Məhkəmə qərarları › İş №15(3-6)-161/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-161/2026

03.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-161/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iş üzrə iddiaya mahiyyəti üzrə baxılıb qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun pensiyasından qanunsuz olaraq artıq hesablanmış 6125.05 manat məbləğində tutulmanın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə ərizənin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək inzibati orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-*- *****/**** saylı qərarın icrasının dayandırılması barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1969-cu il tarixdə Qaradağ rayon Neftqazçıxarma idarəsinde elektrik montyoru kimi əmək faliyyətinə başlamışdır. 1983-cü il tarixdən Nərimanov rayon NQÇI-də elektrik təhçizatı mühəndisi vəzifəsində işləmişdir. 2003-cü il tarixindən ona Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin keçmiş Qaradağ rayon söbəsi tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 2014-cü ildə isə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 2026-cı ilin may ayında pensiyasını alarkən pensiyasının azaldığını görüb. O, pensiyanın azalma səbəbini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəz Filalına müraciət etmişdir. Onun müraciətindən sonra ##.##.2026-cıil tarixli, *-**-*/*-*******/**** saylı məktubla ona cavab verilmişdir. Həmin cavabda qeyd olunmuşdur ki, ## ### 2026-cı il tarixdən həyata keçirilən inventarlaşma nəticəsində onun əmək pensiyası qanuvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1431,28 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, vaxtı ilə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi əlaqədar olaraq əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən edilməsi aşkar edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş hissəsi əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 6125,05 manat təşkil edir. Cavabdeh inzibati orqanın müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəsinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Ərizəçi 2003-cü il tarixindən Fondun keçmiş Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filialın ##.##.2026-cı il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarı ilə Ərizəçi əmək pensiyası dayandırılmışdır. Ərizəçi 2026-cı ilin may ayında yaşa görə əmək pensiyasının məbləğinin azalma səbəbini aydınlaşdırmaq məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, Mərkəzi Filialın ## ### 2026-cı il tarixli, *-**-*/*- Z-******/**** saylı "inzibati aktın qəbul edilməsi haqqında" cavab məktubunda qeyd edilmişdir ki, aparılmış inventarlaşdırma nəticəsində şəxsin əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmış və 1431,28 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Filial tərəfindən bildirilmişdir ki, şəxsin vaxtilə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar əmək pensiyasının yenidən hesablanması zamanı onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən edildiyi aşkar edilmişdir və bununla əlaqədar şəxsə artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 6125,05 manat məbləğ təşkil edir. Belə ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasi Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır...Belə ki, ərizəçiyə ödənilən pensiyanın məbləği 1431,28 manat məbləğini təşkil edir, bu isə ölkə üzrə müəyyən edilmiş minimum pensiya məbləğindən (320 manat) təxmini olaraq 4 dəfə artıqdır. Bildirilir ki, Ərizəçi tərəfindən təqdim edilən müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizədə ərizəçi təcililiyə dair heç bir əsaslandırma və sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi xahiş olunmuşdur. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim N.İ.Abıyev) müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsi barədə ərizəsi təmin edilərək, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair *-*(*-*)-****/**** saylı inzibati iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2026-cı il tarixli, *-**-*/*-*-*****/**** saylı Qərarının icrasının dayandırılsması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi 2003-cü il tarixindən Fondun keçmiş Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ərizəçi 2026-cı ilin may ayında yaşa görə əmək pensiyasının məbləğinin azalma səbəbini aydınlaşdırmaq məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, Mərkəzi Filialın ## ### 2026-cı il tarixli *-**-*/*-Z******/**** saylı “inzibati aktın qəbul edilməsi haqqında” cavab məktubunda qeyd edilmişdir ki, aparılmış inventarlaşdırma nəticəsində şəxsin əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmış və 1431,28 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Filial tərəfindən bildirilmişdir ki, şəxsin vaxtilə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar əmək pensiyasının yenidən hesablanması zamanı onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən edildiyi aşkar edilmişdir və bununla əlaqədar şəxsə artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 6125,05 manat məbləğ təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar lazımi qaydada qiymətləndirilməmişdir. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğunu hərtərəfli araşdırmadan, iş materiallarında olan sübutlara və tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət vermədən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair hüquqi mövqeyinə əsasən, belə tədbirin tətbiqi haqqında ərizə yalnız o halda təmin edilə bilər ki, ərizəçi ilkin təcili tənzimləmənin zəruriliyini konkret faktlar və mötəbər sübutlarla əsaslandırsın. Başqa sözlə, ərizədə təcililik halının mövcudluğunu təsdiq edən dəlillər göstərilməli, həmin tədbirin dərhal tətbiq edilmədiyi təqdirdə ərizəçinin hüquqlarına ciddi və aradan qaldırılması çətin olan zərərin vurulacağı inandırıcı şəkildə sübuta yetirilməlidir. Lakin, hazırkı iş üzrə ərizəçi Ərizəçi tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi barədə verilmiş ərizədə təcililiyi şərtləndirən hər hansı konkret hal, fakt və ya sübut təqdimedilməmiş, ilkin təcili tənzimləmənin zəruriliyi lazımi qaydada əsaslandırılmamışdır. Iş materiallarının araşdırılması zamanı da belə tədbirin tətbiqini zəruri edən hər hansı təxirəsalınmaz vəziyyətin mövcudluğu müəyyən edilməmiş, təcililik meyarının mövcudluğunu təsdiq edən hallar aşkar olunmamışdır. Iş materiallarından görünür ki, ərizəçiyə aylıq 1431,28 manat məbləğində əmək pensiyası ödənilir. Həmin məbləğ ölkə üzrə müəyyən edilmiş 320 manat minimum əmək pensiyasından təxminən dörd dəfə artıqdır. Bu hal ərizəçinin minimum yaşayış ehtiyaclarını təmin etmək imkanına malik olduğunu, onun ağır maddi vəziyyətdə olmadığını və maddi təminat baxımından təxirəsalınmaz müdaxiləni zəruri edən vəziyyətin mövcud olmadığını göstərən mühüm göstəricilərdən biridir. Deməli, ərizəçinin maddi vəziyyəti ilkin təcili tənzimləmə tədbirinin tətbiqini zəruri edən halların mövcudluğunu təsdiq etmir. Belə olan halda, iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş təcililik meyarı və digər zəruri şərtlər mövcud olmadığından, bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə gəldiyi nəticənin hüquqi və faktiki əsaslarını təkzib etmir. Əksinə, iş materiallarının məcmu qiymətləndirilməsi göstərir ki, mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı ilkin mərhələdə əsaslı şübhələrin mövcudluğu, həmin aktın icrasının davam etdirilməsinin ərizəçinin hüquqi və faktiki vəziyyətinə davamlı təsir göstərməsi, eləcə də mübahisənin mahiyyəti üzrə həllinədək əvvəlki vəziyyətin qorunmasına olan ehtiyac birinci instansiya məhkəməsinin seçdiyi müvəqqəti müdafiə tədbirini əsaslandırır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı Ərizəçi ## ###### 2003-cü il tarixdən təyin edilmiş əmək pensiyasının məbləği cavabdehin apardığı inventarlaşdırma nəticəsində yenidən hesablanmış, 1624,45 manatdan 1431,28 manata endirilmiş, eyni zamanda ona son üç il üzrə 6125,05 manat artıq pensiya ödənildiyi bildirilmişdir. Cavabdeh bunu vaxtilə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçidlə əlaqədar aparılmış hesablamada fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən edilməsi ilə izah etmişdir. Iddiaçı əvvəlcə pensiyadan 6125,05 manat məbləğin tutulmasının dayandırılmasını xahiş etmiş, sonradan tələbini dəqiqləşdirərək ## #### 2026-cı il tarixli inzibati aktın icrasının iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmasını istəmiş, birinci instansiya məhkəməsi də həmin ərizəni təmin etmiş və mübahisələndirilən inzibati aktın icrasını əsas iş üzrə yekun qərar qəbul edilənədək dayandırmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlindiyi halda məhkəmə inzibati aktın icrasını dayandıra bilər, iddianın uğurluluq ehtimalı aydın olmadıqda isə ziddiyyətli maraqlar hərtərəfli qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarına ## ####### 2025-ci il tarixli ** nömrəli Qərarla edilmiş dəyişiklikdən sonra inzibati aktın icrasının dayandırılması üçün ilkin təcili tənzimləmənin zəruriliyi və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda mövcudluğu tələb olunur. Təcililik isə abstrakt şəkildə deyil, konkret ərizəçinin vəziyyəti, müdaxilənin ağırlığı, yaratdığı real nəticələr və həmin nəticələrin şəxsə təsiri nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu baxımdan apellyasiya şikayətində ərizəçinin aylıq pensiyasının 1431,28 manat təşkil etməsi və həmin məbləğin şikayətdə göstərilən minimum pensiya məbləğindən bir neçə dəfə çox olması təcililiyin mövcudluğunu avtomatik olaraq istisna edən hal sayıla bilməz. Apellyasiya şikayətinin həmin dəlili, mahiyyət etibarilə, təcililik meyarını şəxsin yoxsulluq və ya minimum yaşayış imkanlarından məhrum olması meyarı ilə eyniləşdirir. Halbuki qiymətləndirilməli məsələ şəxsin mütləq yoxsullaşıb-yoxsullaşmaması deyil, mübahisələndirilən inzibati aktın icrasının davam etməsinin konkret şəxsin mövcud hüquqi və faktiki vəziyyətinə əhəmiyyətli müdaxilə yaradıb-yaratmaması və sonradan əvvəlki vəziyyətin bərpasını xeyli dərəcədə çətinləşdirib-çətinləşdirməməsidir. Hazırkı işdə söhbət uzun illər ərzində ödənilmiş və şəxsin davamlı sosial təminatının tərkib hissəsini təşkil edən əmək pensiyasının məbləğinin azaldılmasından, bununla yanaşı keçmiş dövr üçün 6125,05 manatın artıq ödəniş kimi müəyyən edilməsindən gedir. Iddiaçı ərizəsində məhz pensiyanın azaldılmasının və həmin məbləğin tutulmasının qarşısının alınmasını tələb etmişdir. Başqa sözlə, mübahisələndirilən qərarın icrası davam etdiyi hər ay şəxsin mövcud sosial təminat vəziyyətinə yeni təsir göstərir. Bu baxımdan təcililiyin yalnız aylıq ödənişin mütləq məbləği ilə ölçülməsi müvəqqəti məhkəmə müdafiəsi institutunun mahiyyəti ilə ziddiyyət yaradır. Bununla yanaşı, iddianın böyük ehtimalla uğurlu olması barədə birinci instansiya məhkəməsinin ilkin qənaəti də iş materiallarında olan obyektiv hallara söykənmişdir. Inzibati Prosessual Məcəllənin 14.1-ci maddəsi mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini həmin aktı qəbul etmiş inzibati orqanın üzərinə qoyur. Birinci instansiya məhkəməsi məhz bu sübutetmə yükündən çıxış edərək qeyd etmişdir ki, mübahisələndirilən qərarın qəbulunu zəruri etmiş konkret faktiki şərtlər həmin mərhələdə cavabdeh tərəfindən ortaya qoyulmamışdır. Bu yanaşma müvəqqəti müdafiə icraatında cavabdehdən əsas iş üzrə tam sübutetmə tələb edilməsi kimi başa düşülməməlidir. Cavabdehin ## ### 2026-cı il tarixli bildirişində pensiya kapitalının “yanlış müəyyən edildiyi” göstərilsə də, yanlışlığın konkret olaraq hansı ilkin göstəricidən, hansı hüquq normasının səhv tətbiqindən və ya hansı riyazi hesablamadan irəli gəldiyi açıqlanmamışdır. Həmçinin həmin yanlışlığın nə vaxt yarandığı, inzibati orqana nə vaxt məlum olduğu, hansı ilkin sənəd və məlumatların əvvəlki hesablamaya əsas götürüldüyü və yeni hesablamada hansı göstəricilərin dəyişdirildiyi həmin bildirişdən müəyyən edilmir. Sənəddə yalnız inventarlaşdırma nəticəsində pensiyanın 1431,28 manat müəyyən edildiyi və 6125,05 manat artıq ödəniş hesablandığı göstərilmişdir. Bu hal “Inzibati icraat haqqında” Qanunun inzibati aktın əsaslandırılmasına dair tələbləri baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrinə görə, yazılı inzibati akt əsaslandırılmalı, əsaslandırmada işin faktiki və hüquqi halları, onları təsdiq və ya rədd edən sübutlar, habelə tətbiq edilmiş hüquq normaları göstərilməlidir. Birinci instansiya məhkəməsi də bu normalara istinad etməklə mübahisələndirilən aktda pensiyanın azaldılmasını şərtləndirən konkret faktiki əsasın lazımi səviyyədə müəyyənləşdirilmədiyi qənaətinə gəlmişdir. Apellyasiya şikayətində isə bu çatışmazlığı aradan qaldıran yeni hesablamaya, konkret riyazi göstəricilərə və ya əvvəlki pensiya kapitalının hansı səbəbdən hüquqa zidd hesablandığını göstərən sübuta istinad edilmir. Şikayətdə faktiki olaraq inzibati orqanın ilkin mövqeyi təkrar olunur. Apellyasiya şikayətində “Inzibati icraat haqqında” Qanunun 63.1-ci maddəsinə istinad olunması da fərqli nəticəyə gəlməyə əsas vermir. Həmin norma inzibati aktda olan yazı və hesab səhvlərinin düzəldilməsini nəzərdə tutur. Bu institut inzibati aktın mahiyyətini dəyişdirmədən aşkar texniki və hesabi səhvin düzəldilməsinə xidmət edir. Halbuki hazırkı işdə uzun müddət tətbiq edilmiş pensiya hesablamasının nəticəsi dəyişdirilmiş, aylıq ödəniş azaldılmış və keçmiş üç il üçün 6125,05 manat artıq ödəniş müəyyən edilmişdir. Belə hüquqi nəticələr yaradan müdaxilənin sadəcə hesab səhvinin düzəldilməsi olduğunu qəbul etmək üçün ən azı səhvin konkret riyazi mahiyyəti, onun aşkar xarakteri və düzəliş nəticəsində hansı göstəricinin necə dəyişdiyi müəyyən edilməlidir. Həmçinin, əvvəlki pensiya təyinatının və ya hesablamasının sonradan qanunsuz hesab olunması ehtimalı məsələyə “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsində təsbit edilmiş etimadın qorunması və hüquqi müəyyənlik təminatları kontekstində də qiymət verilməsini tələb edir. Qanunun 67.4 və 67.5-ci maddələri qanunsuz əlverişli inzibati aktın ləğvini müəyyən məhdudiyyətlərə bağlayır və cari pul öhdəliyi yaratmış inzibati akta vicdanla etimad göstərmiş şəxsin etimadının qanunla qorunmasını nəzərdə tutur. Etimadın qorunmasından istifadəni istisna edən hallar isə 67.6-cı maddədə ayrıca göstərilmişdir. Iş materiallarında iddiaçının pensiyanın təyin edilməsinə rüşvət, aldatma, saxta və ya təhrif olunmuş sənədlər təqdim etməklə nail olması, yaxud inzibati aktın qanunsuz olduğunu bilməsi barədə ilkin sübut müəyyən edilməmişdir. Eyni zamanda, Qanunun 67.12-ci maddəsi qanunsuz inzibati aktın onun ləğvini şərtləndirən halların məlum olduğu gündən bir il ərzində ləğv edilə biləcəyini müəyyən edir, yalnız 67.6.1-ci maddədə nəzərdə tutulmuş hal bu müddət qaydasından istisna edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinin mühüm elementlərindən biri də bundan ibarət olmuşdur ki, cavabdeh ehtimal edilən yanlışlığın ona hansı tarixdə məlum olduğunu və ya obyektiv olaraq hansı tarixdə məlum olmalı olduğunu göstərən sübut təqdim etməmişdir. Buna görə də, inzibati orqanın sonradan əsas iş üzrə əlavə sübutlar təqdim etmək imkanının saxlanılması ilə yanaşı, müvəqqəti müdafiə məsələsinə baxılan anda 67-ci maddənin təminatlarına əməl edildiyinin müəyyən olunmaması iddianın uğurluluğu barədə ilkin proqnozu iddiaçının xeyrinə formalaşdıran mühüm haldır. Apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinad olunması da özlüyündə inzibati aktın qanuniliyini təsdiq etmir. Həmin norma əmək pensiyasının ödənişinin bu Qanunla müəyyən edilmiş pensiya və əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda dayandırılmasını nəzərdə tutur. Hazırkı halda isə cavabdehin bildirdiyi əsas yeni yaranmış faktiki hal deyil, əvvəlki dövrdə aparılmış hesablamada pensiya kapitalının yanlış müəyyən edildiyinin sonradan aşkar olunmasıdır. Buna görə 37.8.3-cü maddənin tətbiqi üçün də hansı uyğunsuz halın nə vaxt yarandığı, həmin halın konkret pensiya hüququna hansı hüquqi təsir göstərdiyi və bunun 2026-cı ildə ödənişin azaldılmasını hansı səbəbdən zəruri etdiyi müəyyənləşdirilməlidir. Xüsusi əhəmiyyət daşıyan digər məsələ artıq ödənildiyi iddia olunan 6125,05 manatın tutulması ilə bağlıdır. Cavabdeh həm iddiaçıya ünvanlanmış bildirişdə, həm də apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin yalnız artıq ödənilmiş məbləğin son üç il üçün tutulmasını nəzərdə tutan hissəsinə istinad etmişdir. Halbuki həmin maddənin qüvvədə olan redaksiyası müəyyən edir ki, artıq ödənilmiş pensiya məbləği pensiyaçının razılığı olduqda inzibati orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Iş materiallarından iddiaçının belə tutulmaya razılıq verdiyi müəyyən olunmur, əksinə, onun məhz həmin tutulmaya etiraz etməsi və bu məqsədlə məhkəməyə müraciət etməsi mübahisəsizdir. Maraqların mütənasibliyi baxımından da fərqli nəticəyə gəlmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi pensiyanın əvvəlki qaydada ödənilməməsinin şəxsin sosial həyatına təsirini, digər tərəfdən müvəqqəti olaraq əvvəlki ödəniş qaydasının saxlanılmasının dövlət üçün doğurduğu nəticələri müqayisə etmiş və iddiaçının maraqlarına üstünlük verilməli olduğu qənaətinə gəlmişdir. Burada xüsusilə nəzərə alınmalıdır ki, tətbiq edilmiş tədbir dövlətin iddia edilən artıq ödənişi sonradan tələb etmək hüququnu aradan qaldırmır və cavabdehin mövqeyini əsas iş üzrə müdafiə etməsinə mane olmur. Əksinə, tədbirin tətbiq edilməməsi halında inzibati akt dərhal və davamlı şəkildə iddiaçının sosial təminat vəziyyətinə təsir göstərir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar