Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-85/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilmənin qadağan edilməsi” haqqında müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çagırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ukrayna Təhsil və Elm Nazirliyinin S.Kuznets adına Xarkov Milli Iqtisad Universitetinin Menecment ixtisası üzrə əyani təhsilinin başa vurulmasına, ##.##.2027-ci ilədək müddətli həqiqi hərbi xidmətdən ona möhlət verilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon Idarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş № *-1(4-6)-4492/2026). Iddiaçı eyni zamanda məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, yekun məhkəmə aktının qəbul olunmasına kimi onun hərbi xidmətə çağırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ukrayna Təhsil və Elm Nazirliyinin S.Kuznets adına Xarkov Milli Iqtisad Universitetinin “Menecment” ixtisası üzrə əyani təhsilinin başa vurulmasına, ##.##.2027-ci ilədək müddətli həqiqi hərbi xidmətdən ona möhlət verilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon Idarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Iddia tələbini 1997-ci ildə Bakı şəhərində anadan olmağı, orta məktəb təhsilimi başa vurduqdan sonra 2015-ci ildə Azərbaycan Memarlıq və Inşaat Universitetinə qəbul olunub, 2019-cu ildə həmin Universitetinin bakalavr səviyyəsini müvəffəqiyyətlə bitirib, “neftqaz qurğuları mühəndisliyi” ixtisasına yiyələnməyi, 2019-cu ildə Azərbaycan Memarlıq və Inşaat Universitetinin magistratura fakültəsinə qəbul olunub, ##.##.2021-ci ildə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub, “Neft-qaz qurğuları mühəndisliyi Dəniz hidrotexniki qurğuların tikintisi” ixtisası üzrə magistr ixtisasına yiyələnməyi, 2023-cü ildə Ukrayna Təhsil və Elm Nazirliyinin S.Kuznets adına Xarkov Milli Iqtisad Universitetinin “Menecment” ixtisası üzrə əyani qəbul olunmağı, hazırda həmin Universitetin 3-cü kursunda əyani təhsilini davam etdirməyi, təhsilinin ##.##.2027-ci ildə başa vurulmasının nəzərdə tutulması ilə əsaslandırmışdır. Iddia ərizəsində göstərmişdir ki, ötən təhsil müddətlərində hazırkı iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon Idarəsi tərəfindən bir neçə dəfə mənə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Mygov.az informasiya sisteminə cavabdeh tərəfindən sonuncu yerləşdirilmiş informasiya məlumatına görə ona “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.5-ci maddəsinə əsasən hərbi xidmətdən ##.##.2027-ci il tarixədək möhlət verilmişdir. Bu kimi hala baxmayaraq, ona müddətli həqiqi hərbi xidmətə aprel çağırışına cəlb olunmağı ilə bağlı ##.##.2026-cı il tarixə Nəsimi rayon Idarəsinə çağırılmağı barədə SMS bildirişi göndərilmişdir. Cavabdehin mövqeyinə görə əyani təhsilini hazırda distant təhsil formasında davam etdirməyi səbəbindən müddətli həqiqi hərbi xidmətə cəlb olunmalıdır. Əyani təhsili ilə bağlı müddətli həqiqi hərbi xidmətdən ona növbəti möhlət verilməsi barədə valideyninin müraciəti cavabdeh tərəfindən ## #### 2026-cı il tarixli, *-**-**/*-Q-**/****/C-**** nömrəli məktubu ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon Idarəsinin ona müddətli həqiqi hərbi xidmətdən möhlət verilməsindən imtina olunması barədə hərəkətini qanunsuz hesab edir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.7-ci (21.1.5) maddəsində əyani təhsil formasında ali təhsil pilləsinin doktorantura səviyyəsində təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmələri nəzərdə tutulmuşdur. Həmin normativ aktlara görə xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını çağırışa hazırlıq dövründə öyrənilmə zamanı SHXÇDX-nin şöbələrinə şəxsən təqdim etdikləri halda barələrində müvafiq qərar qəbul edilir. Həmin normativ aktların faktiki təhsil alan doktorantlara şamil edilməsi və onlara 4 il müddətinə müvafiq möhlət verilməsi vurğulanmışdır. Göründüyü kimi, tələb olunan sənədlərin tərəfimdən cavabdehə təqdim olunmasına baxmayaraq, mənə müvafiq möhlət verilməsindən əsassız olaraq imtina olunmuşdur. Cavabdehin bu qanunsuz hərəkəti ilə konstitusion təhsil və elmi yaradıcılıq hüquqları kobud surətdə pozulmuş olur. Ona görə məsələni məhkəmə müstəvisində mübahisələndirmək məcburiyyətindədir. Hesab edir ki, məhkəmə araşdırmasının nəticəsini gözləmədən cavabdeh onun məcburi surətdə müddətli həqiqi hərbi xidmət üzrə çağırışa cəlb olunmağında təşəbbüskar və israrlı ola, buna nail ola bilər. Bu kimi hal isə, göstərdiyi kimi, onun konstitusion hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnə bilər, hazırda üzərində çalışdığı və yekunlaşdırmaqda olduğu elmi işi digər müəllif tərəfindən tətbiq oluna bilər, məhkəməyə təqdim edə biləcəyi, neft sənayesinə aid elmi əsərinin, kitabının nəşr olunmasına, eləcə də layihələrinin icrasına mane ola bilər, bir sıra məhdudiyyətlər yarada bilər və s. Ona görə cavabdehə qarşı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırkı vəziyyətdə məcburi surətdə cavabdeh tərəfindən çağırışa cəlb edilməyi hüquqlarının qorunmasını mümkünsüz edəcəkdir. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim B.Cəlalov) ərizə təmin edilmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli Iqtisad Universitetində doktorantura pilləsi üzrə təhsil almağı barədə sənəd təqdim etsə də, onun Azərbaycan Respublikası hüdudlarını tərk etmədən, heç bir zaman Ukrayna Respublikasında yerləşən təhsil müəssisəsinə yaxınlaşmadan əyani formada deyil, onlayn formada təhsil alması məlum olmuşdur və bu səbəbdən ona təhsilini davam etdirmək üçün möhlət verilməsinə imtina edilir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. ƏSASLANDIRICI HISSƏ: Məhkəmə kollegiyası ərizəni və işə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilkin olaraq ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, ərizəçinin (iddiaçının) məqsədi Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli Iqtisad Universitetinin aspirantura pilləsində əyani formada təhsil alması səbəbindən ona ##.##.2027-ci il tarixədək hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsindən ibarətdir. Bununla yanaşı ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin qərarının icrasının dayandırılması və əsas tələb üzrə yekun məhkəmə aktı qəbul edilənədək hərbi xidmətə çağırılmanın dayandırılmasını xahiş edilir. Ərizəçi subyektiv hüquqa malik olmaqla yanaşı, düzgün cavabdehə qarşı iddia qaldırmış və eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə əsaslandırılmışdır. Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Hazırkı işin faktiki hallarına əsasən iddiaçı çağırış yaşına çatdıqdan sonra Xidmətin qeydiyyatda olduğu Nəsimi rayon idarəsi tərəfindən 2015-ci ilin iyul çağırışına cəlb edilmiş, Azərbaycan Memarlıq və Inşaat Universitetində ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil aldığına görə ##.##.2019-cu il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Ali təhsil pilləsinin bakalavriat səviyyəsini bitirdikdən sonra həmin təhsil müəssisəsində ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə təhsilini davam etdirdiyi üçün iddiaçıya ##.##.2021-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Iddiaçıya möhlət hüququ bitdikdən sonra çağırışa cəlb olunmuş, tibbi müayinədən sonra ona sağlamlıq vəziyyəti ilə əlaqədar ##.##.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Iddiaçı möhlət hüququ bitdikdən sonra Xidmətin Nəsimi rayon idarəsi tərəfindən hərbi xidmətə çağırışa cəlb olunmuş, rayon çağırış komissiyasına, Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli Iqtisad Universitetinin aspirantura pilləsində əyani formada təhsil alması barədə arayış təqdim edilmiş, bundan sonra ona həmin arayış əsasında təhsil alması ilə əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi ilə ##.##.2027-ci il tarixədək hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Cavabdehin mövqeyinə əsasən iddiaçının Semyon Kuznes adına Xarkov Milli Iqtisad Universitetində əyani formada deyil, onlayn formada təhsil aldığı müəyyən edilmişdir ki, bu təhsil forması da onun hərbi xidmətə çağırışdan möhlət hüququnun olmasına heç bir əsas vermir. Iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı Ərizəçi 2023-cü ildə Semyon Kuznets adına Xarkov Milli Iqtisad Universitetinə (IV-cü akkreditasiya dərəcəli) daxil olmuş və hal-hazırda Üçüncü (elmi-təhsil) ali təhsil dərəcəsi, "Menecment" təhsil proqramı, 073 "Menecment" ixtisası üzrə fəlsəfə doktorlarının hazırlığı proqramının əyani ali təhsil formasının 3-cü kursunda təhsil alır. Təhsil müəssisəsini bitirəcəyi tarix ##.##.2027-ci il Bu barədə Universitetin Apostil (Haaqqa Kovensiyası üzrə) və notariat qaydada təsdiqlənmiş ##.##.2026-cı il tarixli arayış mövcuddur. Məhgkəmə kollegiyası müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı aşağıdakı qanunvericilik normalarına diqqət yetirir: Azərbaycan Respublikası IPM-nin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Məcəllənin 43.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcud olubolmaması ilə bağlı qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “... qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir. Habelə, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.” “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarına əsasən: 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 11.15. IPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olubolmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan da aydın olur ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: - mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; - işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; - ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; - müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Göründüyü kimi, inzibati aktın icrasının dayandırılmasına yönələn müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılması ilə əlaqədar ilk növbədə ilkin təcili tənzimləmənin zəruriliyi və paralelində uğurluluq ehtimalı araşdırmalı, uğurluluq ehtimalı aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra, hər iki tərəfin maraqları baxımından dəyərləndirmə aparmalı, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaratmalıdır. Araşdırmanın həcmi yalnız iddianın uğurlu olacağına dair böyük ehtimalın və ilkin təcili tənzimləmənin müəyyən edilməsi ilə məhdudlaşmalıdır. Iddianın uğurluluğu barədə böyük ehtimal o zaman mövcud olur ki, obyektiv əlamətlər əsasında ərizəçinin iddia icraatında qalib gələcəyi barədə məhkəmənin gümanları daha çox olsun. Böyük ehtimal və ya güman proqnoz səviyyəsində olsa belə, məhkəmə tərəfindən ilkin araşdırma nəticəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini zəruri edən səviyyədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakı sahəvi qanunvericilik normalarını diqqətə çatdırır: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respunlikasının Qanununun: 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: ... 18.1.3. təhsili davam etdirmək üçün; ... 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək; 21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək; 21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək; 21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək; 21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək ilk növbədə ərizə üzrə ilkin təcili tənzimlənmə ilə bağlı diqqətə çatdırır ki, iddiaçı tərərəfindən məhkəməyə təqdim edilən sənəddən görünür ki, cari ilin aprel çağırışına cəlb olunmağı ilə əlaqədar Xidmətin Bakı şəhəri Nəsimi rayon Idarəsinə gəlməyi tələb olunmuşdur. Iddiaçının doktorantura səviyyəsi üzrə əyani formada təhsil alması işdə olan sübutlarla təsdiq olunur. Təhsilalma müddətində obyektiv səbəblərdən dərslərin müvəqqəti distant, yəni məsafədən tədris olunması istisna olunmur. Lakin bu hal özlüyündə təhsilalma formasının dəyişilməsi anlamına gəlmir. Hazırkı vəziyyətdə ərizəçinin hərbi xidmətə cəlb edilməsi, təhsil proqramı hazırda davam etdiyindən, vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı baxımından məqsədəuyğun hesab edilmir. Məhkəmə baxışı zamanı o da araşdırılmışdır ki, ərizəçi hərbi çağırışa cəlb edilib hərbi hissəyə təhkim edildikdən sonra distant formada yəni elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təhsilini davam etdirməsi mümkünsüz hal olacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq onu da diqqətə çatdırır ki, iddiaçının hal-hazırda doktorantura səviyyəsi üzrə əyani təhsil formasında təhsil aldığından, bu müddətdə dərslərin distant (məsafədən) tədris olunmasının təhsilalma formasının dəyişilməsinə səbəb olmadığından, iddiaçı çağırışa möhlət hüququnu itirmiş hesab oluna bilməz. Halbuki cavabdeh inzibati orqan tərəfindən də həmin möhlət 2027-ci ilədək rəsmən müəyyən edilmişdir. Sonradan cavabdeh orqan iddiaçının ölkə ərazisini tərk etmədən distant təhsil almasını əsas gətirərək həmin möhlətin dayandırılmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının mövcud hüquqi vəziyyətinin dəyişdirilməsi və ona verilmiş möhlətin faktiki olaraq qüvvəsizləşdirilməsi inzibati akt qəbul edilmədən həyata keçirilə bilməz və iddia üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iddiaçının hərbi xidmətə çağırılması sonradan aradan qaldırılması çətin olan nəticələrə səbəb ola bilər.Inzibati orqanın yalnız daxili mövqeyi və ya şifahi qənaəti şəxsin əvvəllər əldə etdiyi hüquqi vəziyyəti dəyişdirmək üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Inzibati Icraat Haqqında Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Eyni zamanda həmin Qanunun hüquqi müəyyənlik və legitim gözlənti prinsiplərindən irəli gələn müddəalarına görə şəxsə verilmiş hüquq yalnız qanunda nəzərdə tutulan əsaslar və prosedur çərçivəsində məhdudlaşdırıla bilər. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin istinad etdiyi hal, yəni iddiaçının onlayn formada təhsilini davam etdirməsi möhlətin avtomatik dayandırılması üçün hüquqi əsas hesab edilə bilməz. Çünki, yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə əyani formada doktorantura təhsili alan şəxsin bu və ya digər səbəbdən təhsil aldığı ölkəyə gedə bilməməsi və bu müddət ərzində onlayn formada (məsafədən) təhsilini davam etdirməsi möhlət hüququnun itirilməsinə səbəb olması barədə imperativ norma nəzərdə tutulmamışdır. Əks yanaşma hüquqi müəyyənlik prinsipinin pozulmasına və inzibati orqanın qanunda nəzərdə tutulmayan əsaslarla şəxsin hüquqi vəziyyətinə müdaxilə etməsinə gətirib çıxarardı. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, inzibati orqan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran nəticələr yaratdıqda bunu yalnız əsaslandırılmış inzibati akt vasitəsilə həyata keçirə bilər və belə akt olmadan şəxsin mövcud hüquqi statusunun dəyişdirilməsi yolverilməzdir. Ali Məhkəmə həmçinin qeyd etmişdir ki, müvəqqəti müdafiə tədbirinin məqsədi mübahisə mahiyyəti üzrə həll edilənədək şəxsin hüquqlarının formal deyil, real və effektiv müdafiəsini təmin etməkdir. Prossessual qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması və iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Beləliklə, Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirmiş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş və müvəqqəti xarakterli müdafiə tədbirini əsaslı olaraq tətbiq etmişdir. Bu əsasla apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 40-44, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №15(3-6)-85/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-85/2026
10.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver