Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-118/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı (ərizəçi) Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN HALLARI
1. Baxılan işdə iddiaçının hərbi xidmətə çağırış ilə əlaqədar olaraq sağlamlıq vəziyyəti yoxlanılmış onda olan xəstəliklərin diqanozu aşağıdakı kimi müəyyən edilmişdir:
2. Əsas xəstəlik – Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi (XBT kodu H90.4) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) 38-ci maddəsinin (Karlıq, lal-karlıq, eşitmənin zəifləməsi), 1 Qrafasının, B bəndinin (bir qulağın pıçıltı nitqini eşitməməsi, digər qulağın pıçıltı nitqini 3 m-ə qədər məsafədən eşitməsi, yaxud bir qulağın 1 m-ə qədər məsafədən, digər qulağın 2 m-ə qədər məsafədən pıçıltı nitqini eşitməsi ilə eşitmənin davamlı zəifləməsi) C kateqoriyası üzrə ((sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kimi qiymətləndirilmişdir.
3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən iddiaçı barəsində Forma 44 rəsmiləşdirilərək əyani müayinə olunması üçün cavabdehə göndərilmişdir.
4. Cavabdehin ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçının yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə təsdiqlənməməsinə dair qərar qəbul edilmiş, iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (ərizəçi) Ərizəçi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi məhkəmə icraatına cəlb olunmaqla) “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət edərək onun hərbi xidmətə çağrılmamağı öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinə həvalə edilməsi barədə qərarad qəbul edilməsini xahiş etmişdir (ərizə dəqiqləşdirilib).
6. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən Cavabdeh - cavabdeh2 qarşı “hərbi xidmətə yararlı” hesab edilməyi barədə qərardan və ## #### 2026-cı il tarixli həqiqi hərbi xidmətə çağırış intizamından (Çağırış Vərəqəsindən) Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edilmişdir. Hesab edir ki, hərbi çağırış intizamı ilə bağlı məsələlərin fərqli xüsusiyyətlərini və faktiki icra risklərini nəzərə alaraq, iş üzrə yekun və qəti məhkəmə qərarı qəbul edilənədək çağırışın dayandırılması barədə ayrıca müvəqqəti tənzimləmə qərardadının çıxarılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1 və 40.2-ci maddələrinin imperativ tələblərinə əsasən, maraqlı şəxs iddianın təmin edilməsinə və hüquqlarının qorunmasına yönəlmiş müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi barədə ərizə ilə iddia qaldırılanadək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin həmin Məcəllənin 40.3-cü maddəsi məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin, yaxud qanuni əsaslar olduğu hallarda üçüncü şəxslərin üzərinə müəyyən hərəkətləri etmək, müəyyən hərəkətləri etməkdən çəkinmək və ya müəyyən hərəkətlərə dözmək barədə konkret vəzifələr qoymaq səlahiyyəti tanıyır. Belə ki, AR İPM-nin 41.3-cü maddəsinə əsasən,məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Hazırkı işin faktiki hallarına əsasən, sol qulağında uşaqlıq illərindən bəri kəskin dərəcəli eşitmə qüsuru mövcuddur, 2021-ci ildə sol tərəfli mastoidektomiya vətimpanoplastika əməliyyatı keçirmişdir. Həmçinin ## ##### 2026-cı il tarixli rəsmi “xxxx” MMC-nin obyektiv odyoloji Bera, Teoae və Timpanometriya müayinələrinə və ## ##### 2026-cı il tarixli “X1” PHŞ-nin rəsmi rəyinə əsasən, sol qulağında ÜST meyarlarına görə 67 dB səviyyəsində “Şiddətli (Dərin) İşitmə İtkisi" təsbit olunmuşdur. Bu tibbi sənədlər onun həqiqətən də hərbi xidmətə tamamilə yararsız olduğunu şübhəsiz şəkildə sübut edir. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirləri görülməyəcəyi və iş üzrə mahiyyəti üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək çağırış intizamı dayandırılmayacağı təqdirdə, cavabdeh orqan tərəfindən iddiaçının məcburi qaydada həqiqi hərbi xidmətə yola salınması real təhlükəyə çevriləcəkdir. Bu hal isə gələcəkdə bərpası və kompensasiya edilməsi qeyrimümkün olan aşağıdakı ağır fəsadlara yol açacaqdır: a) Ağır eşitmə pozuntusu və keçirilmiş qulaqkəllə əməliyyatı fonunda onun hərbi poliqonlarda, silahlı təlimlərdə və kəskin səs/təzyiq mühitində olmağı sağlamlığına geri dönməz və kəskin ziyan vuracaq, tamamilə karlaşma və ya beyindaxili fəsadlar yaradacaqdır; b) Məhkəmə araşdırması davam etdiyi müddətdə artıq hərbi xidmətdə olmağı iddia ərizəsinin mahiyyətini tamamilə itirəcək, hüquqlarının məhkəmə müdafiəsini əhəmiyyətli dərəcədə çətinləşdirəcək və gələcəkdə qəbul ediləcək potensial lehinə qərarın icrasını qeyri-mümkün edəcəkdir. Göründüyü kimi, ərizənin təmin edilməsində iddiaçının qanunla qorunan mütləq maraqları mövcuddur və bu tədbir cavabdeh inzibati orqanın fəaliyyətinə hər hansı bir ziyan vurmur, sadəcə hüququn rəsmiliyini və obyektivliyini qoruyur.
7. Cavabdeh cavabdeh1 məhkəməyə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən C kateqoriyasına uyğun qiymətləndirilmişdir. AR ƏƏSMN tabeliyində dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin qərarı ilə SHXÇDX tərəfindən göndərilən XBT kodu üzrə diaqnoz heç bir kateqoriya təsdiqlənməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı təcili tənzimləmə kimi o hala istinad edir ki, əlavə edilmiş tibbi sənədlərə əsasən sağlamlıq vəziyyəti onun hərbi xidmət keçməsinə imkan vermir və sağlamlıq vəziyyətində bərpa edilməz zərərlə nəticələnə bilər.
11. Məhkəmə qeyd edir ki, istinad olunan “Xəstəliklər cədvəli”nin 38-ci maddəsində Karlıq, lalkarlıq, eşitmənin zəifləməsi xəstəlikləri üzrə funksiyaların pozulma dərəcələri və həmin pozulma dərəcələrinə müvafiq olaraq hərbi xidmətə yararlılıq kateqoriyaları nəzərdə tutulmuşdur. Hərbi xidmətə çağırılan vətəndaşların yararlılıq kateqoriyası İ qrafaya uyğun tətbiq edilir.
12. Ərizəçi (iddiaçı) həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya baxışı zamanı apellyasiya şikayəti ərizənin dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
İlk olaraq məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 16.3 və 81.3-
15. cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı, etiraz və mülahizələri Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərə bilmələri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir.
16. Belə ki, İnzibati Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər.
17. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin ## #### 2026-cı il tarixli Fərmanına əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi “ ilə əvəz olunmuşdur.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: … Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
19. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı . 4.1-1-ci bəndində göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2 və 4.1-3-cü bəndlərində qeyd olunur ki, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.8. İnzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
Apellyasiya baxışının hədləri
20.Apellyasiya şikayətində ərizəçi tərəfindən qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 21.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə ərizəçi subyektiv hüquqa malikdir və ərizə mümkünlük şərtlərini ödəyir.
23. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan Plenum qərarında qeyd edilən hüquqi mövqedən müəyyən edilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün 2 şərt eyni anda mövcud olmalıdır: ilkin təcili tənzimləmə zəruri olmalı və iddia böyük ehtimalla uğurlu olmalıdır.
24. “Müddətli həqiqi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli **** nömrəli Fərmanından: -1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədən: 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEİS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) cavabdeh2 tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.7. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.
26. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: -həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; -həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); -həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEİSdə elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar;
27. Baxılan işdə iddiaçının hərbi xidmətə çağırış ilə əlaqədar olaraq sağlamlıq vəziyyəti yoxlanılmış onda olan xəstəliklərin diqanozu aşağıdakı kimi müəyyən edilmişdir:
28. Əsas xəstəlik – Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi (XBT kodu H90.4) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) 38-ci maddəsinin (Karlıq, lal-karlıq, eşitmənin zəifləməsi), 1 Qrafasının, B bəndinin (bir qulağın pıçıltı nitqini eşitməməsi, digər qulağın pıçıltı nitqini 3 m-ə qədər məsafədən eşitməsi, yaxud bir qulağın 1 m-ə qədər məsafədən, digər qulağın 2 m-ə qədər məsafədən pıçıltı nitqini eşitməsi ilə eşitmənin davamlı zəifləməsi) C kateqoriyası üzrə ((sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kimi qiymətləndirilmişdir.
29. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən iddiaçı barəsində Forma 44 rəsmiləşdirilərək əyani müayinə olunması üçün cavabdehə göndərilmişdir.
30. Cavabdehin ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçının yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə təsdiqlənməməsinə dair qərar qəbul edilmiş, iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir.
31. İddiaçı hazırkı ərizəsində yekun məhkəmə aktının qəbul olunmasına qədər hərbi xidmətə çağırılmaması üçün müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
32. İddiaçı təcili tənzimləmə kimi o hala istinad edir ki, əlavə edilmiş tibbi sənədlərə əsasən sağlamlıq vəziyyəti onun hərbi xidmət keçməsinə imkan vermir və sağlamlıq vəziyyətində bərpa edilməz zərərlə nəticələnə bilər.
33. Məhkəmə qeyd edir ki, istinad olunan “Xəstəliklər cədvəli”nin 38-ci maddəsində Karlıq, lalkarlıq, eşitmənin zəifləməsi xəstəlikləri üzrə funksiyaların pozulma dərəcələri və həmin pozulma dərəcələrinə müvafiq olaraq hərbi xidmətə yararlılıq kateqoriyaları nəzərdə tutulmuşdur. Hərbi xidmətə çağırılan vətəndaşların yararlılıq kateqoriyası İ qrafaya uyğun tətbiq edilir.
34. Həmin maddənin “b” bəndinə əsasən, yəni bir qulağın pıçıltı nitqini eşitməməsi, digər qulağın pıçıltı nitqini 3 m-ə qədər məsafədən eşitməsi, yaxud bir qulağın 1 m-ə qədər məsafədən, digər qulağın 2 m-ə qədər məsafədən pıçıltı nitqini eşitməsi ilə eşitmənin davamlı zəifləməsi müəyyən edilərsə, çağırışçı “C” kateqoriyası üzrə “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi qiymətləndirilir. Maddənin açıqlamasında qeyd olunmuşdur ki, Pıçıltı nitqini bir qulağın 1 metrdən (1 metr daxil olmaqla) az olmayan (80 dB və aşağı), digər qulağın 4 metrdən (4 metr daxil olmaqla) az olmayan (30 dB və aşağı) məsafədən eşitməsi və ya hər iki qulağın 3 metrdən (3 metr daxil olmaqla) az olmayan (40 dB və aşağı) məsafədən eşitməsi “Xəstəliklər cədvəli”nin İ-
35. II qrafaları üzrə şəhadətləndirilənlər üçün hərbi xidmət keçməyə mane olmur. Hər iki qulağın karlığı və ya lal-karlıq tibb müəssisələri, nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxslərə aid təşkilatlar və təhsil müəssisələri tərəfindən təsdiq edilməlidir.
36. “b” bəndinə əsasən bir qulağın pıçıltı nitqini eşitməməsi (80 dB və yuxarı), digər qulağın pıçıltı nitqini 3 metrə (3 metr daxil olmaqla) qədər (45 dB və yuxarı) məsafədən eşitməsi ilə, yaxud bir qulağın 1 metrə (1 metr daxil olmaqla) qədər məsafədən (65 dB və yuxarı), digər qulağın 2 metrə (2 metr daxil olmaqla) qədər (45 dB və yuxarı) məsafədən pıçıltı nitqini eşitməsi ilə eşitmənin davamlı zəifləməsi.
37. Göründüyü kimi, 38-ci maddənin “b” bəndinin təsirinə düşmək üçün orqanizmin funksiyalarının pozulması əsasları konkret göstərilmişdir. İddiaçının hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün onun sağlamlıq vəziyyətinin və ilk növbədə (tibbi sənədlərindəki diaqnozlardan dolayı) 38-ci maddənin “b” bəndindəki ağırlaşmaların təsirinə düşüb-düşməməsi məsələsi müəyyən edilməlidir.
38. İş üzrə təqdim edilən sənədlərin ilkin araşdırılması nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının (ərizəçinin) cavabdeh Agentliyin tibbi komissiyasında əyani müayinəsi keçirilmiş və onun “b” bəndindəki halların təsirinə düşməsi halı müəyyən edilməmişdir.
39. Cavabdehin qərarında qeyd olunmuşdur ki, ərizəçidə olan eşitmənin sağ tərəfdə normal eşitmə ilə müşahidə olunan, soltərəfli neyrosensor tipli II dərəcəli itirilməsi maddə tətbiqə əsas vermir.
40. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə tibbi sahəyə aid olmaqla böyük ölçüdə xüsusi bilik tələb edir və bununla bağlı müvafiq ekspertiza keçirilmədən iddiaçının (ərizəçinin) sağlamlıq durumunun hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə birmənalı fikir bildirmək məqsədəuyğun sayıla bilməz. Bununla belə, müvəqqəti təminat tədbirləri ilə bağlı icraatın təcili xarakter daşıması və araşdırmanın məhdud olması nəzərə alındıqda təqdim edilmiş ilkin sübutların dəyərləndirilməsi ilə indiki mərhələdə iddianın böyük ehtimalla uğurlu olacağına dair təsəvvür yaranmır.
41. Ərizəçi tərəf cavabdehin mübahisələndirilən qərarının qanunsuzluğu ilə bağlı işin hazırkı mərhələsində hər hansı dəlil təqdim etməmiş, mövqeyini ümumi formada əsaslandırmışdır. Halbuki, prosessual qanunvericiliyin tələblərinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması və iddianı təmin etmə tədbirlər tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır.
42. Plenum qərarındakı hüquqi mövqedən göründüyü kimi, ərizənin təmin edilməsi üçün təkcə təcili tənzimləmə şərti deyil, iddianın uğurluluğu da müəyyən edilməlidir.
43. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli qərarı: 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünübgörünməməsi məsələsini həll etməlidir.
44. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı sənədlər əsasında iddianın böyük ehtimalla uğurlu olması müəyyən edilmir.
45. Belə ki, Əsasnamənin tələblərinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir.
46. Agentlik ölkədə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi, o cümlədən tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən bu sahədə ixtisaslaşmış publik hüquqi şəxsdir.
47. Agentlik bu səlahiyyətlərini tibbi-sosial ekspert komissiyaları vasitəsilə həyata keçirir. Belə olan halda, cavabdehin qərarının qanunsuz olması əsaslı dəlillərə əsasən sübuta yetirilməli, işin araşdırılması nəticəsində isə, həmin aktın qanunsuz olması əsaslı sübutlarla təsdiq edilməlidir.
48. Digər tərəfdən iddianın uğurluluq ehtimalı iddiaçının sağlamlıq vəziyyəinin yoxlanılması üçün xüsusi bilik tələb edən hallaarın araşdırılmasından, iş üzrə ekspertizanın keçirilməsi, rəylərin alınması, iddiaçının əyani müayinəsinin aparılması və s. hallardan asılıdır və işin hazırkı mərhələsində təqdim edilən ilkin sübutlar əsasında iddianın böyük ehtimalla uğurlu olması qənaətinə gəlmək mümkün deyildir.
49. Plenum qərarının: 11.30. İlkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. 11.31. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. 11.32. Bir qayda olaraq, fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. 11.33. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də ictimai maraqlara vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. 11.34. İnzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındıqda onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər.
50. Məhkəmə Kollegiyası qeyd edir ki, ziddiyətli maraqların qiymətləndirilməsi baxımından da hazırkı ərizənin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Plenum qərarından göründüyü kimi, ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir.
51. Məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görmür.
52. Belə ki, hazırkı halda iddiaçının fərdi marağına münasibətdə ictimai və dövlət marağının mövcudluğu halının olub-olmaması müzakirə olunmalıdır ki, fərdi marağa münasibətdə dövlətin və ictimai marağın üstün olması hazırkı iddiada aşkar görünür.
53. İddiaçı və cavabdehlər arasında yaranmış inzibati mübahisə hərbi xidmətkeçmə barəsindədir ki, inzibati orqanın ölkə üzrə vəzifə və funksiyalarının əsas hissəsi hərbi xidmət və vəzifələrinin icrası ilə bağlı şəxslərin hərbi xidmətə cəlb edilməsindən ibarətdir.
54. Məhkəmə qeyd edir ki, vətəndaşların hərbi xidmətə cəlb olunmasının məqsədi Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə, eyni zamanda Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasından ibarətdir.
55. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçmək Azərbaycan Respublikasının Konstitusiyasının IV fəslində nəzərdə tutulmuş vətədanşların əsas vəzifələrindən biri kimi təsbit edilmişdir.
56. Belə ki, Konstitusiyanın 76-cı maddəsinin İ bəndinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
57. Qeyd olunan növ işlər üzrə məhkəmə təcrübəsi ictimai və dövlət marağına, eləcə də yuxarıda göstərilən məqsəd və vəzifələrin icrasına ciddi təhlükə törədə bilər ki, uğurluluq ehtimalı müəyyən edilməyən hazırkı növ ərizələr üzrə fərdi marağın dövlət və ictimai marağı üstələməsi yol verilməzdir.
58. Uğurluluğu müəyyən edilməyən iddia üzrə hazırkı ərizənin təmin edilməsi isə, fərdi marağın cəmiyyətin maraqlarından üstün tutulması ilə nəticələnir. Hərbi xidmətə aparılmama üçün əsaslandırılmış, ilkin sübutlar əsasında təsdiq olunan, kifayət qədər mötəbər və araşdırma tələb etməyən hallar müəyyən olunmadan şəxslərin hərbi xidmətə çağırılmasının qadağan edilməsi ilə bağlı tədbirin görülməsi cəmiyyətin maraqları nəzərə alınmaqla ziddiyətli maraqların qiymətləndirilməsi aparıldıqda ərizənin rədd olunması nəticəsinə gəlmək üçün əsasdır.
59. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyətində bərpa olunmaz nəticələrin olması (digər xəstəliklərin yaranması) ehtimallara əsaslanır və heç bir tibbi rəyə və sənədə əsaslanmır.
60. İş üzrə iddiaçının əsas iddia tələbinə baxılması üçün məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin edilmişdir.
61. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, indiki şərtlər altında ərizə təmin edilə bilməz.
62. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. ( Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)
64. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə ərizənin dəlilləri ilə eynilik təşkil edir.
65. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
66. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
67. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.