Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-87/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Ərizəçi Ərizəçi, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon Idarəsinin nümayəndəsi nümayəndə2 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Ərizəçi Ərizəçi hərbi xidmətə cəlb edilmə ilə bağlı hərəkətlərin qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı doktorantura üzrə əyani təhsili başa çatdırıb müvafiq elmi dərəcə alanadək müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda ərizəçi məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, hərbi xidmətə cəlb edilmə ilə bağlı hərəkətlərin cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyətinə görə ## ###### 2022-ci il tarixindən # ###### 2025-ci il tarixinədək ona möhlət verilmişdir. Möhlət müddəti başa çatdığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon Idarəsinə yaxınlaşmış və onu müayinələrə cəlb etmişlər. Müayinələr 2025-ci ilin oktyabr ayında yekunlaşmış və ona həmin tarixdən ## ###### 2026-cı il tarixədək möhlət verilmişdir. Möhlət bitdikdən sonra yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon Idarəsinə yaxınlaşmış və yenidən müayinələrə cəlb edilmişdir. Daha əvvəlki müayinə nəticələri ilə eyni nəticə olmasına baxmayaraq, o, Idarədə təşkil olunan komissiya tərəfindən “yararlı” kimi qiymətləndirilmiş və hərbi xidmətə çağırışla bağlı ona məlumat verilmişdir. Idarəyə hal-hazırda doktorantura təhsili aldığını bildirmiş və bu səbəbdən ona möhlət hüququ verilməsini xahiş etmişdir. Lakin universitet tərəfindən verilmiş arayış qəbul edilməmiş və ona möhlət hüququnun olmaması və aprel ayındakı çağırışa cəlb olunacağı bildirilmişdir. Şifahi müraciətinə mənfi cavab aldıqdan sonra ##.##.2026-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon Idarəsinə ərizə ilə arayış əsasında möhlət hüququnun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətinə bu günə qədər cavab verilməmişdir. Ərizəsi təmin olunmadığı halda qəbul edilmiş qərarı inzibati qaydada mübahisələndirəcəkdir. Hal-hazırda isə möhlət hüququnun verilməsinə qanuni əsas olduğu halda cavabdehlər bu tələbini yerinə yetirməkdən imtina edirlər. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim M.T.Hacıbəyova) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ərizəçi tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin xarici ali təhsil müəssisəsində əyani doktoranturada təhsil almağı rəsmi sənədlərlə təsdiq olunmuş və bu hal müvafiq normanın ərizəçiyə tətbiq edilməsini şərtləndirir. Buna baxmayaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı qərarına istinad edilərək əyani təhsil almadığı qənaətinə gəlinmişdir. Halbuki, qeyd olunan normativ akt Azərbaycan Respublikasında fəaliyyət göstərən doktoranturaların təşkilini tənzimləyir və xarici ali təhsil müəssisələrində təhsil alan şəxslərə şamil edilə bilməz. Bu səbəbdən həmin normanın ərizəçinin vəziyyətinə tətbiqi hüquqi baxımdan əsassızdır. Eyni zamanda, məhkəmə əmək fəaliyyətinin mövcudluğunu əyani təhsil statusunu istisna edən hal kimi qiymətləndirmişdir. Qanunvericilikdə əmək fəaliyyətinin mövcudluğunun əyani təhsil alma hüququnu aradan qaldırmasına dair hər hansı norma nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmənin gəldiyi nəticə maddi hüquq normasının yanlış tətbiqi ilə nəticələnmişdir. Beləliklə, məhkəmə tərəfindən xüsusi norma olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun müddəaları düzgün tətbiq edilməmiş, əvəzində isə tətbiq dairəsi uyğun olmayan normativ akt əsassız olaraq tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, şəxs 2021-ci ildə magistratura pilləsini bitirib, ondan sonra hərbi xidmətə yararsız hesab olunub. Lakin 2025-ci ildə hərbi xidmətə yararlı hesab olunduqda məlumat verildi ki, şəxs doktorantura təhsil pilləsi üzrə təhsilini davam etdirir. Bu yaxınlarda Xidmətin rəhbərliyinin çıxışları analoji mövzu barəsində. Hazırkı iş üzrə iddiaçı heç Qazaxıstan Respublikasında olmamış, eyni zamanda aktiv işçi statusuna malikdir. Qanunvericilikdə 2024-cü ilin dekabrında olan dəyişikliklərdən sonra, yəni yaş həddi 30 yaşa endirildikdən sonra doktoranturada təhsilə dair arayışların sayında diqqət cəlb edəcək qədər artma baş vermişdir. Yaranmış vəziyyətdən sui istifadə hallarına yol verilməməsi üçün bu məsələnin düzgün şəkildə araşdırılması zəruridir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və apellyasiya baxışı zamanı araşdırılmış əlavə sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin edilməməsinə dair qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla kifayətlənməyərək sonradan təqdim olunmuş arayışı, tərəflərin əlavə izahatlarını və rəsmi açıq mənbələrdən əldə edilən məlumatları araşdırması onun səlahiyyətinə və işin obyektiv həlli vəzifəsinə uyğundur Inzibati Prosessual Məcəllənin 43.1-ci maddəsinə görə, müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün iki şərt birlikdə mövcud olmalıdır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması və ilkin araşdırma nəticəsində ərizəçinin maddi tələbinin mövcudluğu ehtimalının müəyyən edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarının 12.1, 12.2 və 12.6-cı bəndlərinə əsasən, həmin şərtlər məcmu halda mövcud olmalı, ərizəçi onların mövcudluğuna dəlalət edən əsasları yazılı, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddi hüquqi tələbin mövcudluğu ehtimalının müəyyən edilməsi üçün əsas iddianın mümkünlüyü və işin həmin mərhələdə məlum olan faktiki və hüquqi halları baxımından ilkin əsaslılığı yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə ərizəçinin hərbi xidmətə çağırılmasının onun hüquqlarının sonrakı müdafiəsini çətinləşdirə biləcəyi nəzərə alınaraq təxirəsalınmazlıq şərtinin mövcud olduğu qəbul edilsə belə, iş materiallarının ilkin araşdırılması əsas iddianın uğurlu nəticələnməsi ehtimalının mövcudluğu barədə qənaətə gəlməyə əsas vermir. Müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün tələb olunan şərtlər kumulyativ xarakter daşıdığından, onlardan birinin təsdiqlənməməsi ərizənin təmin edilməsini istisna edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1ci maddəsinin ümumi məzmununa görə, təhsili davam etdirmək üçün möhlət hüququ Azərbaycanda və ya xarici ölkədə dövlət qeydiyyatına alınmış, lisenziya almış və akkreditasiyadan keçmiş təhsil müəssisəsində müvafiq təhsil səviyyəsi üzrə təhsilalma faktının mövcudluğu ilə şərtləndirilir. Həmin Qanunun 21.1.7-ci maddəsində əyani təhsilalma formasında doktoranturada və ya adyunkturada təhsil alanlara təhsilini bitirənədək möhlət verilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu normanın tətbiqi üçün yalnız üzərində “əyani doktorantura” ifadəsi yazılmış arayışın təqdim edilməsi kifayət deyil. Məhkəmə, ən azı ilkin baxış mərhələsində, arayışı vermiş qurumun hüquqi mövcudluğunu, onun doktorantura səviyyəsi üzrə təhsil fəaliyyəti göstərmək səlahiyyətini, müvafiq proqramın lisenziya və akkreditasiyasını, eləcə də şəxsin həmin proqram üzrə həqiqətən qəbul olunmasını və təhsilini faktiki davam etdirməsini qiymətləndirməlidir. Qanunun 21.1.7-ci maddəsi formal sənəd əldə etmiş şəxslərə deyil, əyani doktorantura üzrə real və yoxlanıla bilən təhsil münasibətlərində olan şəxslərə şamil edilir. Məhkəmə təqdim olunmuş hər bir sənədi onun adından və zahiri formasından asılı olmayaraq digər sübutlarla birlikdə qiymətləndirməlidir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Xüsusilə sənədin məzmunu ilə işin digər halları arasında açıq ziddiyyətlər aşkar edildikdə, məhkəmədən həmin ziddiyyətləri görməməsi və sənədin məzmununu avtomatik həqiqət kimi qəbul etməsi tələb oluna bilməz. Qeyd edilməlidir ki, ərizəçinin təqdim etdiyi ## ######## 2025-ci il tarixli, *** nömrəli arayışda onun X2-Humanitar Universitetinin Innovasiya və X4 “Biznesin idarə edilməsi” ixtisası üzrə əyani doktoranturanın birinci kurs tələbəsi olduğu və təhsil müddətinin 2025ci ilin sentyabrından 2026-cı ilin mayınadək davam etdiyi göstərilmişdir. Həmin arayış apellyasiya baxışı zamanı ərizəçinin cari təhsilini təsdiqləmirdi, çünki arayışda göstərilən müddət 2026-cı ilin mayında başa çatmışdı. Bundan sonra təqdim edilmiş ## #### 2026-cı il tarixli, *** nömrəli arayışda ərizəçinin ikinci kursda təhsil aldığı bildirilsə də, həmin arayış üzrə təhsil müddəti 2026-cı ilin sentyabrından 2027-ci ilin mayınadək göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki arayışın məzmununda təhsil müəssisəsinin identikləşdirilməsi baxımından ciddi uyğunsuzluqlar vardır. Belə ki, təhsil müəssisəsinin rəsmi məlumatlarında X2-Humanitar Universitetinin əsasında 2015-ci ildə iki ayrıca ali təhsil müəssisəsinin yaradıldığı göstərildiyi halda, 2025 və 2026-cı illərdə verilmiş arayışlarda əvvəlki qurumun adı və strukturu saxlanılmışdır. Ikinci arayışda QAZITU loqosundan istifadə edilməsinə baxmayaraq (*loqoda orijinal loqo ilə müqayisədə bir İ hərfi əskik qeyd olunmuşdur), arayışın mətnində yenə əvvəlki universitetin və onun institutu olduğu iddia edilən strukturun adı qeyd olunmuşdur. Daha mühüm uyğunsuzluq arayışlarda göstərilən biznes-identifikasiya nömrəsi ilə bağlıdır. Arayışlarda 180440033602 nömrəsi qeyd edilsə də, Qazaxıstan Innovasiya və Telekommunikasiya Sistemləri Universitetinin rəsmi rekvizitlərində onun biznesidentifikasiya nömrəsi 060440012553 kimi göstərilir. Arayışlarda göstərilən 180440033602 nömrəsi isə Qazaxıstan Respublikasının dövlət satınalmaları reyestrinə əsasən başqa hüquqi şəxsə - Qərbi Qazaxıstan vilayətinin təhsil idarəsi sistemində fəaliyyət göstərən sosial xidmət müəssisəsinə aiddir və arayışda adı göstərilən universitetlə eyniləşmir. Həmçinin qeyd olunmalıdır ki, təhsil müəssisəsinin rəsmi internet səhifəsində yalnız bakalavriat və magistratura proqramları göstərilmiş, doktorantura səviyyəsi, o cümlədən “Biznesin idarə edilməsi” üzrə PhD proqramı barədə məlumat yerləşdirilməmişdir. Rəsmi internet səhifəsində belə məlumatın olmaması özlüyündə müvafiq proqramın mövcud olmadığını qəti təsdiq etməsə də, ərizəçinin həmin universitetin doktorantura təhsili vermək səlahiyyətini, proqramın lisenziyalaşdırılmasını və akkreditasiyasını təsdiqləyən hər hansı rəsmi sənəd təqdim etməməsi, eləcə də arayışlardakı digər uyğunsuzluqlarla birlikdə qiymətləndirildikdə, əsas iddianın uğurluluğu ehtimalının müəyyən edilməsinə imkan vermir. Apellyasiya baxışı zamanı həmin rəsmi mənbələrdən əldə edilmiş məlumatlar iş materiallarına əlavə edilmiş, onların məzmunu tərəflərə açıqlanmış, ərizəçiyə bu məlumatlara münasibət bildirmək və onları təkzib edən sübutlar təqdim etmək imkanı yaradılmışdır. Sadalanan ziddiyyətlərin heç biri ərizəçi tərəfindən əsaslandırılmış şəkildə izah olunmamışdır. Eyni zamanda onun tərəfindən təhsil müəssisəsinin adının, hüquqi statusunun və biznes-identifikasiya nömrəsinin niyə rəsmi məlumatlarla uyğun gəlmədiyi, arayışların hansı struktur tərəfindən və hansı səlahiyyət əsasında verildiyi, habelə universitetin rəsmi proqramlarında göstərilməyən doktorantura proqramının hüquqi əsası barədə sənəd təqdim edilməmişdir. Həmçinin ilkin arayışda Qazaxıstan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadə edilməsinin hüquqi əsası da açıqlanmamışdır. Halbuki, “Qazaxıstan Respublikasının dövlət rəmzləri haqqında” Konstitusiya Qanununun 6-cı maddəsinin 4cü bəndinə əsasən, həmin Konstitusiya Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, Qazaxıstan Respublikasının Dövlət Gerbinin təsvirindən qeyri-dövlət təşkilatlarının və onların vəzifəli şəxslərinin blanklarında, möhürlərində və digər rekvizitlərində istifadə edilməsi qadağandır. Bu hal arayışın saxta olduğunu özlüyündə təsdiq etməsə də, sənədin mənşəyi və mötəbərliyi baxımından izah tələb edən əlavə uyğunsuzluqdur. Ərizəçinin təhsil müəssisəsi ilə münasibətlərinin qurulması üsulu da həmin şübhələri aradan qaldırmır. O, qəbul üçün sənədlərini Bakı şəhərində Mətin adlı fiziki şəxsə verdiyini, universitetdən arayışları da həmin şəxs vasitəsilə aldığını bildirmişdir. Lakin Mətin adlı şəxsin universiteti təmsil etmək və ya onun adından qəbul sənədlərini toplamaq səlahiyyətini təsdiqləyən müqavilə, etibarnamə, agentlik sənədi, rəsmi elektron yazışma və ya başqa sübut təqdim olunmamışdır. Ərizəçi təhsil müəssisəsi ilə birbaşa yazışmalarını, elektron tələbə kabinetini və ya universitetin rəsmi informasiya sistemi vasitəsilə ona verilmiş hər hansı sənədi də məhkəməyə təqdim etməmişdir. Iş üzrə keçirilmiş məhkəmə iclasında ərizəçi ilkin olaraq 2025-ci ildə sənədlərini təqdim etmək məqsədilə Qazaxıstan Respublikasına getdiyini bildirsə də, sərhədkeçmə məlumatları onun həmin ölkədə olmadığını göstərmişdir. Sonrakı iclasda bu ziddiyyət ona bildirildikdə, o, buna dair hər hansı izahının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin heç vaxt Qazaxıstanda olmaması özüözlüyündə, ayrıca götürüldükdə, onun əyani doktoranturada təhsil almasını hüquqi baxımdan mütləq istisna edən hal sayıla bilməz. Müasir təhsil proqramlarında müəyyən məşğələlərin distant və ya qarışıq formada keçirilməsi mümkündür. Lakin belə bir imkanın mövcudluğu konkret proqramın rəsmi qaydaları və şəxsin həmin proqramda faktiki iştirakı ilə təsdiq edilməlidir. Ərizəçi tədrisin onlayn aparıldığını və məşğələlərdə iştirak etdiyini bildirsə də, mütəmadi onlayn iştirakını təsdiqləyən heç bir sübut təqdim etməmişdir. Tədris platformasından çıxarışlar, dərs cədvəli, elektron davamiyyət məlumatları, keçirilmiş imtahan və qiymətləndirmələrin nəticələri, transkript, fərdi tədris və ya tədqiqat planı, elmi rəhbərin təyin olunmasına dair sənəd, elmi rəhbərlə yazışmalar, kafedra və ya doktorantura şöbəsinin qərarları iş materiallarında yoxdur. Təqdim edilən arayışlarda da tədrisin distant və ya qarışıq formada təşkil edildiyi göstərilməmişdir. Əksinə, arayışlarda təhsil forması qeyd-şərtsiz “əyani” kimi təqdim olunmuşdur. Ərizəçinin təqdim etdiyi “Rəqəmsal transformasiyanın idarəetmə sisteminə təsiri” mövzusunda mətn də onun doktoranturada faktiki təhsil almasını təsdiqləmir. Həmin materialda məqalənin hansı elmi nəşrdə dərc edildiyi və ya dərcə qəbul olunduğu, jurnalın adı, buraxılış nömrəsi, DOI göstəricisi, elmi rəhbərin rəyi, universitetdə yerinə yetirilən tədqiqatla institusional əlaqəsi və ya attestasiya çərçivəsində nəzərə alınması barədə məlumat yoxdur. Elmi mövzuda müvafiq yazının mövcudluğu özlüyündə şəxsin konkret ali təhsil müəssisəsində doktorant kimi qeydiyyatda olmasını və təhsilini davam etdirməsini sübut etmir. Ərizəçinin Azərbaycanda tam iş rejimində, rəhbər vəzifədə işləməsi məsələsinə də digər sübutlarla əlaqəli şəkildə qiymət verilməlidir. Əyani doktoranturada təhsil alan şəxsin hər hansı əmək fəaliyyəti ilə məşğul olmasının bütün hallarda qadağan edildiyi barədə birbaşa qanunvericilik norması yoxdur. Bununla belə, həmin halın digər faktlarla birlikdə nəzərə alınması zəruridir. Ərizəçinin tam iş rejimində rəhbər vəzifədə çalışması, təhsil aldığı iddia edilən ölkədə heç vaxt olmaması, onlayn tədrisdə faktiki iştirakını sübut etməməsi, akademik fəaliyyətinə dair yoxlanıla bilən sənədlərin olmaması və universitetlə münasibətlərini yalnız Bakı şəhərində yaşayan fiziki şəxs vasitəsilə qurması birlikdə qiymətləndirildikdə, arayışlarda göstərilən əyani təhsil statusunun reallığına dair şübhələri gücləndirir. Bu baxımdan, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin yalnız əmək münasibətlərinə əsaslanmasının düzgün olmadığına dair dəlili müəyyən həddə əsaslı olsa da, həmin dəlil hazırkı vəziyyətdə qərardadın ləğvini şərtləndirmir. Əmək fəaliyyəti avtomatik olaraq əyani doktorantura statusunu istisna etməsə də, iş üzrə digər və daha mühüm sübutlar ərizəçinin möhlət hüququnun yaranması üçün tələb edilən faktiki və hüquqi şərtlərin mövcudluğu ehtimalını təsdiqləmir. Apellyasiya instansiyası məhkəməsi işi tam həcmdə araşdırmaq və qərardadın nəticəsinin qanuniliyini bütün müəyyən edilmiş hallar əsasında qiymətləndirmək səlahiyyətinə malikdir. Xüsusi olaraq qeyd edilməlidir ki, məhkəmə kollegiyası hazırkı mərhələdə təqdim edilmiş arayışların saxta olduğunu və ya ərizəçinin ümumiyyətlə hər hansı təhsil münasibətində olmadığını qəti şəkildə müəyyən etmir. Belə qəti nəticə əsas iddia üzrə bütün sübutlar tam araşdırıldıqdan, zərurət olduqda xarici təhsil müəssisəsindən və səlahiyyətli qurumlardan rəsmi məlumatlar alındıqdan sonra verilə bilər. Lakin müvəqqəti xarakterli müdafiə mərhələsində həll edilməli məsələ ərizəçinin maddi tələb hüququnun mövcudluğu ehtimalının yetərincə əsaslandırılıbəsaslandırılmamasıdır. Arayışlardakı əhəmiyyətli ziddiyyətlər, onları verən qurumun identikləşdirilməsi və doktorantura proqramının hüquqi mövcudluğu ilə bağlı şübhələr, eləcə də faktiki təhsilə dair sübutların olmaması həmin ehtimalın müsbət qiymətləndirilməsinə imkan vermir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.7-ci maddəsi əyani doktoranturada təhsil alan şəxsin təhsilini bitirənədək möhlət hüququnu təmin etsə də, məhkəmə bu normanı tətbiq edərkən açıq-aşkar sual doğuran hallara münasibət bildirməyə bilməz. Əks yanaşma xarici qurumun adı göstərilməklə verilmiş və üzərində “əyani doktorantura” ifadəsi yazılmış istənilən arayışın, onun mənbəyi, hüquqi əsası və faktiki həqiqiliyi yoxlanılmadan hərbi xidmətə çağırışdan möhlət hüququ yaratması nəticəsinə gətirib çıxarardı. Bu isə həm Qanunun 21.1-ci maddəsində müəyyən olunmuş qeydiyyat, lisenziya və akkreditasiya tələblərinin mahiyyətinə, həm də məhkəmənin sübutları tam və hərtərəfli qiymətləndirmək vəzifəsinə uyğun olmazdı. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №15(3-6)-87/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-87/2026
22.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver