Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-179/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı (ərizəçi) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN HALLARI
1. “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli, 3-21-2-3/2- *******/**** nömrəli qərardan görünür ki, 2024-cü il üzrə gəlir vergisi ilə bağlı vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində Ərizəçi İdris oğluna 17753,47 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablanmışdır. Həmin qərarda əlavə verginin hesablanmasının əsası kimi əlaqəli məlumatlar əsasında son 3 il ərzində 266302 manat məbləğin bank hesabına mədaxil olmasının müəyyən edilməsinə baxmayaraq, tərəfindən gəlir vergi bəyannaməsinin vergi orqanına təqdim edilmədiyi göstərilmişdir.
2. Ərizəçi İdris oğluna (VÖEN: **********) aid ##.##.2026-cı il tarixli şəxsi hesab vərəqinin surətindən görünür ki, onun ##.##.2026-##.##.2026-cı ili əhatə edən dövr üzrə cəmi ödənilməli borc məbləği 24233,47 manat müəyyən edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Ərizəçi İdris oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli *-**-*-*/*-*******/**** nömrəli qərarının qanunsuz hesab edilməsi və ləğv edilərək həmin qərarla hesablanmış gəlir vergisi borcunun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Həmçinin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi İdris oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı hazırkı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və onun tabeliyində olan aidiyyəti struktur bölmələrinin üzərinə iddiaçı Ərizəçi İdris oğluna məxsus **-QD-*** dövlət qeydiyyat nişanlı “X1" markalı və 99- DG-950 dövlət qeydiyyat nişanlı "Opel Zafira" markalı nəqliyyat vasitələrinin siyahıya alınması, üzərinə həbs qoyulması, onların özgəninkiləşdirilməsinə və ya məcburi icraya yönəlmiş hər hansı tədbirlərin həyata keçirilməsi ilə bağlı hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli *-**-*-*/*-*******/**** nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın qanunsuz hesab edilərək ləğv olunması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş və hazırda həmin iddia Bakı İnzibati Məhkəməsinin icraatında olan e-*-*(*-*)-****/**** saylı iş üzrə baxılmaqdadır. Hazırda cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar əsasında iddiaçının adına əsassız şəkildə vergi borcu formalaşdırılmış, həmin borc üzrə faizlərin hesablanması davam etdirilmiş və vergi qanunvericiliyindən irəli gələn icra mexanizmlərinin tətbiq olunması üçün hüquqi şərait yaradılmışdır. Vergi borcunun şəxsi hesab vərəqəsində mövcud olması səbəbindən istənilən vaxt vergi orqanı tərəfindən "İcra haqqında" Vergi Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçının əmlakının siyahıya alınması, üzərinə həbs qoyulması, sonrakı mərhələdə isə həmin əmlakın realizə olunmasına yönəlmiş tədbirlərin görülməsi real və yaxın təhlükə kimi mövcuddur. İddiaçının mülkiyyətində aşağıdakı nəqliyyat vasitələri mövcuddur: **-QD-*** dövlət qeydiyyat nişanlı "X1" markalı yük avtomobili; **-DG-*** dövlət qeydiyyat nişanlı "Opel Zafira" markalı minik avtomobili. Hazırda cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli qərar hüquqi qüvvədə qaldığından həmin nəqliyyat vasitələrinin vergi borcunun təminatı məqsədilə siyahıya alınması, üzərinə həbs qoyulması və sonrakı mərhələdə məcburi icra tədbirlərinə cəlb olunması tam real ehtimal təşkil edir. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək belə tədbirlərin həyata keçirilməsi iddiaçının mülkiyyət hüququna son dərəcə ciddi müdaxilə olmaqla yanaşı, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının səmərəli icrasını da faktiki olaraq mənasız vəziyyətə sala bilər.
6. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə ərizəyə baxıldığı anda mövcud olan faktiki vəziyyətə əsaslanaraq belə nəticəyə gəlir ki, ərizəçiyə məxsus nəqliyyat vasitələri barəsində konkret təminat və ya məcburi icra tədbirinin həyata keçirildiyi və ya belə tədbirin görülməsinin real və yaxın olduğu müəyyən edilmir. Bu səbəbdən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının və ya bərpa edilməsinin mümkün olmayacağı, yaxud xeyli dərəcədə çətinləşəcəyi barədə əsaslandırılmış qənaətə gəlmək mümkün deyildir və İPM-in 43.1.1-ci maddəsi ilə tələb olunan ilkin təcili tənzimləməyə zərurət mövcud deyildir.
8. İddiaçı (ərizəçi) apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
c) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə oxşar əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya baxışı zamanı qarşı tərəf yazılı münasibət təqdim etməmişdir.
e) Prosses iştirakçılarının izahatları
11. Məhkəmə məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 16.3 və 81.3cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı, etiraz və mülahizələri Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərə bilmələri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir.
12. Belə ki, İnzibati Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: … Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
14. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı . 4.1-1-ci bəndində göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2 və 4.1-3-cü bəndlərində qeyd olunur ki, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. İddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.3. Məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydada ərizə verən şəxslər ağlabatan müddət ərzində əsas iddianın özünün qaldırılmasına yönəlmiş konkret hərəkətlər etməlidirlər. Belə ki, iddia vermək istəməyən şəxsin müvəqqəti xarakterli müdafiə tədbirindən istifadə etməsinə hüquqi marağı yaranmır. 4.4. İddia qaldırılanadək verilmiş ərizələr üzrə çıxarılmış təminat tədbirlərinin tətbiqi haqqında qərardadlardan verilmiş şikayətlər əsasında iş yuxarı instansiya məhkəməsinin icraatında olduqda, iddianın özünün qaldırılmadığı halından çıxış etməklə təminat tədbirinə dair qərardad ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.8. İnzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
Apellyasiya baxışının hədləri
15.Apellyasiya şikayətində ərizəçi tərəfindən qərardad tam olaraq mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 16.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə ərizəçi subyektiv hüquqa malikdir.
18. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən ərizəçi ilkin təcili tənzimləmənin zəruriliyini onunla əsaslandırır ki, mübahisələndirilən ##.##.2026-cı il tarixli
26. qərar əsasında onun şəxsi hesab vərəqəsində vergi borcu mövcuddur və buna görə də vergi orqanı gələcəkdə ona məxsus **-QD-*** dövlət qeydiyyat nişanlı “X1” və **-DG-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı nəqliyyat vasitələrini siyahıya ala, onların üzərinə həbs qoya və sonrakı mərhələdə həmin əmlakı məcburi icraya yönəldə bilər.
19. Məhkəmə Kollegiyası iş materiallarını bu dəlil baxımından qiymətləndirərək müəyyən edir ki, ##.##.2026-cı il tarixli şəxsi hesab vərəqində ərizəçinin vergi borcunun mövcudluğu göstərilsə də, həmin hal özlüyündə ərizədə qeyd edilən nəqliyyat vasitələri barəsində siyahıyaalma, həbs, özgəninkiləşdirmənin məhdudlaşdırılması və ya məcburi icra tədbirinin həyata keçirildiyini, yaxud belə tədbirin görülməsinə bilavasitə başlanıldığını təsdiq etmir.
20. İş materiallarında cavabdeh inzibati orqan tərəfindən ərizəçiyə məxsus qeyd olunan nəqliyyat vasitələrinin siyahıya alınması və ya üzərinə həbs qoyulması barədə qəbul edilmiş hər hansı qərar, göndərilmiş bildiriş, tələb və ya digər sənəd, habelə həmin əmlaka münasibətdə konkret icra hərəkətinə başlanıldığını təsdiq edən sübut mövcud deyildir. Ərizəçi tərəfindən də belə bir tədbirin görülməsinin artıq planlaşdırıldığını və ya onun həyata keçirilməsinin yaxın zamanda qaçılmaz olduğunu göstərən ilkin sübut təqdim edilməmişdir.
21. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Vergi borcunun mövcudluğunun qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra və təminat mexanizmlərinin gələcəkdə tətbiqinə hüquqi imkan yaratması ilə həmin tədbirlərin konkret əmlaka münasibətdə faktiki olaraq həyata keçirilməsinə başlanılması birbirindən fərqləndirilməlidir.
22. Belə ki, birinci hal gələcəkdə baş verə biləcək hüquqi ehtimalı ifadə etdiyi halda, İPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulan ilkin təcili tənzimləmə zərurətinin mövcudluğu üçün ərizəyə baxıldığı anda hüquqların qorunmasını tələb edən kifayət qədər konkret və yaxın təhlükə müəyyən edilməlidir.
23. Hazırkı halda isə ərizəçinin dəlilləri mahiyyət etibarilə vergi borcunun mövcud olduğu müddətdə qanunvericiliklə nəzərdə tutulan icra tədbirlərinin gələcəkdə tətbiq edilə bilməsi ehtimalına əsaslanır. Belə ehtimalın mövcudluğu isə əlavə konkret faktiki hallarla təsdiq edilmədiyi şəraitdə, mövcud vəziyyətin yaxın zamanda dəyişəcəyini və məhkəmənin dərhal müdaxilə etmədiyi halda ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağını və ya xeyli dərəcədə çətinləşəcəyini qəbul etmək üçün kifayət etmir.
24. Bundan başqa, ərizəçi avtomobillərin siyahıya alınması və ya üzərinə həbs qoyulması ehtimalına istinad etsə də, belə tədbirlərin məhz hazırkı mərhələdə həyata keçirilməsi təhlükəsinin nədən irəli gəldiyini və məhkəmənin dərhal müdaxiləsi olmadıqda onun hüquqlarının sonradan hansı səbəbdən qoruna və ya bərpa edilə bilməyəcəyini konkret faktlarla əsaslandırmamışdır. Halbuki İPM-in 43.2-ci maddəsinə əsasən, məhz bu halları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etmək vəzifəsi ərizəçinin üzərinə düşür.
25. Məhkəmə Kollegiyası, həmçinin nəzərə alır ki, ərizəçinin tələbi artıq başlanılmış konkret icra hərəkətinin dayandırılmasına deyil, cavabdehin və onun tabeliyində olan aidiyyəti struktur bölmələrinin üzərinə gələcəkdə ərizəçiyə məxsus nəqliyyat vasitələrinin siyahıya alınması, üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsi və ya məcburi icraya yönəldilməsi ilə bağlı hər hansı hərəkəti etməkdən çəkinmək vəzifəsinin qoyulmasına yönəlmişdir. Konkret və yaxın təhlükənin müəyyən edilmədiyi şəraitdə gələcəkdə həyata keçirilməsi mümkün olan bütün bu hərəkətlərin qabaqcadan qadağan edilməsi İPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulan ilkin təcili tənzimləmə zərurəti ilə əsaslandırıla bilməz. Odur ki, məhkəmə ərizəyə baxıldığı anda mövcud olan faktiki vəziyyətə əsaslanaraq belə nəticəyə gəlir ki, ərizəçiyə məxsus nəqliyyat vasitələri barəsində konkret təminat və ya məcburi icra tədbirinin həyata keçirildiyi və ya belə tədbirin görülməsinin real və yaxın olduğu müəyyən edilmir. Bu səbəbdən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının və ya bərpa edilməsinin mümkün olmayacağı, yaxud xeyli dərəcədə çətinləşəcəyi barədə əsaslandırılmış qənaətə gəlmək mümkün deyildir və İPMin 43.1.1-ci maddəsi ilə tələb olunan ilkin təcili tənzimləməyə zərurət mövcud deyildir.
27. Bununla yanaşı, İPM-in 43.1.2-ci maddəsində nəzərdə tutulmuş ikinci şərt baxımından da məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarla vergi orqanı əlaqəli məlumatlara əsaslanaraq son üç il ərzində ərizəçinin bank hesabına 266.302 manat məbləğində vəsaitin mədaxil edildiyini müəyyən etmiş və bunun əsasında 17.753,47 manat gəlir vergisi hesablamışdır. Həmin vəsaitlərin hüquqi xarakterinin, vergitutma obyekti olubolmamasının, vergi orqanının istifadə etdiyi məlumatların mötəbərliyinin və aparılmış hesablamanın qanuniliyinin müəyyən edilməsi əsas inzibati iş üzrə araşdırılmalı məsələlərdir.
28. Ali Məhkəmə Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli Qərarında ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla, müvəqqəti xarakterli müdafiə mərhələsində həmin məsələlər yalnız “ilk baxışda” (prima facie) qiymətləndirilə bilər. İşin hazırkı mərhələsində təqdim edilmiş ilkin sübutlar isə mübahisələndirilən inzibati aktın aşkar hüquqa zidd olduğu və bununla əlaqədar əsas iddia tələbinin böyük ehtimalla uğurlu olacağı barədə əsaslandırılmış proqnoz formalaşdırmağa kifayət etmir.
29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə həm İPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin təcili tənzimləmənin zəruriliyi, həm də İPM-in 43.1.2-ci maddəsində nəzərdə tutulmuş ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini əsaslandıracaq səviyyədə müəyyən edilməmişdir.
30. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Ərizəçi İdris oğlunun müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməməlidir.
31. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq və apellyasiya şikayətinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə oxşar əsaslandırıldığını nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.