Məhkəmə qərarları › İş №15(3-6)-146/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-146/2026

26.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-146/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətiə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh cavabdeh2 publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon Idarəsinə qarşı qərarın ləğv edilməsi və s. barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, çağırış komissiyasının qərarı qanunsuz və əsassızdır, onun tibbi sənədlərinin yenidən araşdırılması, ekspertizanın edilməsi vacibdir. Sağlamlıq vəziyyətimlə bağlı qanuni və ədalətli qərar qəbul edilməlidir. Iddiaçının dəqiqləşməsi üzrə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə cavabdehlər qismində cavabdeh2 publik hüquqi şəxsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon Idarəsi müəyyən edilmiş, hərbi xidmətə yararsız hesab edilmə ilə bağlı qərarın qəbul edilməsi vəzifəsinin həvalə edilməsi formasında iddia tələbi dəqiqləşdirilmişdir. Ərizəçi eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək onun hərbi xidmətə göndərilməsinin qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, yeni tibbi sənədlər daxil olmuş, X7 aktında ürək-damar sistemi ilə bağlı şikayətlər və tibbi dəyişikliklər qeydə alınmışdır. Iş yekunlaşmadan hərbi xidmətə göndərilməsi sağlamlığına ziddi zərər vurmaqla yanaşı, gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirə və ya mümkünüz edə bilər. Sonradan ərizəçi dəqiqləşmə verərək hərbi xidmətə aparılmasının Azərbaycan Respublikası cavabdeh1 qadağan edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim O.X.Həsənov) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə rədd edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş və şikayətdə qeyd etmişdir ki, iş üzrə hallar tam və düzgün araşdırılmayıb, təqdim etdiyi sübutlara lazımi qiymət verilməyib və qəbul olunmuş qərar qanuni və əsaslı deyil. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi izahatında bildirdi ki, onda ürək xəstəliyi var. Bu xəsətəlik onların genetik xəxstəliyidir. Babası bu xəstəlikdən vəfat etmişdir. Atası da hazırda bu xəstəlikdən əziyyət çəkir. Ona hətta bir dəfə həkimlər damar genişlənməsini məsləhət gördülər, lakin yaşı azdır deyə hələki bu əməliyyata cəhd etmir. O, hərbi xidmətdən, Vətənin keşiyində durmaqdan yayınmır. Atası birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Lakin hazırda sağlamlığında olan problemin düzgün qiymətləndirilməsini istəyir. Əgər sağlıq vəziyyət hərbi xidməti istisna etmirsə, onda əlbəttə gedəcək. Hazırda tez-tez ürək döyüntülərinin sürətli olması səbəbi ilə özündəngetmə-huşun itməsi təkrarlanır. Bu evdə, ictimai yerlərdə olur. Ürək döyüntüləri demək olar ki, daim yüksəkdir. Dərmanlarla tənzimlənir. Sonuncu dəfə müayinə olunanda həkimə bildirdi ki, əlləri əsir, özünü pis hiss edir, həkim də dedi ki, dərmanını qəbul edə bilər. Dərmanı qəbul edəndən sonra da ürək döyüntüsü nisbi normaya düşdü və həkim sırf həmin göstəricini əsas götürüldü. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin mövqelərini və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qanunvericiliyin tələblərini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əhəmiyyət kəsb edən halları tam və düzgün hüquqi qiymətləndirməmiş, xüsusilə ziddiyyətli maraqların balanslaşdırılması zamanı konkret işin fərdi xüsusiyyətlərindən deyil, ümumi və abstrakt mülahizələrdən çıxış etmişdir. Buna görə də ərizəçinin apellyasiya şikayəti əsaslı hesab edilməli, mübahisələndirilən qərardad ləğv olunmaqla müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsi maraqlı şəxsə inzibati aktın icrasının dayandırılması ilə yanaşı, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş digər təminat tədbirlərinin görülməsini də tələb etmək hüququ verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, bu məqsədlə məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etməkdən çəkinmək vəzifəsi qoya bilər. Həmin Məcəllənin 43.1-ci maddəsi isə müvəqqəti xarakterli müdafiənin tətbiqini, bir tərəfdən, mövcud vəziyyət dəyişdiyi halda ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi üçün ilkin təcili tənzimləmənin zəruriliyi, digər tərəfdən isə ilkin məhkəmə araşdırması zamanı maddi hüquqi tələbin mövcud olması ehtimalı ilə əlaqələndirir. Iddianın uğurluluq ehtimalının hazırkı mərhələdə aydınlaşdırılması mümkün olmadıqda isə məsələnin həlli ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsini tələb edir. Bu yanaşma həm Inzibati Prosessual Məcəllənin 41.2 və 43-cü maddələrinin mahiyyətindən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarında ifadə edilmiş hüquqi mövqedən irəli gəlir. Plenum xüsusi olaraq vurğulamışdır ki, təcililik müəyyən edildiyi, lakin iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadığı halda, tərəflərin və ictimaiyyətin ziddiyyətli maraqları konkret işin hallarına münasibətdə mütənasib şəkildə qiymətləndirilməlidir. Hazırkı mübahisədə məhz belə vəziyyət mövcuddur. Şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsi tibbi bilik tələb edən məsələdir və əsas iş üzrə mübahisənin düzgün həlli təqdim olunmuş tibbi sənədlərin, zərurət olduqda isə mütəxəssis və ya ekspert rəyinin qiymətləndirilməsindən asılıdır. Birinci instansiya məhkəməsi özü də işin hazırkı mərhələsində ekspert və ya mütəxəssis rəyi alınmadan iddianın böyük ehtimalla uğurlu olacağına dair nəticəyə gəlməyin mümkün olmadığını qəbul etmişdir. Belə olan halda hüquqi baxımdan növbəti mərhələ ziddiyyətli maraqların konkret iş üzrə real və fərdiləşdirilmiş şəkildə müqayisə olunması olmalı idi. Bu məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, **(*-*)-**/**** saylı qərarında ifadə edilmiş hüquqi mövqe hazırkı iş üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarda eyni hüquqi xarakterli hərbi xidmətə yararlılıqla bağlı mübahisə çərçivəsində müvəqqəti müdafiə tədbirinin tətbiqi məsələsi təhlil edilmiş və göstərilmişdir ki, bir tərəfdən Konstitusiyanın 76-cı maddəsindən irəli gələn vətənin müdafiəsi və hərbi xidmət vəzifəsi, digər tərəfdən isə Konstitusiyanın 41-ci maddəsi ilə təmin olunan sağlamlığın qorunması hüququ mövcuddur. Bu iki konstitusion dəyər arasında tarazlıq formal şəkildə deyil, konkret şəxsin sağlamlıq vəziyyəti, təqdim edilən tibbi sənədlər, mümkün risklər və mübahisənin xüsusiyyətləri əsasında müəyyənləşdirilməlidir. Ali Məhkəmə həmin qərarda hərbi xidmətə yararlılıqla bağlı mübahisələrin digər inzibati mübahisələrdən fərqli xüsusiyyətini də müəyyən etmişdir. Şəxsin hərbi xidmətə göndərilməsi sadəcə onun hüquqi statusunun dəyişdirilməsi ilə nəticələnmir; o, hərbi hazırlıq və xidmət şəraitinə daxil olur və bu şərait sağlamlıq vəziyyətinə bilavasitə təsir göstərə bilər. Əgər sonradan şəxsin əslində hərbi xidmətə yararsız olduğu müəyyən edilərsə, xidmət müddətində sağlamlığına dəymiş zərərin tam aradan qaldırılması həmişə mümkün olmaya bilər. Buna görə Ali Məhkəmə sağlamlıq vəziyyətinin qiymətləndirilməsi tələb edilən bu kateqoriya işlərdə ilkin təcili tənzimləmə elementinin, bir qayda olaraq, mövcud olduğu qənaətinə gəlmişdir. Bu hüquqi mövqenin hazırkı işə tətbiqi ərizəçinin xeyrinə daha əsaslı nəticəyə gəlməyə imkan verir. Belə ki, Ərizəçi sağlamlıq vəziyyəti ilə bağlı mübahisə sırf onun subyektiv iddiasına əsaslanmır. Iş materiallarında əks olunan tibbi məlumatlar sağlamlıq vəziyyətinin hərbi xidmətə yararlılıq baxımından əlavə və obyektiv araşdırılmasını tələb edən real tibbi əsasların mövcud olduğunu göstərir. Mərkəzi Hərbi Həkim Komissiyası ərizəçi barəsində I09 XBT kodu - “Ürəyin digər revmatik xəstəlikləri” diaqnozunu əsas diaqnoz kimi qəbul etmiş və Xəstəliklər Cədvəlinin 39-cu maddəsi üzrə ona “B”sıradankənar hərbi xidmətə yararlılıq kateqoriyası vermiş, G90.9 kodlu vegetativ sinir sisteminin dəqiqləşdirilməmiş pozğunluğu üzrə isə “A” kateqoriyası müəyyən etmişdir. Daha sonra X5 Komissiyası həmin yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə təsdiqlənmədiyi barədə qərar qəbul etmişdir. Məhz bu fərqli tibbi qiymətləndirmələr əsas mübahisənin predmetini təşkil edir və hazırkı mərhələdə hansı qiymətləndirmənin tibbi baxımdan düzgün olduğunu qabaqcadan müəyyən etmək müvəqqəti müdafiə icraatının vəzifəsi deyildir. Bundan əlavə, iş materiallarına daxil edilmiş tibbi müayinələrdə ürək-damar sistemi ilə əlaqədar obyektiv göstəricilər qeydə alınmışdır. Müxtəlif vaxtlarda aparılmış EKQ müayinələrində sinus taxikardiyası və ürək yığılmalarının dəqiqədə 100, 104, 107 və 114 olması, Holter müayinəsində sinus aritmiyası qeyd edilmişdir. X7 ## #### 2026-cı il tarixli sağlamlıq vəziyyətinin müayinə aktında da ürəkdöyünmə və arterial təzyiqin yüksəlməsi ilə bağlı şikayətlər qeydə alınmış, obyektiv müayinə zamanı arterial təzyiq 140/90 mm civə sütunu, nəbz isə dəqiqədə 114 göstərilmiş, EKQ-də sinus taxikardiyası müəyyən edilmiş və ürəyin revmatik xəstəliyi ilə əlaqədar diaqnozun dəqiqləşdirilməsi məsələsi qaldırılmışdır. Bu məlumatlar özlüyündə ərizəçinin hərbi xidmətə yararsız olduğunu qəti şəkildə təsdiqləmir. Lakin müvəqqəti müdafiə məsələsinin həlli üçün belə qəti sübut da tələb edilmir. Əksinə, həmin məlumatlar sağlamlıqla əlaqədar mübahisənin real olduğunu, onun xüsusi tibbi bilik əsasında əlavə araşdırmaya ehtiyac doğurduğunu və həmin araşdırma yekunlaşanadək şəxsin hərbi xidmət şəraitinə daxil edilməsinin risk yarada biləcəyini göstərir. Birinci instansiya məhkəməsi isə ziddiyyətli maraqları qiymətləndirərkən bu fərdi halları lazımi səviyyədə nəzərə almamışdır. Qərardadın əsaslandırılmasına görə hərbi xidmət dövlət və ictimai marağa xidmət etdiyindən, hazırkı növ mübahisələrdə dövlət və ictimai marağın fərdi maraqdan üstünlüyü “aşkar görünür”, belə ərizələrin təmin olunması məhkəmə təcrübəsi baxımından dövlət və ictimai marağa təhlükə yarada bilər və müvəqqəti müdafiənin tətbiqi fərdi marağın üstün tutulması kimi qiymətləndirilməlidir. Bu yanaşma ziddiyyətli maraqların balanslaşdırılmasının mahiyyətinə uyğun sayıla bilməz. Ictimai marağın mövcudluğu şübhəsizdir və Silahlı Qüvvələrin qanunvericiliyə uyğun komplektləşdirilməsi mühüm dövlət funksiyasıdır. Lakin ictimai marağın mövcudluğu özlüyündə konkret şəxsin sağlamlığının qorunması ilə bağlı marağını avtomatik şəkildə arxa plana keçirmir. Əks yanaşma qəbul edildiyi halda hərbi xidmətə çağırışla bağlı istənilən mübahisədə dövlət marağı əvvəlcədən üstün hesab edilmiş olar və qanunvericinin məhz belə hallarda nəzərdə tutduğu müvəqqəti xarakterli müdafiə institutu faktiki olaraq tətbiq imkanını itirərdi. Ziddiyyətli maraqların qiymətləndirilməsi “bu növ işlərdə dövlət marağı üstün olmalıdır” formasında kateqorik nəticə ilə deyil, konkret ərizəçinin vəziyyətində müdafiə tədbirinin görülməsi və görülməməsinin doğuracağı nəticələrin müqayisəsi ilə aparılmalıdır. Müvəqqəti xarakterli müdafiə tədbiri fərdi məhkəmə müdafiəsi vasitəsidir və onun tətbiqi üçün əsasların olub-olmaması başqa şəxslərin gələcəkdə hansı davranış nümayiş etdirə biləcəyi barədə ehtimallar əsasında deyil, konkret ərizəçinin hüquqi və faktiki vəziyyətinə görə müəyyən edilməlidir. Ali Məhkəmənin analoji iş üzrə mövqeyinə əsasən də maraqlar balansı abstrakt deyil, məhz təqdim edilmiş tibbi sənədlər və konkret şəxsin sağlamlıq vəziyyəti əsasında qurulmalıdır. Hazırkı halda müqayisə edilməli nəticələr mahiyyət etibarilə fərqlidir. Müvəqqəti müdafiə tədbiri tətbiq edilmədiyi halda ərizəçinin əsas iş yekunlaşmamış hərbi xidmətə göndərilməsi mümkündür. Sonradan onun sağlamlıq vəziyyətinin hərbi xidmətə imkan vermədiyi müəyyən edilərsə, artıq keçmiş xidmət müddətinin və həmin müddətdə sağlamlığa mümkün təsirin geri qaytarılması mümkün olmayacaqdır. Müvəqqəti müdafiə tədbiri tətbiq edildiyi halda isə dövlət üçün yaranan nəticə yalnız şəxsin hərbi xidmətə çağırılmasının əsas iş üzrə məhkəmə araşdırması başa çatanadək müvəqqəti təxirə salınmasından ibarətdir. Bu müdaxilə nə şəxsi hərbi xidmətdən azad edir, nə də gələcəkdə onun hərbi xidmətə cəlb olunması imkanını aradan qaldırır. Bu nəticə ərizəçinin yaşı nəzərə alındıqda xüsusilə aydın görünür. Ərizəçi ## #### 2003-cü ildə anadan olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən, müvafiq şəxslər 30 yaşına çatanadək növbəti çağırışlarda hərbi xidmətə çağırıla bilərlər. Deməli, ərizəçinin çağırış yaşının son həddinə çatmasına hələ əhəmiyyətli müddət vardır. Məhkəmə araşdırması nəticəsində onun hərbi xidmətə yararlı olduğu təsdiqlənərsə, müvəqqəti müdafiə tədbirinin qüvvədən düşməsindən sonra onun hərbi xidmətə çağırılması hüquqi və faktiki baxımdan mümkün olaraq qalır. Məhz həmin hal Ali Məhkəmənin yuxarıda istinad edilən **(*-*)-**/**** nömrəli qərarında maraqlar balansının müəyyən edilməsində mühüm meyar kimi göstərilmişdir. Ali Məhkəmə müəyyən etmişdir ki, çağırış yaşının başa çatmasına xeyli müddət qaldığı hallarda müvəqqəti müdafiə tədbirinin tətbiqi dövlətin Silahlı Qüvvələrin komplektləşdirilməsi ilə bağlı legitim maraqlarına qeyri-mütənasib müdaxilə sayıla bilməz. Belə müdafiə yalnız mübahisənin mahiyyəti həll edilənədək mövcud vəziyyəti qoruyur; şəxs yararlı hesab ediləcəyi halda onun sonradan çağırılması imkanını saxlayır və bununla həm vətəndaşın sağlamlığının qorunması, həm də dövlətin legitim marağı arasında ədalətli tarazlıq yaradır. Bu hüquqi yanaşma faktiki hallarına görə hazırkı işə birbaşa tətbiq oluna bilən xarakter daşıyır. Bununla yanaşı, dövlət marağının yalnız şəxsin mümkün qədər tez hərbi xidmətə göndərilməsi ilə eyniləşdirilməsi də düzgün olmazdı. Dövlətin legitim marağı Silahlı Qüvvələrin təkcə say etibarilə deyil, sağlamlıq vəziyyəti hərbi xidmətin tələblərinə cavab verən şəxslərlə komplektləşdirilməsini ehtiva edir. Belə ki, hərbi xidmət konstitusion vəzifə olmaqla yanaşı, yalnız şəxsin sağlamlıq vəziyyəti həmin vəzifənin icrasına imkan verdiyi halda həyata keçirilə bilər və sağlamlıq vəziyyətinin düzgün müəyyən edilməsi həm dövlətin, həm də vətəndaşın maraqlarına xidmət edir. Buna görə də tibbi mübahisənin qısa müddətdə və obyektiv həlli dövlət marağına zidd deyil, əksinə həmin marağın hüquqa uyğun həyata keçirilməsinin şərtidir. Agentliyin ərizəyə etirazında onun tərəfindən aparılmış yekun tibbi müayinə nəticəsində “heç bir kateqoriya təsdiqlənmir” qərarının verilməsi əsas gətirilmiş və bu səbəbdən müvəqqəti müdafiə tədbirinin tətbiq edilməməsi xahiş olunmuşdur. Lakin həmin qərarın tibbi və hüquqi əsaslılığının özü əsas məhkəmə icraatında mübahisələndirilən məsələlərdən biridir. Buna görə də mübahisə predmeti olan inzibati qiymətləndirmənin mövcudluğu müvəqqəti müdafiədən imtina üçün öz-özlüyündə həlledici əsas kimi qəbul edilə bilməz. Əks halda əsas iddia üzrə məhkəmə nəzarətinin nəticəsi gözlənilmədən inzibati orqanın mübahisələndirilən mövqeyinə faktiki olaraq qabaqcadan üstün hüquqi qüvvə verilmiş olardı. Apellyasiya baxışında ərizəçi də sağlamlıq vəziyyətinin düzgün müəyyən edilməsini istədiyini, hərbi xidmətdən yayınmaq niyyətində olmadığını, sağlamlığının buna imkan verdiyi müəyyən ediləcəyi təqdirdə xidmətə gedəcəyini bildirmiş, eyni zamanda ürəkdöyünməsinin sürətlənməsi, huşunu itirmə hallarının təkrarlanması və gündəlik dərman istifadəsi barədə izahat vermişdir. O, əsas iş üzrə tibbi araşdırmanın hələ yekunlaşmadığını da qeyd etmişdir. Bu izahatlar özlüyündə tibbi diaqnozun sübutu hesab edilə bilməsə də, işdəki obyektiv tibbi məlumatlarla birlikdə qiymətləndirildikdə sağlamlıq riskinin formal və ya uydurma deyil, araşdırılması zəruri olan real məsələ olduğunu təsdiqləyir. Beləliklə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi hazırkı mərhələdə əsas iddianın qabaqcadan təmin edilməsi, ərizəçinin hərbi xidmətə yararsız hesab olunması və ya onun konstitusion vəzifədən azad edilməsi anlamına gəlmir. Tədbirin hüquqi funksiyası yalnız əsas iş üzrə sağlamlıq vəziyyəti obyektiv şəkildə müəyyən edilənədək mövcud vəziyyətin qorunmasından ibarətdir. Mübahisə ərizəçinin əleyhinə həll edilərsə, onun yaşına görə hərbi xidmətə sonradan çağırılması imkanı tam şəkildə qalacaqdır. Əksinə, müvəqqəti tədbir görülmədən onun hərbi xidmətə göndərilməsi və sonradan iddianın əsaslı olduğunun müəyyən edilməsi halında sağlamlığa mümkün zərərin və yaranmış faktiki vəziyyətin tam bərpası mümkün olmaya bilər. Bu iki nəticənin müqayisəsi göstərir ki, hazırkı işdə müvəqqəti müdafiənin tətbiq edilməməsi ərizəçi üçün daha ağır və potensial olaraq geri dönməz nəticələr yarada bildiyi halda, tədbirin tətbiqinin dövlət marağına təsiri müvəqqəti, məhdud və sonradan aradan qalxa bilən xarakter daşıyır. Odur ki, ziddiyyətli maraqların mütənasiblik prinsipi əsasında qiymətləndirilməsi, ərizəçinin sağlamlığının qorunması hüququ, hərbi xidmətə çağırış yaşının son həddinə kifayət qədər müddətin qalması, iş materiallarında sağlamlıq problemi ilə bağlı obyektiv tibbi məlumatların mövcudluğu, əsas mübahisənin həllinin xüsusi tibbi biliyə əsaslanan əlavə araşdırmadan asılı olması birlikdə nəzərə alındıqda, əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılması və hərbi xidmətə göndərilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinin cavabdeh inzibati orqana qadağan edilməsi hüquqi baxımdan zəruri və mütənasib müdafiə vasitəsidir. Bu səbəbdən Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadında gəlinmiş nəticə ilə razılaşmaq mümkün deyildir. Birinci instansiya məhkəməsi ictimai və fərdi maraqlar arasında balansı konkret işin faktiki hallarına əsasən müəyyən etməmiş, sağlamlığa mümkün zərərin xarakterini və müvəqqəti müdafiənin yalnız "status-kvo"nu qoruyan məhdud müddətli tədbir olmasını lazımi qaydada nəzərə almamışdır. Buna görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçinin müddətli həqiqi hərbi xidmətə çağırılması və hərbi xidmətə göndərilməsi ilə bağlı hərəkətlərin həyata keçirilməsinin qadağan olunması barədə müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40-44, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. *-*(*-*)-****/**** saylı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılması və hərbi xidmətə göndərilməsi ilə bağlı hərəkətlərin icra edilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nizami Rayon Idarəsinə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar