzm orqanlarının xəstəlikləri” bölməsinin 49-cu maddəsinin (dişlərin inkişafının və çıxmasının pozulmaları) “ç” bəndində nəzərdə tutulmuşdur ki, bu xəstəliklər kəskin xəstəliklərdən və ya cərrahi müalicədən sonra müvəqqəti funksional pozulmaları ilə “Ç” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir. Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Həzm orqanlarının xəstəlikləri” bölməsinin 49-cu maddəsinin (dişlərin inkişafının və çıxmasının pozulmaları) “c” bəndində nəzərdə tutulmuşdur ki, bu xəstəliklər fəsadlaşmış çoxlu karies ilə “A-2” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir. Göründüyü kimi, Əsasnamənin tələblərinə görə İ qrafada nəzərdə tutulan şəxslər, yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar “Xəstəliklər cədvəli”nin 49-cu maddəsinin “ç” bəndi (kəskin xəstəliklərdən və ya cərrahi müalicədən sonra müvəqqəti funksional pozulmaları) üzrə şəhadətləndirildiyi halda, hərbi xidmətə müvəqqəti yararsız sayılır. xxxxnin əyani müayinə olunduqdan sonra iddiaçı barədə verdiyi ## #### 2026-cı il tarixli qərarında (rəyində) isə çağırışçının sağlamlıq vəziyyəti daha yüngül qiymətləndirilmiş, “Xəstəliklər cədvəli”nin eyni maddəsi, lakin fərqli bəndi ilə qiymətləndirmə aparılmış, iddiaçı həqiqi hərbi xidmətə yararlı sayılmışdır. “Ixtisaslaşmış həkim müayinələri” adlı sənəddə qeyd edilmişdir ki, çağırışçının ağız boşluğunun baxışı keçirildi, 17, 16, 26, 27, 47, 46, 45 və 37-ci dişlər çəkilib, 15, 36-cı dişlərin qalıq kötükləri müşahidə olunur (onları protezləşdirmə üçün istifadə etmək mümkün deyil), qalan dişlər intaktdır, obyektiv olaraq ağız boşluğunda 10 qalıq kötüyü olan və çəkilmiş dişlər qeyd olunur (fəsadlaşmış çoxlu karies), dişləm ortoqnatiqdir, selikli qişa intaktdır, paradontoz və paradontitin əlamətləri izlənilmir. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi SHXÇDX göndərişi ilə Respublika Klinik Xəstəxanası tərəfindən tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə aktı”nda qeyd olunur ki, üst və alt çənələrin II hissəvi adentiyası diş köklərinin qalığı aşkar olunmuş, Aqofova görə çeynəmə effektliyi 52% təşkil etmişdir. Çeynəmə funksiyası mülayim dərəcədə pozulmuşdur. Hazırkı iş üzrə iddiaçının çənəsində 10 dişi olmadığından o, “Xəstəliklər cədvəli”nin 49-cu maddəsinin “a” bəndinin təsiri altına düşür. Belə olan halda, məhkəmə işin hazırkı mərhələsində iddiaçının dəlilləri üzrə iddianın uğurluluq ehtimalını yuxarı həddə qiymətləndirir. 2) Hazırkı işin halları üzrə ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, iddiaçı ## ###### 1997-ci il tarixdə doğulmuşdur, yəni onun 28 yaşı tamam olmuşdur. Məhkəmə icraatının gedişində onun sülh dövründə hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və 30 yaşı tamam olanadək iddiaçı hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. 3) Bundan başqa, iddiaçı SHXÇDX Yevlax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldığından (ərizəyə əlavə olunmuş bildirişə əsasən), bu çağırış isə qanunvericiliyə görə hər ilin yanvar, aprel, iyul və oktyabr ayları üçün nəzərdə tutulduğundan, iddiaçının cari ilin iyul ayı ərzində hərbi xidmətə göndərilib-göndərilməməsi məsələsi öz həllini təcili tapmalıdır. Odur ki, iddiaçının ərizəsi üzrə ilkin təcili tənzimləmə zəruridir.”.

7. Cavabdeh xxxx həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri

8. cavabdeh2 publik hüquqi şəxsi apellyasiya şikayətində “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 49-ci maddəsinin “ç” bəndinin 1-ci qrafasının Ç kateqoriyasına istinad edilərək Şəki Inzibati Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları:

10. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi Nümayəndə qanuni qərarın qəbul edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh xxxx nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq:

13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. 14.1.2. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsi olaraq müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;

15. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra –altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər.

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 41.5. Inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

18. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

19. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” oktyabr 2023-cü il tarixli, ** №-li qərarı: 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə baxılarkən əsas iş üzrə iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

25. Məhkəmə kollegiyası edir ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə mahiyyəti üzrə baxılması üçün ərizəyə baxılan anda müvafiq şərtlər – o cümlədən, ərizəçinin hüquqi müdafiə ehtiyacı mövcud olmalıdır.

26. Nəzərə alınmalıdır ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə icraat prosessual hüququn həyata keçirilməsi üçün bir vasitədir və əsas iddianın baxılmasından əvvəl və ya onun gedişində tərəfin subyektiv hüquqlarının qorunmasını təmin etmək məqsədini güdür. Lakin bu vasitə yalnız müvafiq əsaslar mövcud olduqda tətbiq edilə bilər.

27. Prosessual hüquqların həyata keçirilməsi hüquqi müdafiə marağı ilə birbaşa bağlıdır.

28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Insan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.

29. ##.##.2026-cı il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən kollegiya tərəfindən iddiaçıya müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini dəqiqləşdirməsi təklif edilmişdir.

30. Bununla əlaqədar ##.##.2026-cı il tarixdə ərizəçi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəmə kollegiyasına müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə dəqiqləşmə təqdim edərək əvvəlki ərizəsinə aşağıdakı məzmunda aşağıdakı dəqiqləşməni etmişdir: “cavabdeh1 ##.##.2026-cı il tarixli qərarının icrası dayandırılsın və onun üzərinə mübahisə yekunlaşanadək mənim hərbi xidmətə çağırılmaması vəzifəsi qoyulsun.”.

31. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, hazırda əsas iddia tələbinin özü, o cümlədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkünlük şərtlərini ödədiyi üçün əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxmır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş sayılmır.

33. Apellyasiya şikayətinin formal dəlillərinə gəlincə isə məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün əsaslar mövcuddur.

34. Belə ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.

35. Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

36. Iş materiallarından müəyyən olunur ki, ərizəçi sonuncu dəfə MHHK-nın sədrinin rəyi ilə Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər cədvəli”nin 49-cu maddəsinin “ç” bəndi üzrə “Ç” kateqoriyası - sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuş, lakin xxxxnin ## #### 2026-cı il tarixli yekun rəyi ilə vəziyyəti daha yüngül, yəni fəsadlaşmış çoxlu karies kimi (“c” bəndi üzrə “A-2” kateqoriyası) qiymətləndirilək “fərqli kateqoriya üzrə təsdiq” qeydləri icra olunmuş və bundan sonra MHHK-nın qərarı ilə ərizəçi hərbi xidmətə yararlı hesab edilmişdir.

37. Işdə mövcud olan tibbi sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir.

38. Bu sənədlərdə qeyd edilmiş diaqnozlar “Xəstəliklər cədvəli”nin istinad olunan bəndi baxımından ərizəçinin hərbi xidmətə yaralı hesab edilməsinə əsas yaratmır. Bu isə o deməkdir ki, hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət formalaşır.

39. Belə ki, işdə olan SHXÇDX-nin ## ###### 2026-cı il tarixli göndərişi ilə Ərizəçi Respublika Klinik Xəstəxanasında müayinə olunmasına dair “Sağlamlıq vəziyyətinin müayinə akt”ından görünür ki, N.İ.Aqapova görə onun çeynəmə effektliyi 52% təşkil edir. Diaqnoz: “XBT kodu K00.0 – üst və alt çənələrin II hissəvi adentiyası. Diş köklərinin qalığı. Çeynəmə funksiyasının mülayim dərəcədə pozulması” kimi qeyd olunmuşdur.

40. Bundan başqa Mingəçevir şəhər X6 şöbəsinin ## ######## 2026-cı il tarixli arayışından müəyyən edilir ki, “Ərizəçi qoyulmuş diaqnoz: Adentiya. 12 (on iki) ədəd kiçik və böyük azı dişinin olmaması. Diş kökləri protezləşdirmə üçün yararlı deyil.”.

41. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 49-cü maddəsində “Dişlərin inkişafının və çıxmasının pozulmaları” sadalanmışdır.

42. Həmin maddənin “a” bəndindəki “çənədə və ya əngdə 10 və daha artıq dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi; çənədə və ya əngdə 8 azı dişin olmaması; əngdə bir tərəfdən 4 azı dişin, çənədə digər tərəfdən 4 azı dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi” halları, İ qrafa üzrə “C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hərbi xidmətə yararlılıq kateqoriyasına aid edilmişdir.

43. Həmin maddənin “Açıqlaması”nda qeyd edilmişdir ki, “Dişlərin ümumi sayı hesablanarkən ağıl dişləri nəzərə alınmır. Diş kökləri, onları protezləşdirmə üçün istifadə etmək mümkün olmadıqda, dişlərin olmaması kimi qəbul edilir. Çıxarılmayan protezlə əvəz edilmiş dişlər, onların olmaması kimi qəbul edilmir.”.

44. Hazırkı halda işdə olan tibbi sənədlərdən (Yerli çağırış komissiyasının, Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyləri, Respublika Klinik Xəstəxanasının aktı, Mingəçevir şəhər X6 şöbəsinin ## ######## 2026-cı il tarixli arayışı ilə xxxxnin yekun rəyi ilə müqayisədə) ilkin olaraq belə görünür ki, ərizəçinin hal-hazırda 12 ədəd kiçik və böyük azı dişinin olmaması və diş köklərinin protezləşdirmə üçün yararsızlığı səbəbindən, onun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunması yönündə iddianın uğurluluq ehtimalı (“Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 49-cü maddəsinin “a” bəndi üzrə) daha nəzərə çarpandır.

45. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslanma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Kollegiya yalnız mövcud tibbi sənədlərdə artıq əks olunmuş göstəriciləri “Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli təhlil edərək uyğunluğun (hərbi xidmətə yararsızlıq əsasının) olub-olmamasını yoxlayır və bununla da, mübahisəyə hüquqi qiymət verir. Təhlil edilən tibbi sənədlər əsasında ərizəçinin hazırkı tibbi vəziyyəti “Xəstəliklər cədvəli”nin sadalanan maddələri üzrə hərbi xidmətə yararlı hesab edilməsi üçün yetərli sayıla bilməz.

46. O da qeyd edilməlidir ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.

47. Məhkəmə kollegiyası hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni həm təcililik, həm də iddianın uğurluluğu baxımından nəzərdən keçirərək bildirir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar