Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-107/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, ərizəçi Ərizəçi cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı (ərizəçi) Ərizəçi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı Ərizəçi məxsus ünvan 2 ünvanında yerləşən mənzillə bağlı 2026-cı ilin aprel ayında həyata keçirdiyi söküntü hərəkətlərinin qanuni əsas olmadan aparıldığının və qanunauyğun olmadığının tanınması; Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi paylı mülkiyyətin bütün iştirakçılarının xeyrinə, qanunsuz söküntü nəticəsində mənzilə dəymiş və “xxxx” MMC-nin CVN/A **-***/** nömrəli mütəxəssis rəyi ilə təsdiq olunmuş 21.117,27 AZN (iyirmi bir min yüz on yeddi manat, iyirmi yeddi qəpik) məbləğində maddi ziyanın cavabdehdən tutulması; cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 20.000 AZN (iyirmi min manat) məbləğdə mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin üzərinə, iddiaçının ünvanında sökülmüş dam örtüyünün təcili bərpa edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində alternativ tələb də qeyd etmiş, məhkəmədən əgər yuxanda qeyd edilən tələblərin texniki, hüquqi va ya iqtisadi cəhətdən mümkünsüz hesab edilərsə və ya cavabdehin söküntü niyyətinin davam etdiyi müəyyən edilərsə, tikintialtı sahə üzrə bərpa qiyməti 716.450 AZN, çətinliklərə görə kompensasiya 71.645 AZN, tam bərpa ilə bağlı əlavə xərclər (köçmə, yenidən qeydiyyat, layihələndirmə) üçün 5.000 AZN, ümumilikdə 793.095 AZN pulun ümumi paylı mülkiyyətçilərin xeyrinə paylı qaydada cavabdehdən tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı, həmçinin, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyətini və qeyri-müəyyən Bakı Şəhər İcra Hakimiyyətinin tender vasitəsilə cəlb etdiyi, dəqiqləşdirilməli olan podratçı MMC-ni (faktiki söküntü işlərini aparan şirkət) göstərmişdir. Ərizədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvan 1 ünvanında yerləşən əmlakın sökülməsi, dağıdılması, habelə həmin əmlaka hər hansı formada ziyan vurulması ilə nəticələnən istənilən hərəkətlərin həyata keçirilməsi və ya bu cür hərəkətlərin həyata keçirilməsinə göstəriş verilməsinin qadağan edilməsi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin podratçısı olan və ya onun tapşırığı ilə fəaliyyət göstərən istənilən şəxsə (o cümlədən adı sonradan dəqiqləşdirilməli olan podratçı MMC-yə) göstərilən ünvanda söküntü, quraşdırma, tikinti və ya dağıntı işlərinin aparılmasının qadağan edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirinin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması və müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi haqqında qərardadın dərhal icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2026-cı iulin aprel ayında Bakı ŞİH-in tapşırığı ilə fəaliyyət göstərən, adı dəqiqləşdirilməmiş podratçı şirkət (cavabdeh 2) iddiaçının mənzilindəki söküntü işlərinə heç bir yazılı bildiriş, inzibati akt, kompensasiya təklifi və ya razılaşma cəhdi olmadan başlamışdır. Birinci instansiya məhkəməsinin qərardadının 14-15-ci bəndlərindən, hər iki sərəncamda göstərilən küçə siyahılarında Lev Tolstoy küçəsinin yer almadığı aydın olur. Belə ki, ** saylı sərəncamda Azərbaycan prospekti, Nizami, R.Quliyev, N.Aşurbəyova, M.F.Axundzadə, Ç.Mustafayev, M.Əliyev; *** saylı sərəncamda Azərbaycan prospekti, Süleyman Rəhimov, Abdulla Şaiq, Əlibəy Hüseynzadə, Nabat Aşurbəyova, Balababa Məcidov, Həmidağa Hüseynzadə küçələri qeyd edilmişdir. Lev Tolstoy küçəsi heç bir sərəncamda göstərilmir və əks olunmamışdır. Bundan əlavə, həmin sərəncamların tam mətni heç bir açıq elektron resursda dərc edilməmişdir. İPM-in 38-ci maddəsinə əsasən göndərilmiş vəkil sorğularına cavabdeh və aidiyyəti orqanlar tərəfindən bu günədək heç bir cavab verilməmişdir. Həmin sərəncamların mövcudluğu haqqında ilk dəfə məhz mübahisələndirilən qərardaddan qismən məlumat almışlar. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun 6.1 və 19.1-ci maddələrinə, habelə AİHM-in Axverdiyev (2015) və Məmmədovalar (2025) presedentlərinə əsasən BŞİH-in xüsusi mülkiyyəti özgəninkiləşdirmək və ya söküntü barədə qərar vermək hüquqi səlahiyyəti yoxdur, bu səlahiyyət yalnız Nazirlər Kabinetinə məxsusdur. Hazırkı işdə Nazirlər Kabinetinin heç bir qərarı mövcud deyildir. ##.##.2026-cı ildə Bakı şəhərindəki güclü leysan yağışı və dolu dam örtüyü olmayan, yalnız brezentlə müvəqqəti örtülmüş iddiaçının mənzilinə yenidən ciddi ziyan vurmuşdur. Bu hadisə birinci instansiya məhkəməsinin qərardadı qəbul etdiyi tarixdən bir həftə sonra, apellyasiya şikayətinin verildiyi tarixdən iki gün öncə baş vermişdir. İddiaçı Ərizəçi dövlət tərəfindən həyata keçirilən hər hansı abadlaşdırma, yenidənqurma və ya şəhərsalma proqramlarının əleyhinə deyildir. Onun tək tələbi şəxsən ona və mülkiyyətinə qarşı yönəlmiş, sərəncamların əhatə dairəsindən kənar aparılmış, qanuni əsası olmayan qəsdlərdən özünü və əmlakını qorumaq üçün MXMT vasitəsilə bərpa olunmaz ziyanın qarşısını almaqdır. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə görə, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.2-ci maddəsinə görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2-ci maddəsinə əsasən, ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İPM-in 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur - inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbirləri mahiyyətcə bir-birindən fərqlənirlər. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirləri görülə bilər. Sözügedən digər təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.” “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarına əsasən: 1.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. İddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir... 4.2. İddia qaldırılandək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. 4.3. Məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydada ərizə verən şəxslər ağlabatan müddət ərzində əsas iddianın özünün qaldırılmasına yönəlmiş konkret hərəkətlər etməlidirlər. Belə ki, iddia vermək istəməyən şəxsin müvəqqəti xarakterli müdafiə tədbirindən istifadə etməsinə hüquqi marağı yaranmır... Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” # ####### 2023-cü il tarixli ** nömrəli qərarında qeyd olunmuşdur ki, İPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.3. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası ərizənin mahiyyətinə qiymət verilməsi ilə bağlı həmin ərizəni və işə əlavə olunmuş sənədləri araşdıraraq aşağıdakı nəticəyə gəlir. Beləliklə, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özü-özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə, əsas iddianın ümumi və ya xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. İlkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyri-mümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. Ərizəçi (iddiaçı) zəruri şərtlərin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Lakin hazırkı vəziyyətdə iddiaçı ərizəsini əsaslandırmamış, müvəqqəti xarakterli müdafiə zərurətinin hansı hallardan ortaya çıxdığını göstərməmiş, söküntü ehtimalına qarşı hər-hansı sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəməyə artıq hüquqi marağının aradan qalxdığını bildirsə də, buna dair hər-hansı ərizə və müraciət ünvanlamamış, ərizəsini geri götürməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının ilkin müraciəti tikiliyə münasibətdə deyil torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olmuşdur. Məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər söküntünün aparılması faktını təsdiq edən dəlillər aşkar edilməmişdir. Məhkəmə yuxarıda istinad olunan normalara və işin qeyd edilən faktiki hallarına münasibətdə qeyd edir ki, hazırkı ərizənin mümkün sayılmaması ilə bağlı məhkəmənin mövqeyi düzgün olmuşdur. Belə ki, iddiaçının cavabdehə ilkin müraciəti söküntü hərəkətlərinin qanunsuz aparıldığının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yazılı formada tanınması və rəsmi üzürxahlıq məktubunun təqdim edilməsi, əmlaka dəymiş zərərə görə 21.117,27 manat maddi ziyanın ümumi paylı mülkiyyətçilərin xeyrinə ödənilməsi, Ərizəçi şəxsən dəymiş mənəvi ziyana görə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi, sökülmüş dam örtüyünün bərpa edilməsi, mülkiyyətçilərin əmlaka olan hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin edilməsi, əks halda alternativ olaraq əgər əmlakın bərpası mümkün deyildirsə və ya dövlət ehtiyacları üçün həqiqətən zəruridirsə 788.095 manat (köçmə və qeydiyyat xərcləri istisna olmaqla) məbləğində kompensasiyanın ümumi paylı mülkiyyətçilərin xeyrinə paylarına mütənasib qaydada ödənilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən həyata keçirilmiş hərəkətlərin qanunauyğun olmadığının tanınması və buna görə ona dəymiş maddi ziyanın ödənilməsinə yönəlmişdir. Bununla belə iddia tələbində göstərilənlər iddiaçının ilkin müraciətində qeyd edilən tələblərlə üst-üstə düşməmiş, iddiaçı özü ilə yanaşı digər şəxsin bilavasitə mənafeyinə aid olan məsələ üzrə onun iradəsi xaricində cavabdehə qarşı birbaşa tələb irəli sürmüşdür. İddia tələbi 204,7 kv.m ölçüdə əmlaka münasibətdə yönəldilsə də, iddiaçının paylı mülkiyyətində olan əmlakın ümumi ölçüsünün ********** qeydiyyat nömrəli ##.##.2025-ci il tarixli çıxarışa əsasən 48,50 kv.m olduğu müəyyən edilmişdir. Bu hal isə ümumiyyətlə ərizəçiyə əsas iddia üzrə bütün əmlaka münasibətdə kompensasiya tələbinin irəli sürülməsinə münasibətdə subyektiv hüquq tanımamaqdadır. Digər tərəfdən inzibati mübahisələrə dair işlər üzrə iddia tələbi konkret olmalı, alternativ tələblər irəli sürülməməlidir. Ərizəçi tərəfindən əsas iş üzrə iddia tələbinin müəyyən etmə haqqında iddia şəklində təqdim olunması və alternativ tələb irəli sürülməklə tələbə subsidiar xarakter verilməsi də yolverilməzdir. Bununla belə məhkəmə araşdırması ilə mübahisəli ərazidə söküntünün Bakı ŞİH tərəfindən həyata keçirilməsini təsdiq edən sübutlar müəyyən edilməmiş, iş üzrə Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ## ##### 2025-ci il tarixli, *-**/*-*-***/**** nömrəli Əmrinin əlavəsi ilə ayrılmış vəsaitlə Bakı şəhərinin Yasamal rayonu ərazisində köçürmə işlərinin təşkil edilməsi haqqında” ##.##.2025ci il tarixli ** nömrəli sərəncamı və ona dəyişiklik edilməsi haqqında ##.##.2025-ci il tarixli *** nömrəli sərəncam ayrılmış vəsaitlə qeyd edilən üvnanlarda köçürülmə işinin təşkili və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilatın təyin olunması və sonuncu tərəfindən zəruri təbirlərin görülməsi ilə bağlı olmuşdur. Odur ki, qeyd edilən sərəncamın mübahisələndirilməsinə münasibətdə də qanunverici iddiaçıya subyektiv hüquq tanımamaqdadır. Söküntü işlərinin aparılması ilə bağlı sərəncamın mövcud olması ehtimalında isə ərizəçinin iddia tələbi sərəncamın ona məxsus olan əmlakın sökülməsinə dair hissədə ləğv edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizənin məzmunu isə yalnız mübahisələndirilən sərəncamın icrasının ona məxsus daşınmaz əmlaka münasibətdə dayandırılması ilə bağlı ola bilərdi. Digər tərəfdən iddiaçı tərəfindən həm iddia ərizəsində həm də müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə söküntünün kim tərəfindən aparıldığı göstərilməmiş, ərizədə ikinci cavabdeh qismində Bakı ŞİH-in tender vasitəsilə cəlb etdiyi dəqiqləşdirilməli olarn podratçı MMC qeyd etmişdir. Bununla belə müəyyən olunmuşdur ki, daha əvvəllər ərizəçi Yasamal Rayon Məhkəməsinə mübahisəli mənzilin sökülməsinin və s. podratçı şirkətə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmiş, ərizəsi qismən təmin edilmişdir. Belə olan halda iddiaçı ona vurulmuş zərərin hüquqi şəxs tərəfindən yerinə yetirildiyini bildirsə də, aidiyyəti düzgün cavabdehi müəyyən etməklə mülki qaydada ona dəymiş zərəri tələb etmək hüququna malik olduğu halda tələbini mülki qaydada deyil inzibati qaydada irəli sürmüşdür. Yuxarıda da qeyd edildiyi kimi, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özü-özlüyündə itirilmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduğundan birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşımaqla öz təsdiqini tapmamaqdadır. Ərizəçiyə izah edilir ki, hazırkı mərhələdə ərizənin mümkün sayılmaması, zərurət yaranacağı təqdirdə, onun yenidən əsaslandırılmış və hüquqi cəhətdən yolverilən şəkildə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid İsmayılzadə. Hakimlər Vidadi Qasımov. Nigar Nəbizadə.
Məhkəmə qərarları › İş №15(3-6)-107/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-107/2026
19.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver