Məhkəmə qərarları › İş №15(3-6)-113/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-113/2026

24.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-113/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçının qanuni nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh "xxxx" X2rşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, imtahan nəticələrinə dair inzibati aktın qanunsuz hesab edilərək ləğv edilməsi, imtahan nəticələrinin qanunvericiliyə uyğun şəkildə yenidən qiymətləndirilməsi və ya düzgün hesablanması, imtahan zamanı proqramdan kənar və qeyri-adekvat sualların nəticələrə təsirinin aradan qaldırılması və həmin suallar üzrə iddiaçının hüquqlarının bərpasının təmin edilməsi, iddiaçının ali təhsil müəssisələrinə qəbul imkanlarına yaranmış məhdudiyyətlərin aradan qaldırılması və hüquqi vəziyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi məhkəməyə hazırkı müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" X2 tərəfindən iddiaçının ADA Universitetinə qəbul imkanlarını aradan qaldıran və ya məhdudlaşdıran hüquqi nəticə yaratmasının yekun məhkəmə qərarı çıxana qədər qarşısının alınması, o cümlədən iddiaçının ADA Universitetinə qəbul üzrə müsabiqədə iştirak imkanının və mövcud hüquqi statusunun qorunması məqsədilə onun qəbul prosesindən kənarlaşdırılmasına səbəb ola biləcək hüquqi nəticələrin tətbiq edilməsinin qarşısı alınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" X2 tərəfindən keçirilmiş imtahanda tədris proqramından kənar və qeyri-adekvat çətinlik səviyyəsinə malik suallar təqdim edilmiş, texniki şərait, o cümlədən qaralama imkanları məhdudlaşdırılmış, vaxt bölgüsü qeyri-adekvat təşkil edilmişdir. Hal-hazırda ADA Universitetinin rəsmi məlumatına əsasən sənəd qəbulu ##.##.2026-cı il tarixdə başa çatmaqdadır və müddət başa çatdıqdan sonra iddiaçının qəbul prosesində iştirak etməsi faktiki olaraq mümkünsüz ola bilər. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim A.Ə.Əhədova) ərizə rədd edilmişdir. Ərizəçi tərəfindən birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadda məhkəmə tərəfindən hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurlu olacağının müəyyən edilməməsi nəticəsinə hansı faktiki və hüquqi əsaslarla gəlindiyi göstərilməmişdir. Qərardadda hansı sübutların araşdırıldığı, hansı sübutların qiymətləndirildiyi, hansı sübutların yetərsiz hesab edildiyi, iddiaçının hansı arqumentlərinin qəbul edilmədiyi, həmin arqumentlərin hansı səbəbdən inandırıcı hesab olunmadığı aydınlaşdırılmamışdır. Məhkəmə qərardadda Ali Məhkəmə Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarına istinad etmişdir. Həmin qərara əsasən müvəqqəti müdafiə tədbiri barədə məsələ həll edilərkən məhkəmə işin faktiki və hüquqi hallarını ilkin araşdırmalı və gəldiyi nəticəni əsaslandırmalıdır. Lakin qərardadda belə təhlil mövcud deyildir. Məhkəmə yalnız yekun nəticəni göstərmiş, lakin həmin nəticəyə gətirən qiymətləndirməni təqdim etməmişdir. Ali Məhkəmə Plenumunun qərarında qeyd edilir ki, müvəqqəti müdafiə tədbirləri barədə məsələlər həll edilərkən ərizəçidən tam sübutetmə deyil, ilkin sübutların təqdim olunması tələb edilir. Iddiaçı tərəfindən mübahisələndirilən imtahanın keçirilməsi, qiymətləndirilməsi və nəticələrinin formalaşdırılması ilə bağlı bir sıra faktiki və hüquqi hallar göstərilmişdir. Lakin qərardadda həmin halların heç biri ayrıca qiymətləndirilməmişdir. Bundan əlavə, əgər məhkəmə təqdim edilmiş materialları kifayət hesab etməmişdirsə, həmin materialların hansı hissəsinin çatışmadığını və ya hansı əlavə məlumatların tələb olunduğunu göstərməli idi. Qərardadda açıq şəkildə qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş materiallar üzrə ilkin təcili tənzimləmənin zəruri olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə: vaxt amilinin mövcudluğunu, təxirəsalınmaz müdaxilə ehtiyacını, sonradan aradan qaldırılması çətin olan nəticələrin yaranması riskini faktiki olaraq qəbul etmişdir. Buna baxmayaraq, həmin nəticənin müvəqqəti müdafiə tədbirinin rədd olunması ilə necə uzlaşdığı qərardadda izah edilməmişdir. Mübahisələndirilən qərardadda məhkəmə iddiaçının 2026 qəbul imkanını itirməsini, iddiaçının təhsil hüququna təsirini, ADA universitetində qəbul kampaniyasının başa çatmasını, tədris ilinin itirilməsi ehtimalı, cavabdehin maraqları; müqayisəli şəkildə qiymətləndirilməmişdir. Qərardadda göstərilmişdir ki, cavabdeh tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə yazılı münasibət təqdim edilməmişdir. Belə olan halda məhkəmə iddiaçının təqdim etdiyi materialları daha ətraflı qiymətləndirməli və həmin materialların niyə kifayət etmədiyini əsaslandırmalı idi. Lakin belə qiymətləndirmə aparılmamışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi Mərkəz tərəfindən 2026-cı il ## #### tarixində keçirilmiş 2025/2026-cı tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanlarında iştirak etmiş və Riyaziyyat fənni üzrə 100 bal üzərindən 34.4 bal toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nın 4.2-ci bəndinə əsasən, ixtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. Mərkəzin rəsmi saytında ictimaiyyətə elan edilmiş müsabiqə şərtlərinə əsasən, ADA Universitetinə SAT imtahanlarının nəticələrinə görə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanının İ mərhələsində (buraxılış imtahanında) riyaziyyat fənni üzrə ən azı 40 bal və yuxarı nəticə göstərməkləri tələb olunur. Sözügedən Qaydaların 6.2-ci və 6.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Abituriyent Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Həmin Qaydalara uyğun olaraq 2026-cı il ## #### tarixində keçirilmiş buraxılış imtahanının nəticəsi ilə bağlı Apellyasiya komissiyası yaradılmış, komissiyaya müraciət etmək üçün 27 aprel saat 10:00-dan 29 aprel saat 17:00-dək Mərkəzin saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur. Imtahan nəticəsi ilə bağlı müraciətlərə baxılması üçün Mərkəzdə qeyd edilən tarixlərdə Apellyasiya Komissiyası fəaliyyət göstərmişdir. Abituriyent tərəfindən elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılmış və imtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilmişdir. Daha sonra imtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms” göndərilmişdir. Iddiaçı Ərizəçi Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını ilkin araşdırarkən düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının imtahanda "proqramdan kənar sualların olması" və "texniki şəraitin məhdudlaşdırılması" barədə iddiaları tamamilə subyektiv mülahizələrə əsaslanır və ortada iddianın uğurlu olacağını sübut edən heç bir obyektiv, mötəbər ilkin sübut yoxdur. Iddiaçının riyaziyyat fənni üzrə 100 baldan 34.4 bal toplaması tamamilə onun fərdi hazırlıq səviyyəsinin nəticəsidir. Imtahan nəticələri və tələbə qəbulu prosesi dövlət əhəmiyyətli, kütləvi və ciddi qrafikə malik bir prosedur olduğundan, hər bir abituriyentin subyektiv narazılığına əsasən ilkin sübutlar olmadan müvəqqəti müdafiə tədbirlərinin tətbiq edilməsi bütövlükdə qəbul kampaniyasının və digər minlərlə abituriyentin hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin ictimai maraqlarının pozulmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi ziddiyyətli maraqları hərtərəfli və mütənasib qiymətləndirmiş, təcililik şərtinin təkbaşına müvəqqəti müdafiə tədbiri üçün yetərli olmadığını və iddianın əsassızlığını əsas gətirərək tamamilə hüquqauyğun və ədalətli qərardad qəbul etmişdir. Bundan sonra məhkəməyə ərizəçi tərəfindən izahat və cavabdeh tərəfindən verilmiş etiraza münasibət ərizəsi təqdim edilmiş və ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh faktiki olaraq irəli sürülmüş əsas arqumentlərə cavab verməmişdir. Apellyasiya şikayətindən və təqdim edilmiş izahatdan göründüyü kimi, arqumentlərimiz aşağıdakı əsas məsələlər ətrafında qurulmuşdur: təhsil proqramı başa çatmadan yekun attestasiyanın keçirilməsi; SAT imtahanından bir gün sonra buraxılış imtahanının keçirilməsi; sualların mürəkkəblik səviyyəsinin elmi və psixometrik əsaslandırılmaması; SAT nəticəsi ilə DIM nəticəsi arasında yaranmış ciddi uyğunsuzluq; imtahan şəraitində yol verilmiş problemlər. Cavabdehin təqdim etdiyi etirazda isə bu məsələlərin heç biri üzrə substantiv cavab verilmir. Cavabdeh mahiyyət etibarilə yalnız belə mövqe tutur: "Iddiaçı bunları deyir, lakin biz hesab edirik ki, bunlar sübut olunmayıb". Halbuki bu, arqumentlərə cavab vermək deyil. Qeyd edilməlidir ki, iddiaçı bu mərhələdə iddianı tam sübut etməyə çalışmır. Cavabdehin etirazı isə sanki işə artıq mahiyyəti üzrə baxılırmış kimi qurulmuşdur. Halbuki müvəqqəti xarakterli müdafiə tədbiri mərhələsində iddiaçıdan tələb olunan: iddianı tam sübut etmək deyil; iddianın uğurlu ola biləcəyini göstərən ilkin sübutlar təqdim etməkdir. Bu yanaşma Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə tam uyğundur. Iddiaçı SAT nəticəsinin avtomatik olaraq DIM nəticəsini ləğv etdiyini iddia etmir. Lakin beynəlxalq səviyyədə tanınan SAT imtahanında 1530 bal toplamış iştirakçının DIM tərəfindən 34,4 balla qiymətləndirilməsi obyektiv olaraq izaha ehtiyac yaradan haldır. Cavabdeh isə həmin ziddiyyətə hər hansı izah vermək əvəzinə sadəcə nəticənin düzgün olduğunu bəyan edir. Iddiaçı bu mərhələdə məhkəmədən imtahan nəticəsinin qanunsuz hesab edilməsini istəmir. Iddiaçı yalnız göstərir ki, nəticənin düzgünlüyü barədə ciddi və əsaslı şübhələr mövcuddur. Həmin şübhələri yaradan faktlara cavab vermək əvəzinə cavabdeh sadəcə öz mövqeyini təkrarlayır. Müvəqqəti müdafiə mərhələsində isə məhz belə ilkin və əsaslı şübhələrin mövcudluğu iddianın böyük ehtimalla uğurlu ola biləcəyini göstərən amillərdən biridir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatda isə göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydalarının 1.2-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Qaydalar yekun attestasiyanı tam orta təhsil səviyyəsini başa vuran təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi kimi müəyyən edir. Lakin iddiaçının təhsil prosesi 15 mart tarixində hələ başa çatmamışdı. Beləliklə normativ aktın məqsədi ilə faktiki tətbiq arasında - izaha ehtiyac yaradan uyğunsuzluq mövcuddur. Buraxılış imtahanı ## #### 2026-cı il tarixində, SAT imtahanı isə ondan cəmi bir gün əvvəl - ## #### 2026-cı il tarixində keçirilmişdir. Beləliklə, iştirakçılar iki yüksək konsentrasiya, uzunmüddətli diqqət və ciddi zehni gərginlik tələb edən imtahanda fasiləsiz şəkildə iştirak etməyə məcbur olmuşlar. SAT imtahanında iştirak edən şagirdlərin fiziki və psixoloji bərpası üçün ağlabatan vaxt ayrılmadan növbəti gün buraxılış imtahanına cəlb edilməsi qiymətləndirmənin obyektivliyinə təsir göstərə biləcək hal kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən məhz 15 mart tarixinin seçilməsinin hansı elmi, pedaqoji və ya psixometrik meyarlarla əsaslandırıldığı iş materiallarından görünmür. Bu hal qiymətləndirmə prosesinin obyektivliyi və nəticələrin etibarlılığı ilə bağlı əsaslı şübhələr yaradır. ##.##.2026-ci il tarixində cavabdehə ünvanlanmış “Buraxılış imtahanının normativ uyğunluğu və keçirilmə şəraiti ilə bağlı rəsmi sorğu”da imtahanda istifadə olunmuş tapşırıqların mürəkkəblik səviyyəsinin orta statistik məzun üçün uyğun hesab edilməsinin elmi və ya psixometrik əsaslandırılması tələb olunmuş, lakin bu günədək həmin suala cavab verilməmiş, hər hansı metodoloji sənəd və ya qiymətləndirmə modeli təqdim edilməmişdir. Iddiaçı beynəlxalq səviyyədə tanınan SAT (X9) imtahanında 1530 bal toplamışdır. Bu nəticə dünya üzrə yüksək akademik göstəricilər sırasına daxil olmaqla riyaziyyat, məntiqi təfəkkür, analitik düşünmə və akademik hazırlıq səviyyəsinin yüksək olduğunu göstərən obyektiv göstərici hesab edilir. Xüsusilə nəzərə alınmalıdır ki, X5 özü uzun illər ərzində Azərbaycan Respublikasında SAT imtahanlarının təşkilində iştirak etməkdə, həmin imtahan sisteminin etibarlılığını və beynəlxalq səviyyədə tanınmasını qəbul etməkdədir. Belə olan halda, SAT imtahanında yüksək akademik nəticə göstərmiş iştirakçının cavabdeh tərəfindən keçirilmiş buraxılış imtahanında 34,4 balla qiymətləndirilməsi obyektiv olaraq diqqətəlayiq və izaha ehtiyac yaradan haldır. Əlbəttə, SAT nəticəsinin avtomatik olaraq DIM imtahan nəticəsini müəyyən etməsi iddia edilmir. Lakin eyni iştirakçının akademik hazırlıq səviyyəsini ölçən iki qiymətləndirmə sistemi üzrə nəticələri arasında mövcud olan bu dərəcədə kəskin fərq DIM tərəfindən aparılmış qiymətləndirmənin düzgünlüyü və etibarlılığı ilə bağlı əsaslı suallar doğurur. Bu səbəbdən həmin hal mübahisələndirilən inzibati aktın qanuniliyinə dair ciddi şübhələrin mövcudluğunu göstərən və iddianın böyük ehtimalla uğurlu ola biləcəyini təsdiqləyən ilkin göstəricilərdən biri kimi qiymətləndirilməlidir. Cavabdehə aşağıdakı hallarla bağlı ##.##.2026-cı il tarixli sorğu eyni şəkildə cavabsız qalmışdır: iştirakçıların qaralama vərəqləri ilə təmin olunmama əsası; tapşırıqların həcmi ilə ayrılmış vaxt arasında aşkar uyğunsuzluğun mövcudluğu; nəzarətçilərin davranışları nəticəsində iştirakçıların diqqətinin yayındırılması; ingilis dili fənni üzrə “listening” hissəsinin keçirilməsi zamanı uyğun şəraitin yaradılmaması. Sadalanan hallar birlikdə qiymətləndirildikdə, iddiaçının əsas tələbinin açıq-aşkar əsassız olmadığı, əksinə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu ola biləcəyini göstərən kifayət qədər ilkin sübutların mövcud olduğu görünür. Bu səbəbdən Ali Məhkəmə Plenumunun qeyd olunan qərarında nəzərdə tutulmuş hər iki şərt hazırkı iş üzrə mövcuddur və müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün hüquqi əsaslar yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, ərizəçi olan qızı cavabdeh tərəfindən təşkil edilmiş bilik səviyyəsinin yoxlanması imtahanında 34.4 bal yığmışdır. Həmin imtahanın keçirilmə şəffaflığı hal-hazırda əsas iş qaydasında Bakı Inzibati Məhkəməsində mübahisələndirilir. Qızının gələcək ixtisasının profilinə uyğun olan ixtisas hal-hazırda ancaq ADA Universitetində mövcuddur. Ixtisası - kompüter qrafikası üzrə dizayner ixtisasına yaxındır. Bu ixtisas daha çox hərbi sahədə həyata keçirilən layihələrdə tətbiq olunur. Eyni zamanda iddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, bir valideyn olaraq ərizəçinin ali məktəbə qəbul olunmasına haqsız yerə-səbəbə görə məhdudiyyət qoyulmasını istəmir. Hazırda əsas işə baxılmır, yəni məsələni mahiyyəti üzrə həll edilmir. Buna görə sadəcə ilkin sübutlar təqdim edilmişdir. 5 arqument qoyulub ki, bu arqumentlər əsasında cavabdeh tərəfindən təşkil edilən imtahanların şəffaflığına və ədalətliliyinə kifayət qədər şübhələr yaranır. Uzun illərdir ölkədə SAT imtahanların təşkili ilə cavabdeh qurum məsuliyyətlidir. Ərizəçinin yığdığı bal 1530-dur, bu özlüyündə çox yüksək nəticədir. Dünyanın ən qabaqcıl universitetləri ərizəçiyə təkliflər veriblər, lakin ərizəçinin hələ 16 yaşı var və bir valideyn olaraq mümkün dərəcədə öz ölkəmizdə təhsil hüququndan yararlanmasının tərəfdarıdır. ... Cavabdeh bütün universitetlərə sənəd qəbulu müsabiqəsi üzrə bloklamaq səlahiyyətinə malikdir. Belə ki, hazırda heç ərizəçi həmin müsabiqəyə müraciət belə edə bilmir. Ərizəçinin orada oxumağı sonrakı prosesdir, hələ ki sadəcə məsələ sənədlərin qəbuludur ki, hazırda müvafiq sistemə daxil belə olunması mümkün deyil. Çünki ərizəçinin balı qeyd olunan 40 baldan aşağı olduğu üçün ərizəçi cavabdeh tərəfindən bloklanıb. ... Hazırkı ərizə təmin olunduğu təqdirdə əsas iş üzrə iddia tələbi təmin olunmazsa nə baş verəcəyi artıq gələcəkdə baş verəcək bir haldır. Hal-hazırda ərizəçinin universitetdə oxuyub-oxumaması müzakirə edilmir, hazırda ərizəçi üçün onun sənədlərinin qəbul olunması təcilidir və müvəqqəti təminat tədbirinin predmetidir. Əsas iş ərizəçinin ziyanına yekunlaşdığı və qərar qanuni qüvvəsini aldığı təqdirdə, bu qərar öz qüvvəsini itirəcəkdir. ... Bu imtahanı verənlər digər imtahanları verməkdə məcbur deyildir. Eyni zamanda ərizəçi üçün istənilən universitetin olması, yox ancaq ADA Universitetin olması əsasdır. Ərizəçi xüsusilə müvafiq ixtisas profili üzrə ADA Universitetinə hazırlaşmışdır. Tərəflərindən 5 fakt sadalanır ki, onların birincisi - yekun tədrsi proqramını bitirməmiş attestat imtahanların təşkilidir. SAT imtahanlarından bir gün sonra buraxılış imtahanlarının təşkilidir. Çox vaxt bu imtahanların iştirakçılarını eyni kütlə təşkil edir ki, bu səbəbdən bu fakt da önəmlidir. ... Bu iki imtahanda da iştirak edib yüksək nəticə yığanlar şagirdlər də ola bilər, amma bu o demək deyil ki, ərizəçinin cavabdeh qurum tərəfindən təşkil edilmiş digər imtahanlarda iştirak etməyə potensialı yoxdur. Hansı ki, həmin imtahanlar üzrə nəticəni də, sadəcə cavabdeh qurum tərəfindən çıxarılmış bir neçə abituriyent jurnalının işlənməsi ilə əldə etmək mümkündür. Cavabdeh qurum deyir ki, imtahan nəticəsindən apellyasiya şikayəti verilməyib. Məgər ərizəçinin belə bir öhdəliyi varmı ki, birbaşa məhkəmə müraciət etməmişdən əvvəl inzibati orqanın özünə müraciət etsinlər? Həm də cavabdeh qurum müraciətlərə gec cavab verdiyindən birbaşa müraciət etmək daha məqsədəmüvafiq idi. Əvvəl sadaladığı faktlara əlavə olaraq daha biri - SAT nəticəsi ilə DIM nəticələri arasında uyğunsuzluqdur. ... Riyaziyyatdan 34,4%-nə cavablandırıb, ərizəçiyə bir suala cavab lazım idi.Imtahanın obyektiv keçirilməsinə şərait yaradılmamışdır. ... Ərizəçinin ingilis dili imtahanından 81 bal yığmasından da narazıdır. Ingilis dilindən minimum 95 olmalı idi. Çünki ərizəçinin ingilis dili səviyyəsi C2-yə uyğundur, akademik ingilis dilində danışır. Bunları təsdiqləyən nəticələr də təqdim edilib. Plenum qərarına görə iki əsas hal mövcud olmalıdır müvəqqəti təminat tədbirləri üçün. Təcililik - hansı ki, hazırda müəyyən müddət kəsiyində həllini tapmalı məsələdir. Uğurluluğa isə sadaladığım faktlar əsas hesab olunur. Sənədlər, müraciətlər təqdim edilib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, etirazda qarşı tərəfin qeyd etdiyi bir neçə fakta münasibət bildirilib, digərlərinin isə ümumiyyətlə cavabdeh qurumun səlahiyyətlərinə aidiyyatı yoxdur. Məsələn, SAT nəticəsi ilə DIM-in nəticəsinin uyğunlaşdırılması, müqayisə edilməsi və yaxud onlara hər hansı bir oxşarlıq-hüquqi qiymət vermək cavabdeh qurumun səlahiyyəti deyildir. 2017-ci il # ###### tarixli, ** nömrəli Nazirlər Kabinetinin qərarına əsasən, ali təhsil müəssisələrinə qəbul “Təhsil haqqında” Qanun 26-cı maddəsinə uyğun olaraq müsabiqə əsasında keçirilir. Bu müsabiqə mərkəzləşdirilmiş qaydada iki mərhələli imtahan ilə keçirilir. Biri - buraxılış, digəri isə blok imtahanlarıdır. Lakin bəzi ali təhsil müəssisələrinə qəbul şərtləri fərqlidir. Imtahaların proqramı və qiymətləndirilməsi, hər mövzudan neçə sual salınması və s. məsələlər Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir, yəni cavabdeh qurum özbaşına fəaliyyət göstərmir. Quruma müvafiq vaxtda təqdim edilmiş proqram əsasında imtahanlar təşkil edilir. Hər hansı məktəb həmin proqramı bitirə bilməmişdirsə və yaxud hər hansı şagird həmin mövzuları mənimsəyə bilməmişdirsə, bu artıq cavabdeh qurumun günahı deyildir. Suallar Mərkəz tərəfindən hazırlansa da proqram Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilir. Imtahaların keçiriləcəyi günlər-vaxtı və keçirilmə texnologiyasını Mərkəz özü müəyyən edir. Eyni zamanda cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirdi ki, ixitsas seçimində imtahan nəticələri Mərkəz tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılır. ADA universiteti iki cür imtahan ilə qəbul həyata keçirilir. Məsələn, hüquqşünaslıq ixtisasına DIM imtahanı ilə qəbul keçirilir. Digəri isə SAT imtahanıdır ki, burada da buraxılış imtahanı üzrə abituriyent riyazıyyat fənni üzrə 40 bal toplamalıdır. Bunu Mərkəz yox, Elm və Təhsil Nazirliyi ilə ADA universiteti birgə müəyyən edir. Sadəcə bu meyarlara cavab verən abituriyentlər bizim sistem vasitəsi ilə sənədlərini göndərə bilir, digərləri bilmir. Bu da ona görə belədir ki, Nazirlər Kabinetinin qərarına görə, Respublikada olan dövlət, özəl, xüsusi ali təhsil müəssisələrinə qəbul Mərkəz tərəfindən təşkil olunmalıdır. Ərizəçi qeyd edir ki, aprelin əvvəli müraciət edib, hələ də cavab almamışdır. Bununla bağlı qeyd edilməlidir ki, həmin müraciət aktivdir, sadəcə mahiyyətcə tamamilə Mərkəzin fəaliyyət istiqamətlərinə aid olmadığından müvafiq orqanlara sorğular verilmiş və hazırda araşdırılmaqdadır. Qısa müddət ərzində cavablandırılacaqdır. Ərizəçi hazırkı ərizənin təciliyindən danışarkən düzgün olaraq soruşuldu ki, əgər əsas iş üzrə iddia tələbi təmin olunmazsa bu işin nəticəsi nə olacaq? Adətən praktikada sənədlərin ləğvi olur belə bir vəziyyətdə. Bəs onda plan yerlərində olan azalma necə olacaq? Bu özlüyündə digər abituriyentlərin hüquqlarının pozulması deməkdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, şikayət əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, hazırkı inzibati mübahisə üzrə apellyasiya baxışının predmeti birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqindən imtina barədə qərardadının qanuniliyinin yoxlanılmasıdır. Işin hallarından görünür ki, iddiaçı X5 tərəfindən keçirilmiş buraxılış imtahanında riyaziyyat fənni üzrə topladığı nəticənin onun ADA Universitetinə qəbul imkanlarına təsir etdiyini bildirərək, əsas iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin nəticənin onun qəbul prosesindən kənarlaşdırılmasına səbəb ola biləcək hüquqi nəticələrinin qarşısının alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni araşdırmış, təcili tənzimləmə ehtiyacının mövcudluğunu istisna etməmiş, lakin iddianın böyük ehtimalla uğurlu olması barədə qənaətə gəlmədiyindən ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin qərardadın ləğvi üçün yetərli əsas yaratmır. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbiri əsas mübahisənin əvvəlcədən həll edilməsi, mübahisələndirilən inzibati aktın hüquqi qüvvəsinin faktiki olaraq aradan qaldırılması və ya iddiaçıya əsas iş üzrə yalnız iddianın təmin ediləcəyi halda əldə edə biləcəyi nəticənin əvvəlcədən verilməsi vasitəsi deyildir. Bu institutun məqsədi məhkəmə müdafiəsinin real və səmərəli olmasını təmin etməkdir. Lakin bu məqsəd hər bir halda iddiaçının istədiyi müvəqqəti nəticənin təmin edilməsini deyil, yalnız qanunda nəzərdə tutulmuş şərtlər mövcud olduqda müdaxilənin mümkünlüyünü ifadə edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40, 41 və 43-cü maddələrinin mahiyyətindən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvəqqəti xarakterli müdafiə tədbirlərinə dair hüquqi mövqeyindən irəli gəlir ki, belə tədbirin tətbiqi üçün iki əsas şərt birlikdə mövcud olmalıdır: ilkin təcili tənzimləmənin zəruriliyi və iddianın böyük ehtimalla uğurlu olması. Təcililik müvəqqəti müdafiənin tətbiqinə keçid üçün ilkin şərtdir, lakin müstəqil və kifayətedici əsas deyildir. Başqa sözlə, müəyyən müddətin başa çatması, qəbul prosesinin yekunlaşması və ya gələcəkdə iddiaçının hüquqi vəziyyətinin mürəkkəbləşə bilməsi yalnız təcililik aspektindən əhəmiyyətlidir, bu hallar iddianın böyük ehtimalla uğurlu olması barədə hüquqi nəticəni avtomatik doğurmur. Bu baxımdan ADA Universitetinə sənəd qəbulunun müəyyən tarixdə başa çatması, qəbul kampaniyasının qısa zaman çərçivəsində aparılması və əsas iş üzrə məhkəmə baxışının həmin müddət ərzində yekunlaşmaya bilməsi apellyasiya şikayətinin əsaslılığı üçün həlledici arqument sayıla bilməz. Əks yanaşma qəbul, imtahan, müsabiqə və digər müddətli inzibati prosedurlarla bağlı bütün işlərdə yalnız vaxt amilinə istinad edilməsini müvəqqəti müdafiə üçün kifayət edən əsas kimi qəbul etməyə gətirib çıxarardı. Bu isə qanunvericiliyin tələb etdiyi “iddianın böyük ehtimalla uğurlu olması” meyarını faktiki olaraq aradan qaldırar və müvəqqəti müdafiə institutunu ümumi təminat vasitəsinə çevirərdi. Iddiaçının əsas dəlilləri buraxılış imtahanının təhsil proqramı başa çatmadan keçirilməsi, SAT imtahanından bir gün sonra təşkil olunması, sualların mürəkkəblik səviyyəsinin elmi və psixometrik baxımdan əsaslandırılmaması, SAT nəticəsi ilə DIM nəticəsi arasında kəskin fərqin mövcudluğu, habelə imtahan şəraitində müəyyən problemlərin olması ilə bağlıdır. Lakin bu dəlillər hazırkı mərhələdə mübahisələndirilən imtahan nəticəsinin qanunsuzluğu barədə böyük ehtimal yaradan obyektiv və fərdiləşdirilmiş ilkin sübutlarla müşayiət olunmur. Buraxılış imtahanının təhsil ili tam başa çatmadan keçirilməsi barədə dəlil özüözlüyündə imtahan nəticəsinin hüquqa zidd olması qənaətini yaratmır. Kütləvi imtahanların təşkili ümumi qrafik, texniki imkanlar, nəticələrin emalı, qəbul kampaniyasının müddətləri və inzibati resurslarla bağlıdır. Imtahan tarixinin ümumi qaydada müəyyən edilməsi inzibati orqanın təşkilati səlahiyyətləri çərçivəsində qiymətləndirilməlidir. Həmin tarixin iddiaçıya münasibətdə fərdi, qeyri-bərabər və hüquqa zidd nəticə yaratdığı isə ilkin sübutlarla əsaslandırılmalıdır. Iş materiallarında belə əsaslandırma mövcud deyil. Eyni qaydada, buraxılış imtahanının SAT imtahanından bir gün sonra keçirilməsi də iddianın böyük ehtimalla uğurlu olmasını göstərmir. SAT imtahanında iştirak iddiaçının fərdi akademik seçimi ilə bağlıdır. X5 ümumrespublika miqyasında keçirilən buraxılış imtahanının tarixini hər bir abituriyentin beynəlxalq imtahan təqviminə uyğunlaşdırmaq öhdəliyi mövcud deyildir. Iki imtahanın ardıcıl günlərdə keçirilməsi iddiaçı üçün müəyyən gərginlik yaratmış ola bilər, lakin bu halın konkret imtahan nəticəsinə hüquqi baxımdan əhəmiyyətli təsiri ilkin sübutlarla göstərilmədiyi halda, həmin dəlil müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün yetərli sayıla bilməz. Sualların proqramdan kənar olması, mürəkkəblik səviyyəsinin qeyri-adekvatlığı, qaralama imkanlarının məhdudlaşdırılması və vaxt bölgüsünün düzgün təşkil edilməməsi barədə dəlillər də ümumi xarakter daşıyır. Iddiaçı konkret hansı sualın proqramdan kənar olduğunu, həmin sualın hansı normativ, tədris və ya metodiki sənədə zidd gəldiyini, bunun nəticəyə necə təsir etdiyini, qiymətləndirmə modelində hansı obyektiv uyğunsuzluğun mövcud olduğunu və ya texniki şəraitin məhz onun nəticəsini hansı formada dəyişdirdiyini ilkin sübutlarla göstərməmişdir. Müvəqqəti müdafiə mərhələsində tam sübutetmə tələb olunmur, lakin təqdim edilən materiallar iddianın uğurluluğu barədə əsaslandırılmış hüquqi proqnoz yaratmalıdır. Ümumi narazılıq, ehtimal və şübhə bu meyarı ödəmək üçün kifayət deyildir. SAT imtahanında 1530 bal toplanması da fərqli hüquqi qiymətləndirmə üçün yetərli əsas deyil. Bu nəticə iddiaçının ümumi akademik potensialının yüksək olmasını göstərə bilər. Lakin SAT imtahanı ilə DIM tərəfindən keçirilən buraxılış imtahanı fərqli məqsəd, fərqli məzmun, fərqli qiymətləndirmə şkalası və fərqli prosedur əsasında həyata keçirilir. Bir imtahanda yüksək nəticə əldə edilməsi digər imtahanda aşağı nəticənin mütləq qanunsuz olması anlamına gəlmir. SAT nəticəsi DIM nəticəsini avtomatik əvəz etmir və DIM imtahanının konkret tapşırıqları, qiymətləndirilməsi və proseduru üzrə hüquqa ziddliyi sübut edən obyektiv material kimi qəbul edilə bilməz. Hazırkı işdə mühüm məqamlardan biri də ondan ibarətdir ki, ADA Universitetinə SAT nəticələri əsasında qəbul olmaq istəyən abituriyentlər üçün buraxılış imtahanında riyaziyyat fənni üzrə ən azı 40 bal toplamaq tələbi müəyyən edilmişdir. Iddiaçı isə riyaziyyat fənni üzrə 34,4 bal toplamışdır. Belə olan halda, müvəqqəti müdafiə tədbirinin tətbiqi faktiki olaraq iddiaçının minimal keçid tələbinə cavab verməməsinin hüquqi nəticəsini müvəqqəti qaydada neytrallaşdırmaq demək olardı. Bu isə sadəcə mövcud vəziyyətin qorunması deyil, iddiaçının hüquqi vəziyyətinin dəyişdirilməsi və ona ümumi müsabiqə şərtlərindən kənar daha əlverişli vəziyyət yaradılması nəticəsini doğurardı. Məsələyə eyni universitetə qəbulda iştirak edən digər abituriyentlərə münasibətdə bərabərlik və ədalət prinsipləri prizmasından yanaşdıqda apellyasiya şikayətinin əsassızlığı daha aydın görünür. Qəbul prosesi fərdi güzəşt mexanizmi deyil, əvvəlcədən elan edilmiş ümumi, bərabər və proqnozlaşdırıla bilən şərtlər əsasında həyata keçirilən müsabiqə prosedurudur. Digər abituriyentlər ADA Universitetinə qəbul prosesində iştirak etmək üçün eyni minimal tələblərə tabe olmuşlar. Iddiaçının həmin tələbi ödəmədiyi halda müvəqqəti müdafiə tədbiri vasitəsilə qəbul prosesində iştirakına şərait yaradılması ona digər abituriyentlərdən daha əlverişli hüquqi mövqe verərdi. Bu isə bərabər müsabiqə, şəffaflıq və ədalətli rəqabət prinsiplərinə uyğun olmazdı. Ədalətli yanaşma yalnız iddiaçının fərdi marağının qorunması kimi başa düşülə bilməz. Inzibati məhkəmə icraatında ədalət həm də digər şəxslərin hüquqlarının, ictimai marağın, qəbul qaydalarının sabitliyinin və inzibati prosedurların etibarlılığının qorunmasını tələb edir. Qəbul və imtahan prosesi çoxsaylı iştirakçıların hüquqi vəziyyətinə təsir edən kütləvi inzibati prosedurdur. Belə prosedurda ilkin sübutlarla təsdiqlənməyən fərdi narazılığa əsasən bir şəxsin ümumi minimal tələbdən müvəqqəti azad edilməsi digər iştirakçılar üçün ədalətsiz nəticə yarada, müsabiqənin bərabərliyini poza və qəbul sisteminə etimadı sarsıda bilər. Apellyasiya şikayətində iddiaçının təhsil hüququna istinad olunması da nəticəni dəyişmir. Təhsil hüququ şəxsin qanunla müəyyən edilmiş qaydada və bərabər şərtlər daxilində təhsil alma imkanını qoruyur, lakin bu hüquq müsabiqə şərtlərinin fərdi qaydada kənara qoyulmasını, minimal akademik göstəricilərin nəzərə alınmamasını və ya digər abituriyentlərə tətbiq edilən tələblərin iddiaçıya münasibətdə yumşaldılmasını tələb etmir. Əksinə, təhsil hüququnun ədalətli həyata keçirilməsi qəbul qaydalarının hamıya münasibətdə bərabər tətbiqini zəruri edir. Məhkəmə kollegiyası xüsusi olaraq bir daha vurğulamağı zəruri hesab edir ki, müvəqqəti müdafiə tədbirinin tətbiqi əsas iş üzrə iddianın mahiyyətini qabaqcadan həll edən nəticə doğurmamalıdır. Hazırkı ərizənin təmin edilməsi, məzmun etibarilə, mübahisələndirilən imtahan nəticəsinin iddiaçının ADA Universitetinə qəbul imkanına təsirini aradan qaldırmaq demək olardı. Başqa sözlə, ərizəçinin əsas iş üzrə imtahan nəticəsinin qanunsuz hesab edilməsini tələb etdiyi halda, müvəqqəti müdafiə tədbiri vasitəsilə həmin nəticənin əsas hüquqi təsirinin indidən neytrallaşdırılması müvəqqəti müdafiə institutunun sərhədlərini aşmış olardı. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar