Məhkəmə qərarları › İş №15(3-6)-156/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-156/2026

18.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-156/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə qarşı “hərbi xidmətə çağırılması ilə bağlı hərəkətlərin dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclası keçirmədən, yazılı qaydada baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi) “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ərizəçi haqqında qəbul etdiyi yekun qərarın ləğv edilməsi, 3 (üç) il müddətinə “dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı” qərarının qəbul edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi iddia ilə eyni vaxtda müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan yekun məhkəmə qərarı qəbul edilənədək Ərizəçi həqiqi hərbi xidmətə çağırılmasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə qadağan olunması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ##.##.2004-cü il tarixində Neftçala rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında qediyyatda olmaqla yaşayır. SHXÇDX-nin Xətai rayon İdarəsində hərbi qediyyatdadır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində ##.##.2026-cı il tarixdə aparılmış yekun tibbi müayinə nəticələrinə uyğun olaraq, Xətai rayon (şəhər) çağırış komissiyası tərəfindən barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.3-cü maddəsinə əsasən “6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” qərarı verilmiş və sağlamlıq vəziyyətinə görə ##.##.2026-cı il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmişdir. İyun ayında yenidən müayinəyə cəlb edildikdə yenidən Xətai rayon (şəhər) çağırış komissiyası tərəfindən barəsində müddətli həqiqi hərbi xidmətə yararsız hesab edildiyi halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlığı barədə yekun rəy vermişdir. Göz xəstəliyindən, yastıpəncəlikdən, qaraciyər piylənməsindən və artıq çəki xəstəliklərindən əziyyət çəkir. Tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” və “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması Qaydası”nın 2-1.19-cu və 2-1.20-ci bəndləri rəhbər tutularaq apellyasiya şikayəti verilmişdir. Hərbi bileti SHXÇDX-nin Xətai rayon İdarəsi tərəfindən alınmışdır. Sonuncu iyun ayında keçirilən müayinə nəticəsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və SHXÇDX-nin Xətai rayon İdarəsi tərəfindən barəsində qəbul edilən inzibati akt təqdim edilməmiş, hətta my.gov üzərindən sms də göndərilməmişdir. Bu da o deməkdir ki, hər iki inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” qanunun və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun normaları kobud şəkildə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim L.Musayeva) ərizə rədd edilmişdir. Həmin qərardaddan ərizəçi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Forma 44 və digər sənədlərdən aydın olur ki, Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə iddiaçıya əsas diaqnoz kimi XBT H53 – Görmə pozğunluğu qoyulmuş, Xəstəliklər Cədvəlinin 34-cü maddəsinin İ qrafasının “B” bəndi tətbiq edilmiş və “C” kateqoriyası müəyyən edilmişdir. Eyni qərarda əlavə diaqnoz kimi XBT E66 – Piylənmə üzrə 13-cü maddənin İ qrafasının “Ç” bəndi, habelə XBT 145.1 – His dəstəsinin sağ ayaqcığının blokadası üzrə 39-cu maddənin İ qrafasının “Ç” bəndi göstərilmişdir. Bununla yanaşı, iş materiallarında olan Tibbi Qiymətləndirmə Komissiyasının rəyində iddiaçıya H52.2 – mürəkkəb hipermetropik astiqmatizm diaqnozu qoyulmuş, Xəstəliklər Cədvəlinin 33- cü maddəsinin “Ç” bəndi tətbiq edilmiş, sağ gözdə 4,0D və 6,0D, sol gözdə isə 3,0D və 6,0D refraksiya göstəriciləri müəyyən edilmişdir. Forma 44-də göz müayinəsinin nəticələrində sağ gözün görmə itiliyi 0,7, korreksiya ilə 1,0, sol gözün görmə itiliyi isə cəmi 0,09 olduğu müəyyən edilmişdir. Beləliklə, iş materiallarında həm 33-cü maddə üzrə refraksiya pozuntusu və yüksək dərəcəli astiqmatizm, həm də 34-cü maddə üzrə görmə funksiyasının pozulmasına dair tibbi qiymətləndirmələr mövcuddur. Həmçinin, iş materiallarında olan rəsmi tibbi sənədlərdən görünür ki, eyni görmə patologiyası iki müxtəlif səlahiyyətli dövlət orqanı tərəfindən müxtəlif hüquqi əsaslarla qiymətləndirilmişdir. Belə ki, Mərkəzi Hərbi- Həkim Komissiyası iddiaçıya əsas diaqnoz kimi XBT H53 – görmə pozğunluğu təyin edərək Xəstəliklər Cədvəlinin 34-cü maddəsinin İ qrafasının “B” bəndini tətbiq etmiş və “C” kateqoriyası müəyyən etmişdir. Digər tərəfdən, Tibbi Qiymətləndirmə Komissiyası (e-Sosial) isə iddiaçının mürəkkəb hipermetropik astiqmatizmini Xəstəliklər Cədvəlinin 33-cü maddəsinin İ qrafasının “Ç” bəndi üzrə qiymətləndirmişdir. Beləliklə, eyni sağlamlıq vəziyyəti iki müxtəlif dövlət orqanı tərəfindən Xəstəliklər Cədvəlinin müxtəlif maddələri və bəndləri əsasında qiymətləndirilmişdir ki, bu da tibbi-hüquqi qiymətləndirmənin mübahisəli olduğunu açıq şəkildə göstərir. Belə bir ziddiyyətin mövcud olduğu halda iş üzrə məhkəmə-oftalmoloji ekspertizasının təyin edilməsi və işin mahiyyəti üzrə tam araşdırma aparılması zəruri idi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu mühüm ziddiyyətə hüquqi qiymət vermədən iddiaçının hərbi xidmətə göndərilməsinin qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqindən imtina etmişdir. Halbuki, iş materiallarında olan rəsmi tibbi sənədlər və iki səlahiyyətli dövlət orqanının eyni sağlamlıq vəziyyətini Xəstəliklər Cədvəlinin müxtəlif maddələri əsasında qiymətləndirməsi iş üzrə tibbi halların mübahisəli olduğunu və əlavə araşdırmanın, o cümlədən məhkəmə-oftalmoloji ekspertizasının zəruriliyini açıq şəkildə göstərir. Birinci instansiya məhkəməsi iş materiallarında olan mühüm tibbi sübutları nəzərə almamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş Avrasiya Hospitalı və TS Oftalmologiya Mərkəzi tərəfindən verilmiş oftalmoloji müayinə sənədlərindən görünür ki, iddiaçıya sol gözdə anadangəlmə ambliopiya (OS) diaqnozu qoyulmuşdur. Qeyd olunan xəstəlik anadangəlmə xarakteri daşıyır, uzun illərdir mövcuddur və yetkin yaşda görmə funksiyasının tam bərpasını təmin edən effektiv müalicə üsulu mövcud deyildir. Sol gözün görmə itiliyi maksimal korreksiya ilə belə 0,05 səviyyəsində müəyyən edilmiş, sağ gözün görmə itiliyi 0,6-0,7, eynəklə isə 1,0 təşkil etmişdir. Refraktometriya nəticələrində yüksək dərəcəli refraksiya pozuntusu və astiqmatizm qeydə alınmışdır. TS Oftalmologiya Mərkəzinin ##.##.2026-cı il tarixli müayinəsində də sol gözün görmə itiliyinin 0,05, sağ gözün isə korreksiya ilə 1,0 olduğu təsdiq edilmişdir. Mərkəzi Hərbi-Həkim Komissiyasının Forma 44 sənədində sol gözün görmə itiliyinin 0,09, sağ gözün görmə itiliyinin isə 0,7 (korreksiya ilə 1,0) olduğu göstərilmişdir. Bundan əlavə, Avrasiya Hospitalının oftalmoloji rəyində tor qişanın periferik degenerativ dəyişiklikləri qeyd edilmişdir. Bu cür dəyişikliklər oftalmologiyada tor qişa yırtığı riskini artıra bilən hallar kimi qiymətləndirilir. Bu hal intensiv fiziki yüklənmə zamanı tor qişanın yırtılması, görmə qabiliyyətinin daha da pisləşməsi və geridönməz görmə itkisi riskini artırır. Beləliklə, həm rəsmi dövlət orqanları, həm də müxtəlif ixtisaslaşmış tibb müəssisələri tərəfindən müxtəlif tarixlərdə aparılmış müayinələr bir-birini təsdiq edir və hamısı sol gözdə anadangəlmə, davamlı, müalicə ilə tam aradan qaldırılması mümkün olmayan ağır görmə pozğunluğunu, eləcə də tor qişa ilə bağlı ciddi riskin mövcudluğunu təsdiq edir. Bu sənədlər təsadufi və ya birdəfəlik müayinənin nəticəsi deyil, eyni patologiyanın müxtəlif mütəxəssislər tərəfindən ardıcıl təsdiqidir. Belə bir şəraitdə Ərizəçi hərbi xidmətə göndərilməsinin dayandırılmaması gələcəkdə qəbul ediləcək məhkəmə qərarının effektiv icrasını təhlükə altına qoyur, eyni zamanda onun sağlamlığına bərpası mümkün olmayan və ya son dərəcə çətin olan zərərin vurulması riskini yaradır. Məhz bu səbəbdən, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi həm zəruri, həm də mütənasib hüquqi tədbir idi. Bundan başqa, cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birinci instansiya məhkəməsinə təqdim etdiyi məktubda açıq şəkildə göstərilmişdir ki, cavabdeh özü “Agentliyin rəyi hazırki tarixdə qüvvədə deyildir” və “yenidən qiymətləndirmənin həyata keçirilməsi və bunun üçün Səfərbərlik Xidməti tərəfindən yeni göndərişin rəsmiləşdirilməsi zərurəti vardır”. Belə olan halda, cavabdehin özü tərəfindən Agentliyin rəyinin hazırki tarixdə qüvvədə olmadığı və yenidən tibbi qiymətləndirmənin zəruri olduğu etiraf edildiyi halda SHXÇDX-nin iddiaçının hərbi xidmətə göndərilməsi barədə qərarı hansı qüvvədə olan tibbi rəyə və hansı hüquqi əsasa əsasən qəbul etdiyi müəyyən edilmir. Bu şəraitdə iddiaçının hərbi xidmətə göndərilməsinin hüquqi əsası ciddi şübhə doğurur. Birinci instansiya məhkəməsi isə bu mühüm hala ümumiyyətlə hüquqi qiymət verməmiş, həmin ziddiyyət aradan qaldırılmadan, yeni tibbi qiymətləndirmənin nəticəsi gözlənilmədən və hüquqi əsas tam aydınlaşdırılmadan müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqindən imtina etmişdir. Beləliklə, iş materiallarında olan tibbi sənədlər, müxtəlif dövlət orqanlarının eyni sağlamlıq vəziyyətini Xəstəliklər Cədvəlinin müxtəlif maddələri üzrə qiymətləndirməsi, cavabdehin nümayəndəsinin Agentliyin rəyinin artıq qüvvədə olmadığını və yenidən tibbi qiymətləndirmənin zəruri olduğunu etiraf etməsi, habelə müstəqil ixtisaslaşmış tibb müəssisələrinin iddiaçının anadangəlmə və daimi xarakter daşıyan görmə pozğunluğunu təsdiq edən rəyləri iş üzrə ciddi tibbi və hüquqi mübahisənin mövcud olduğunu açıq şəkildə göstərir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu halları tam və hərtərəfli araşdırmamış, zəruri ekspertiza təyin etməmiş, mühüm sübutlara hüquqi qiymət verməmiş və nəticədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqindən imtina etməklə iş üzrə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bundan başqa, məhkəmə iclası zamanı iddiaçının bacısı və nümayəndəsi tibb təhsilli şəxs kimi tibbi məsələlərə dair izahat vermək üçün söz istəsə də, birinci instansiya məhkəməsi buna imkan verməmiş, hakimin “hamıya qulaq asmayacağını” bildirməsi nəticəsində iş üçün əhəmiyyətli ola biləcək izahatların dinlənilməsi təmin edilməmişdir. Bu isə işin tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinə uyğun olmamışdır. İş materiallarında olan tibbi sənədlərlə iddiaçının anadangəlmə ambliopiyadan, yüksək dərəcəli hipermetropik astiqmatizmdən əziyyət çəkdiyi, sol gözün maksimal korreksiya ilə görmə itiliyinin 0,05 olduğu, xəstəliyin daimi xarakter daşıdığı, effektiv müalicəsinin olmadığı və tor qişada yırtılma riskinin mövcudluğu təsdiq edildiyi halda, məhkəmə iddiaçının sağlamlığına vurula biləcək bərpası çətin və ya mümkün olmayan zərər riskini nəzərə almamışdır. İş materiallarından görünür ki, eyni sağlamlıq vəziyyəti iki müxtəlif dövlət orqanı tərəfindən müxtəlif hüquqi əsaslarla qiymətləndirilmişdir. Mərkəzi Hərbi-Həkim Komissiyası Xəstəliklər Cədvəlinin 34-cü maddəsinin “B” bəndinin “C” kateqoriyasını tətbiq etdiyi halda, Tibbi Qiymətləndirmə Komissiyası 33-cü maddəsinin “Ç” bəndini tətbiq etmişdir. Məhkəmə bu ziddiyyətə hüquqi qiymət verməmiş, tibbi mübahisəni araşdırmamış və ekspertiza təyin etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, MHHK-nın qərarına əsasən ərizəçi “XBT 10 kodu H53 Görmə pozğunluğu” diaqnozu ilə “Xəstəliklər Cədvəli”nin 34-cü maddəsinin “b” bəndinə əsasən “C” kateqoriyasına uyğun, “XBT 10 kodu E66 Piylənmə” diaqnozu ilə “Xəstəliklər Cədvəli”nin 13cü maddəsinin “ç” bəndinə əsasən “Ç” kateqoriyasına uyğun, “XBT 10 kodu İ45.1 His dəstəsinin sağ ayaqcığının digər və dəqiqləşdirilməmiş blokadası” diaqnozu ilə “Xəstəliklər Cədvəli”nin 39-cu maddəsinin “ç” bəndinə əsasən “B” kateqoriyasına uyğun qiymətləndirilmişdir. Hərbi-Həkim Komissiyasında müayinələrin nəticələrindən görünür ki, onda “Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: - ç) kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvəqqəti funksional pozulmalarla; Refraksiyanın və akkomodasiyanın pozulmaları: - ç) hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTRə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2,0 DPTR-dən artıq və 4,0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm” aşkar edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan ərizəçinin yekun tibbi müayinəsinin qərarı ilə SHXÇDX tərəfindən göndərilən diaqnozlar fərqli kateqoriya üzrə təsdiqlənir. Daha yüngül qiymətləndirilir. Ərizəçi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin yekun tibbi müayinəyə dair qərarı mübahisələndirilmişdir. Ərizəçi məhkəməyə müraciət edərək iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənə kimi onun hərbi xidmətə çağırılması ilə bağlı hər hansı hərəkətlərin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, ilkin təcili tənzimləmə zərurəti, o cümlədən iddianın böyük ehtimalla uğurluluğu hazırkı mərhələdə müəyyən edilməməkdədir. Azərbaycan Respublikası İPM-in: 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 41.3-cü maddəsinə görə, məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər; 41.4-cü maddəsinə əsasən, inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır; 41.5-ci maddəsinə müvafiq olaraq, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Prosessual qanunvericiliyin tələbinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması, müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”. Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli, **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası); 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası); 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası); 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi (bundan sonra – Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkimmütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə Tibbi Qiymətləndirmə Komissiyaları tərəfindən qəbul edilir. Qanunvericiliyin tələbinə əsasən SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi çağırışçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış tibbi müayinəsinin nəticələrinə əsasən qəbul edilmiş qərara uyğun olaraq həyata keçirilir. İşin halları ilə müəyyən edilir ki, hazırkı halda ərizəçi indiki mərhələdə iddianın böyük ehtimalla uğurlu olacağı barədə kifayət qədər sübutlar təqdim etməmiş, həmçinin hazırkı mərhələdə təcili tənzimləmənin həyata keçirilməsi üçün müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, hazırda iş materiallarına əlavə edilmiş tibbi sənədlər iddiaçının xidmətə yararlı olduğunu güman etməyə əsas verir. İddiaçının sağlamlıq vəziyyətində bərpa olunmaz nəticələrin olması (əlil olma ehtimalı və s.) ehtimallara əsaslanır və heç bir tibbi rəyə və sənədə əsaslanmır. İddiaçıda mövcud xəstəliklər onun hərbi xidmətə cəlb olunmaması üçün əsas yaratmır. Həmçinin qeyd edilməlidir ki, hazırkı halda iddiaçının fərdi marağına münasibətdə ictimai və dövlət marağının mövcudluğu, fərdi marağa münasibətdə dövlətin və ictimai marağın üstün olması açıq-aşkar görünür. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında (bundan sonra – Plenum Qərarı) göstərilmişdir ki, İPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. (12.1.). Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. (12.2). Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. (12.3). Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. (12.4). Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. (12.5). Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir. (12.6). Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara görə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar