Məhkəmə qərarları › İş №15(3-6)-165/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-165/2026

01.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-165/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Səmədov Rəşid Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs qismində Üçüncü şəxs ASC cəlb edilməklə) “bank hesablarının dondurulmasına yönəlmiş sərəncamın icrasının dayandırılması, bank hesablarının bloklanmasına, məhdudiyyətlərin tətbiqinə və digər icra hərəkətlərinin həyata keçirilməsinə yönəlmiş tədbirlər görməkdən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*- *)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclası keçirmədən, yazılı qaydada baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Ərizəçi MMC cavabdehlər Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, *-**- ****/***Q saylı "Gömrük borcunun yaranması haqqında" qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsi (bundan sonra - Cavabdeh) tərəfindən aparılan yoxlamalar nəticəsində ##.##.2024-cü il tarixli, 01241000105735 və ##.##.2024-cü il tarixli, ************** saylı bəyannamələr üzrə idxal edilmiş "avtomobillərin daxili park yerlərində hərəkətin idarə edilməsi üçün elektrik qurğuların hissələri" yükünün XİFMN kodunun yanlış seçildiyi iddia edilmişdir. Cavabdeh Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ##.##.2023-cü il tarixli, XM************ saylı rəyinə istinad edərək, malların 5% deyil, 15% rüsum dərəcəsi ilə rəsmiləşdirilməli olduğunu bildirmiş və cəmi 3.040,68 manat gömrük borcu hesablamışdır. Eyni zamanda, iddiaçı Ərizəçi MMC “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin Ərizəçi MMC barədə qəbul etdiyi və bank hesablarının dondurulmasına yönəlmiş sərəncamının icrasının iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasına, cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə Ərizəçi MMC-nin bank hesablarının bloklanmasına, hesablar üzrə məhdudiyyətlərin tətbiqinə və ya digər icra hərəkətlərinin həyata keçirilməsinə yönəlmiş tədbirlər görməkdən çəkinmək vəzifəsinin qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə iddiaçı tərəfindən artıq ödənilmiş 5373,78 manat məbləğində idxal gömrük rüsumunun geri qaytarılması barədə qərarın qəbul edilməsi vəzifəsi qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Daha sonra, Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılmış yoxlama nəticəsində ##.##.2024cü il tarixli, 01241000105735 və ##.##.2024-cü il tarixli, ************** nömrəli gömrük bəyannamələri üzrə idxal edilmiş "avtomobillərin daxili park yerlərində hərəkətin idarə edilməsi üçün elektrik qurğularının hissələri"nin XİFMN kodunun guya yanlış seçildiyi iddia olunmuşdur. Cavabdeh Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ##.##.2023-cü il tarixli, XM************ nömrəli rəyinə istinad edərək həmin malların 5 faiz deyil, 15 faiz idxal gömrük rüsumu ilə rəsmiləşdirilməli olduğu qənaətinə gəlmiş və nəticədə iddiaçı barəsində 3.040,68 manat məbləğində gömrük borcunun yaranması haqqında ##.##.2026-cı il tarixli, *-**-****/***Q nömrəli qərar qəbul etmişdir. Qeyd olunan qərarın qanunsuz olması, eyni faktiki və hüquqi hallara dair Bakı İnzibati Məhkəməsinin əvvəllər qəbul etdiyi qərara, formalaşmış inzibati praktikaya, hüquqi müəyyənlik, bərabərlik və legitim gözlənti prinsiplərinə zidd olması səbəbindən həmin qərardan Bakı İnzibati Məhkəməsinə mübahisələndirmə qaydasında iddia verilmiş və hazırda həmin iş e-2-1(4- 6)-5167/2026 nömrəsi ilə qeydiyyatda və məhkəmə icraatındadır. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmasını gözləmədən, həmin qərara əsaslanaraq iddiaçının bank hesablarının dondurulması üçün banklara sərəncam göndərmişdir. Beləliklə, hazırda qanuniliyi məhkəmə qaydasında mübahisələndirilən və hüquqi taleyi həll edilməmiş inzibati akt əsasında iddiaçının sahibkarlıq fəaliyyətinə birbaşa müdaxilə edilməkdədir. Bu hal iddiaçının təsərrüfat fəaliyyətinin iflic olmasına, müqavilə öhdəliklərinin icrasının mümkünsüzləşməsinə, əməkhaqqı, vergi və digər məcburi ödənişlərin həyata keçirilməsinin çətinləşməsinə səbəb olmaqla, sonradan aradan qaldırılması mümkün olmayan və ya xeyli çətin olan zərərlər yaradır. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən “avtomobillərin daxili park yerlərində hərəkətin idarə edilməsi üçün elektrik qurğuların hissələri” yükünün ##.##.2024-cü il tarixli, 01241000273576 sorğu nömrəli və ##.##.2024-cü il tarixli, 01241000105735 sorğu nömrəli gömrük bəyannamələri ilə “8530900000” kodu altında 5% rüsum dərəcəsi ilə rəsmiləşdirilmişdir. Aparılan araşdırmalar zamanı Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş və Ərizəçi MMC-nin ünvanına idxal edilən mallara dair təqdim edilmiş 01231000320759 sorğu nömrəli gömrük bəyannaməsində eyni malların XİFMN kodunun və tərkibinin dəqiqləşdirilməsi məqsədilə MMC tərəfindən Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət olunduğu və həmin İdarədən alınmış XM************ nömrəli, ##.##.2023-cü il tarixli ekspert rəyinə əsasən sözügedən malların XİFMN üzrə müxtəlif təsnifat kodları altında sinifləşdirildiyi və bəzi malların 15% rüsum dərəcəsinə cəlb olunmalı olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321.1-ci maddəsinə müvafiq olaraq mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Sözügedən Məcəllənin 321.3-cü maddəsinə uyğun olaraq bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Həmin Məcəllənin 321.4-cü maddəsinin tələblərinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük Məcəlləsinin 243.1-ci maddəsinə müvafiq olaraq gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. Həmin Məcəllənin 249.2-ci maddəsinə uyğun olaraq gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Həmin Məcəllənin 247.1-ci maddəsinə görə gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Müvafiq araşdırma ilə bağlı inzibati icraatın başlanılması istiqamətində “xxxx” MMC-nin hüquqi ünvanına ##.##.2026-cı il tarixli, 3-33-1100/2 ******/**** nömrəli dəvət məktubu ünvanlanmış və həmin məktub VÖEN üzrə mövcud olan elektron şəxsi kabinetinə və VAİS-də XİF iştirakçıları barədə məlumatlar yerləşdirilmiş bölmədə qeyd edilən aktiv elektron poçt ünvanına da göndərilmiş, lakin inzibati icraatın aparılması zamanı Ərizəçi MMC-nin rəsmi səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmişdir. Beləliklə, Gömrük Məcəlləsinin yuxarıda qeyd edilən normalarının tələblərindən irəli gələrək Ərizəçi MMC barəsində ##.##.2026cı il tarixli, *-**-****/***Q saylı qərarla 3.040,68 manat gömrük borcu olduğu aşkarlanmışdır. Ərizəçi tərəfindən məhkəməyə müraciət edilərək ##.##.2026-cı il tarixli, 3 33- ****/***Q saylı qərarın qanunazidd olub-olmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə minənədək cavabdehin gömrük borcunun iddiaçının bank hesablarından tutulması və ya bank hesabları üzrə məxaric əməliyyatlarının dayandırılması ilə bağlı hər hansı tədbir görməkdən çəkinməsi vəzifəsinin üzərinə qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsaslarından biri iddianın uğurluluq ehtimalıdır. İşin hazırki materiallarına baxıldıqda ərizəçi tərəfin əsas iddia ilə bağlı əsaslı sübutlar təqdim etmədiyi üçün iddianın uğurlu olması ehtimalı görünmür. Məhz bu səbəbdən iddianın uğurluluğu şübhə altında olduğundan ərizənin əsaslandırılmadığı da nəzərə alınaraq ərizə təmin edilməməlidir. İddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımından qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Hər iki tərəfin maraqları baxımından qiymətləndirmə aparıldıqda hazırkı halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə münasibətdə ərizənin əsaslı olmadığı müəyyən olunur. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə verilmiş ərizələrə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin *-***/**** nömrəli, ## ### 2017-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə verilmiş ərizəyə baxılarkən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması zəruridir. Bu, iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi baxımından vacibdir. Çünki məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməsi onun işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsindən asılıdır “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il # ####### tarixli, ** nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2025-ci il tarixli, ** nömrəli Qərarına əsasən: 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.” Beləliklə, Plenum Qərarına edilmiş dəyişiklikdən də göründüyü kimi hazırkı növ iddialara baxılarkən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələr üzrə iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1-ilkin təcili tənzimləmənin zəruri olması; 2-iddianın böyük ehtimalla uğurlu olması. İşin faktiki hallarından da göründüyü kimi məhkəmə mübahisəsinin predmetini təşkil edən gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin ölkəyə sərbəst dövriyyəyə buraxılışını həyata keçirmiş və mallar iddiaçıya təhvil verilmişdir. Hazırda gömrük orqanının qərarının icrası malların ölkəyə idxalı ilə əlaqədar maneələrə səbəb olmur. Əksinə, gömrük orqanının qərarının icraya yönəldilməsi nəticəsində yalnız maliyyə məhdudiyyətləri yaranır ki, bu da sonradan əsas iddia üzrə işə baxılan zaman məhkəmə tərəfindən gömrük borcunun yaranması barədə qərarın qanunsuz olması qənaətinə gəlinərsə, gömrük ödənişinin geri qaytarılması barədə müvafiq rəyin verilməsi kimi iddia tələbini dəqiqləşdirmək və ya artıq ödədiyi gömrük ödənişi məbləğinin növbəti gömrük ödənişlərinə silinməsini tələb etmək hüququ yaranacaqdır. Odur ki, həmin məbləğin istifadəsinin qadağan edilməsi hazırkı halda iddiaçı üçün təcili tənzimləmə tələb edən məsələ deyildir. Qeyd edilənlərə əsasən iddiaçı hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi üçün vacib olan 2 əsasdan birincisi olan ilkin təcili tənzimləmənin zəruri olması halı ilə bağlı zəruri sübut və əsasları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən ilkin şərt hazırkı halda öz təsdiqini tapmadığından digər şərtlərin -uğurluluq ehtimalı və ya ziddiyyətli maraqların olubolmamasına hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Ona görə də, İnzibati Prosessual Məcəllənin 68-ci və 69-cu maddələrinin tələblərinə əsasən müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə rədd edilməlidir. Məhkəmənin ##.##.2026-cı il qərardadı ilə Üçüncü şəxs ASC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim R.Quliyev) ərizənin təmin edilməsi, Bakı Baş Gömrük İdarəsi tərəfindən Ərizəçi MMC barəsində verilmiş, gömrük borcunun tutulmasına dair sərəncamların icrasının dayandırılmasının Üçüncü şəxs ASC-yə həvalə edilməsi, Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, 3-33 ****/***Q nömrəli, “Gömrük borcunun yaranması haqqında” qərarın icrasının dayandırılmasının Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvəqqəti müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizənin tələb hissəsi olduqca qeyri-müəyyən və ümumi xarakter daşımış, cavabdeh inzibati orqana konkret olaraq hansı gömrük borcu ilə bağlı tədbir görülməsinin qadağan edilməsi ilə bağlı olduğu göstərilməmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinin tələblərinə zidd olaraq (maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər)) məhkəmə tərəfindən ərizəçiyə zəruri hüquqi yardım göstərilmədən və ərizəyə dəqiqləşmə edilmədən qeyri-müəyyən ərizə təmin edilmişdir. Həmçinin, qərardadın yekun hissəsində məhkəmə maraqlı şəxs statusunda olan Bakı Baş Gömrük İdarəsinin üzərinə ##.##.2026-cı il tarixli, *-**-****/***Q nömrəli, “Gömrük borcunun yaranması haqqında” qərarın icrasının dayandırılması öhdəliyini qoymuş, lakin bu nəticəyə ərizə üzrə hansı əsaslara söykənərək gəldiyi cavabdeh quruma məlum deyildir. Məlum olduğu kimi, hazırda qüvvədə olan məhkəmə təcrübəsinə əsasən, ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Məhkəmə qərardadının 8-ci səhifəsində qeyd olunan ilkin şərtin mövcudluğuna dair məhkəmə sadəcə bir cümlə ilə kifayətlənərək hesab etmişdir ki, kiçik sahibkar kimi fəaliyyət göstərən müəssisənin bank hesabına sərəncam qoyulması onun işlərini həyata keçirməsinə maddi çətinlik törədəcəyi üçün hazırda ilkin təcili tənzimləmə zəruriliyi müəyyən olunmaqdadır. Ərizəçi ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu o deməkdir ki, ərizəçi hüquqi müdafiə üçün iddia icraatının nəyə görə yetərli olmadığını təsvir etməlidir. Sözügedən hallarda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır. Hazırkı işin hallarından isə görünür ki, ərizəçi tərəfindən verilmiş ərizə bu qaydada əsaslandırılmamışdır. İPM-in 43.1.1-ci maddəsi müvəqqəti müdafiə üçün mövcud vəziyyət dəyişdiyi təqdirdə hüquqların qorunmasının mümkün olmaması və ya xeyli çətinləşməsi riskini tələb edir. Mübahisələndirilən sərəncamlar (hansı ki hələ tərtib edilməyib) bank hesablarındakı vəsaitin müəyyən məbləğdə dondurulmasına yönəlmiş tədbirlərdir və xarakter etibarilə tamamilə pul ilə ölçülən zərər doğurur. Pul ilə ölçülən və geri qaytarıla bilən zərər isə qanunvericiliyin və ardıcıl məhkəmə təcrübəsinin mənasında «bərpası mümkün olmayan» zərər sayılmır. Artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması mexanizmi qanunvericiliklə nəzərdə tutulmuşdur. Geri qaytarmanın «əlavə prosessual hərəkətlər» tələb etməsi faktı geri qaytarıla bilən zərəri geri qaytarıla bilməz zərərə çevirmir - prosessual addımların mövcudluğu özlüyündə hüququn bərpasının mümkünsüzlüyü demək deyil. Ərizəçinin istinad etdiyi maliyyə çətinlikləri - əmək haqlarının ödənilməsində, vergi və sosial sığorta öhdəliklərinin icrasında, habelə kredit ödənişlərində yaranan çətinliklər - iqtisadi xarakterli mənfi nəticələrdir. Bu nəticələr təəssüf doğursa da, hüquqi mənada bərpası mümkün olmayan zərər təşkil etmir və müvəqqəti müdafiə üçün müstəqil əsas kimi qiymətləndirilə bilməz. Əks yanaşma istənilən gömrük və ya vergi borclusuna, sırf maliyyə vəziyyətinə istinad etməklə, qanuni təminat tədbirlərindən azad olmaq imkanı yaradardı ki, bu da təminat institutunun mahiyyətinə ziddir. İddiaçı müəssisədə çalışan işçilərin əmək haqqının verilmədiyini bildirir. Lakin işin mahiyyəti üzrə iddiaçı lehinə qərar qəbul edildiyi halda bank hesabları blokdan çıxacaq və əmək haqqı borcu ödənilə biləcəkdir. Gecikdirilmiş əmək haqqı pul öhdəliyi olmaqla sonradan ödənilə bilər; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəaları çərçivəsində gecikdirmə ilə bağlı hüquqi nəticələr tənzimlənə bilər. Bu kateqoriya bərpası mümkün olmayan xarakter daşımır. Həmçinin, ərizəçinin mahiyyəti üzrə əsas iddiada mübahisələndirdiyi “Gömrük borcunun yaranması haqqında” Qərarda ümumilikdə cəmi 3040,68 manat məbləğdə gömrük borcu hesablanmışdır, çox ironik tələb hesab edilməlidir ki, qeyd edilən məbləğin tutulması işçilərin əmək haqlarının ödənilə bilməməsinə gətirib çıxara bilər. Bundan əlavə, ərizədə ərizəçi sanki artıq onun bank hesabları üzərində artıq maliyyə məhdudiyyətlərinin mövcud olması və bunun nəticəsində onun fəaliyyəti ilə bağlı çətinliklərin yarandığı imitasiyasını yaratmışdır, lakin bu iddiasını təsdiq edən hər hansı təsdiqedici məlumat və ya sənədləri belə məhkəməyə təqdim etməmişdir. Məhkəmə ziddiyyətli maraqların nələrdə ifadə olunduğunu və hansı səbəbdən iddiaçının maraqlarının üstün tutulmalı olduğunu əsaslandırmadan öz münasibətini bildirmişdir. İşin hallarından da göründüyü kimi, iddianın uğur ehtimalı aydın olmadığından, məhkəmə tərəflərin ziddiyyətli maraqlarını müqayisə etməlidir. Bir tərəfdə ərizəçinin bank hesablarından maneəsiz istifadə etmək və fəaliyyətini davam etdirmək marağı dayanır. Digər tərəfdə isə dövlət büdcəsi gəlirlərinin təmin edilməsi və mübahisənin davam etdiyi dövrdə borclunun aktivlərinin yayındırılmasının qarşısının alınması üzrə ictimai maraq durur. Bu maraqların tərəziləşdirilməsi təminat tədbirinin saxlanılması lehinədir. Belə ki, təminat tədbiri dayandırıldığı və cavabdeh işin mahiyyəti üzrə haqlı çıxdığı təqdirdə, dondurma aradan qaldırıldığından, borcun alınması mümkünsüz və ya xeyli çətin ola bilər ki, bu isə ictimai maraq baxımından məhz bərpası mümkün olmayan zərərdir. Bunun əksinə, ərizəçinin zərəri (iddia təmin edilmədiyi halda onsuz da ödəməli olacağı vəsaitin müvəqqəti dondurulması) onun xeyrinə həll edildikdə geri qaytarıla biləndir. Beləliklə, geri qaytarıla bilməyən risk ərizəçinin deyil, ictimai marağın tərəfindədir. Mütənasiblik baxımından da tədbir həddi aşmır: dondurulmuş ümumi məbləğ (3040,68 manat) müəyyən edilmiş gömrük borcunun məbləğinə bərabərdir, yəni təminat təmin edilən tələbdən artıq deyildir. Bu, təminat tədbirinin mütənasib olduğunu göstərir. Bundan əlavə, ərizəçinin tələbinin (və bank hesablarının dondurulmasına yönəlmiş sərəncamının icrası iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması) təmin edilməsi faktiki olaraq ona, işin tam araşdırılmasından əvvəl və müvəqqəti əsaslarla, məhz əsas iddia ilə əldə etmək istədiyi nəticəni - gömrük borcunun icra edilməməsini - bəxş edərdi. Geri qaytarıla bilən zərər şəraitində müvəqqəti müdafiənin əsas iddianın nəticəsini bu cür qabaqlaması yolverilməzdir. Yuxarıda qeyd edilənlərə əsasən hər iki tərəfin maraqları baxımından qiymətləndirmə aparıldıqda hazırkı halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə münasibətdə ərizənin əsaslı olmadığı müəyyən olunur. Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinə görə, vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 63.2-ci maddəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Göründüyü kimi, bank hesablarındakı əməliyyatların dondurulması vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmiş, habelə inzibati orqanın qərarından şikayət verilən zaman vergi ödəyicisinin vergilərin ödənilməsini dayandırmaması müəyyən edilmişdir. Ərizəçinin bank hesabına sərəncam qoyulmuşdur və hesab edir ki, bu qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Ərizəçi tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz ərizəyə uyğun əsaslandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. İşdən görünür ki, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən “avtomobillərin daxili park yerlərində hərəkətin idarə edilməsi üçün elektrik qurğuların hissələri” yükünün ##.##.2024-cü il tarixli, 01241000273576 sorğu nömrəli və ##.##.2024-cü il tarixli, 01241000105735 sorğu nömrəli gömrük bəyannamələri ilə “8530900000” kodu altında 5% rüsum dərəcəsi ilə rəsmiləşdirilmişdir. Aparılan araşdırmalar zamanı Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş və Ərizəçi MMC-nin ünvanına idxal edilən mallara dair təqdim edilmiş 01231000320759 sorğu nömrəli gömrük bəyannaməsində eyni malların XİFMN kodunun və tərkibinin dəqiqləşdirilməsi məqsədilə MMC tərəfindən Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət olunduğu və həmin İdarədən alınmış XM************ nömrəli, ##.##.2023-cü il tarixli ekspert rəyinə əsasən sözügedən malların XİFMN üzrə müxtəlif təsnifat kodları altında sinifləşdirildiyi və bəzi malların 15% rüsum dərəcəsinə cəlb olunmalı olduğu məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-****/***Q saylı "Gömrük borcunun yaranması haqqında" qərara əsasən Ərizəçi MMC-nin 3.040,68 manat gömrük borcunun olduğu aşkarlanmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-****/***Q saylı “Gömrük borcunun yaranması haqqında” qərarını mübahisələndirmişdir. Hazırda iddiaçı Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-****/***Q saylı “Gömrük borcunun yaranması haqqında” qərarının icrasının dayandırılmasını və digər hərəkətlərinin həyata keçirilməsinin cavabdehə qadağan edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, kiçik sahibkar kimi fəaliyyət göstərən müəssisənin bank hesabına sərəncam qoyulması onun işlərini həyata keçirməsinə maddi çətinlik törədəcəyi üçün hazırda ilkin təcili tənzimləmə zəruriliyi müəyyən olunmaqdadır. Hazırkı iş üzrə iddianın bilavasitə uğurluluq ehtimalı cavabdehlərin hərəkətlərinin “İnzibati icraat haqqında” Qanunun və digər qanunvericilik aktlarının tələblərinə uyğunluğunun yoxlanılmasından, aparılan inzibati icraatla bağlı normaların cavabdeh inzibati orqanlar tərəfindən pozulub-pozulmamasının müəyyənləşdirilməsindən asılıdır. İşin hazırkı mərhələsində iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, işin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyil. Bu səbəbdən İPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. Eyni zamanda, iddiaçı ərizəsini həmin sübutlara istinadla əsaslandırmamışdır. İddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Məhkəmə hər iki tərəfin maraqları baxımından qiymətləndirmə apardıqda müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-in: 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər; 41.1-ci maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır; 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 41.3-cü maddəsinə görə, məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər; 41.4-cü maddəsinə əsasən, inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır; 41.5-ci maddəsinə müvafiq olaraq, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Prosessual qanunvericiliyin tələbinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”. Həmçinin qeyd edilməlidir ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarı: “4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir” (“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2025-ci il tarixli ** nömrəli Qərarı ilə əlavə edilmişdir). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqedən görünür ki, ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Hazırkı halda ərizəçi tərəfindən belə bir təhlükənin reallaşmasının mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara biləcəyi və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə biləcəyi və ya xeyli dərəcədə çətinləşdirə biləcəyi ilə bağlı ilkin sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sərəncamlardan görünür ki, Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-****/***Q saylı "Gömrük borcunun yaranması haqqında" qərarının icrası ilə bağlı iddiaçının bank hesablarında olan pul vəsaitlərinə məhz 3.040,68 manat gömrük borcu həddində həbs qoyulmuş, həmin həddə pul vəsaiti dondurulmuşdur. Bu isə Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-****/***Q saylı "Gömrük borcunun yaranması haqqında" qərarının əsassız olduğu barədə məhkəmə aktı qəbul ediləcəyi və qanuni qüvvəyə minəcəyi təqdirdə qərarın icrasının mümkünsüz olması, ərizəçinin hüquqlarının bərpa edilməsinin mümkün olmayacağı ilə bağlı halların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqedən həmçinin müəyyən edilir ki, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda ərizənin təmin edilməsi gələcəkdə işə mahiyyəti üzrə baxılması yekunlaşdıqdan və Bakı Baş Gömrük İdarəsinin ##.##.2026cı il tarixli, *-**-****/***Q saylı "Gömrük borcunun yaranması haqqında" qərarının qanuni olması müəyyən edilməsi halında 3.040,68 manat gömrük borcunun iddiaçıdan tutula bilməsi ehtimalını risk altına alır. Belə ki, təminat tədbiri dayandırıldığı və cavabdeh işin mahiyyəti üzrə haqlı çıxdığı təqdirdə, dondurma aradan qaldırıldığından, borcun alınması mümkünsüz və ya xeyli çətin ola bilər ki, bu isə ictimai maraq baxımından məhz bərpası mümkün olmayan zərərdir. Halbuli, iddiaçının bank hesablarının 3.040,68 manat məbləği həddində dondurulması onun hazırkı fəaliyyətini iflic hala salmır. Həmçinin, iddia uğurlu olduğu halda ərizəçi tərəfindən yenidən bu pul vəsaitindən istifadə edilməsi mümkün olacaqdır. Ərizəçinin istinad etdiyi maliyyə çətinlikləri - əmək haqlarının ödənilməsində, vergi və sosial sığorta öhdəliklərinin icrasında, habelə kredit ödənişlərində yaranan çətinliklər hüquqi mənada bərpası mümkün olmayan zərər təşkil etmir və müvəqqəti müdafiə üçün müstəqil əsas kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə sərgilədiyi mövqe ilə razılaşmayaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi MMC-nin Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-****/***Q saylı "Gömrük borcunun yaranması haqqında" qərarının icrasının dayandırılması və cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə Ərizəçi MMC-nin bank hesablarının bloklanmasına, hesablar üzrə məhdudiyyətlərin tətbiqinə və ya digər icra hərəkətlərinin həyata keçirilməsinə yönəlmiş tədbirlər görməkdən çəkinmək vəzifəsinin qoyulması barədə müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizəsi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi MMC-nin Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, *-**- ****/***Q saylı "Gömrük borcunun yaranması haqqında" qərarının icrasının dayandırılması və cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə Ərizəçi MMC-nin bank hesablarının bloklanmasına, hesablar üzrə məhdudiyyətlərin tətbiqinə və ya digər icra hərəkətlərinin həyata keçirilməsinə yönəlmiş tədbirlər görməkdən çəkinmək vəzifəsinin qoyulması barədə müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Vidadi Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar