Məhkəmə qərarları › İş №15(3-6)-103/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-103/2026

24.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-103/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Ərizəçi Ərizəçi nümayəndəsi nümayəndə1 və vəkili Vəkil, Cavabdeh xxxx publik hüquqi şəxsə nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə2 Vüqar qızının iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsi barədə ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iş üzrə yekun qərar qəbul edilənədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun barəsində qəbul edilmiş əlilliyin ləğv edilməsi qərarının icrasının dayandırılması ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçı barəsində qəbul edilmiş əlilliyin ləğv edilməsi barədə qərarın icrasının dayandırılması, pensiya ödənişlərinin ödənilməsinin davam etdirilməsi vəzifəsinin üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ##.##.1967-ci il tarixdə anadan olmuşdur. Müharibədə onurğasından xəsarət almış və uzun illər ərzində edilən müalicələrin heç bir nəticəsi olmamışdır. Xroniki, proqressivləşən, geridönməz və getdikcə ağırlaşan ankilozlaşan spondiloartrit (Bexterev xəstəliyi) xəstəliyindən əziyyət çəkir. Onurğası, budçanaq oynaqları ankilozlaşıb, hərəkət edə bilmir. Yataq xəstəsidir, kənar şəxsin qulluğuna ehtiyacı var. Diaqnoz: Ankilozlaşan spondiloartrit. Hər iki bud-çanaq oynaqlarının ankilozu. IV dərəcə kifoz-skolioz. Ürək çatışmazlığı. Hipertoniya xəstəliyi III mərhələ. Iddiaçıya ##.##.2017-ci il tarixindən müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2026-cı il tarixli məktubu ilə ##.##.2026-ci il tarixədək əyani müayinəyə dəvət olunmuşdur. Dəvət səbəbi kimi "şübhəli" hal göstərilmişdir. Ərizəçi həyat yoldaşı nümayəndə1 ##.##.2026-cı il tarixli məktubu aldıqdan sonra xxxxnə getmiş, Ərizəçi sərbəst hərəkət edə bilmədiyini, bu səbəbdən əyani müayinəyə gəlmək imkanının olmadığını bildirərək onun olduğu yerdə müayinə olunması barədə müraciət etmişdir. Həmçinin, məktubda qeyd edilən "şübhəli” halın araşdırılmasını istəmişdir. Ona bildirilmişdir ki, ##.##.2025-ci il tarixdə * saylı DOST mərkəzində Vasifi Ağayevin şəxsiyyət vəsiqəsi qeydiyyatdan keçmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Ərizəçi şəxsiyyət vəsiqəsini nümayəndə1 tərəfindən etibarnamə ilə birlikdə təqdim edilmişdir. nümayəndə1 anlaşılmazlıq olduğu etiraf edilmişdir. Buna baxmayaraq ##.##.2026-cı il tarixdə * saylı DOST mərkəzinin TSEK həkimi tərəfindən Ərizəçi evdə əyani müayinə edilmişdir. Müayinə nəticəsində şəxsin hərəkətsiz olduğu müəyyən edilmiş, video-çəkiliş aparılmış, ##.##.2026-cı il tarixdə məlumatlar DTSERA-ya göndərilmişdir. 2021-ci ildə də Ərizəçi evdə əyani müayinə edilmişdir. ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, Ərizəçi barəsində ##.##.2026-cı il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilərək qüvvədə olan əlilliyi ləğv edilmişdir. ##.##.2026-сı il tarixdə nümayəndə1 e-sosial.gov.az-da Ərizəçi müddətsiz İ dərəcəli əlilliyinin bərpa edildiyini görmüşdür. 142 çağrı mərkəzinə zəng etdikdə ona məlumatın düzgün olduğu bildirilmiş, DOST mərkəzinə yaxınlaşmağı tövsiyə edilmişdir. ##.##.2026-cı il tarixdə əlilliyin bərpası barədə sənədlər ona təqdim edilmiş və ərizəsi qəbul edilmişdir. Həmin tarixdə ##.##.2026-cı il tarixdən əlilliyin yenidən ləğvi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, şəxsin evdə müayinə olunmasına və zəruri sənədlərin təqdim edilməsinə baxmayaraq cavabdeh organ tərəfindən “əyani müayinəyə gəlməmə”-və əsaslanaraq imtina verilməsi əsassız və ganunsuzdur. Şəxsin dəfələrlə əyani müayinəyə cəlb edilməsi diskresion səlahiyyətlərinin aşılmasına səbəb olmuşdur. Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim F.A.Əlizadə) müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsi barədə ərizəsi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ərizəçi Ərizəçi barəsində qəbul edilmiş əlilliyin ləğv edilməsi barədə ##.##.2026-cı il tarixli, *-**-*/*-*- ****/**** saylı qərarının icrasının dayandırılması, pensiya ödənişlərinin ödənilməsinin davam etdirilməsi vəzifəsinin üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh publik hüquqi şəxsi Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 15(4-6)-266/2026 saylı qərardadını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qəbul etdiyi qərardadı ümumi sözləri qeyd etməklə əsassız nəticəyə gəlmişdir. Bundan əlavə, sözügedən ərizəyə etiraz olaraq bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla yanaşı qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Sözügedən hal, yəni xəstəliyin reabilitasiya olunması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reablitasiya Agentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Qeyd etdiyimiz etiraz da məhkəmə tərəfindən nəzərə alınmamış və iş ümumiyyətlə araşdırılmamışdır. Iddiaçının əlilliyinin ləğv edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq ərizəni təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Qeyd olunanlara əsasən, cavabdeh qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 15(4-6)-266/2026 saylı qərardadını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ... Ərizəçi əsas iddia tələbinin "böyük ehtimalla uğurlu olacağı" ilə bağlı obyektiv qiymətləndirmə aparılması hazırkı mərhələdə mümkün olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilmişdir. Eyni zamanda, Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı Bakı Inzibati Məhkəməsinin hazırkı qərardadı ilə müəyyən olunmuş hal sözügedən icraat çərçivəsində əsas iddianın mahiyyəti ilə eyni olmaqla, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edə biləcək və yekun hüquqi vəziyyətlər yarada biləcək potensialdadır. Qeyd olunanlara əsasən, üçüncü şəxs qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh xxxx publik hüquqi şəxsə nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, vətəndaşın 2017-ci ildən müddətsiz olan əliliyi ##.##.2026-cı il tarixdə şübhələr olması səbəbindən dayandırılıb.##.##.2026-cı il tarixdə müayinə nəticəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra həmin qərardan şikayət verilir və Bakı Inzibati Məhkəməsi tərəfindən müvəqqəti təminat tədbiri barədə 22 may tarixində qərardad qəbul edilir. Həmin qərardaddan şikayət etmişlər, lakin eyni zamanda qərardadı da icra ediblər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə2 Vüqar qızı izahatında məhkəməyə bildirdi ki, vətəndaşa dövlət qulluqçusu kimi əlilliyinə görə pensiya təyin edilib. Vətəndaş 4 mindən yuxarı pensiya alırdı. 2026-cı ilin mart ayında axırıncı pensiyasını almışdır. Buna səbəb isə vətəndaşın əliliyinin dayandırılmasına dair məlumatın daxil olması olmuşdur. Bu barədə inzibati akt qəbul edilib. Bu tip ərizələrin təmini üçün iki şərt: təcililik və uğurluluq şərtləri ödənməlidir. Bakı Inzibati Məhkəməsi hazırkı ərizənin uğurluluğuna qiymət verərkən əsas iş üzrə tələbin əsaslılığına qiymət vermişdir. Bu hətta qərardaddan da bəlli olur, ancaq şəxsin xəstəliyi və əlilliyi araşdırılmışdır. Amma qeyd edildiyi kimi, pensiyanın dayandırılmasına səbəb şəxsin xəstəliyinin əlilik təyin etməməsi olmuşdur. Əsas iş üzrə şəxsin əliliyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Təcililik baxımdan isə qeyd edilməlidir ki, şəxs həmişə yüksək məbləğdə pensiya alıb. Hazırda bir neçə ay pensiya almaması ancaq onun maddi vəziyyətini pisləşdirə bilər, yəni onun hər hansı bir hüquqlarının bərpaedilməz şəkildə pozulmasına səbəb olmayacaq. Əgər iddia təmin olunacaqsa əvvəlki dayandırılmış bütün ödənişlər tam şəkildə vətəndaşa ödəniləcəkdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi nümayəndəsi nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, qeyd edirlər ki, ərizəçiyə yüksək məbləğdə pensiya təyin olunub. Lakin ərizəçiyə hər ay üç ədəd hərəsi 700 manatlıq olan iynələr vurdurulur ki, xəstəliyi sürətlə inkişaf etməsin. Ona təyin olunmuş 4 min pensiyanın 2500-3000 manatı onun dərmanlarına gedir. Bu xəstəliyin bu qədər həm mənəvi həm maddi çətilikləri olduğu üçün dövlət ona bu qədər pensiya təyin edib. Yəni qarşı tərəf elə yanaşır ki, sankı ərizəçi bu illər ərzində verilmiş pensiyanı toplamaqla məşğuldur. Bu dərmanlar verilmədiyi halda ərizəçinin xəstəliyi ilə əlaqədar sipmtomları şiddətlənir, özü isə dəhşətli ağrılar içində olur. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, inzibati orqan vətəndaşı dəvət edir, vətəndaş necə ki, məhkəməyə gələ bilməyib, inzibati orqana da gedə bilməmişdir. Yerində müayinə təyin olunub, həkim yoxlayaraq, inzibati orqanın təsəvvür elədiyi şübhəli məqamlar öz təsdiqini tapmadığından şəxsin əlilliyi bərpa olunur. Qısa müddət sonra vətəndaşın əlilliyini yenidən ləğv etdilər. Vətəndaşın Bexterev xəstəliyi var. Bu xəstəlik onurğa sütünün quruması və oynaqların ağırlaşmasıdır. Nazirlər Kabinetinin ** saylı Qərarında olan 50-dən çox xəstəliklərin siyahısında 3 dənə xəsətəlik var ki, onların ağırlaşmaları mövcuddur, onların da hər üçü vətəndaşda var. Bu cür xəstəlikləri olan bir şəxsin hansı sağalmasından və yaxud sağalmasına dair şübhələrdən söhbət gedə bilər. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman düzgün nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ərizəçi Ərizəçi cavabdeh Cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş əlilliyin ləğv edilməsi barədə qərarın icrasının dayandırılması və işə mahiyyəti üzrə baxılıb qurtaranadək pensiya ödənişlərinin davam etdirilməsi məqsədilə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Ərizəçi barəsində ##.##.2026-cı il tarixli əlilliyin ləğv edilməsi barədə qərarın icrası dayandırılmış və pensiya ödənişlərinin davam etdirilməsi vəzifəsi üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Üçüncü şəxsin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayət verən tərəf əsasən ilkin təcili tənzimləmə zərurətinin və iddianın böyük ehtimalla uğurlu olmasının müəyyən edilmədiyini, habelə müvəqqəti müdafiə tədbirinin əsas iddianın mahiyyəti ilə eyni nəticə yaratdığını iddia edir. Apellyasiya şikayətinin bu dəlilləri işin konkret faktiki halları və müvəqqəti xarakterli müdafiə institutunun hüquqi təyinatı baxımından əsaslı hesab edilə bilməz. Əvvəla, mübahisə adi pul tələbi və ya sırf hesablaşma xarakterli inzibati mübahisə deyildir. Işin predmeti müddətsiz müəyyən edilmiş birinci dərəcə əlillik statusunun ləğvi və həmin statusla bağlı ödənilən əlilliyə görə əmək pensiyasının dayandırılmasıdır. Ərizəçinin 2017ci ildə əvvəlcə ikinci dərəcə, daha sonra birinci dərəcə müddətsiz əlillik statusu ilə qiymətləndirilməsi, diaqnoz kimi ankilozlaşan spondilit, hər iki bud-çanaq oynağının ankilozu, III dərəcə kifoz-skolioz, aşağı ətrafların süst paraplegiyası və çanaq orqanlarının funksiya pozğunluğu kimi ağır tibbi hallar göstərilməsi iş materialları ilə təsdiq olunur. Belə vəziyyətdə əlillik statusunun və onun əsasında ödənilən pensiyanın dərhal dayandırılması şəxsin yalnız maddi vəziyyətinə təsir edən hal kimi qiymətləndirilə bilməz. Bu müdaxilə ərizəçinin sosial təminat hüququna, müalicə və gündəlik qulluq imkanlarına, yaşayış minimumunun və insan ləyaqətinə uyğun həyat şəraitinin qorunmasına birbaşa təsir göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində sosial təminat hüququ, 60-cı maddəsində isə hüquq və azadlıqların inzibati və məhkəmə qaydasında müdafiəsinə təminat verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan müvəqqəti xarakterli müdafiə tədbiri formal prosessual mexanizm kimi deyil, məhkəmə müdafiəsinin səmərəliliyini təmin edən vasitə kimi tətbiq edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsi məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin, qanuni əsaslar olduğu hallarda isə üçüncü şəxslərin üzərinə də müəyyən hərəkətləri etmək vəzifəsi qoymaq səlahiyyəti verir. Inzibati Prosessual Məcəllənin 43.1-ci maddəsinə görə, belə tədbirin tətbiqi üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması, habelə ilkin məhkəmə araşdırması zamanı maddi tələbin mövcud olması ehtimalı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli qərarı ilə ##.##.2023-cü il tarixli, ** nömrəli Plenum Qərarına edilmiş dəyişikliklərdə də aydın göstərilmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün iki şərt məcmu halda mövcud olmalıdır: ilkin təcili tənzimləmənin zəruriliyi və iddianın böyük ehtimalla uğurlu olması. Təcililik ərizəçinin konkret fərdi vəziyyəti, hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, həmin müdaxilənin real nəticələri və ərizəçiyə təsiri nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı işdə ilkin təcili tənzimləmənin zəruriliyi açıq-aşkar mövcuddur. Ərizəçinin uzun illər müddətsiz birinci dərəcə əlillik statusuna malik olması, həmin status əsasında pensiya alması, əlilliyin ləğvi qərarından sonra isə “Əlillik” altsistemində məlumat olmadığı əsas gətirilməklə Mərkəzi Filialın ##.##.2026-cı il tarixli qərarı ilə pensiya ödənişinin dayandırılması iş materialları ilə təsdiq edilir. Bu halda məhkəmə müdafiəsinin nəticəsini yalnız əsas iş üzrə yekun qərarın qəbul ediləcəyi vaxta saxlamaq ərizəçinin sosial müdafiəsiz qalmasına, gündəlik zəruri ehtiyaclarının və tibbi xərclərinin ödənilməsində ciddi çətinlik yaranmasına səbəb ola bilərdi. Apellyasiya şikayətində göstərildiyi kimi, maddi vəziyyətin pisləşməsi hər bir halda müvəqqəti müdafiə üçün kifayət etməyə bilər. Lakin hazırkı işdə söhbət sadəcə gəlirin azalmasından deyil, ağır əlillik statusu ilə əlaqəli sosial təminatın tam dayandırılmasından gedir. Birinci dərəcə əlilliyi olan, hərəkət məhdudiyyəti və ağır dayaq-hərəkət patologiyaları ilə bağlı sənədləri mövcud olan şəxsin əsas sosial təminat mənbəyindən məhrum edilməsi sonradan yalnız pulun ödənilməsi ilə tam bərpa edilə bilən nəticə kimi qiymətləndirilə bilməz. Çünki bu müddətdə dərman, müayinə, reabilitasiya, qulluq və gündəlik yaşayış xərclərinin qarşılanmaması sağlamlıq vəziyyətinin ağırlaşmasına, ailənin sosial yükünün artmasına və insan ləyaqətinə uyğun həyat şəraitinin pozulmasına gətirib çıxara bilər. Bu isə Inzibati Prosessual Məcəllənin 43.1.1-ci maddəsində nəzərdə tutulan “hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi” meyarının məhz sosial təminat xarakterli mübahisələrdə necə tətbiq olunmalı olduğunu göstərir. Bundan əlavə, iddianın böyük ehtimalla uğurlu olması məsələsi də apellyasiya şikayət(lər)ində təqdim edildiyi kimi formal və dar çərçivədə qiymətləndirilə bilməz. Müvəqqəti xarakterli müdafiə icraatında məhkəmədən əsas iş üzrə yekun qərar çıxararkən tələb olunan tam əminlik və qəti hüquqi nəticə gözlənilmir. Bu mərhələdə məhkəmə yalnız ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyəti qiymətləndirir; iddia icraatı zamanı aparılmalı olan tam həcmdə araşdırma müvəqqəti müdafiə icraatında tələb olunmur. Iş materiallarında mövcud olan ilkin sübutlar isə iddianın böyük ehtimalla uğurlu olması barədə əsaslandırılmış proqnoz formalaşdırmaq üçün kifayətdir. Ərizəçi barədə 2017-ci ildə müddətsiz birinci dərəcə əlillik müəyyən edilmiş, əlilliyin əsasında ağır və uzunmüddətli xəstəliklər göstərilmişdir. ##.##.2026-cı il tarixli yeni qiymətləndirmədə isə imtina səbəbi kimi “diaqnozun öz təsdiqini tapmaması” göstərilmişdir. Birinci instansiya qərardadında da qeyd edildiyi kimi, cavabdeh orqanın mövqeyi əsasən video görüntünün və rentgen müayinəsinin informativ olmaması, tibbi sənədlərin yetərsizliyi səbəbindən əlillik təyinatının əsaslılığını təsdiq etməyin mümkün olmaması üzərində qurulmuşdur. Bu, şəxsin sağlamlıq vəziyyətinin yaxşılaşması və ya əvvəlki ağır diaqnozların obyektiv şəkildə aradan qalxması barədə qəti tibbi nəticə deyil, mövcud sənədlərin yetərsizliyi haqqında inzibati orqanın qiymətləndirməsidir. Müddətsiz əlillik statusunun ləğvi kimi ağır nəticə doğuran inzibati qərarın qəbulunda inzibati orqanın araşdırma yükü xüsusi əhəmiyyət daşıyır. Inzibati orqan təqdim edilmiş sübutların kifayət etmədiyini hesab edirsə, xüsusilə hərəkət qabiliyyəti ciddi məhdud olan şəxs barəsində əlavə müayinə, əyani və ya yaşayış yeri üzrə real qiymətləndirmə, əvvəlki tibbi sənədlərlə müqayisəli təhlil və şübhələrin aradan qaldırılması üçün zəruri prosessual hərəkətləri təmin etməlidir. Əlillik statusunun ləğvi şəxsin hüquqi və faktiki vəziyyətini kəskin dəyişdirdiyindən, sübutlardakı qeyri-müəyyənlik avtomatik olaraq əlilliyi olan şəxsin ziyanına yozula bilməz. Bu baxımdan birinci instansiya məhkəməsinin iddianın uğurluluq ehtimalı barədə ilkin qənaəti iş materiallarından kənara çıxmamışdır. Üçüncü şəxsin apellyasiya şikayətində müvəqqəti müdafiə tədbirinin əsas iddianın nəticəsini qabaqcadan həll etdiyi barədə dəlil də qəbul edilə bilməz. Inzibati aktın icrasının dayandırılması mahiyyət etibarilə həmin akt qəbul edilənədək mövcud olmuş hüquqi vəziyyətin müvəqqəti saxlanılmasına yönəlir. Inzibati aktın icrasının dayandırılması nəticəsində mübahisələndirilən aktın icrası dayanır və aktın qəbulundan əvvəlki hüquqi vəziyyətin davam etməsi təmin edilir və bu halda inzibati orqan mübahisələndirilən akt qəbul edilənədək mövcud olmuş hüquqi və faktiki vəziyyətin tələb etdiyi qaydada davranmalıdır. Deməli, əlilliyin ləğvi barədə qərarın icrası dayandırıldıqda, bu qərarın doğurduğu törəmə nəticələrin, o cümlədən pensiya ödənişinin dayandırılmasının da müvəqqəti olaraq aradan qaldırılması məntiqi və hüquqi nəticədir. Əks halda, əlilliyin ləğvi qərarının icrasının dayandırılması formal xarakter daşıyar, ərizəçinin real hüquqi müdafiəsinə xidmət etməzdi. Məhkəmənin Mərkəzi Filialın üzərinə pensiya ödənişlərinin davam etdirilməsi vəzifəsi qoyması Inzibati Prosessual Məcəllənin 40.3-cü maddəsinin məzmununa uyğundur. Həmin norma qanuni əsaslar olduqda üçüncü şəxslərin üzərinə də müvəqqəti müdafiə tədbiri çərçivəsində müəyyən hərəkətləri etmək vəzifəsinin qoyulmasını mümkün sayır. Maraqların balansı da birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olduğunu təsdiq edir. Bir tərəfdə ağır əlillik statusu olan şəxsin sosial təminat, müalicə, yaşayış və ləyaqətli həyat şəraitinin qorunması marağı dayanır. Digər tərəfdə isə dövlət orqanının vəsaitin yalnız “Əlillik” altsistemində mövcud olan məlumat əsasında ödənilməsi ilə bağlı inzibati-maliyyə marağı vardır. Əgər əsas iş üzrə gələcəkdə iddia təmin edilməzsə, artıq ödənilmiş məbləğlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənməsi mümkün ola bilər. Lakin əks halda, yəni müvəqqəti müdafiə tədbiri tətbiq olunmadan ərizəçi uzun müddət pensiyasız qalsa, bu müddətdə yaranacaq sosial, tibbi və insan ləyaqəti ilə bağlı nəticələrin sonradan tam bərpası xeyli dərəcədə çətinləşəcəkdir. Cavabdehin apellyasiya şikayətində gəldikdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində məhkəmənin “ümumi sözlər”lə əsaslandırma apardığı iddia edilsə də, qərardadın məzmunu bunun əksini göstərir. Məhkəmə təcililiyi mücərrəd sosial həssaslıq anlayışı ilə deyil, ərizəçinin xəstəliyinin xarakteri, əvvəlki əlillik statusunun müddətsiz olması, ailənin gəlir mənbəyinin kəsilməsi, əlil övladların mövcudluğu, dərman və müalicə xərcləri, pensiyanın kəsilməsinin bərpası mümkün olmayan nəticələr doğura bilməsi kimi konkret faktlarla əsaslandırmışdır. Apellyasiya şikayəti bu faktların mövcudluğunu sübutlarla təkzib etmir, yalnız inzibati orqanın öz qərarını qanuni hesab etməsi mövqeyini təkrarlayır. Halbuki inzibati orqanın öz mövqeyini qanuni sayması, müvəqqəti müdafiənin tətbiqini istisna edən hal deyildir. Həmçinin apellyasiya şikayətində Agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətdən istifadə etdiyi, xəstəliyin reabilitasiya olunmasının əyani müayinə zamanı müəyyən edildiyi qeyd olunur. Lakin iş materiallarında əks olunmuş cavabdeh etirazının özündə ərizəçinin əyani müayinəyə dəvət olunsa da iştirak etmədiyi, qiymətləndirmənin akt və əlavə edilmiş materiallar əsasında aparıldığı, video görüntü və rentgen müayinəsinin informativ olmadığı göstərilmişdir. Bu halda apellyasiya şikayətində “xəstəliyin reabilitasiya olunmasının əyani müayinə zamanı müəyyən edilməsi” barədə dəlil iş materiallarında göstərilən məlumatlarla daxili ziddiyyət təşkil edir. Əyani müayinə faktiki olaraq aparılmamışdırsa, həmin müayinənin nəticəsinə istinad etmək mümkün deyildir; aparılmışdırsa, onun nəticələri, tibbi əsasları və obyektiv göstəriciləri məhkəməyə təqdim edilməli idi. Bu cür ziddiyyət özü də mübahisələndirilən inzibati aktın qanuniliyinə dair ciddi şübhə yaradır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar