Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-166/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, pensiyadan tutulmanın dayandırılması və tutulmuş pensiyanının geri qaytarılması və cavabdeh tərəfindən ona verilməli olan 2019-cu ilin yanvar ayında 2021ci ilin sentyabr ayınadək verilməli olan pensiyanın tutularaq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Ərizəçi (iddiaçı) iddia ilə eyni vaxtda müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, məhkəmə baxışı sona çatanadək pensiyadan tutulmanın cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə iddiaçının ərizəsinə əsasən tələb “##.##.2023-cü il tarixli, *-**-*/*-Ə-******/**** saylı qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsi” kimi dəyişdirilmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı pensiyadan tutulmanın dayandırılması və tutulmuş pensiyanının geri qaytarılması və cavabdeh tərəfindən ona verilməli olan 2019-cu ilin yanvar ayında 2021-ci ilin sentyabr ayınadək verilməli olan pensiyanın tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, işə məhkəmədə baxılıb qurtaranadək cavabdeh tərəfindən pensiyasından tutulan tutulmalar dayandırılmalıdır. Cavabdeh inzibati orqanın müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəsinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, iddiaçının pensiyasından tutulmasının əsasında Mərkəzi Filialın ##.##.2023-cü il tarixli, *-**-*/*-Ə- ******/**** saylı inzibati aktı durur. Məcəllənin 40.1-ci maddəsində "və ya" bölüşdürücü bağlayıcısının işlədilməsi MXMT kimi iki tədbir üsulundan birinin seçilməsi kimi başa düşülməlidir. Iddiaçının hazırkı iddiasının növü mübahisələndirmə haqqında iddia növü olduğu nəzərə alınarsa, iddiaçı inzibati aktın icrasının dayandırılmasını tələb edə bilərdi. Iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırılmasının səbəbi onun əlilliyinin müddəti ##.##.2021-ci il tarixində bitməsi idi. Əlilliyin həmin tarixdə bitməsinə baxmayaraq iddiaçıya pensiya ödənişləri ##.##.2022-ci il tarixinədək davam etmişdir. Buna uyğun olaraq, iddiaçıya münasibətdə ##.##.2021-ci il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövrlər üzrə artıqödəmə müəyyən edilmişdir. Iddiaçının ##.##.2023-cü il tarixli, *-**-*/*-Ə******/*/**** saylı müraciətinə əsasən ##.##.2024-cü il tarixindən onun pensiyasından 10 faiz məbləğində tutulmalar aparılmaqdadır. Inzibati orqanın həmin hərəkətinin bir digər hüquqi nəticəsi kimi artıqödəmə müəyyən edilmiş və müvafiq qeyd Mərkəzi Filialın ##.##.2023-cü il tarixli, *-**-*/*-Ə-******/**** saylı inzibati aktında əks edilmişdir. Daha sonra pensiyadan tutulmaya dair hərəkətlərlə bağlı iddiaçı ##.##.2023cü il tarixli ərizəsi ilə razılıq vermiş və bunun əsasında iddiaçının pensiyasından ##.##.2024-cü il tarixindən etibarən pensiya məbləğinin 10 faizi miqdarında tutulmalar başlanılmışdır. "Pensiya" Alt sistemində Mərkəzi Filialının ##.##.2023-cü il tarixli inzibati aktına əsasən, Ərizəçi 2-ci qrup əlillik müddətinin ##.##.2021-ci il tarixində bitdiyi halda, "Pensiya" Alt sistemində müddətsiz qeyd edildiyindən ##.##.2021-ci il tarixindən ##.##.2022-ci il tarixinədək 2283,96 manat məbləğ artıqödəmə müəyyən olunmuşdur. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli, *-**-*/*-*- ****/**** saylı xidməti məktubuna əsasən artıq ödənilmiş 2283,96 manat məbləğ Mərkəzi Filialının ##.##.2023-cü il və ##.##.2025-ci il tarixli sərəncamlarına əsasən, ##.##.2021ci il tarixindən ##.##.2023-cü il tarixinədək hesablanmış 862,26 manat keçmiş dövr məbləğindən 157,44 manat, ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək hesablanmış 850,74 manat keçmiş dövr məbləğindən 78,76 manatla əvəzləşdirilmiş, 30,92 manat 2024-cü il yanvar ayının indeksasiya fərq məbləği üzrə və ##.##.2026-cı il tarixinə 905,74 manat tutulmuşdur. Vətəndaşın ##.##.2026-cı il tarixinə qalıq artıqödəmə məbləği 1111,10 manat təşkil edir. Iddianın uğurluluğu ilkin baxışdan bilinməlidir. Lakin, hazırkı iddianın uğurluluq ehtimalını ilkin baxışdan müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçının əlillik müddətinin bitdiyi, yəni ##.##.2021-ci il tarixindən ##.##.2022-ci il tarixinədək 8 aya yaxın müddət üzrə onun əlillik statusu aktiv qalmışdır. ##.##.1997-ci il tarixindən illərlə əlillik statusu almış və hər il müayinələrə getmiş bir şəxs kimi iddiaçının ##.##.2016-cı il tarxindən əlilliyinin müddətsiz təyin edilməsini düşünməsi üçün hər hansı bir əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiqlənmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 6.1-ci keçid müddəasına əsasən, əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Göründüyü kimi müvafiq müddətin uzadılması birbaşa qanunvericiliyin tələbi olmaqla baş vermişdir. Müddətsiz əlilliyin təyin edilməsi isə müayinə yolu ilə baş tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin "Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə" 2024-cü icmalının 74-cü bəndində qeyd edilmişdir ki, əvvəlki əlillik müddətləri və ardıcıllığı ilə bağlı şərtlər, növbəti qiymətləndirmə zamanı əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması şərti ilə məcmu şəklində ödənildiyi halda, əlillik müddətsiz təyin edilir. Nəticə etibarilə, iddiaçının ona müddətsiz əlilliyinin təyin edilməsinə dair ehtimalı və ##.##.2021-ci il tarixindən ##.##.2022-ci il tarixinədək əsassız vəsait əldə etməsi həmin dövrün qanunsuz olduğunu istisna etmir. Inzibati orqan müvafiq araşdırmanın hədlərini özü müəyyən etdiyindən və vaxtaşırı qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığını yoxlamaq hüququna malik olduğundan iddiaçıya münasibətdə həmin yanlışlıq aşkar edildiyi vaxtdan ilkin hərəkət göstərilərək pensiya ödənişi dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 8.2-ci maddəsinin tələbindən də aydın olur ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron Informasiya Sistemində (bundan sonra - MEIS) əlilliyi olan şəxslər barədə olan məlumata uyğun olaraq, Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 37.8-ci maddəsinə əsasən X1 tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik dayandırılır. Iddiaçıya münasibətdə də bu cür məlumat MEIS-də aşkar edildikdən sonra PAS tərəfindən vəsaitin ödənişi dayandırılmışdır. Cavabdeh orqan iddiaçının başqa sosial ödənişinin olmaması səbəbindən tutulma apara bilmədiyindən artıqödəməni əlillik yenidən təyin olunduqdan sonra müəyyən etmişdir. Göründüyü kimi inzibati orqan pensiya ödənişini davam etdirərkən qanunvericiliklə müəyyən edilmiş bir il müddəti ötürmədən pensiya ödənişini dayandırmışdır. Bundan başqa, iddiaçı ərizəsində qeyd etmişdir ki, ərizə ilə cavabdeh orqana müraciət etmiş və tutulmanın dayandırılmasını xahiş etmişdir. Buna uyğun olaraq inzibati orqan bildirmişdir ki, iddiaçının ##.##.2023-cü il tarixli razılıq ərizəsi əsasında, artıq ödənilmiş vəsait üzrə əmək pensiyadan tutulma hər ay 39,38 manat olmaqla davam etdirilir və artıqödəmə məbləği Mərkəzi Filialın hesabına tam bərpa olunanadək pensiyadan tutulma davam etdiriləcəkdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim L.S.Musayeva) müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsi barədə ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ərizəçi tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Inzibati Prosessual Məcəllənin tələbinə görə inzibati məhkəməyə məcburetmə haqqında (maddə 33), müəyyən etmə və tanınma haqqında (maddə 36), mübahisələndirmə haqqında (maddə 32) və öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair (maddə 34) iddia ilə məhkəməyə müraciət edilə bilər. Məcburetmə, mübahisələndirmə və tanınma haqqında iddialar hər hansı inzibati aktın qəbul edilməsi və ya edilməməsi qəbul edilmiş inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi barədə mübahisələrə aiddir. Ərizəçi isə cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tərəfindən verilmiş iddianın hər hansı inzibati aktın mübahisələndirilməsinə aiddiyyatı yoxdur. Çünki, ərizəçi inzibati orqana qarşı hər hansı inzibati aktın qəbul edilib-edilməməsinə və ya onun dəyişdirilib-dəyişdirilməsinə və ləğv edilməsinə dair mübahisə qaldırmamışdır. Ərizəçi sadəсə olaraq pensiya hüququnun cavabdeh tərəfindən pozulmasına dair mübahisə ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu isə hər hansı inzibati aktın mübahisələndirilməsi demək deyildir. Mübahisə inzibati orqana qarşı qaldırılsa da, sırf mülki xarakter daşıyır və ərizəçinin pozulmuş mülki hüquqlarının bərpasına yönəlmişdir. Məhkəmə isə heç bir əsas olmadan inzibati aktın mübahisələndirilməsinə dair maddələri qərardada köçürərək kiçik bir ərizəyə əsassız qiymət vermişdir. Ərizəçi pensiyanın tutulmasına razılıq versə də, sonradan razılıqdan imtina etməyi barədə cavabdehə müraciət etmişdir. Belə olan halda cavabdeh ancaq ərizəçidən artıq ödənilmiş pulun tutulması üçün məhkəməyə müraciət etməli idi. Ərizəçiyə artıq pensiyanın ödənilməsində heç bir təqsiri yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqindən imtina olunmasına dair gəldiyi yekun nəticə işin müəyyən edilmiş hallarına və hazırda qüvvədə olan prosessual hüquqi tənzimləməyə uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər həmin nəticənin dəyişdirilməsi üçün əsas yaratmır. Bununla yanaşı, müvəqqəti xarakterli müdafiə tədbirinin növünün düzgün müəyyənləşdirilməsi, ##.##.2023-cü il tarixli qərarın məzmunu ilə faktiki aparılan tutulmalar arasındakı hüquqi əlaqə, habelə tələb edilən tədbirin ərizəçinin hüquqi vəziyyətinə real təsir göstərib-göstərməyəcəyi məsələləri ayrıca qiymətləndirilməlidir. Iş materiallarından görünür ki, iddiaçı əsas iddia üzrə cavabdehin imtinasının əsassız hesab edilməsini, pensiyadan tutulmanın dayandırılmasını, tutulmuş pensiyanın geri qaytarılmasını və müəyyən dövr üzrə verilməli olduğunu bildirdiyi pensiya məbləğinin ona ödənilməsini tələb etmiş, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində isə işə baxılıb qurtaranadək pensiyasından tutulmanın cavabdehə qadağan edilməsini xahiş etmişdir. Sonradan ərizə üzrə tələb ##.##.2023-cü il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli qərarın icrasının dayandırılması kimi dəqiqləşdirilmişdir. Apellyasiya şikayətində isə ərizəçi hər hansı inzibati aktın ləğvini tələb etmədiyini, mübahisənin məhz pensiyadan aparılan tutulmanın dayandırılmasına yönəldiyini, buna görə də inzibati aktın icrasının dayandırılmasına dair müddəaların tətbiqinin düzgün olmadığını, habelə verdiyi razılığı sonradan geri götürmək hüququna malik olduğunu irəli sürür. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiənin iki fərqli formasını nəzərdə tutur: inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə, başqa sözlə, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş digər təminat tədbirlərini. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarının 2.2 və 2.3-cü bəndlərinə görə, inzibati aktın icrasının dayandırılması institutunun məqsədi əlverişsiz inzibati aktın çıxarılması ilə artıq hüquqa edilmiş müdaxiləni müvəqqəti dayandırmaqdan ibarətdir və bu icraat çərçivəsində yalnız həmin aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbir görülə bilər. Digər təminat tədbiri isə konkret inzibati aktın icrasını deyil, mövcud vəziyyətin müvəqqəti qaydada qorunmasını təmin edən başqa davranışın inzibati orqana qadağan edilməsini və ya müəyyən hərəkətin edilməsinin ona həvalə olunmasını ehtiva edə bilər. Bu baxımdan apellyasiya şikayətində ərizəçinin heç bir inzibati aktı mübahisələndirmədiyinə istinad etməsi öz-özlüyündə müvəqqəti hüquqi müdafiə imkanını aradan qaldırmır. Eyni zamanda bu dəlil mübahisənin, apellyasiya şikayətində qeyd olunduğu kimi, mülki xarakter daşıması nəticəsinə də gətirib çıxarmır. Mübahisə əmək pensiyasının hesablanması, artıq ödənilmiş pensiyanın müəyyənləşdirilməsi və dövlət sosial təminat orqanı tərəfindən həmin məbləğin pensiyadan tutulması ilə bağlı yaranmışdır. Hüquq münasibətinin bir tərəfində qanunla verilmiş publik səlahiyyəti həyata keçirən inzibati orqan çıxış edir və mübahisənin maddi-hüquqi əsasını sosial təminat qanunvericiliyi təşkil edir. Tutulan pul vəsaitinin şəxsin əmlak maraqlarına toxunması münasibəti mülki hüquq münasibətinə çevirmir. Əmlak hüququnun müdafiəsinin tələb edilməsi mübahisənin hüquqi təbiətini deyil, müdaxilənin təsir etdiyi subyektiv hüququ göstərir. Digər tərəfdən, inzibati məhkəmə iddiaçının öz tələbini hüquqi baxımdan necə adlandırması ilə mütləq şəkildə bağlı deyildir. Inzibati Prosessual Məcəllənin 13-cü maddəsi məhkəməyə aydın olmayan tələblərin dəqiqləşdirilməsində və yanlış iddia növlərinin münasib iddia növləri ilə əvəz olunmasında yardım etmək vəzifəsi qoyur. Buna görə də şəxsin tələb etdiyi faktiki hüquqi nəticə müəyyən edildikdən sonra həmin nəticəyə uyğun prosessual müdafiə formasının seçilməsi məhkəmənin hüquqi tövsif funksiyasına daxildir. Bununla belə, məhkəmənin yardım etmək vəzifəsi tərəfin tələb etmədiyi yeni maddi-hüquqi nəticəni onun iradəsindən kənar şəkildə formalaşdırmaq kimi başa düşülə bilməz. Məhz bu səbəbdən hazırkı işdə yalnız müvəqqəti tədbirin hansı maddəyə aid edilməsinin deyil, həmin tədbirin ərizəçinin istədiyi nəticəni real olaraq təmin etmək qabiliyyətinin qiymətləndirilməsi həlledici əhəmiyyət daşıyır. Bu kontekstdə ##.##.2023-cü il tarixli qərarın məzmunu xüsusi əhəmiyyət kəsb edir. Həmin sənəd “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərar” olmaqla, ərizəçinin əlillik müddətinin ##.##.2021-ci ildə bitdiyi halda PAS-da müddətsiz qeyd edilməsi səbəbindən ##.##.2021-##.##.2022-ci illər üzrə 2283,96 manat artıqödəmənin yarandığını müəyyən edir. Sənədin məzmununda ərizəçinin pensiyasından konkret olaraq 10 faiz tutulması, tutulmanın hansı tarixdən başlanılması və hansı qaydada davam etdirilməsi barədə ayrıca göstəriş müəyyən edilməmişdir. Əksinə, iş materialları göstərir ki, iddiaçı ##.##.2023-cü il tarixli ərizə ilə pensiyadan 10 faiz tutulmasına razılıq vermiş və məhz bundan sonra ##.##.2024-cü il tarixindən etibarən aylıq tutulmalar başlanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində artıq ödənilmiş pensiyanın pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda isə məhkəmə qaydasında tutulması müəyyən edilmişdir. Həmin Qanunun 39.2-ci maddəsi də aylıq tutulmanın ümumi qaydada ödənilməli pensiyanın 10 faizindən az, 20 faizindən artıq olmamasını nəzərdə tutur. Deməli, qanunverici razılığı və inzibati orqanın qərarını bir-birini tamamlayan hüquqi əsaslar kimi müəyyən etmişdir. Buna görə də ##.##.2023-cü il tarixli qərarın icrasının dayandırılmasının ümumiyyətlə heç bir hüquqi nəticə yarada bilməyəcəyini mütləq şəkildə söyləmək düzgün olmazdı: həmin qərar Qanunun 39.1-ci maddəsində nəzərdə tutulan və artıqödəmənin mövcudluğunu müəyyən edən inzibati qərar kimi tutulmanın hüquqi əsaslarından biri hesab edilərsə, onun icra qabiliyyətinin müvəqqəti aradan qalxması gələcək tutulmaların hüquqi əsasına təsir göstərə bilər. Lakin bu, hazırkı ərizənin təmin edilməsinin zəruriliyini təsdiq etmir. Belə ki, ##.##.2023-cü il tarixli qərarın özü 10 faizlik aylıq tutulmanı müəyyən edən sərəncam deyil. Konkret tutulmanın başlanması və onun 10 faiz miqdarında aparılması sonrakı ərizəçinin razılığına əsaslanan hüquqi və faktiki hərəkətlərin nəticəsidir. Bu səbəbdən yalnız ##.##.2023-cü il tarixli qərarın icrasının dayandırılması ərizəçinin verdiyi razılığı hüquqi dövriyyədən çıxarmır, artıq tutulmuş məbləğlərin geri qaytarılmasına səbəb olmur və 10 faizlik tutulmanın dayandırılmasını ayrıca və birbaşa müəyyən edən göstəriş yaratmır. Başqa sözlə, tələb edilən tədbirlə ərizəçinin nail olmaq istədiyi konkret nəticə arasında zəruri funksional uyğunluq tam şəkildə müəyyən olunmur. Ona görə də ərizəçinin əsl məqsədi məhz məhkəmə araşdırması davam etdiyi müddətdə aylıq 10 faizlik tutulmanın faktiki olaraq dayandırılmasıdırsa, həmin məqsədə mahiyyətcə daha uyğun müdafiə vasitəsi Inzibati Prosessual Məcəllənin 43-cü maddəsi mənasında cavabdehin müəyyən hərəkətləri etməkdən müvəqqəti çəkindirilməsinə yönəlmiş digər təminat tədbiri ola bilər. Lakin ərizəyə bu hüquqi konstruksiya üzrə qiymət verildiyi halda da onun təmin edilməsi üçün qanunda nəzərdə tutulan şərtlərin mövcudluğu müəyyən edilmir. Xüsusilə nəzərə alınmalıdır ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2025-ci il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklərdən sonra istər inzibati aktın icrasının dayandırılması, istərsə də digər təminat tədbirinin tətbiqi üçün iki şərtin məcmu halda mövcudluğu tələb olunur: ilkin təcili tənzimləmənin zəruri olması və əsas iddianın böyük ehtimalla uğurlu olması. Həmçinin, təcililik ilkin şərt kimi müəyyən edilmiş, məhkəmənin yalnız bu şərtin mövcudluğu qənaətinə gəldikdən sonra iddianın böyük ehtimalla uğurlu olub-olmadığını qiymətləndirməli olduğu göstərilmişdir. Təcililik mücərrəd şəkildə hər hansı pul məbləğinin tutulması faktından çıxarıla bilməz. Ali Məhkəmənin hazırkı izahına görə ərizəçinin fərdi vəziyyəti nəzərə alınmaqla onun hüquqi və ya faktiki vəziyyətinə əhəmiyyətli zərər vurulması təhlükəsi konkret faktlarla əsaslandırılmalı, müvəqqəti müdafiə görülmədikdə əvvəlki vəziyyətin bərpasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi müəyyən edilməlidir. Iş üzrə isə tutulma pensiyanın müəyyən hissəsi - 10 faizi həcmində aparılır. Ərizəçi bu tutulmanın məhz məhkəmə araşdırmasının başa çatmasını gözləməyə imkan verməyəcək dərəcədə ağır nəticə yaradacağını, onun minimum yaşayış ehtiyaclarını təmin etməsini qeyri-mümkün edəcəyini, sağlamlığına və ya başqa mühüm hüquqi marağına geri dönməz zərər vuracağını təsdiqləyən konkret sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi də gələcəkdə iddia təmin edilərsə, qərarın icrasını qeyrimümkün və ya xeyli dərəcədə çətinləşdirəcək nəticələrin, habelə bərpası mümkün olmayan zərərin müəyyən edilmədiyini əsaslı olaraq qeyd etmişdir. Burada mübahisə predmeti pul vəsaitidir və iddiaçının əsas iddiası təmin olunacağı təqdirdə tutulmuş məbləğlərin geri qaytarılması prinsip etibarilə mümkündür. Pul xarakterli hər bir müdaxilənin özlüyündə təcili təminat tədbirini zəruri etməsi qəbul edilərsə, qanunvericinin ayrıca müəyyən etdiyi təcililik meyarı faktiki olaraq əhəmiyyətini itirərdi. Əlbəttə, pensiya şəxsin yeganə yaşayış mənbəyi olduqda və tutulma konkret şəxsin minimum həyati ehtiyaclarının təmin olunmasını real təhlükə altına qoyduqda fərqli hüquqi qiymətləndirmə mümkün ola bilər. Hazırkı materiallarda isə bu cür fərdiləşdirilmiş və sübuta yetirilmiş hal müəyyən edilmir. Eyni zamanda əsas iddianın böyük ehtimalla uğurlu olması şərti də hazırkı mərhələdə təsdiqini tapmır. Iş materiallarında artıqödəmənin müəyyən edilməsi ilə bağlı inzibati qərar və ərizəçinin sonradan pensiyasından 10 faiz tutulmasına dair yazılı razılığı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi isə məhz belə razılığın mövcud olduğu halda artıq ödənilmiş pensiyanın inzibati orqanın qərarı əsasında tutulmasına yol verir. Bu mərhələdə həmin hüquqi vəziyyət qarşısında iddianın adi ehtimalla deyil, qanunun tələb etdiyi kimi böyük ehtimalla uğurlu olacağı barədə əsaslandırılmış qənaət formalaşdırmaq mümkün deyildir. Ali Məhkəmə Plenumunun izahına görə də “böyük ehtimal” yalnız ilkin araşdırma nəticəsində ərizəçinin əsas iddia icraatında qalib gələcəyinə dair obyektiv hallara söykənən əsaslandırılmış güman yarandıqda mövcud hesab olunur. Apellyasiya şikayətində ərizəçinin əvvəl verdiyi razılıqdan sonradan imtina edə bilməsinə istinad etməsi də bu mərhələdə başqa nəticəyə gəlməyə əsas vermir. Qanunun 39.1-ci maddəsi tutulma üçün pensiyaçının razılığını tələb etsə də, həmin norma verilmiş razılığın sonradan geri götürülməsinin artıq başlanmış tutulmaya hansı andan və hansı həcmdə təsir göstərməsini ayrıca tənzimləmir. Buna görə də ərizəçinin sonrakı müraciətinin razılığın geri götürülməsi kimi hüquqi mahiyyəti, belə geri götürmənin yalnız gələcək tutulmalara, yaxud əvvəlki razılıq əsasında artıq başlanmış icraya da təsir edibetməməsi və cavabdehin bundan sonra yalnız məhkəmə qaydasında tələb irəli sürməli olub-olmaması məhz əsas mübahisədə tam araşdırılmalı olan məsələlərdir. Mübahisənin mahiyyətini təşkil edən belə mübahisəli hüquqi məsələni ərizəçinin xeyrinə əvvəlcədən həll etməklə müvəqqəti tədbirin tətbiqi üçün böyük ehtimal yaratmaq mümkün deyildir. Eyni səbəbdən apellyasiya şikayətində ərizəçinin qanunazidd hərəkət etmədiyinə və “Əmək pensiyaları haqqında” Qanunun məsuliyyətə dair müddəalarına istinadı da müvəqqəti müdafiə məsələsinin həlli üçün həlledici sayıla bilməz. Qanunun 39.1-ci maddəsi artıq ödənilmiş pensiyanın geri alınmasını yalnız pensiyaçının təqsirinin mövcudluğu ilə şərtləndirmir. Artıqödəmənin yaranmasında inzibati orqanın informasiya sistemindəki məlumatın, orqanın öz fəaliyyətinin və ya pensiyaçının davranışının hansı rol oynaması əsas iddia üzrə artıqödəmənin hüquqi taleyinə qiymət verilərkən araşdırıla bilər, lakin təqsirin olmaması öz-özlüyündə həmin maddənin tətbiqini istisna edən hal deyildir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin mübahisənin mahiyyəti barədə əvvəlcədən mövqe bildirməsinə dair dəlili də əsaslı sayıla bilməz. Inzibati Prosessual Məcəllənin 41.2-ci maddəsi və Ali Məhkəmə Plenumunun izahları məhkəmənin müvəqqəti müdafiə mərhələsində işin faktiki və hüquqi hallarını ilkin qaydada qiymətləndirməsini və iddianın böyük ehtimalla uğurlu olub-olmaması barədə proqnoz xarakterli qənaət formalaşdırmasını birbaşa tələb edir. Bu qənaət yekun hüquqi nəticə deyil və əsas iş üzrə sonrakı tam araşdırmanın nəticəsini qabaqcadan müəyyən etmir. Buna görə də məhkəmənin artıqödəmənin yaranma səbəblərini, razılıq ərizəsini və qanuni tənzimləməni ilkin qaydada qiymətləndirməsi mübahisənin mahiyyətinin vaxtından əvvəl həll edilməsi kimi qəbul edilə bilməz. Nəticə etibarilə, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə hansı hüquqi konstruksiya üzrə yanaşılmasından asılı olmayaraq onun təmin edilməsi üçün zəruri şərtlər mövcud deyildir. Əgər tələb ##.##.2023-cü il tarixli inzibati aktın icrasının dayandırılması kimi qiymətləndirilirsə, həmin aktın məzmunu konkret 10 faizlik tutulmanı birbaşa müəyyən etmədiyindən tələb edilən tədbirlə ərizəçinin nail olmaq istədiyi hüquqi nəticə arasında yetərli uyğunluq ayrıca təsdiq olunmur və, bundan əlavə, təcililik və iddianın böyük ehtimalla uğurlu olması şərtləri sübuta yetirilməmişdir. Əgər ərizəçinin ilkin iradəsinə uyğun olaraq tələb cavabdehə pensiyadan tutulmanı müvəqqəti qadağan edən Inzibati Prosessual Məcəllənin 43-cü maddəsi üzrə digər təminat tədbiri kimi qiymətləndirilirsə, nəticə yenə dəyişmir: bərpası mümkün olmayan və ya xeyli dərəcədə çətinləşəcək zərər təhlükəsi göstərilməmiş, əsas iddianın böyük ehtimalla uğurlu olmasını təsdiq edən kifayət qədər ilkin hüquqi və faktiki əsas müəyyən edilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin əsaslandırmasının ayrı-ayrı ifadələrinin dəqiqləşdirilməsinə ehtiyac olsa da, ərizənin rədd edilməsi barədə gəldiyi yekun nəticə düzgündür. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №15(3-6)-166/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-166/2026
03.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver