Məhkəmə qərarları › İş №15(3-6)-162/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-162/2026

02.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-162/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi haqqında ərizəsinə dair işi üzrə (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri; hüquqi marağın olmamasına görə ərizənin mümkünsüzlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X4 ibarət tərkibdə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla “yekun tibbi müayinə barədə qərarın ləğv olunması və s.” tələbinə dair iddiası ilə əlaqədar müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ərizəçi haqqında qəbul etdiyi yekun qərarın ləğv edilməsi, 3 il müddətinə dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı qərarı qəbul edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon Şöbəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmənin icraatında olan iş yekunlaşana və yekun məhkəmə aktı qəbul edilənədək, onun hərbi xidmətə çağırılmasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini onunla əsaslandırılmışdır ki, o, ##.##.2005-ci ildə doğulmuşdur. SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon idarəsində hərbi qediyyatdadır. Azərbaycan Dövlət Neft Sənaye Universitetinə 2022-ci ildə daxil olmuş 2026-cı ildə bitirmişdir. SHXÇDX-nin Binəqədi rayon İdarəsi tərəfindən ##.##.2026-cı il tarixində “my.gov” üzərindən iyul çağırışında müddətli həqiqi hərbi xidmətə cəlb edildiyi barədə sms gəlmişdir. SHXÇDX-nin Binəqədi rayon idarəsinə gedərək, bunun qanunsuz olduğunu bildirərək, barəsində qəbul edilən inzibati aktı tələb etsə də qarşı tərəf barəsində qəbul edilən inzibati aktın verməsindən imtina etmişdir. İnzibati icraat haqqında qanuna əsasən barəsində inzibati akt qəbul edilibsə həmin qanuna uyğun tərtib edilməli ona təqdim edilməlidir. O, adiyyatı üzrə Tibbi Sosial Ekpsertiza və Reabilitasiya Mərkəzinə dəvət edilmiş, orada müayinələrdən keçirilmişdir və ona “my.gov” vasitəsilə 6 aylıq möhlət verilməsi barədə sms gəlmişdir. Həmin sms ##.##.2026-cı ildə silinmişdir, onun yerinə ##.##.2026-cı ildə çağırış vərəqəsi maraqlı şəxs tərəfindən göndərilmişdir. Bundan başqa maraqlı şəxs tərəfindən X1 göndərilmişdir və orada müayinlərdən keçirilmiş, buna dair ona nəticə verilmiş, nəticədə sol ayağ tağının hündürlü 16 mm, 160 dərəcədə bucaq altında, sağ ayaq tağının hündürlüyü 18 mm, 152 dərəcə bucaq altında olması qeyd edilmişdir. Cavabdehin və üçüncü şəxsin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə üzrə yazılı mülahizələri məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərardadı ilə iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iş üzrə yeni qərardad qəbul etməklə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəyə uyğun əsaslandırmışdır. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 44.4. müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün hesab edilməməlidir. Belə ki, hazırkı iş üzrə ərizəçinin hüquqi marağı mahiyyət etibarı ilə məhkəmənin icraatında olan iş yekunlaşana və yekun məhkəmə aktı qəbul edilənədək, onun hərbi xidmətə çağırılmasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qadağan edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında qərar mövcud olmasa belə, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi barədə inzibati akt qəbul edildiyindən, nəzərə alınmalıdır ki, hazırkı növ ərizə inzibati aktın icrasının dayandırılması barədədir. Nəzərə alınmalıdır ki, inzibati aktın icrasının dayandırılması barədə olmasa elə, ümumiyyətlə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələrə baxılarkən iddianın uğurluluq ehtimalının mövcudluğu həmin növ ərizələrin təmin edilib-edilməməsinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın uğurluluq ehtimalı hazırkı mərhələdə aydın olmadığından ərizənin təmini də istisna edilməlidir. Belə ki, nə qədər ki, şəxsin hərbi xidmətə göndərilməsinə yönələn tədbirlərin həyata keçirilməsi cavabdehə qadadağan edilməsi müvəqqəti olaraq hazırkı ərizə ilə tələb edilirsə yararlılıq kateqoriyası barədə cavabdehin mövqeyinin qanunsuz olmasına münasibətdə qanunsuzluğun real olaraq ən azından indiki mərhələdə mövcudluğu aydın olmalıdır. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, gərək olacağı təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən hazırkı növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan, ekspertiza və s cəlb edilmədən mümkün deyildir. Məhkəmə hesab edir ki, hazırkı araşdırma mərhələsində iddianın uğurluluq ehtimalı aydın olmadığı kimi məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görmür. Belə ki, hazırkı halda iddiaçının fərdi marağına münasibətdə ictimai və dövlət marağının mövcudluğu halının olubolmaması müzakirə olunmalıdır ki, fərdi marağa münasibətdə dövlətin və ictimai marağın üstün olması məhkəmə hesab edir ki, hazırkı növ iddialarda aşkar görünür. Belə ki, iddiaçı və cavabdehlər arasında yaranmış inzibati mübahisə hərbi xidmətkeçmə barəsindədir ki, inzibati orqanın müharibə şəraitinin istisna edilmədiyi ölkə üzrə vəzifə və funksiyalarının əsas hissəsi hərbi xidmət və vəzifələrinin icrası ilə bağlı şəxslərin hərbi xidmətə cəlb edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti və ərizənin mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə ərizənin mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, iddiada olduğu kimi, müvəqqəti xarakterli müdafiə barədə ərizənin də hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, subyektiv hüququn mövcudluğu, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. Ərizənin mümkünlüyünün yoxlanılması aşağıdakı formada həyata keçirilir: -Məsələnin, ümumiyyətlə inzibati məhkəmənin səlahiyyətinə aid olması; -Ərizənin səlahiyyətli inzibati məhkəməyə verilməsi; -Ərizədə tələbin irəli sürülməsi; -Müvəqqəti xarakterli müdafiə icraatının yol verilən olması; -Əlverişsiz (ağırlaşdırıcı) inzibati aktın mövcudluğu; -lazım gələrsə, İPM-in 40.4-cü maddəsində təsbit olunmuş müddətə riayət edilməsi; -İPM-in 35-ci maddəsindəki hüquqi yanaşmaya əsasən subyektiv hüquqların pozulma imkanı; -inzibati aktdan şikayət verilməsi imkanının aradan qalxmaması (məsələn, şikayət (iddia) vermə müddətinin keçməməsi); -hüquqi müdafiə ehtiyacı (yəni inzibati aktın icra olunacağı gözlənildiyinə görə müvəqqəti xarakterli müdafiəyə ehtiyacın olması). “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2023-cü il tarixli ** saylı Qərarında da qeyd olunmuşdur ki, “Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyri-mümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası sadalananlara əsasən ilk növbədə hazırkı ərizənin mümkünlüyünü yoxlayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra-müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. İnzibati Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Hazırkı iş üzrə məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin ##.##.2026cı il tarixli cavab məktubundan görünür ki, ##.##.2005-ci il təvəllüdlü çağırışçı Ərizəçi 2026-cı ilin iyul çağırışına cəlb edilmişdir. Tibbi şəhadətləndirilməsi zamanı çağırışçı Ərizəçi X1 əlavə müayinəyə göndərilmişdir. Müayinənin nəticəsinə əsasən Ərizəçi “Anadangəlmə sağda II solda III dərəcəli yastıayaqlıq. funksiyanın cuzi pozulması.” diaqnoz təyin edilmiş və rayon hərbi həkim komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “c” bəndinin İ qrafasına əsasən “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Qanunda nəzərdə tutulmuş qaydada Ərizəçi barəsində yekun qərar qəbul edilməsi məqsədi ilə o, DTSERA-ya təqdim edilmişdir. DTSERA-nın ##.##.2026-cı il tarixli qərarına əsasən Ərizəçi hərbi xidmətə yararlı hesab edilmişdir. Xidmət rəisinin müvafiq sərəncamına əsasən Ərizəçi Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə təyin edilmiş və ##.##.2026-cı il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Hazırkı işdə ərizəçinin tələb etdiyi müdafiə tədbiri müddətli həqiqi hərbi xidmətə çağırılmanın dayandırılması ilə bağlı olmuşdur. İş materiallarından görünür ki, həmin çağırış üzrə ərizəçi artıq xidmətə cəlb olunmuşdur, bununla da ərizəçinin nail olmaq istədiyi “çağırışın dayandırılması” məqsədi faktiki olaraq öz əhəmiyyətini itirmişdir. Belə olan halda, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizəçinin hüquqi marağı artıq mövcud olmadığından onun hüquqi müdafiəyə də ehtiyacı qalmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə ərizəçinin hüquqi marağının mövcud olmaması onun ərizəsinin qeyri-mümkün sayılması üçün əsas olsa da, bu hal əsas iddia üzrə şəxsin iddia etdiyi pozulmuş hüquqlarının müdafiəsi imkanlarını aradan qaldırmır. Belə ki, əsas iddia gələcəkdə uğurlu olarsa, ərizəçi ona vurulmuş ziyanla bağlı kompensasiya tələb etməklə pozulmuş hüquqlarının bərpasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv olunmalı, iş üzrə yeni qərardad qəbul edilərək ərizə mümkün sayılmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Ərizə mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar