Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-59/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Idarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətinin qanunsuz hesab edilməsi, Xəstəliyi ilə (anadangəlmə “ürək çatmamazlığı”) əlaqədar olaraq cavabdeh tərəfindən barəsində qəbul olunmuş yekun müayinə aktı barədə qərarın ləğv edilməsi və tərəfindən təqdim olunmuş tibbi sənədlərə əsasən xəstəliyi ilə bağlı yenidən müayinə aparılaraq diaqnoz qoyulması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı (ərizəçi) eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tərəfindən “Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qərarın ləğv edilməsi” barədə olan iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsinin barəsində “müvəqqəti xarakterli müdafiə tədbiri” tətbiq edilməsi və həqiqi hərbi xidmətə çağırılmağının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Iddiaçı (ərizəçi) ərizəni dəqiqləşdirərərək cavabdehin yekun tibbi rəyə dair qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Aygün Əhədova) **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərardad qəbul edilərkən bir sıra maddi və prosesual huquq normalarının tələbləri pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iş materiallarında olan sənədlər, habelə maddi hüquq normalarının məzmunu sadalansa da, həmin sübutlara düzgün hüquqi qiymət verilməmiş və nəticədə MXMT barədə ərizənin təmin olunmaması barədə qərardad qəbul edilmişdir. Ona görə də qərardad tam ləğv edilməli və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin belə nəticəyə gəlməsinə qəti surətdə etiraz edir. Belə ki, iddiaçı cavabdehə qarşı iddia tələbində xəstəliyi ilə (anadangəlmə “ürək çatmamazlığı”) əlaqədar olaraq cavabdeh tərəfindən barəsində qəbul olunmuş yekun müayinə aktı barədə qərarın ləğv edilməsi və tərəfindən təqdim olunmuş tibbi sənədlərə əsasən xəstəliyi ilə bağlı yenidən müayinə aparılaraq diaqnoz qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə baxılmadan adı çəkilən qərardadda artıq hakim heç bir araşdırma aparmadan iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Hazırkı ərizəsində (MXMT) isə həmin iddia tələbinə baxılanadək üçüncü şəxs (SHXÇDX-nin Füzuli rayon Şöbəsi) tərəfindən hərbi xidmətə çağırılmağının dayandırılmasını xahiş etmişdir. Məhkəmə əsas iddia ərizəsi üzrə heç bir araşdırma aparmadan və heç bir ekspertiza rəyi olmadan belə nəticəyə gəlir ki, böyük ehtimalla iddia ərizəsi uğurlu olmayacaq. Halbuki, bundan öncə iddiaçı üçün ilkin təcili tənzimləmə zəruridir. Belə ki, hərbi xidmətə göndərildikdən sonra əsas iddia tələbinə baxılmasının heç bir mənası olmayacaqdır. Məhz bu fakt təcili tənzimləmənin zəruri olmasını təsdiq edir. Ona görə də hesab edir ki, hazırkı vəziyyətdə MXMT barədə ərizəsi təmin edilməli və əsas iddia ərizəsinə baxılıb qurtaranadək hərbi xidmətə çağırılmağı dayandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli qərarı: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-*/*-H-****/**** nömrəli məktubunda bildirilmişdir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi muayinəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra Xidmət) tərəfindən rəsmiləşdirilən göndərış (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Daxil olmuş ##.##.2026-cı il tarixlı göndərişdə "Ürəyin digər revmatik xəstəliklən diaqnozu əsasında "B" (sıradankənar hərbi xidmətə yararlı) kateqoriyası qeyd edilmişdir. Agentlikdə həyata keçirilmiş yekun tibbi müayinə gedişində aparılmış obyektiv instrumental (EKQ, EXO) və laborator müayinələrin nəticələrinə əsasən "Mitral qapağın hər iki tayının 1 prolapsı" və "Yüngül dərəcəli zülal-enerji çatışmazlığı, zəif qidalanma" diaqnozları təyin edildiyi üçün göndərişdə göstərilən yararlılıq səbəbinin eyni kateqoriya uzra təsdiqlənməsinə dair qərar qəbul edilmiş və şəhadətləndirilməniz üçün Xidmətə göndərilmişdır. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlik tərəfindən yaradılan Apellyasiya Şurasına və ya məhkəmə qaydasında şikayət verilə bilər. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi verilmiş Çağırış Vərəqəsinə əsasən Ərizəçi ##.##.2026-cı il tarixdə 09:00-da hərbi xidmətə yola düşmək üçün rayon çağırış məntəqəsinə gəlməsi tələb olunmuşdur. Yerli Çağırış Komissiyasının Qərarına əsasən 39C-ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri-c) yüngül dərəcəli ürək çatışmazlığı ilə. 17Ç-somatoform və nevrotik pozuntular (stresslə bağlı, təşviş, qorxu, obsessiv-konvulsiv, travma hadisəsi ilə və stresslə bağlı pozulmalar, somatoform, dissosiativkonversion və bunların alt tipləri, turett sindromu), nitq pozulmaları: ç) sağalma ilə nəticələnmiş nevrotik pozuntular. Rəy-C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı. MHHK sədrinin rəyi: 39Ç-ürəyin revmatik və qeyrirevmatik xəstəlikləri-ç) sol mədəciyin simptomsuz disfunksiyası ilə. Rəy: B-sıradankənar həqiqi hərbi xidmətə yararlı. DTSERA yekun rəyi: 39Ç-ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri-ç) sol mədəciyin simptomsuz disfunksiyası ilə. Rəy: B-sıradankənar həqiqi hərbi xidmətə yararlı. MHHK sədrinin yekun qərarı: 39Ç-ürəyin revmatik və qeyri revmatik xəstəlikləri-ç) sol mədəciyin simptomsuz disfunksiyası ilə; 13D-endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: d)zəif qidalanma, II dərəcəli alimentar piylənmə. Rəy: B-sıradankənar həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik şərtinin mövcudluğu qənaətinə gəlindiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparılmalıdır. Qeyd edilməlidir ki, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalıdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Həmin təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Hazırki halda ərizəçi mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halını konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandıra bilməmiş, həmçinin ilkin təcili tənzimləmənin zəruri olması ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən də belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməyə əsas vermir. Belə ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli qərarının 11.24-cü bəndindən də görünür ki, ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməlidir. Lakin ərizəçi tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və ərizəsi əsaslandırılmamışdır. Iddiaçı tərəfin təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X1 Exodopplerkardioqrafiya Müayinəsi nəticəsində iddiaçının “Mitral qapağın zəif fibrozu, prolapsı və çatmamazlığı, üçtaylı qapağın zəif prolapsı və min çatmamazlığı” diaqnozu qoyulduğu qeyd edilmişdir. Müayinə nəticələrində AS 35% (norma 27-41%), VF 63% (norma 54-73%), Aortal qaraq (AV) Komissuraların bitişməsi, üçtaylı qapaq (TV) 1. Norma, qalınlaşma, 2. Tayların fibrozu, 3. Kalsinoz İ ; II ; III dərəcə, 4. Requsgitasiya yox; İ; II; III; IV dərəcə, 5. Təzyiqlər fərqi (№-2-10 mm c.st), 1. Norma, qalınlaşma və digər göstəricilərin norma daxilində olduğu qeyd edilmişdir. Hazırkı halda yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən iddiaçı dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilsə də, Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2026-cı il tarixli rəyinə əsasən sıradankənar həqiqi hərbi xidmətə yararlı; DTSERA-nın yekun rəyinə əsasən sıradankənar həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Beləliklə, iddiaçının Mərkəzi Hərbi Həkim Komissiyasının və DTSERA-nın yekun rəyinə əsasən sıradankənar həqiqi hərbi xidmətə yararlı hesab edildiyini və bunun əksini təsdiq edən sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq iddianın böyük ehtimalla uğurluluğunun mövcudluğu müəyyən edilmir. Beləliklə, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə qərardadın qəbul edilməsi üçün əsaslar yuxarıda qeyd olunan qanunvericilik normalarında sadalanmışdır və həmin əsasların mövcud olmaması məhkəmə tərəfindən müəyyən edilmişdir. Iddiaçı isə qeyd olunan əsasların mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əsaslar mövcud olmadığı halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi isə əsassızdır. Belə olan halda ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-59/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-59/2026
04.05.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver