Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-126/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “AVRASİA 755” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi” barədə ərizəsi üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil İzafət oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “AVRASİA 755” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı "bank zəmanətindən istifadənin qadağan edilməsi" barədə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:
1. İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə Dövlət Vergi Xidməti) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2026-cı il tarixli, ************** saylı qərarın qanunsuz hesab edilərək, ləğv olunmasını və həmin qərar əsasında hesablanmış 160639.19 manat məbləğində hesablanmış borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil İzafət oğlu ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir.
3. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi ilə əvəz edilmişdir.
4. İddiaçı “AVRASİA 755” MMC həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşlarına iş üzrə qanuni qüvvəyə minmiş məlikəmə qərarı qəbul edilənədək ərizəçi “xxxx” MMC-nin fəaliyyət göstərdiyi obyektlərə gələrək əmlakın siyahıya alınması, məcburi icra tədbirlərinin həyata keçirilməsi və təsərrüfat fəaliyyətinə hər hansı digər formada maneələrin yaradılmasının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra “AVRASİA 755” MMC (nümayəndəsi və vəkilii Vəkil İzafət oğlu vasitəsilə) ##.##.2026-cı il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən ərizənin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İdxal-İxrac Əməliyyatları Üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ************** №-li, ##.##.2026-cı il tarixli qərarın icrasının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, ************** saylı qərarla maliyyə sanksiyası hesablanmışdır. Daha sonra ##.##.2026-cı il tarixli, *********** nömrəli bildiriş göndərilərək ərizəçiyə 160639.19 manat məbləğində vergi borcu hesablanmışdır. MMC tərəfindən Bakı İnzibatiMəhkəməsinə “qərarın ləğv edilməsi və vergi borcunun silinməsi tələbinə dair" iddia ərizəsi ilə müraciət edilmişdir. Həmin iddiaya dair iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatındadır. *-*(*-*)-****/**** saylı iş üzrə iddiaçı “xxxx” MMC tərəfindən İdxalİxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı ##.##.2026-cı il tarixli, ************** saylı qərarın qanunsuz hesab edilib ləğv olunması və həmin qərar əsasında hesablanmış 160639.19 manat məbləğində vergi borcunun silinməsi məhkəmədən xahiş edilmişdir. Mübahisələndirilən qərara əsasən ərizəçiyə 160639.19 manat məbləğində vergi borcu hesablanmışdır. Həmin qərarın icrası nəticəsində ərizəçinin bank hesablarına, əmlakına və digər maliyyə vasitələrinə məcburi icra tədbirləri tətbiq oluna bilər. Bu hal ərizəçinin təsərrüfat fəaliyyətini ciddi şəkildə məhdudlaşdıracaq, əməkdaşlarla hesablaşmaların dayandırılmasına, əmək haqlarının ödənilməməsinə, vergi və digər öhdəliklərin yerinə yetirilməməsinə səbəb olacaqdır. Nəticədə ərizəçiyə zərər dəyə bilər. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, ************** saylı qərarın əsaslılığı ciddi şübhə altındadır. Ərizəçi tərəfindən vergi orqanına dəfələrlə əsaslandırılmış izahatlar və sənədlər təqdim edilmiş, lakin həmin sənədlər vergi orqanı tərəfindən nəzərə alınmamış və əlavə araşdırma aparılmadan maliyyə sanksiyaları hesablanmışdır. Belə ki Ərizəçi tərəfindən ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərində vergi orqanına ətraflı izahat məktubları göndərilmiş, idxal edilmiş malların gömrük invoys dəyərləri, gömrük yığımları, idxal rüsumları və ƏDV məbləğləri ayrı-ayrılıqda göstərilmişdir; Vergi orqanı tərəfindən qaimə-faktura əsasında əldə edilmiş xidmət məbləğləri mal alışı kimi qəbul edilmiş və hesablamalarda səhv yol verilmişdir: YGB məlumatlarına əsasən göstərilən mal-material dəyəri real idxal dəyərindən fərqlidir və bu fərq izahat məktublarında ətraflı açıqlanmışdır; Operativ vergi nəzarət tədbirləri zamanı müəyyən edilmiş mal qalığı məbləği nəzərə alınmadan tərəfimizə sənədsiz mal kimi cərimə hesablanmışdır. Mübahisələndirilən qərarın icraya yönəldilməsi halında ərizəçinin bank hesablarından pul vəsaitlərinin tutulması və ya hesablarının dondurulması yolu ilə təsərrüfat fəaliyyətinə ciddi zərər vurulacaqdır. Ərizəçi fəaliyyət göstərən ticarət müəssisəsi olaraq gündəlik öhdəliklərini yerinə yetirmək üçün cari maliyyə dövriyyəsinə ehtiyac duyur. Bank hesablarının dondurulması və ya pul vəsaitlərinin məcburi tutulması ərizəçini iflasa yüklənə biləcək vəziyyətə gətirə bilər. Bundan əlavə, işin məhkəmədə baxılmasına baxmayaraq, cavabdeh vergi orqanının əməkdaşları ərizəçinin fəaliyyət göstərdiyi obyektə gələrək əmlakın siyahıya alınması və digər məcburi icra tədbirlərini həyata keçirməyə cəhd edirlər. Vergi orqanı əməkdaşları tərəfindən ərizəçinin təsərrüfat fəaliyyətinə müxtəlif maneələr yaradılır ki, bu da sahibkarlıq fəaliyyətinin normal qaydada həyata keçirilməsini qeyri-mümkün edir. Belə hərəkətlər iddiaçının gündəlik ticarət əməliyyatlarını pozmaqla yanaşı, işçi heyətin normal fəaliyyətinə, müştərilərlə münasibətlərə və ümumi işgüzar nüfuza ciddi zərər vurur. Qeyd edilməlidir ki, mübahisələndirilən inzibati aktın qanuniliyi məhkəmə tərəfindən araşdırıldığı bir vaxtda cavabdeh vergi orqanının həmin akta əsasən icra tədbirləri görməsi və onun fəaliyyətinə maneələr yaratması ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxarır. Məhz bu səbəbdən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi zərurəti daha da artmışdır.
7. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### ****-cı nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir.
8. İddiaçı “AVRASİA 755” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN, APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sahibkarlıq dövlət üçün strateji əhəmiyyət kəsb edir, çünki məhz sahibkarlıq fəaliyyəti büdcəyə ardıcıl vergi daxilolmalarını təmin edir. Əgər “AVRASİA 755” MMC məhkəmə prosesi dövründə fəaliyyətini həyata keçirə bilməsə, bu yalnız 115.745,70 manatlıq sanksiyanın icrasını təmin etmiş olar, lakin paralel olaraq həmin müəssisədən gələcəkdə alınmalı olan ƏDV, mənfəət vergisi, sosial sığorta haqları və işçilərin gəlir vergisi büdcəyə ödənilməyəcək. Yəni qısamüddətli icra zamanı uzunmüddətli vergi gəlirləri itirilir. Bu, ictimai marağın əslində müvəqqəti müdafiə tədbirinin tətbiq edilməsi ilə qorunduğunu göstərir. Qeyd edirik ki, bank hesablarının dondurulması iddiaçının kontragentlər (mal təchizatçıları, gömrük rüsumları, icarə haqları, xidmət təminatçıları) qarşısında ödəniş öhdəliklərini yerinə yetirməsini qeyrimümkün edir. Bu mövcud müqavilələr üzrə cərimə, gecikmə faizi və üçüncü şəxslərin qarşılıqlı iddialarına səbəb olur. Yəni iddiaçı yalnız vergi orqanı ilə deyil, eyni zamanda kontragentləri ilə də ardıcıl məhkəmə mübahisələrinə cəlb edilir. Mülkiyyət toxunulmazlığına bu cür kaskad zərər vuran inzibati aktın icrası, məhkəmə araşdırması bitənədək, müvəqqəti müdafiə tədbiri vasitəsilə dayandırılmalıdır. İddiaçı “AVRASİA 755” MMC 2018-ci ildən vergoi rqanında qeydiyyatdadır və bu müddət ərzində, yəni təxminən 7 il ərzində vergi orqanları tərəfindən dəfələrlə ümumi vergi nəzarəti, kameral yoxlamalar və operativ yoxlama tədbirləri keçirilmişdir. Bu yoxlamaların heç birində iddiaçının mal qalığı, marja siyasəti, satış metodologiyası və ya elektron qaimə-faktura təcrübəsi ilə bağlı pozuntu aşkar edilməmiş, rəsmi yazılı xəbərdarlıq verilməmişdir. Yəni vergi orqanı 7 il ərzində iddiaçının fəaliyyət modelini qanuni hesab etmişdir. Hazırda cavabdehin eyni faktiki vəziyyətdən “topdansatış” qənaətinə gələrək 115.745,70 manat sanksiya tətbiq etməsi etimad prinsipinin pozuntusudur. Hətta əgər cavabdehin yeni hüquqi şərhi düzgün olsa belə, iddiaçının əvvəlki vergi orqanı davranışına etimad edərək formalaşdırdığı fəaliyyət modelinin sanksiyaya məruz qalması yolverilməzdir. İddiaçı məhkəmə qərarı qanuni qüvvəyə minənədək bank hesabları dondurulmuş, idxal əməliyyatları məhdudlaşdırılmış, fəaliyyəti iflic edilmiş halda qalmaq məcburiyyətindədir. Bu hala düşmüş iddiaçı üçün məhkəmə baxışının nəticəsi nə qədər müsbət olsa belə, ona qədərki iqtisadi və kommersiya itkiləri bərpa edilə bilməz. Birinci instansiya məhkəməsi bu konstitusional dəyəri formal şəkildə şərh etməklə kifayətlənmiş, ona real praktik tətbiq verməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ##.##.2025 və ##.##.2026 tarixli izahatlarında təqdim edilən alternativ hesablamalara (real ticarət əlavəsi 5% səviyyəsində, idxal sənədləri, mal qalığı hesabatları) heç bir qiymət verməmiş, cavabdehdən rəsmi yazılı xəbərdarlığın göndərildiyini sübut edən sənəd tələb etməmiş, riskli vergi ödəyicisi statusunun yaratdığı yan nəticələri (gömrük məhdudiyyətləri, bank dondurması, kontragent öhdəlikləri) araşdırmamışdır. Birinci instansiya məhkəməsi cavabdehdən: (a) ##.##.2025-ci il tarixli operativ vergi nəzarətindən əvvəl rəsmi yazılı xəbərdarlığın göndərilməsini sübut edən sənəd; (b) sanksiya bazasının (1.157.457 manat) VM 58.16-ya uyğun hesablandığını sübut edən metodologiya; (c) “topdansatış” qənaətinin VM 13.2.63-ə uyğun alıcının statusu üzərində qurulduğunu sübut edən konkret kontragent identifikasiyası tələb etməmişdir. Əvəzində məhkəmə cavabdehin etirazındakı dolayı meyarları (anbar, NKA, işçi qeydiyyatı) birbaşa sübut kimi qəbul etmişdir. Əgər cavabdeh ilkin yoxlama mərhələsində belə öz qərarının qanuniliyinin əsas elementlərini sübut edə bilmirsə, bu, iddianın böyük ehtimalla uğurlu olmasının ən güclü göstəricisidir. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər.” Bu normaya əsasən müvəqqəti müdafiə tədbiri üçün məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olmasını yoxlamalıdır; məhkəmə isə iddiaçının irəli sürdüyü konkret dəlilləri, o cümlədən izahat məktublarını, hesablamadakı iddia edilən uyğunsuzluqları və sahibkarlıq fəaliyyətinə təhdidi fərdiləşdirilmiş qaydada qiymətləndirmədən ümumi nəticə ilə kifayətlənmiş, nəticə etibarilə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəni təmin etməmişdir. Hətta iddianın uğurluluq ehtimalı aydın olmasa belə, məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirməlidir; qərardadda “ictimai marağın üstünlüyü” barədə nəticə göstərilsə də, həmin üstünlüyün hansı konkret hallara, hansı iqtisadi və ya hüquqi risklərə əsaslandığı izah olunmamışdır. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli bildirişlə iddiaçıya 160639,19 manat borc hesablandığını, həmin borcun tərkibini və bunun ardınca hesabların dondurulması riskini nəzərə almaqla iddiaçının cari təsərrüfat fəaliyyətinə nə dərəcədə təsir yarana biləcəyini konkret araşdırmamışdır. Belə ki, Məhkəmə ərizəçinin təqdim etdiyini bildirdiyi ##.##.2025 və ##.##.2026 tarixli izahat məktublarının, invoys dəyərlərinə dair açıqlamaların, xidmət məbləğlərinin səhvən mal kimi nəzərə alınması və mal qalığının hesablama zamanı nəzərə alınmaması barədə dəlillərin iddianın böyük ehtimalla uğurluluğuna hansı təsiri göstərə biləcəyini müəyyən etməmişdir. Həmçinin məhkəmə iddiaçının sahibkarlıq subyekti kimi gündəlik maliyyə dövriyyəsinə ehtiyacını, əməkhaqqı və digər öhdəliklərin yerinə yetirilməsi imkanına təsiri, habelə dondurma sərəncamının faktiki nəticələrini işin konkret halları əsasında aydınlaşdırmamışdır.Tətbiq edilmiş sanksiyalar və həmin sanksiyaların doğurduğu hüquqi və faktiki məhdudiyyətlər nəticəsində iddiaçının sərbəst dövriyyədə iştirak etmək, normal sahibkarlıq fəaliyyətini davam etdirmək, mülkihüquqi və iqtisadi əməliyyatlarını həyata keçirmək imkanları əhəmiyyətli dərəcədə məhdudlaşmışdır. Bu hal onun mövcud müqavilələr üzrə üçüncü şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməsini qeyri-mümkün etmiş, nəticə etibarilə hüquqi şəxsin maliyyə sabitliyinin pozulmasına, təsərrüfat fəaliyyətinin iflic vəziyyətinə düşməsinə və yekunda müflisləşmə təhlükəsinin yaranmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi qərardadında müəyyən edilmiş faktlardan və əldə olan iş materiallarından səhv nəticələrə gəlmişdir.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Bu qərardaddan iddiaçı (ərizəçi) tərəfindən təqdim edilmiş apellyasiya şikayətini aşağıdakı səbəblərdən əsassız hesab edirik: Məlumat üçün bildiririk ki, iddiaçının mübahisələndirdiyi qərar vergi ödəyicisində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq qəbul edilmiş və maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan məsuliyyətə cəlbetmə qərarıdır. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd edilən norma birmənalı olaraq ticarətin topdan olaraq həyata keçirildiyi təsərrüfat subyektlərindən, eyni zamanda bu xarakterli digər obyektlərdən pərakəndə təqdimetməni qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il # ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndində qeyd olunur ki, “topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.” Vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq olunmasına səbəb məhz elektron qaimə-faktura təqdim etməli olduğu halda malların eqaiməsiz satılması faktı olmuşdur. Belə ki, iddiaçı vergi ödəyicisinin təsərrüfat subyekti anbar olmuşdur. Təsərrüfat subyekti barədə vergi orqanına ünvanlanan ərizə formasında “pərakəndə satış mağazası” ifadəsinin keçməsinə baxmayaraq, obyektin icarə müqaviləsinin 1.1-ci bəndində “İcarəyəverən ... ümumi sahəsi 245 kv.metr qeyri yaşayış sahələri “ANBAR” kimi ... icarəyə verir.” qeyd edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndində isə “Qarışıq yaşayış sahələri “qarışıq malların” saxlanılması “ANBARI” kimi istifadə ediləcəkdir.” qeyd edilmişdir. Eyni zamanda, operativ vergi nəzarəti zamanı obyektin çəkilmiş fotoşəkillərindən də aydın olur ki, sözügedən obyekt anbar tiplidir və pərakəndə satış üçün yararsızdır. Məlumat üçün bildiririk ki, vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi də dolayı yolla yol verdikləri qanun pozuntusunu etiraf etmişdir. Belə ki, yuxarı vergi orqanına inzibati qaydada edilən şikayətə baxılan zaman vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi təqdim etdiyi izahatında bildirmişdir ki, “Sədərək bazarında mal alanlar elektron qaimə-faktura ilə satılmasından imtina edir, bu səbəbdən də mallar elektron qaimə-faktura tərtib edilmədən satılır.” Ərizəçi apellyasiya şikayətində qeyd edir ki, “...şikayət verildiyi halda vergi orqanı borcun dövlət büdcəsinə alınması barədə sərəncam verə bilməz, lakin 105 faiz həcmində vəsaitin məxaric əməliyyatları üzrə dondurulması mümkündür; buna baxmayaraq, məhkəmə dondurmanın təsərrüfat fəaliyyətinə real və dərhal təsirini əhəmiyyətsiz sayaraq normanı faktiki nəticələri nəzərə alınmadan tətbiq etmişdir.” Qeyd edilən fikrə münasibətdə bildiririk ki, məhkəmənin bu mövqeyi tərəflərin maraq və mənafelərinin tarazlığının təmin edilməsi baxımından tamamilə ədalətli olmuşdur. Ərizəçi həmçinin qeyd edir ki, “Cavabdeh “topdansatış” qənaətinə obyektin “anbar” kimi adlandırılması, nka çek statistikası, işçi qeydiyyatının olmaması kimi dolayı meyarlarla gəlmişdir.” İddiaçı yuxarıda qeyd edilən fikri bildirərək, yəni “dolayı” adlandıraraq məsələni sadələşdirməyə çalışsa da, VM-nin timsalında qanunvericilik normasını gözardı etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, həm Vergi Məcəlləsində, həm də NK qərarında anbardan pərakəndə satış birbaşa qadağan edilmişdir. Apellyasiya şikayətində iddiaçı qeyd edir ki, “İddiaçı 2018-ci ildən vergi orqanı tərəfindən dəfələrlə yoxlanılmış, lakin bu müddət ərzində elektron qaimə-faktura təcrübəsi və marja siyasəti ilə bağlı heç bir pozuntu qeyd edilməmiş, yazılı xəbərdarlıq verilməmişdir.” Qeyd etməliyik ki, vergi ödəyicisində operativ vergi nəzarəti ilk dəfə məhz ##.##.2025-ci il tarixində həyata keçirilmişdir. Daha əvvəllər bu istiqamətdə heç bir yoxlama aparılmamışdır. Həmçinin, daha əvvəllər hansısa yoxlama zamanı pozuntunun mövcud olmaması və ya aşkar edilməməsi gələcəkdə eyni istiqamət üzrə yoxlamanın aparılmasını və məsuliyyət tədbirlərinin həyata keçirilməsini qadağan etmir. Faktiki qanun pozuntusuna yol verildiyi halda, ərizəçinin apellyasiya şikayətində “...müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi cavabdeh və dövlət üçün heç bir bərpa olunmaz zərər yaratmır” ifadəsi isə qəbuledilməzdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, Məcəllənin 65.2.1.1 və 65.2.1.4cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya elektron pul və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Bildiririk ki, dondurma sərəncamının qoyulması vəsaitin hesabdan silinməsi ilə nəticələnmədiyindən iddiaçı üçün itki yaratmamaqdadır. Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə uyğun olaraq, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Bu maddəyə əsasən, qeyd edirik ki, işlə bağlı məhkəmə mübahisəsi olduğu təqdirdə, borcun dövlət büdcəsinə alınması həyata keçirilmir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil İzafət oğlu apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
14. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.2. İPM-in 41 və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” 6.9. Apellyasiya instansiyası məhkəməsi İPM-in 16.3 və 81.3-cü maddələrinin müddəalarına əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı qərardadlardan verilən şikayətlərə işin hallarını nəzərə almaqla öz mülahizəsinə əsasən yazılı icraat qaydasında və ya şifahi məhkəmə baxışı keçirməklə baxa bilər. Hər iki halda da tərəflər proses barədə lazımi qaydada məlumatlandırılmalı və dinlənilmə hüququ təmin edilməlidir. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur:
1. İnzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri)
2. İddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi)
17. Hazırda iddiaçının tələbi “İdxal-İxrac Əməliyyatları Üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ************** №-li, ##.##.2026-cı il tarixli qərarın icrasının dayandırılması” barədədir. Növünə görə inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirlərinin tətbiqinə (İPM-in 41 və 42-ci maddələri) aiddir.
18. İPM-in 41 və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”. Qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində məqsəd iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.
20. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il # ####### tarixli ** nömrəli Qərarında qeyd olunmuşdur ki, “məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. (4.2) Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar (6.10)
21. Qeyd olunmalıdır ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı İPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması.
22. İşin faktiki hallarına görə, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “AVRASİA 755” MMC barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” “##.##.2026-cı il tarixli, ************** saylı qərarından müəyyən edilir ki, “AVRASİA 755” MMC (Ünvanı: AZ1007, Bakı şəhəri Nərimanov rayonu, Azadlıq pr., ev.151, m. 28, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 115745.70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və ##.##.2026-cı il tarixədək 115745.70 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
23. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən “AVRASİA 755” MMCyə ünvanlanmış “Vergi borcunun ödənilməsinə dair” *********** saylı bildirişin surətindən müəyyən olunur ki, “AVRASİA 755” MMC-nin (VÖEN: **********) ##.##.2026-cı il tarixinə dövlət büdcəsinə ümumilikdə 160,639.19 manat, vergilər üzrə 43337,72 manat, maliyyə sanksiyaları üzrə 115745,70 manat, faizlər üzrə 1555,77 manat və məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu yaranmışdır.
24. İddiaçı hazırda İdxal-İxrac Əməliyyatları Üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ************** №-li, ##.##.2026-cı il tarixli qərarın icrasının dayandırılmasını tələb edir.
25. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün ilkin təcili tənzimləmənin zəruriliyini onunla əsaslandırır ki, Mübahisələndirilən qərara əsasən ərizəçiyə 160639.19 manat məbləğində vergi borcu hesablanmışdır. Həmin qərarın icrası nəticəsində ərizəçinin bank hesablarına, əmlakına və digər maliyyə vasitələrinə məcburi icra tədbirləri tətbiq oluna bilər. Bu hal ərizəçinin təsərrüfat fəaliyyətini ciddi şəkildə məhdudlaşdıracaq, əməkdaşlarla hesablaşmaların dayandırılmasına, əmək haqlarının ödənilməməsinə, vergi və digər öhdəliklərin yerinə yetirilməməsinə səbəb olacaqdır.
26. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması İkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxılarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
27. Plenumun qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq təcililik şərti ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinad edilməklə əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə ərizəçinin hüquqi statusuna və ya faktiki vəziyyətinə müdaxilənin ağırlığı, belə müdaxilənin yarada biləcəyi real nəticələr, həmin nəticələrin ərizəçiyə təsiri və digər halların qiymətləndirilməsi yolu ilə müəyyən edilməlidir. Bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin görülmədiyi halda ərizəçinin hüquqlarının qorunmasının mümkünsüzləşməsi və ya əhəmiyyətli dərəcədə çətinləşməsi ehtimalı yüksək olmalıdır.
28. Hazırkı iş üzrə ərizəçi tərəfindən təcililiyin mövcudluğunu təsdiq edən kifayət qədər ilkin sübutlar təqdim edilməmişdir. Ərizəçi tərəfindən qeyd edilmiş dəlillər onun bildirdiyi halların real və qaçılmaz nəticələr doğuracağını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz.
29. Bundan əlavə, ərizəçi tərəfindən MMC-nin sahibkarlıq fəaliyyətində çətinliklərin yaranacağına dair irəli sürülmüş dəlillər ümumi xarakter daşıyır və həmin çətinliklərin konkret nədən ibarət olacağı, hansı real hüquqi və ya faktiki nəticələrə gətirib çıxaracağı ilkin sübutlarla təsdiq edilməmişdir. Belə olan halda, təcililik şərtinin ödənildiyi qənaətinə gəlmək mümkün deyildir.
30. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair qiymətləndirmə aparılarkən iddia icraatına xas olan formada işin mahiyyəti üzrə tam və hərtərəfli araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan faktiki və hüquqi vəziyyət ilkin araşdırmanın nəticələri əsasında qiymətləndirilməlidir. Bu zaman işin faktiki halları tərəflərin bildirdiyi hallar, onların təqdim etdiyi ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarında olan digər sənədlər əsasında formalaşır.
31. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız iddianın böyük ehtimalla uğurlu olacağını göstərən ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda iş üzrə yekun nəticəyə gəlmək üçün tələb olunan həcmdə sübutların deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə kifayət edən sübutların təqdim olunması zəruridir. Məhkəmə də məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll edir.
32. Hazırkı iş üzrə isə iddianın böyük ehtimalla uğurlu olub-olmaması cavabdeh inzibati orqanın qəbul etdiyi qərarın “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin tələblərinə uyğunluğunun, habelə inzibati icraat zamanı müvafiq prosessual və maddi hüquq normalarının pozulub-pozulmamasının araşdırılmasından asılıdır. İşin hazırkı mərhələsində təqdim edilmiş materiallar əsasında iddianın aqibəti barədə əvvəlcədən əsaslandırılmış proqnoz vermək mümkün deyildir/
33. Nəzərə alınmalıdır ki, ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik şərti ödənilmədiyi halda ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsinə keçilməsi də tələb olunmur.
34. Beləliklə, birinci instansiyası məhkəməsi tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməməsi barədə gəlinmiş nəticə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun olmuşdur və həmin qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
35. Odur ki, iddaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev