Məhkəmə qərarları › İş №15(3-6)-71/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-71/2026

03.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-71/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Ərizəçi “hərbi xidmətə aparılmasının müvəqqəti qadağan edilməsi” haqqında müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin gəldiyi nəticəyə uyğun olaraq müayinələrin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. (iş № *-1(4-6)-4719/2026). Məhkəmənin müvafiq qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Iddiaçı eyni zamanda məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, işə baxılıb yekun məhkəmə aktı qəbul olunana qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən verilmiş hərbi xidmətə çağırışın dayandırılması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Nərimanov rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Idarəsi tərəfindən ##.##.2026-cı il tarixdə hərbi xidmətə yollanması ilə bağlı çağırış vərəqəsi göndərilmişdir. Qeyd edilmişdir ki, Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 müayinədən keçmiş və ona hər iki pəncənin anadangəlmə boş pəncəliliyi diaqnozu qoyulmuşdur. Eyni zamanda Ərizəçi müayinədən keçmək üçün “StarLab” Klinikasına müraciət etmişdir. Həmin klinika tərəfindən verilən ************* nömrəli, ##.##.2026-cı il tarixli müayinə nəticəsi haqqında arayışda da “Sol ayaq pəncənin ön və yan yönlü R-qramması zamanı aşıq-baldır, aşıq-qayığabənzər, metatarsophalangeae oynaqların sümüklər arasında oynaq yarığının daalması izlənmir. Lateral proyeksiyada qayığa bənzər sümüyün subxondral sklerozu müşahidə olunur. Destruktiv dəyişikliklər, sümük tamlığının pozulması izlənilmir. Sümük strukturu saxlanılıb ostepeniya əlamətləri qeyd edilmir. 5-ci daraq sümüyün hipoplaziyası və poliplyusneviya anomaliyası 4-cü daraq sümük proksimal hissəsi ilə sinxondaroz tipli bitişmə yaradaraq pəncə deformasiyasını formalaşdırıb. Daban sümüyün qabarığın mahmızı formalaşmayıb. Nəticə: Sol ayaq pəncənin 5-ci daraq sümüyün hipoplaziya və poliplyusneviya anomaliyası əlamətləri.” olduğu qeyd edilmişdir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Anar Musa oğluna ünvanladığı *-**-*/*-M-****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubunda “Agentlikdə həyata keçirilmiş yekun tibbi müayinə gedişində aparılmış obyektiv va instrumental (Rentgen) müayinələrinin nəticələrinə əsasən "Funksiyanın pozulması olmayan obyektiv əlamətlər ilə sol ayağın V daraq sümüyünün anadangəlmə deformasiyası" və "Sol pəncənin alt hissəsinin yumşaq toxumasının yenitörəməsi" diaqnozları təyin edildiyi üçün göndərişdə göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsinə dair qərar qəbul edilmiş (Ixtisaslaşmış tibb müəssisəsində (MOM) ətraflı müayinə keçməyi tövsiyə olunur) və şəhadətləndirilməniz üçün Xidmətə göndərilmişdir.” deyə qeyd olunmuşdur. Lakin Nərimanov rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Idarəsi tərəfindən bu məktuba əsasən müayinələrinin aparılmasını təmin etmədən hərbi xidmətə aparmaq cəhdi göstərilir. Hansı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabitilasiya Agentliyinin iddiaçının ixtisaslaşmış tibb müəssisəsində (MOM) ətraflı müayinə keçməli olduğunu tövsiyə etdiyi halda, Nərimanov rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Idarəsi iddiaçıya çağırış göndərir. Göründüyü kimi cavabdehin iddiaçını müayinəyə göndərmədən hərbi xidmətə çağırması tam qanunsuzdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabitilasiya Agentliyinin gəldiyi nəticəyə uyğun olaraq müayinələrin davam etdirilməsi öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Idarəsinin üzərinə qoyulması barədə iddia qaldırılmışdır. Ərizəçi hesab edir ki, sözügedən iddiaya baxılıb qurtaranadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən verilmiş çağırış dayandırılmalıdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunması məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən ərizəyə münasibət bildirilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ərizəyə qarşı təqdim edilmiş yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, iddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən C kateqoriyasına uyğun qiymətləndirilmişdir. AR ƏƏSMN tabeliyində dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin qərarı ilə SHXÇDX tərəfindən göndərilən XBT kodu üzrə diaqnoz Ç - Fərqli kateqoriya üzrə təsdiqlənmişdir. Qeyd edilənləri nəzərə alaraq, tələbin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim T.Məlikov) ərizə qismən təmin edilərək, Ərizəçi 2026-cı ilin aprel çağırışı üzrə hərbi xidmətə aparılması (2026-cı ilin iyul çağırışınadək) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinə qadağan edilmişdir. Qərardaddan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində bir sıra qanunvericilik normalarına istinad edilərək qeyd edilmişdir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bu səbəbdən hesab edirlər ki, Bakı inzibati Məhkəməsinin ## ##### 2026cı il tarixli, 15(4-6)- ***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv edilməlidir. Əlavə olaraq bildirilmişdir ki, bu kimi əsassız və qanunsuz məhkəmə aktlarını qəbul etməklə məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar ölkə xaricində olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə ərizəçinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Məhkəmə kollegiyası ərizəni və işə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilkin olaraq ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, ərizəçinin (iddiaçının) məqsədi Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli yekun tibbi müayinə barədə qərarı ilə ona “Ç” kateqoriyası üzrə 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilməsinə, habelə müəyyən edilmiş xəstəliyi üzrə ixtisaslaşmış tibb müəssisəsində (MOM) ətraflı müayinədən keçməsi və şəhadətləndirilməsi üçün Xidmətə göndərilməsinə baxmayaraq, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən bu istiqamətdə hər hansı tədbir görülmədən onun hərbi xidmətə yararlı hesab edilərək çağırılması barədə qərarın ləğv edilməsindən, eləcə də cavabdeh tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması üçün sənədlərinin Agentliyə göndərilməsinin təmin edilməsindən ibarətdir. Bununla yanaşı ərizə ilə müraciət edilərək əsas tələb üzrə yekun məhkəmə aktı qəbul edilənədək hərbi xidmətə çağırılmanın dayandırılmasını xahiş edilir. Ərizəçi subyektiv hüquqa malik olmaqla yanaşı, düzgün cavabdehə qarşı iddia qaldırmışdır. Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Iş materiallarında olan: - ##.##.2025-ci il tarixli göndərişdən (Forma 44) görünür ki, Hərbi-Həkim Komissiyasında müayinələrin nəticələri üzrə Ərizəçi “Xəstəliklər cədvəli”nin: 61-ci maddəsinin “c” bəndi- “funksiyaların cüzi dərəcədə pozulması”anadangəlmə yastıpəncə (pes planus) diaqnozu ilə “C” kateqoriyası üzrə “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. - AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddiaçıda 61-ci maddənin “Ç” bəndində nəzərdə tutulmuş funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda diaqnozu ilə həmin xəstəlik üzrə yararsızlıq səbəbi fərqli kateqoriya, yəni İ qrafanın “A-3” kateqoriyası üzrə təsdiqlənmişdir. - Həmin qərarın “Əlavə XBT-lər” qrafasının rəy hissəsindən görünür ki, iddiaçıya yanaşı xəstəlik kimi “Xəstəliklər cədvəli”nin 10-cu maddəsində nəzərdə tutulan “Xoşxassəli yenitörəmələr” (sinir sisteminin şişlərindən başqa) diaqnozu qoyulmuş və “Sol pəncənin alt hissəsinin yumşaq toxumasının yenitörəməsi. Maddə 10, bənd c, kateqoriya Ç. 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır. Ixtisaslaşmış tibb müəssisəsində (MOM) ətraflı müayinə keçməsi tövsiyə olunur.” qeydi aparılaraq nəticədə “Ç” kateqoriyası üzrə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Azərbaycan Respublikası IPM-nin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Məcəllənin 43.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcud olubolmaması ilə bağlı qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “... qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir. Habelə, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.” “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarına əsasən: 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 11.15. IPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olubolmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan da aydın olur ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: - mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; - işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; - ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; -müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakı sahəvi qanunvericilik normalarını diqqətə çatdırır: “Müddətli həqiqi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli **** nömrəli Fərmanının:

1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədən: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; II qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, Rlar. III qrafa — zabitlər, Rlər, Rlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, Rlərin, Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, Rlər, Rlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mövqeyini isə əsaslı sayaraq diqqətə çatdırır ki, yekun tibbi müayinənin nəticələri haqqında qərarda iddiaçıda müəyyən edilmiş yanaşı xəstəliklə bağlı onun Milli Onkologiya Mərkəzində ətraflı müayinədən keçirilməsi və həmin müayinənin nəticələrinə uyğun olaraq Xidmətin Hərbi Həkim Komissiyasında yenidən şəhadətləndirilməsi tövsiyə olunmuşdur. Lakin işin hazırkı mərhələsində cavabdeh tərəfindən iddiaçıda müəyyən edilmiş və onun 3 ay müddətinə hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olmuş bu diaqnoz üzrə ixtisaslaşmış tibb müəssisəsində müayinə edildiyini təsdiq edən hər hansı sübut (epikriz, həkim rəyi və s.) təqdim edilməmişdir. Belə olan halda, onkoloji sahədə ixtisaslaşmış tibb müəssisəsində aparılmış müayinənin nəticələri olmadan çağırış komissiyasının iddiaçını sözügedən diaqnoz üzrə hansı meyar və kriteriyalara əsasən şəhadətləndirməsi, nəticədə hərbi xidmətə yararlı hesab olunması barədə qərar qəbul etməsi şübhə doğurur.Hansı ki, sözügedən diaqnozların hərbi xidmətə yararlılıq baxımından qanunvericiliyin tələblərinə uyğun şəkildə dəqiq müəyyən edilməsi zəruridir. Ərizəyə əlavə edilmiş tibbi sənədlərdən inzibati orqanın gəldiyi nəticənin əlavə araşdırılmasının zəruri olduğu aşkardır. Belə olan halda yuxarıda sadalanan hallar əsasında mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin sağlamlıqla bağlı hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması barədə kifayət qədər qənaət formalaşır. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, iddianın böyük ehtimalla uğurluluğu iş üzrə keçiriləcək ekspertiza rəyinə və əyani tibbi müayinəyə əsasən müəyyənləşdirmək mümkün olduğu üçün ziddiyyətli maraqların qiymətləndirilməsi aparılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, doğrudur, hərbi xidmət keçmək Azərbaycan Respublikasında kişi cinsli vətəndaşlarının əsas vəzifələrindən biridir. Vətəndaşların həqiqi hərbi xidmət keçməsi ordunun formalaşmasına, ölkənin müdafiə gücünün artmasına səbəb olur.

Belə bir vəziyyətdə şəxs onda mövcud olması iddia edilən xəstəliklərlə hərbi xidmətə cəlb edilərsə, bir müddət xidmət çəkdikdən sonra məhkəmə tərəfindən əsas iş çərçivəsində haqlı hesab edilsə belə, bu, onun artıq yaşadıqlarını aradan qaldırmayacaq, səhhətində sağalmaz qüsurların yaranmasına səbəb ola bilər və qeyd olunan xüsusat yeni məhkəmə çəkişmələrinə (kompensasiya tələbi ilə bağlı) yol açacaq. Əksinə işin araşdırılmış hallarına əsasən hazırkı ərizənin təmin edilməsi ilə şəxsin hərbi xidmətdən müvəqqəti geri çağırılması ordunun müdafiə qüvvətinin zəifləməsinə, ordunun say tərkibinə əhəmiyyətli təsir göstərə bilməz. Beləliklə, məhkəmə kollegiyasında işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın hazırki mərhələsində ilkin təcili tənzimlənin mövcudluğu və ziddiyyətli maraqların qiymətləndirməsi aparılaraq ərizənin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkməsinin qənaəti ilə razılaşır. Prossessual qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması və iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, hazırki halda ərizə qismən təmin edilmiş və növbəti çağırış (2026-cı ilin iyul çağırışı) zamanı artıq mövcud qərardad öz qüvvəsini itirəcəkdir. Beləliklə, Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTICƏVI HISSƏ:

Göstərilənlərə əsasən və IPM-in 40-44, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar